Beynəlxalq sərgi mövsümüAutoShowilə açılır

 

2011-ci il beynəlxalq sərgi mövsümü başladı. Bu gün avtomobil həvəskarlarının çoxdan gözlədiyi bir hadisə - “AutoShow” 7-ci Azərbaycan Beynəlxalq Avtomobil Sərgisi öz qapılarını onların üzünə açacaq. Xəzəryanı regionun ən böyük avtomobil sərgisi ilk dəfə olaraq yeni “Bakı Ekspo” sərgi kompleksində keçiriləcək və onun həm daxili, həm də xarici meydançalarında təşkil olunacaq.  

“Iteca Caspian LLC” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group PLC” şirkətləri sərginin təşkilatçıları qismində çıxış edir. Artıq 5 ildir ki sərgiyə Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən verilmiş keyfiyyət nişanı onun beynəlxalq statusunu bir daha təsdiq edir.Sərginin meneceri Babək Amaşov mətbuat konfransında bildirdi ki, bu il sərgi öz adi təşkilat formatını dəyişəcək. Belə ki, “AutoShow” sərgisinin birinci iş günü mətbuat nümayəndələri və sərgiyə dəvət edilmiş VİP qonaqlar üçün eksklüziv ziyarət proqramı ilə başlayacaq. Sərgi kompleksinin ərazisində KİV nümayəndələri üçün brifinq keçiriləcək. Sərginin növbəti üç iş günü kompleksin qapıları bütün ziyarətçilər üçün açıq olacaq. Bildirildi ki, “AutoShow 2011” sərgisində 100-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. Hazırda “AutoShow” sərgisinin iştirakçılarının siyahısına 14 ölkədən, o cümlədən Azərbaycan, Almaniya, Danimarka, İtaliya, Kanada, Çin, Malayziya, Rusiya, Litva, Türkiyə, İsveçrə və Yaponiyadan olan şirkətlər daxildir.  Bu il “AutoShow” sərgisində minik nəqliyyatı, kommersiya nəqliyyatı, bütün növ nəqliyyat vasitələri üçün ehtiyat hissələri və aksessuarlar kimi üç iri sektor təşkil olunacaq. “Bakı Ekspo” mərkəzində keçirilən “AutoShow” sərgisinin minik sektoru çərçivəsində avtomobil istehsalı sektorunun “Hyundai”, “Jaguar”, “Land Rover”, “Volkswagen” və s. bu kimi dünya istehsalçılarının distribütorları bir araya gələcəklər. Builki sərginin debütantı isə yerli avtomobil istehsalçısı Naxçıvan Avtomobil Zavodu olacaq. İran şirkətləri isə “Saipa” markalı avtomobili nümayiş etdirəcəklər. Kommersiya tipli nəqliyyat sektorunda rahat sərnişin avtobusları, yedəkçilər, özüboşaldanlar və müxtəlif növ məhsulların daşınması üçün yarımqoşqular nümayiş etdiriləcək.Sərgidə əhəmiyyətli yeri isə avtoehtiyat hissələri bölməsi tutacaq. Burada avtomobil yağları, filtrlər, avtokosmetika və avtomobil kimyasının digər məhsulları üzrə ən aparıcı ticarət nişanları təqdim olunacaq. Qaraj-servis avadanlıqları sahəsində ixtisaslaşmış Rusiya şirkətləri də builki sərginin debütantları qismində çıxış edəcəklər. Bundan əlavə ilk dəfə olaraq Kanada istehsalçıları sərgidə öz innovasiyalı məhsullarının - təhlükəsizliyin, habelə avtomobillər və digər obyektlərin şüşələrinin möhkəmliyinin yüksəldilməsi üçün nəzərdə tutulmuş, eləcə də zərbə, güclü külək, güllə, partlayış və yanğından müdafiəni təmin edən zirehli laminatın təqdimatı ilə çıxış edəcəklər.Beləliklə, 4 gün ərzində sərgi müxtəlif markalı avtomobilləri potensial alıcılara nümayiş etdirmək və dünyanın avtomobil sənayesinin tendensiyaları ilə tanış olmaq imkanını yaratmaqla yanaşı perspektiv texnologiyaları da nümayiş etdirəcək və əhalinin nəqliyyat rahatlıq şəraitinin yaxşılaşdırılmasında rol oynayacaq. 

 

 

Nigar

 

Palitra.- 2011.- 16 mart.- S. 10.