Gələcək uğurlara aparan yollar

 

Naxçıvan Dövlət Universiteti elmin, təhsilin tərəqqisi və inteqrasiyası naminə beynəlxalq əlaqələrin inkişafı sahəsində möhtəşəm nailiyyətlər qazanmaqdadır. Dünyanın əksər tanınmış universitetləri ilə sıx tərəfdaşlığa malik bu ali məktəbdə artıq virtual beynəlxalq əməkdaşlıq sahəsində də əhəmiyyətli nəticələr əldə edilib. Bu təhsil ocağı müxtəlif beynəlxalq layihələrdə uğurla təmsil olunur. Universitet əməkdaşlarının əksəriyyəti xarici elmi ezmaiyyələrdə olur, beynəlxalq simpozium və konfranslarda fəal iştirak edirlər. Bu yaxınlarda isə universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, tarix elmləri doktoru Həmzə Cəfərov, Beynəlxalq əlaqələr şöbəsinin baş inspektoru Cəmilə Fərəcova, İngilis dili kafedrasının müəllimi Rahibə Bağırova, İngilis dili ixtisası üzrə II kurs magistri Nərmin İmanova İngiltərədə təkmilləşdirmə kurslarında olublar. Bu münasibətlə Həmzə müəllimlə görüşüb səfər təəssüratlarını öyrəndik:  

- Həmzə müəllim, əvvəla, Vətəndə sizi yenidən salamlayır və xoş gəlmisiniz deyirik. İstərdim, öncə səfərin məqsədi və təşkilatçıları barədə oxucularımıza məlumat verəsiniz.

- Çox sağ olun. Biz 27 fevral-8 mart 2011-ci il tarixində İngiltərədə səfərdə olduq. Bu səfər «Britiş Konsul»un nümayəndələri, Naxçıvan MR Təhsil Nazirliyi və Naxçıvan Dövlət Universiteti arasında imzalanan memorandum əsasında gerçəkləşdirilən, müasir təhsil sisteminin, modern tədris üsullarının tətbiqinə xidmət edən «Gələcək uğura aparan körpü» layihəsi çərçivəsində təşkil olunub, «Britiş Konsul» və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyilə həyata keçirilib. Layihənin məqsədi təhsil əlaqələrinin genişləndirilməsi, ixtisasartırma və təkmilləşdirilmə kursları vasitəsilə müəllim və tələbələrə tədris sahəsindəki ingilis dili, habelə yeni, interaktiv üsulları mənimsətmək, onların bilik və bacarıqlarını artırmaqdan ibarətdir. Azərbaycandan gedən nümayəndə heyəti 10 nəfərdən ibarət idi ki, onların 5 nəfəri Bakıdan, 5 nəfəri isə Naxçıvandan idilər.

- Müəllimləri təkmilləşdirmə kursu İngiltərənin hansı universitetində və necə təşkil olunmuşdu?

- Təkmilləşdirmə kursu İngiltərənin Vorvik Universitetində təşkil olunmuşdu. Bizi ölkənin paytaxtı Londondan 110 km aralıda yerləşən Kenilvort şəhərində universitetin nümayəndələri qarşıladı və qalmaq üçün ailələrə göndərdilər. İngilislərin adət-ənənələrini, mədəniyyətlərini görmək və dili öyrənmək məqsədilə belə bir təcrübədən istifadə edildi. Biz əvvəlcə Vorvik Universiteti ilə tanış olduq, bir neçə fakültədə olduq. Universitet Kavintrin şəhəri ilə Vorvik şəhəri arasında yerləşir, böyük bir əraziyə malikdir. Bu ali məktəb 1965-ci ildə yaranıb. 29 akademik bölməsi, 50-dən çox elmi-tədqiqat mərkəzi və institutu var. Burada 120-dən çox ölkədən 5 minə qədər tələbə təhsil alır. Tələbələrin ümumi sayı 21.599, professor-müəllim heyətinin sayı isə 4.992 nəfərdir. Səfər zamanı biz burada bir həftə «Britiş Konsul» tərəfindən həyata keçirilən «Müəllimləri təkmilləşdirmə kursu» proqramı çərçivəsində dərslər keçdik. Hər gün saat 9-dan 4-ə qədər dərsdə olurduq. Bu zaman ərzində müəllimlər bizlərlə ingilis dili ilə bağlı müxtəlif mövzularda məşğələlər aparırdılar. Bizim müəllimlər isə öz növbələrində müxtəlif tapşırıqları hazırlayıb müəllimlər qarşısında hesabat verirdilər. Məşğələlər zamanı Azərbaycanın müasir inkişaf səviyyəsi, Naxçıvanın qədim tarixi haqqında söhbətlər hədsiz maraqla qarşılandı. Naxçıvanın 5000 illik qədim və zəngin tarixi, sivilizasiyanın beşiyi sayılması, “Şərqin qapısı” kimi siyasi əhəmiyyət kəsb etməsi, uzun illər mənfur ermənilər tərəfindən mühasirədə olmasına baxmayaraq ərazi bütövlüyünü qoruması və sürətlə inkişaf etməsi ilə bağlı məlumatlar ingilis həmkarlarrımızın xüsusilə diqqətini çəkdi.

- Universitet rəhbərliyi ilə rəsmi görüşləriniz oldumu?

- Mən universitetin prorektoru, professor Susanna Dəmən və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Vilyam Mitşel ilə görüşdüm. Hər iki görüş zamanı biz bir-birimizə universitetlərimiz haqqında məlumat verdik. Universitetin beynəlxalq əlaqələri genişdir. Mən də öz növbəmdə ölkəmiz, universitetimizin strukturu, beynəlxalq əlaqələri haqqında onlara ətraflı məlumat verdim. Azərbaycana hədsiz maraqları var idi. Görüşün sonunda mən onlara Azərbaycanın, o cümlədən Naxçıvanın və Dağlığ Qarabağın qədim tarixi, etnoqrafiyası, mədəniyyəti ilə bağlı 10-dan artıq kitab hədiyyə etdim. Səfərin sonunda isə vida görüşü oldu və kurs iştirkçılarına sertifikatlar təqdim olundu.

- Səfər zamanı İngiltərənin daha hansı universitetində oldunuz?

- Dünyaca məşhur Oksford Universitetini görmək doğrudan da çox maraqlı idi. Bu universitetin tarixi XII əsrə gedib çatır. Universitet 26 kollecdən ibarətdir. Universitetin vahid binası yoxdur. Hər bir kollecin özünün binası var və bu kolleclər əsasən kilsələrdə yerləşir. Bu kolleclərə rəmzi olaraq Oksford adı verilib.

- Yəqin ki, səfər çərçivəsində ekskursiyalar da təşkil olunmuşdu...

- Universitet rəhbərliyi bizim üçün geniş proqram tərtib etmişdi. Bu proqram çərçivəsində bizləri tarixi yerlərə və muzeylərə ekskursiyalara apardılar. İlk olaraq Vorminqat şəhərində olduq. Burada “Qara kənd” canlı muzeyi var. Bu muzeyin kömür şaxtası ilə bağlı tarixi var. Belə ki, 1930-cu ildə şaxtanı bağlayıblar. Keçən əsrin 80-ci illərində isə şaxtaçıların arzu və təklifləri ilə şaxtanın içərisində canlı muzey yaradılıb. Böyük bir ərazisi var. Muzeydə şaxtaçıların fiqurlarından ibarət heyrətamiz bir həyat gördüm. Onların ağır və dözülməz bir yaşamları, iş günləri gözümün önünə gəldi. Burada insanlar qara paltar geyir, binaları o dövrün ənənələrini qoruyub saxlayır.  Sonra bizi dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Vilyam Şekspirin anadan olduğu və dəfn edildiyi Stratford şəhərinə apardılar. Bu şəhər Avon çayı üzərində yerləşir. Biz əvvəlcə V.Şekspirin ev muzeyində olduq. Bizlərə onun doğulduğu evi, oxuduğu məktəbi də göstərdilər. Nəhayət, bizi V.Şekspirin ailəsi ilə birlikdə dəfn olunduğu Triniti Kok kilsəsinə apardılar. Burada dahi Şekspirin ailə üzvləri ilə birlikdə dəfn olunması haqqında məlumat verdilər. Burada böyük yazıçının həyat yoldaşının, qızının, kürəkəninin və nəvəsinin ərinin qəbirləri var idi. Söhbət əsnasında bu böyük klassikin Azərbaycan dilinə tərcümələrindən, əsərlərinin Azərbaycan səhnəsindəki təcəssümündən də danışdıq.Mədəni tədbirlər çərçivəsində Oksford şəhərinə də gəldik. Şəhərin çox qədim tarixi ilə, burudakı universitetlə yaxından tanış olduq. London şəhərində isə iki gün paytaxtın görməli yerlərini gəzib dolaşdıq. Bu günlər ərzində biz Temza çayını gəmi ilə gəzdik. Sonra bizləri İngiltərənin parlament binası önünə, London qalasına və London körpüsünə apardılar. Londonda olarkən dünyanın ən məşhur və zəngin muzeylərindən sayılan Britaniya muzeyində olduq. Vaxt çərçivəsində biz muzeyin bir neçə salonuna baxa bildik. Londondakı maraqlı muzeylərdən biri də Madam Tusso Muzeyi idi. Bu qadın yaşadığı illərdə insan fiqurları düzəltdiyinə görə şöhrət qazanıb. Bu muzeydə insan fiqurlarından ibarət bir neçə bölmə var. Belə ki, burada siyasi xadimlərin, məşhur idmançıların, müğənnilərin, kral və kraliçaların və b. fiqurlarına maraqla baxdıq. Bu fiqurlar bal mumundan hazırlandığına görə insan dərisinin təbii rəngini tam effekti ilə əks etdirir. Fiqurlar məhv olmaması üçün xüsusi temperaturda, işığın təsirindən qorunaraq saxlanılır. Mən artıq Azərbaycanda da bu sənətə böyük maraq yarandığını, Bakıda, hətta Naxçıvanda da bal mumu fiqurlarından ibarət sərginin təşkil olunduğunu bildirdim.

- Bir alim, ziyalı kimi səfərin əhəmiyyətini necə dəyərləndirərdiniz?

- Səfər zamanı Avropanın inkişaf etmiş bir ölkəsi ilə tanış olduq. Dünya elm, təhsil sistemində baş verən ən son yenilikləri öyrəndik, İngiltərədəki ali təhsil sistemi ilə bağlı ətraflı məlumat aldıq. Onu da qeyd edim ki, müqayisə zamanı Naxçıvan Muxtar Respublikasında da misligörünməmiş inkişaf getdiyini, Naxçıvan Dövlət Universitetinin istər təhsilin səviyyəsi, istərsə də müasir informasiya texnologiyalarının tətbiqi, maddi-texniki baza cəhətdən heç də dünya universitetlərindən geridə qalmadığını bir daha yəqinləşdirmək mənim üçün böyük iftixar doğurdu. Bu mənada səfər hər birimiz üçün faydalı və mənalı oldu. Onu da qeyd edim ki, səfər zamanı biz Londonda yaşayan bir naxçıvanlı gənclə də görüşdük. Söhbət zamanı məlum oldu ki, Culfa rayonundan olan Famil 7-ci sinfə qədər Naxçıvan şəhər 11 saylı orta məktəbində oxuyub. Sonra isə ailəsi ilə birlikdə Bakıya köçüblər. Orada məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün İngiltərəyə gedib. İnstitutu qurtardıqdan sonra orada yaşayır və işləyir. Sevindim ki, bizim belə qabiliyyətli gənclərimiz var və çoxdur. Onlar Azərbaycanı xaricdə layiqincə təmsil edirlər. Əminəm ki, səfər zamanı tədrisdə, təhsildə öyrəndiklərimiz yenilikləri tətbiq etməklə milli təhsilimizin tərəqqisinə biz də öz kiçik töhfəmizi verəcəyik. Bu səfərə görə biz «Britiş Konsul»a və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə dərin minnətdarlığımızı bildiririk.  

 

 

Mehriban Sultan,

Naxçıvan Dövlət Universitetinin

Mətbuat şöbəsinin müdiri

 

Palitra.- 2011.- 16 mart.- S. 11.