“Təhsil sahəsində beynəlxalq əlaqələrimiz ölkəmizin milli maraqlarına və mənafeyinə müvafiq olaraq qurulub

 

Müsahibimiz Milli Məclisin üzvü, Bakı Slavyan Universitetinin prorektoru Sahibə Qafarovadır: 

- Sahibə xanım, son illər Azərbaycanda həyata keçirilən təhsil islahatlarının mühüm tərkib hissələrindən biri beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ölkə təhsilinin mütərəqqi təhsil ənənələrini mənimsəməsi tətbiq etməsinə yönəlmiş addımlardır. İstərdik ilk olaraq bu istiqamətdə görülən işlərlə bağlı sizin mövqeyini öyrənək.

- Müstəqilliyini əldə etdikdən sonra ictimai həyatın bütün sahələrində dərin transformasiya mərhələsinə daxil olmuş respublikamızda ilkin dövrlərdən bu prosesin elmi-metodiki istiqamətlərini işləyib hazırlayan həyata keçirən kadrlara kəskin tələbat yaranmışdı. Nəzərə alsaq ki, bu proses eyni zamanda ölkəmizin qloballaşan dünyaya inteqrasiyası ilə paralel həyata keçirilir, onda bu kadrlar qarşısında nə qədər yüksək tələblər qoyulduğu özünü daha açıq şəkildə büruzə verir. Belə bir səraitdə ölkəmizin müasir tələblərə cavab verə biləcək kadrlara olan ehtiyacını ödəmək üçün bütün təhsil qurumlarının üzərinə çox böyük vəzifələr düşürdü. Buraya təhsilin bütün pillələrində yerləşən təhsil müəssisələri aid olsa da, xüsusilə qeyd etməliyik ki, yüksək hazırlıqlı mütəxəssislərin formalasmasında ali təhsilin və ali təhsil müəssisələrinin rolu müstəsnadır. Azərbaycanın müstəqil dövlət kimi tanınmasında, digər dövlətlərlə münasibətlərinin yüksəlməsində təhsil sahəsində beynəlxalq əməkdaşlığın xüsusi əhəmiyyəti var. Azərbaycanda təhsil sahəsində beynəlxalq əlaqələr ölkəmizin milli maraqlarına və mənafeyinə müvafiq olaraq qurulub. Bilirsiniz ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra dünyanın bir çox ölkələri ilə təhsil sahəsində yaradılmış səmərəli əməkdaşlıq əlaqələri xeyli genişlənib. Bu gün Təhsil Nazirliyi dünyanın 30-dək dövləti ilə təhsil əlaqələri yaradıb. Belə ki, hazırda ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Rusiya, Çin, Yaponiya, İsrail, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Misir, Pakistan, Ukrayna, Gürcüstan, Çexiya, Slovakiya, Avstriya, Qazaxıstan, Özbəkistan, Rumıniya, Latviya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Tacikistansair kimi ölkələrlə birbaşa təhsil əlaqələri mövcuddur. Həmin ölkələrlə beynəlxalq əməkdaşlığımız Azərbaycanın milli maraqlarına və ölkə Prezidenti tərəfindən müəyyən olunmuş xarici siyasət strategiyasına uyğun həyata keçirilir.

- Beynəlxalq əməkdaşlıq əsasən hansı istiqamətləri əhatə edir?

- Beynəlxalq əməkdaşlıqda bir sıra hədəflər müəyyənləşdirilib. Başlıca məqsədimiz təhsil sahəsində beynəlxalq proqram və layihələrin reallaşdırılması prosesində beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirmək, ölkəmizdə təhsilin keyfiyyətini, bu sahədə mövcud olan hüquqi bazanı Avropa standartalarına uyğunlaşdırmaqdır. Bundan başqa müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri və təbii ki, dövlət xətti ilə, yəni təhsil sahəsində əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına xaricdə təhsil alan tələbələrimizin sayının artırılması istiqamətində də mühüm nailiyyətlər qazanılıb. Bilirsiniz ki, bu barədə həm də Dövlət Proqramı təsdiq olunub ki, bu da həm təhsil ictimaiyyəti tərəfindən, həm də bütün ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir.

- Yeri gəlmişkən, sizin qeyd etdiyiniz kimi, tələbələrimizin müxtəlif ölkələrdə təhsil almağa göndərilməsi ilə bağlı «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» qəbul edilib hazırda bu proqram icra olunmaqdadır. Siz bu proqramın əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Təbii ki, mən bu Dövlət Proqramının icra olunmasını çox əhəmiyyətli bir məsələ hesab edirəm bu addımın həm dövlətimizin bu gününə, həm gələcəyinə hesablanmış addım olduğunu düşünürəm. Necə ki, 1970-80-ci illərdə ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə SSRİ-nin ən qabaqcıl universitetlərinə təhsil almaq üçün göndərilən tələbələr bu gün Azərbaycan dövlətinin möhkəmlənməsində, inkişafında fəal rol oynayırlar, bu gün xaricə təhsil almağa göndərilən hər bir gəncimiz də sabah dövlətimizə xidmət edən bacarıqlı, müasir biliklərə yiyələnmiş kadrlar olacaqlar. Eyni zamanda çox müsbət haldır ki, dövlət bu kadrların ölkəmizdə müvafiq sahələrdə işlə təmin olunmasına da təminat verir. Bu o deməkdir ki, dövlət bu gənc kadrların potensialından faydalanmaqda, onların xalqımıza, dövlətimizə peşəkar xidmət etməsində maraqlıdır.

- Bu gün təkcə azərbaycanlı tələbələr xaricdə təhsil almağa göndərilmirlər. Eyni zamanda bir çox ölkələrdən də əcnəbi tələbələr təhsil almaq üçün məhz Azərbaycanın ali məktəblərini seçirlər. Sizin bu məsələyə münasibətiniz necədir?

- Müasir dövrümüzdə beynəlxalq əlaqələrin vacib istiqamətlərindən biri ali məktəblərə əcnəbi tələbələrin cəlbidir. Təsadüfi deyil ki, universitetlərin reytinqi müəyyənləşdirilərkən əsas göstəricilərdən biri orada təhsil alan əcnəbi tələbələrin sayıdır. Əcnəbi tələbələr əlavə maliyyə mənbəyi olmaqla yanaşı universitetlərdə mədəniyyətlərin rəngarəngliyi ilə fərqlənən intellektual mühitin yaranmasına kömək edir. Bu isə bütün dünyada inkişaf, yaradıcı və yenilikçi fəaliyyətin əsasını təşkil edir. Eyni zamanda bu prosesdə ölkələr arasında əlaqələr, o cümlədən təhsil əlaqələri formalaşır. Təhlil göstərir ki, dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlində ön yerləri tutan ali təhsil müəssisələrində tələbələrin böyük əksəriyyətini məhz əcnəbi tələbələr təşkil edir. Bu gün Azərbaycanda əcnəbi tələbələrin təhsili Təhsil Nazirliyinin beynəlxalq əlaqələrinin prioritet istiqamətlərindən birinə çevrilib. Xarici ölkə vətəndaşlarının təhsilə cəlb olunması ilə bağlı beynəlxalq təcrübə göstərir ki, bu sahədə kifayət qədər ciddi rəqabət mövcuddur. Hər bir ölkənin ali məktəbləri daha çox əcnəbi tələbənin cəlb olunmasında maraqlıdırlar.İkitərəfli razılaşmalar əsasında təqaüdlər hesabına təhsil alan tələbələr istisna olmaqla əcnəbi vətəndaşların böyük əksəriyyəti fərdi müqavilə əsasında ödənişli yolla təhsil alırlar. Bu isə ali məktəblərin büdcəsinə öz müsbət təsirini göstərir. Daha böyük maraq ölkənin və xalqın mədəniyyətinin, dilinin, mənəvi dəyərlərinin xarici ölkələrdə potensial daşıyıcılarının yetişdirilməsidir. Odur ki, Azərbaycanda təhsil alan əcnəbi vətəndaşların sayının artmasını yalnız təqdirəlayiq hal kimi dəyərləndirmək lazımdır.

- Çalışdığınız ali məktəbdə bu əlaqələr necə qurulub?

- Yarandığı gündən Bakı Slavyan Universitetinin (BSU) beynəlxalq əlaqələri sürətlə inkişaf etməkdədir. Bu dövrdə xarici ölkələrin bir çox qabaqcıl təhsil və elm mərkəzləri ilə əlaqələr qurulub, əməkdaşlığa başlanılıb. Əməkdaşlıq universitetlər arasında bağlanılmış müqavilələr əsasında qurulur, müəllim və tələbələrin mübadiləsi, müştərək elmi araşdırmalar, müəllimlərin  ixtisasartırması, informasiyaelmi-metodik ədəbiyyat mübadiləsi kimi sahələri əhatə edir. Universitet Rusiya, Ukrayna, Bolqarıstan, Çexiya, Polşa, Slovakiya, Fransa, Türkiyə, Yunanıstan, Rumıniya və digər ölkələrin nüfuzlu ali təhsil müəssisələri ilə sıx münasibətlər yaradıb. BSU həmçinin bir sıra beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Kadr Akademiyasının, Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyasının, Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasıyasının (MAPRƏL) “Regionşünaslıq” və “Beynəlxalq münasibətlər” istiqamətləri üzrə Rusiya Federasiyası Ali məktəbləri Tədris-Metodiki birliklərinin üzvüdür. Tələbələr MDB və Avropa ölkələrində təcrübə keçir və təhsillərini davam etdirirlər. BSU-nun bir qrup tələbəsi Kiyev şəhərindəki  Heydər Əliyev adına Sosial Elmlər İnstitutunda təhsillərini davam etdirir. BSU-da isə Türkiyə, İran, Çin, Ukrayna, Rusiya, Gürcüstan, Türkmənistan, Koreya və digər ölkələrin vətəndaşları təhsil alır. Bir sıra məzunlarımız Polşada, Varşava Universitetinin magistraturasında təhsillərini davam etdirirlər.BSU-da 2000-ci ildə yaradılmış "Səfir saatı" klubunda Ukrayna, Rumıniya, İsrail, Bolqarıstan, Polşa, Yunanıstan, İran, Fransa, Yaponiya, ABŞ, Böyük Britaniya, Çin və digər dövlətlərin Azərbaycandakı səfirləri ilə görüşlər təşkil olunub. Ənənəvi olaraq səfirlər öz ölkələrinin mədəniyyəti, tarixi, iqtisadiyyatı və digər mövzulara aid məruzələrlə çıxış edirlər. Universitetin beynəlxalq əlaqələrinin genişlənməsində xarici ölkələrin dövlət, elm və mədəniyyət xadimləri ilə keçirilən görüşlərin böyük əhəmiyyəti var. Bunlardan Rus Dilinin İnkişafı Mərkəzinin prezidenti L.A.Putina, Rusiya Dövlət Dumasının sədri G.N.Seleznyov, Ukrayna Ali Radasının sədri V.M.Litvin, Ukraynanın dövlət katibi Y.A.Sergeyev, Rusiya Federasiyasının təhsil naziri V.M.Filippovxarici işlər naziri S.V.Lavrov, Ukrayna mədəniyyət naziri Y.Boqutski, Ukraynanın xarici işlər naziri A.Zlenko, Yunanıstanın xarici işlər nazirinin müavini İ.Maqriotis, Sverdlovsk vilayətinin qubernatoru E.E.Rossel, Moskva şəhərinin I vitse-meri L.İ.Şvetsova, Rumıniya "Ovidius"  Universitetinin rektoru, professor A.Bavari, Sofiya Universitetinin rektoru B.Biolçev və digərləri ilə görüşləri qeyd etmək olar.BSU-da Rusiya, Ukrayna, Yunanıstan, Türkiyə, Bolqarıstan tədris-mədəniyyət  mərkəzləri, İngilis Dili Müəllimləri Assosiasiyasının ofisi, Fransız dili kabineti fəaliyyət göstərir. Beynəlxalq əlaqələr şöbəsinin iştirakı ilə müxtəlif seminarkonfranslar keçirilir. Bunların arasında "Xarici ölkələrin ali təhsil məktəbləri ilə əlaqələr", "Avropa Şurası və Avropa Komissiyası arasında əməkdaşlıq", "Müasir cəmiyyətdə barışıq, qarşılıqlı anlaşmadözümlülük tendensiyalarının möhkəmləndirilməsi məqsədilə orta məktəblərdə tarixin tədrisində yeni yanaşmalar" mövzularında konfrans və seminarları qeyd etmək olar. 

 

 

Anar Miriyev

 

Palitra.- 2011.- 18 mart.- S. 7.