Universitetlər öz vəsaitləri
ilə yataqxanalar tikməlidir
AMEA Fəlsəfə, Hüquq və
Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə
doktoru, sosioloq Əhməd Qəşəmoğlu ilə təhsil
məsələləri barədə növbəti müsahibəmizi
təqdim edirik.
- Özəl təhsil sahəsində
hansı problemlər daha aktual sayıla bilər?
- Ötən
dəfə qəzetinizə bu barədə fikirlərimi
bildirmişəm. Əlavə edim ki, Azərbaycanda təhsil
haqqında qanun 1992-ci ildə ilk dəfə qəbul olunanda bu
qanunun müddəaları çox xoş məramla
hazırlanmışdı. Orada özəl təhsilin və təhsil
müəssisələrinin inkişafı ilə bağlı
ayrıca maddələr vardı və həmin maddələr
əsasında da özəl təhsil sistemimiz
formalaşdı. Bu qanun layihəsi ilə bağlı bəzi
müzakirələrdə o vaxt iştirak etmişdim. O
müzakirələrdə qeyd edilmişdi ki, çox ciddi
özəl təhsil sistemi yaradılmalıdır. Amma bu məsələ
baş vermədi. Azərbaycanda tez bir anda xeyli sayda özəl
təhsil müəssisələri yarandı. Bunların
hamısı özəl təhsil məktəblərini
yaratmırdılar ki, orada Azərbaycan üçün qiymətli,
lazımlı vətəndaş yetişdirsinlər. Bunu kifayət
qədər faktlarla sübut etmək olar. Özəl ali məktəbləri
yaradanlar ancaq öz biznes maraqlarını güdürdülər
ki, yüksək gəlir əldə etsinlər. Burada gəlir
əldə etmək ön planda idi. Burada vətəndaş
yetişdirmək arxa planda gəlirdi. Özəl təhsil
müəssisəsi açmaq üçün müxtəlif
neqativ yollardan belə istifadə edilirdi. Həmin müəssisələrə
sonradan formal olaraq müəllim kontingenti
yığırdılar. Tələbələrin ödəniş
haqqı isə çox yüksək idi, əvəzində isə
heç bir real təhsil yox idi. Adicə hesablama aparanda həmin
özəl təhsil müəssisələrinin ali təhsil
vermək üçün yox, vətəndaşları
“soymaq” üçün yaradıldığı aydın
olurdu. Bu gün isə özəl təhsil müəssisələrinə
tələbə ildə 2-3 min arası pul ödəyir.
Bunların hamısını toplayanda və bundan müəllimlərə
verilən kiçik əməkhaqqının miqdarını
çıxanda ortada yenə çoxlu pul qalır. Özəl
məktəblərin tələbə yataqxanalarının
olmaması da özəl ali təhsildə tələbələrin
işini çətinləşdirən amillərdəndir. Halbuki onların çoxdan kampuslar
formalaşdırmaq standartlarını mənimsəməsi
lazım idi. Qazanılan külli miqdarda pulların bir hissəsi
bu sahəyə də yönəldilməlidir ki, bu da elə
universitetlərin reytinqinə müsbət təsir edəcək.
- Universitetlərdə keçirilən
hazırkı imtahanların səviyyəsi sizi qane edirmi?
-
Universitetlərdə semestrlərdə tələbələrdən
rüşvət almaq məsələləri də bu gün
çox ciddi düşündürür. Elə universitetlər
var ki, bu pullar çox böyük rəqəmlərlə
ölçülür. Doğrudur, belə hallara qarşı
ciddi mübarizə başlayıb, amma təəssüf ki,
bunları az bir zamanda tamamilə aradan qaldırmaq
mümkün deyil. Belə bir şəraitdə tələbənin
hansı mənəvi zənginliyindən söhbət gedə
bilər? Belə hallarda tələbə müəllimə də
hörmətlə yanaşmır, ümumi mənəvi sfera
çox aşağı səviyyədə olur. Ona görə
də hazırda ortada olan vəziyyətin aradan qalxmasında sistemli
şəkildə çalışmaq lazımdır. Bir
vaxtlar Milli Məclisdə elmi mərkəzin rəhbəri
idim, o vaxt mən də təşəbbüskarı
olmuşdum ki, təhsil sistemində, eyni zamanda ödənişli
təhsil sistemində dəyişikliklər olsun. Ödənişli
təhsil sisteminin formalaşdırılmasının tərəfdarlarından
olmuşam. O vaxt yaranan müzakirələrində iştirak
etdiyim və qəbul edilən hüquqi normalarda göstərilirdi
ki, ödənişlərdən gələn gəlir müəllimlərin
əməkhaqqına yönəlsin. Amma nəticədə nə
oldu? Təhsil müəssisələrinin
başçıları bir qayda olaraq həmin pulu müəllimlərin
maaşına yönəltmirlər. Pullar digər sahələrə
- tikintilərə, yol çəkməyə və sair
universitet “abadlığına” sərf olunur. Müəllimlərin
əməkhaqqı yüksək olmasa, təhsildə
korrupsiyaya qarşı mübarizə aparmaq da çətindir.
Hazırda ölkədə korrupsiyaya qarşı mübarizə
güclənib və bu məsələ çox
alqışlanmalıdır, çünki ictimaiyyət tərəfindən
çox təqdir edilir, artıq bu mübarizənin ilkin nəticələri
var. Artıq bu barədə böyük işlər
başlayıb, ölkə Prezidenti şəxsən bu sahəyə
ciddi nəzarət edir.Amma konkret olaraq təhsil sahəsində
tələbə-müəllim münasibətlərinə gəldikdə
isə müəllimlərin maaşlarının
artırılması məsələsinə ciddi önəm
verilməlidir. Yəqin ki, gələcəkdə bu sahədə
ciddi dönüş başlayacaq. Müəllimin maaşı
normal səviyyədə olmasa, ondan normal tədris və sair məsələləri
gözləməyə dəyməz. Müəllimlər
arasında yenə də tələbədən rüşvət
götürənlərin sayı çox olacaq. Doğrudur,
çoxlu sayda namuslu müəllimlərimiz var, amma onlar ifrat
fədakarlıq göstərirlər, ya da əlavə olaraq
digər sahələrdə çalışırlar.
Artıq ölkəmiz iqtisadi bazasını çox təkmilləşdirib,
pul gəlirlərimiz xeyli artıb və ildən-ilə də
artmaqdadır. Bu isə imkan verir ki, mənəvi sahədə
də ciddi təkmilləşmə və saflaşma prosesinə
təkan verilsin. Bu da birinci növbədə təhsil sahəsindən
başlayır. Belə olarsa, müəllimin şəxsiyyəti
də yüksək olar, tələbələrin mənəviyyatı
isə daha təkmil şəkildə formalaşar, onlar həyata
açıq gözlə, səmimiyyətlə baxarlar.
Uşaqları lap kiçik yaşlarından baxçaya və
ibtidai sinfə qoyanda neqativ hallar və rüşvətlə
qarşılaşılmamalıdır, yoxsa bu uşaqların
zehniyyətinə çox pis təsir göstərəcək.
Çünki bu, uşaqların mənəviyyatına hələ
körpə yaşlarından dəyən zərbə ola bilər.
- İndiki qəbul qaydalarında
hansı neqativliklərin olduğunu
düşünürsünüz?
-
İndiki qəbul qaydalarında da xoşagəlməz bir vəziyyət
var. İnsanlar öz topladıqları ballarla istəmədikləri
ixtisaslara gedib düşürlər. İstəmədikləri
ixtisaslara düşəndə isə hazırkı ixtisas
seçimi ilə bağlı xoşagəlməz vəziyyət
yaranır. Bu qaydaları bir qədər təkmilləşdirmək
və hər kəsə öz bacarıqlarını üzə
çıxarmaq, reallaşdırmaq imkanı verə biləcək
qəbul qaydaları formalaşdırmaq məqsədəuyğun
olardı. Bəzən yeni ixtisaslar açırlar, məsələn,
sosial iş, iqtisadiyyatın yeni ixtisasları və sair. Orada dərs
deyən, mütəxəssis formalaşdırmalı olan
müəllimlər isə formal olurlar. Onların böyük
əksəriyyətinin yeni ixtisaslar barəsində təsəvvürləri
belə olmur. Bir çoxları öz üzərilərində
çalışırlar və həmin yeni ixtisaslara aid ədəbiyyatları
mütaliə edirlər. Amma onların da bir çoxu xarici dilləri bilmədikləri
üçün bu sahədə formalaşmaları çətinləşir.
İndiki vaxtda hər hansı yolla olursa-olsun, yeni bir fakültə
açanda bu məsələlərə ciddi diqqət yetirilməlidir.
Bu ixtisaslarla bağlı tələbə
hazırlığını peşəkarların öhdəsinə
buraxmaq lazımdır. Əgər o sahədə müəllim
yoxdursa, mütəxəssisləri xaricdən dəvət etməyə
məcbursan.
- Neft kapitalının insan
kapitalına çevrilməsi üçün təhsil
sisteminin rolunu necə gücləndirmək olar?
- Neft
kapitalının insan kapitalına çevrilməsi
üçün birinci qeyd etdiyim problemlər həllini
tapmalıdır. Nə qədər ki, sadaladığım və
buna bənzər problemlər var, insan kapialının
formalaşması prosesi ləng gedəcək. Doğrudur,
hazırda kütləvi sayda tələbə xaricə
oxumağa gedir, dövlət proqramı əsasında 5 min gəncin
xarici ölkələrdə təhsil alması nəzərdə
tutulub. Bu, insan kapitalının formalaşmasında çox
ciddi amildir. Bununla belə daxildə də insan
kapitalının formalaşması üçün ciddi zəmin
yaradılmalıdır. Bu məsələ Prezidentin
qarşıya qoyduğu tapşırıq əsasında
bitkin bir şəkildə həllini tapmalıdır. Bizdə
belə bir vərdiş formalaşıb ki, hər şeyi
yuxarıdan gözləyirlər. Yəni bu barədə hər
bir məsələni ya Prezidentdən, ya da nazirdən gözləyirlər.
Bütün müəssisələr, bütün təhsil
subyektləri bu işdə məsuliyyətli olmalıdır.
Bu sahədə əsas məqam strateji istiqaməti müəyyənləşdirməkdir.
Heydər Əliyevin bildirdiyi kimi, hər bir xalqın gələcəyi
birinci növbədə onun təhsilindən
asılıdır.
İlkin
AĞAYEV
Palitra.- 2011.- 29 mart.- S. 6.