Eldar Aslanov: “Gədəbəydə böyük turizm kompleksi və “Siemensmuzeyi yaranacaq

 

Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərovun rəhbərliyi ilə institutun bir qrup eksperti Almaniyaya səfər edib. Səfərin məqsədi Almaniyanın Jade Universiteti ilə Azərbaycan Turizm İnstitutunun ölkəmizin qərb bölgəsində həyata keçirdiyi «Turizmdə geoinformasiya sistemlərinin tətbiqi və regional turizmin inkişafı» layihəsinin müzakirəsi idi.  

Səfərdə iştirak edən ATİ-nin prorektoru Eldar Aslanov səfərin nəticələri ilə bağlı qəzetimizə məlumat verərək bildirdi ki, «Turizmdə geoinformasiya sistemlərinin tətbiqi və regional turizmin inkişafı» layihəsi Gədəbəy rayonunu və buradakı “Siemens”lərə aid olan irsi əhatə edir. Onun sözlərinə görə, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə, rayonun Mədəniyyət və Turizm Şöbəsinin müdiri Fazilə Məmmədova, ATİ-nin Tədqiqat və inkişaf şöbəsinin məsləhətçisi Gila Artmann, Güllü Baharlı, «Yaşıl velosipedçilər» klubunun rəhbəri Elşən Nuriyev də layihə hazırlığı çərçivəsində Almaniyaya səfər edən nümayəndə heyətində təmsil olunub. Səfər çərçivəsində Almaniyanın Jade Universiteti, Almaniyanın Elm Fondu və bu ölkədə yerləşən «Siemens» təşkilatının nümayəndələri ilə bir neçə görüş keçirilib: «Görüşlərdə Almaniyanın Jade Universiteti və Azərbaycan Turizm İnstitutu arasında ikili diplom məsələsi müzakirə edildi və bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsi, qarşılıqlı imkanların öyrənilməsi, mövcud tələbə mübadiləsi proqramının davam etdirilməsinə qərar verildi. Həmçinin Vilhelmshafen və Oldenburq şəhərlərində Jade Universitetinin kampuslarında keçirilən görüşlərdə ATİ ilə bu universitetin birlikdə hazırladığı Gədəbəy rayonunda «Turizmdə geoinformasiya sistemlərinin tətbiqi və regional turizmin inkişafı» layihəsinin detalları müzakirə olundu. Bu zaman xüsusilə Almaniyanın Elm və Tədqiqat Nazirliyinin “Folksfagen” və “Siemens” fondlarının rəyləri, onlarla bu məsələ üzrə əməkdaşlığın imkanları araşdırıldı. Səfər çərçivəsində eyni zamanda Vilhelmshafen və Oldenburq şəhərlərinin rəhbərləri ilə görüşlər keçirildi.

Bu görüşlərdə adları çəkilən şəhərlərin rəhbərliyinə Azərbaycanın turizm imkanları, ATİ haqqında məlumat verildi. Xüsusilə bu səfər zamanı Almaniya Bundestaqının Yaşıllar Partiyasından olan deputatı, bundestaqın İqtisadi Əməkdaşlıq və İnkişaf Komitəsinin sədr müavini Thilo Xoppe ilə görüş yadda qaldı. Azərbaycanda ərzaq təhlükəsizliyi, ölkəmizdə ekoloji təmiz məhsulların istehsalı, bunun turizm baxımından əhəmiyyəti haqda məlumatlar Thilo Xoppenin diqqətinə çatdırıldı». Azərbaycan nümayəndə heyəti Almaniyanın şimal-şərqində yerləşən bu əyalətdə kənd yaşıl turizminin inkişafı potensialı ilə də tanış olub. E.Aslanov bildirdi ki, Almaniyada həm daxili, həm də xarici turistlərin bu kənd yaşıl turizminə cəlb olunduğunun əyani nümunələrini görüblər: «Tarixi dəyərlərlə ətraf mühitin imkanlarının inteqrasiya olunmuş şəkildə turistlərə necə təqdim olunmasını əyani şəkildə müşahidə etdik. Xüsusilə ölkəmizin bir çox regionlarında kənd yaşıl turizminin inkişafının böyük potensialını nəzərə alsaq, bu bizim üçün uğurlu nəticə idi.

Həmçinin də bizə bir çox nümunələr də təqdim olundu ki, bu nümunələrdə geoinformasiya sistemləri texnologiyalarının tətbiqi ilə turistlərlə işin qurulmasının metodikası göstərilirdi». E.Aslanov onu da bildirdi ki, layihə çərçivəsində ATİ-nin təşkilatçılığı ilə yaxın bir neçə il ərzində Gədəbəy rayonunda “Siemens” irsi əsasında geoinformasiya sistemlərini tətbiq etməklə böyük bir turizm kompleksi, turizm marşrutları və “Siemens” muzeyi yaranacaq. Səfərlərinin ikinci hissəsinin «İTB-Berlin» sərgisi ilə bağlı olduğunu deyən E.Aslanovun sözlərinə görə, nümayəndə heyətinin üzvləri Azərbaycanın stendində iştirak ediblər: «Eyni zamanda «İTB-Berlin» sərgisinin turizm təhsili bölməsində iştirak etdik. Burada təmsil olunan onlarla ölkənin təhsillə bağlı stendi ilə tanış olduq. Həmin ölkələrin nümayəndələri ilə qarşılıqlı əməkdaşlığın mümkün imkanları barədə fikir mübadiləsi apardıq. İsveçin, Ukraynanın, Rusiyanın, Türkiyənin, Avstriyanın, Almaniyanın turizm təhsili verən ayrıca fakültəsi və bölməsi olan universitetləri ilə əməkdaşlığın yolları müzakirə edildi». E.Aslanov onu da qeyd etdi ki, sərgidə Azərbaycanın stendi həmişəki kimi, yenə də genişliyi ilə diqqəti cəlb edib. Xüsusilə yadda qalan məqam isə Azərbaycanda fəaliyyət göstərən «Gilan turizm»in ayrıca stendlə təmsil olunması olub.

 

 

Nigar

 

Palitra.- 2011.- 18 mart.- S. 8.