«Məşqçi-müəllimlərə
böyük ehtiyacımız var»
Layihə
çərçivəsində müsahibimiz Azərbaycan
Dövlət Pedaqoji Universitetinin idman klubunun sədri,
Əməkdar məşqçi və Əməkdar
bədən tərbiyəsi və idman xadimi Gülbaba
Quliyevdir. Əməkdar məşqçi ali təhsil müəssisəsində idman dərslərinin hansı
səviyyədə keçilməsi, tələbələrin
bu dərslərə münasibəti
ilə bağlı məsələlərə aydınlıq
gətirdi. Müsahibimiz ilk
olaraq çalışdığı ali təhsil müəssisəsində idmana olan münasibət
haqqında məlumat verdi:
-
Öncə onu qeyd edim ki, universitetimiz 1921-ci ildən
fəaliyyət göstərir. ADPU-nun 10 fakültəsində 7
minədək tələbə təhsil alır.
Yarandığı dövrdən bu
günə kimi ölkəmizin istər
təhsil sahəsində, istərsə də idman
sahəsində aparıcı təhsil ocaqlarından biri sayılır. ADPU tələbə
kontingentlərinə görə də aparıcı
universitetlərdəndir. Bu gün Azərbaycan idmanı
yüksələn templə inkişaf edir. İdmançılarımızın Avropa və dünya
birinciliklərində, olimpiya
oyunlarında əldə etdiyi uğurlu nəticələr ölkə
idmanının inkişaf
səviyyəsindən xəbər verir. Bundan savayı, ölkəmizdə keçirilən
idman yarışlarının sayı
və dərəcəsi Azərbaycanın idman
sahəsində hansı inkişafa nail olmasından xəbər verir.
Bu gün xarici idman ekspertlərinin
əksəriyyəti vurğulayırlar ki,
Bakı Avropanın idman
mərkəzlərindən birinə çevrilib.
Beynəlxalq idman qurumları dünya və Avropa
birinciliklərinin ev sahibliyi
hüququnu rahatlıqla Bakıya
verirlər. Seçim edərkən
Bakının şansı həmişə bir
addım irəlidə olur. Bu isə dövlətimizin idman
sahəsinə göstərdiyi diqqətlə
bağlıdır. Ölkə başçısı daim bu sahəni
diqqətdə saxlayır, ölkəmizdə yeni-yeni
idman arenaları, olimpiya
idman kompleksləri inşa
edilir. Beynəlxalq standartlara
cavab verən bu idman arenalarının regionlarda
inşa edilməsi
bölgələrimizdə də idmanın
inkişafının, kütləviliyinin təmin
edilməsinə böyük təkan verib. Bu həm idmanın
inkişafını, həm də gənc nəslin sağlam böyüməsini təmin edir. Ölkəmizdə idmanın
inkişafında müşahidə olunan bu inkişaf bizim universitetimizdən də yan
keçməyib. Belə ki, universitetimizdə fəaliyyət
göstərən hər bir idman növünə ayrı-ayrı diqqət
və qayğı ilə yanaşılır. Bu
qayğı ADPU-nun rektoru,
AMEA-nın müxbir üzvü,
professor Yusif
Məmmədovun rəhbərliyə gəlməsindən sonra daha da
canlanıb. Universitetimizin idman
bazaları və zalları Avropa
standartlarına cavab verən
səviyyədə təmir olunaraq
tələbələrimizin istifadəsinə verilib.
Bizim idman oyunları
zalımız da müasir
tipli zallardan
sayılır. Yaradılan bu cür gözəl şərait bizə imkan verir ki,
ölkə daxilində təşkil olunan
universiada və kütləvi idman tədbirlərində universitetimizi
yüksək səviyyədə təmsil edək.
Keçirilən bu tədbirlərdə
iştirakımız və mükafata layiq yer
tutmağımız universitet
rəhbərliyi tərəfindən çox
yüksək qiymətləndirilir.
- Universitetinizin
tələbələri arasında hansı idman
növlərinə maraq daha çoxdur?
-ADPU- nun nəzdində
idmanın müxtəlif bölmələri var.
Cüdo, sərbəst və yunan-Roma güləşi, dama,
basketbol, voleybol, atletika və futbol
tələbələrimizin daha çox maraq
göstərdikləri idman
növləridir. Amma ümumi
götürdükdə, öz
populyarlığına görə voleybol
və basketbol bölmələri
fərqlənir. Bu növlərə maraq göstərən əsasən qız
tələbələrimizdir. Adlarını qeyd
etdiyim idman
növlərində qazanılın uğurlar
ürəkaçandır. Tələbələrimiz voleybol və basketbol idman növləri üzrə
keçirilən yarışlarda universitetimizin
idman şərəfini layiqincə qoruyub və mükafata layiq yerlər tutublar. Digər tərəfdən universitetimizdə
idmanın müxtəlif növlərinin fəaliyyət
göstərməsi burada təhsil alan gənclərin
sağlam ruhda,
dövlətə və dövlətçiliyimizə
sədaqətli vətəndaş kimi
formalaşmasında böyük rolu var.
Universitetlərimiz təkcə yaxşı
mütəxəssis hazırlamamalıdır. Eyni
zamanda onların Vətənə,
dövlətə sadiq vətəndaş kimi yetişdirməlidir. Müasir
universitet işini
bilən, savadlı mütəxəssis və Vətənini
sevən vətəndaş hazırlamalıdır. Hesab edirəm ki, bunda idmanın da çox böyük rolu var. Məsələn,
universitetdə təhsil alan
tələbənin idmanla
məşğul olması, müxtəlif yarışlara
qatılması həm onların sağlam
böyüməsini təmin edir, həm
də qazanılan qələbələr onlarda
dövlətə, bayrağa olan məhəbbəti daha
da artırır. Eyni
zamanda gənc
mütəxəssislərimizin sağlam
böyüməsi, boş
vaxtlarının səmərəli təşkil edilməsi
baxımından da idmanın xüsusi rolu var.
- Tələbə
idmançılarınız hansı yarışlarda
fərqləniblər?
-
Yola saldığımız tədris ilində universitetimizin tələbə
idimançıları ümummilli lider Heydər Əliyevin
ildönümünə həsr olunmuş ali məktəb
tələbələri arasında yüksək liqada
keçirilən futbol yarışlarında iştirak
ediblər. Həmçinin tələbələrimiz
Gənclik Tələbə İdman
Cəmiyyətinin Respublika Şurası,
Təhsil Nazirliyi və Gənclər
və İdman Nazirliyinin
təsdiq etdiyi kütləvi idman tədbirlərində təmsil olunublar. Belə ki,
tələbələrimiz ötən il aprelin 1-dən 6-a kimi Aviasiya Akademiyasının idman
bazasında təşkil olunan cüdo, sərbəst və yunan-Roma
güləşi yarışlarında universitetimizin
idman şərəfini layiqincə qoruyublar. Belə ki,
həmin yarışda tələbələrimiz komanda hesabında cüdo
və sərbəst güləş üzrə qızıl, yunan-Roma güləşi üzrə isə bürünc medal
əldə ediblər. 15-20 aprel
tarixində keçirilən dama
yarışlarında qızlarımız komanda
hesabında gümüş medal qazanıblar. Universitetin
qızlardan ibarət basketbol komandası may ayında Azərbaycan Tibb
Universitetinin idman
zalında təşkil olunan
yarışlarda gümüş medala sahib
çıxıblar. Həmin ay yenə
də Tibb Universitetində təşkil olunan voleybol
yarışında voleybolçu
qızlarımız bürünc mükafata yiyələniblər.
Növbəti yarışımız isə T.Bəhramov
adına Respublika stadionunda
qızlar və oğlanlar arasında
keçirilən atletika
yarışları olub. Burada
da təmsilçilərimiz uğurla çıxış edərək
yarışları gümüş medalla başa vurublar. Tələbələrimiz 15 iyun Milli Qurtuluş
Gününə həsr olunmuş mini-futbol
turnirində də 3-cü yerlə kifayətləniblər. Cari ildə universiadada basketbol və atıcı komandamız üçüncü yeri
tutublar. Müntəzəm olaraq
universitet birincilikləri keçiririk
və qalib olan
tələbələrimiz mükafatlandırılır. Bütün bunların təşkil
edilməsində dosent Vaqif
Əliyevin rəhbərlik etdiyi universitetin Həmkarlar İttifaqı və Vurğun Məmmədovun rəhbəri olduğu Tələbə Həmkarlar
İttifaqının böyük
köməyi var.
Doğrusunu desəm,
əvvəllər bizim universitet
yarışlara qatılanda, bu,
bəzilərində
təəccüb doğururdu. Lakin Yusif müəllim rektor təyin edildikdən sonra
bu fikirlər dəyişdi. Onu da qeyd
edim ki, artıq iştirak etdiyimiz
yarışların püşkatmaları zamanı bizimlə
mübarizə aparacaq komandalar
açıq şəkildə təəssüflərini
bildirirlər. Yəni, rəqiblər bizdən
çəkindikləri üçün universitetimizin komandaları ilə
qarşılaşmaq istəmirlər. Bütün
bunlar universitet
daxilində idmana yaradılan
şəraitə bariz nümunədir.
Azərbaycan Dövlət Pedaqoji Universiteti respublika
universitetləri arasında ümumi
göstəricilərinə görə ilk
beşlikdə qərarlaşıb. Amma
ayrı-ayrı idman növlərində
tələbə idmançılarımız, qeyd
etdiyim kimi,
yüksək nəticələr göstəriblər. Bu il çıxış
etdiyimiz 12 idman növünün 8-də mükafata
layiq yer
tutmağımız bir daha
onu sübut edir ki, ADPU-da
idman sürətlə inkişaf
edir.
- İdmanın belə inkişaf
səviyyəsi ilə müəllimlər ayaqlaşa bilirmi?
Yəni müəllimlərin hazırlığı hansı
səviyyədədir?
- Çox maraqlı və vacib məsələyə toxundunuz. Getdikcə inkişaf daha da artır və rəqabət mühiti daha da kəskinləşir. Bunlarla ayaqlaşmaq üçün mütəxəssislərə ehtiyac yaranır. Bizimlə rəqabətdə olan komandalar inkişaf edir, yeni mütəxəssislər cəlb edərək hazırlıqlarını artırırlar. Bu rəqəbətə davam gətirmək üçün tələbə idmançılarımızı lazımi səviyyədə hazırlayacaq yüksək səviyyəli məşqçi-müəllimlərə ehtiyac yaranır. Tələbələri hazırlayan müəllimlərin səviyyəsi də artmalıdır. Səmimi deyim ki, bəzi müəllimlərimizin müəyyən növlər üzrə çatışmazlığı var və bu da bəzi problemlər yaradır. Məşqçi-müəllimlərə böyük eytiyacımız var. Basketbol üzrə qızlardan ibarət komandamıza kənardan məşqçi dəvət etmişik. Yəqin ki, gələcəkdə bu kimi ehtiyaclarımız tam təmin olunacaq. Qeyd edim ki, nəticələrə diqqət edəndə ötən ili bizim universitet üçün düşərli il kimi qiymətləndirmək olar. Əgər iştirak etdiyimiz yarışların 80 faizində yüksək naliyyətlər əldə etmişiksə, bu artıq universitet üçün çox müsbət nəticədir. 2010-cu ildə qarşıya qoyulmuş məqsədlərə çatdıq. 2011-ci il bizim üçün daha əlamətdardır. Çünki bu il universitetimizin 90 illik yubileyini qeyd edirik. Çalışacağıq ki, qazandığımız uğurlu nəticələrlə universitetin idman şərəfini layiqincə qoruyaq.
Anar Miriyev
Palitra.- 2011.- 29 mart.- S. 7.