Baxçalarda
psixoloqlar və metodistlərin olması vacibdir
Məktəbəqədər təhsil təhsilin
ilk pilləsi olmaqla yanaşı uşaqların
formalaşmasında mühüm rol oynayır. Hazırda
ölkə üzrə 107954
uşağı əhatə edən 1635 məktəbəqədər təhsil
müəssisəsi fəaliyyət göstərir ki, 103157
uşağı əhatə edən 1571 məktəbəqədər müəssisə
Təhsil Nazirliyi sistemindədir. Sağlamlıq
imkanları məhdud olan
uşaqlar üçün 4 xüsusi uşaq Baxçası,
ümumi təyinatlı 12 müəssisədə 20 xüsusi
qruplar fəaliyyət göstərir. Həmçinin
hazırda ölkədə TN tərəfindən lisenziya
almış 20 özəl məktəbəqədər təhsil
müəssisəsi fəaliyyət göstərir ki, bu müəssisələrdə 865
uşaq təlim-tərbiyə alır. TN-nin sistemində olan məktəbəqədər təhsil müəssisələrindən
240 müəssisə özəlləşdirilməyə
açıq elan edilib ki, onlardan 113-ü Bakı şəhərinin
payına düşür. Son məlumata görə, respublika
üzrə 83, o cümlədən
Bakı şəhərində 47 məktəbəqədər
müəssisə artıq özəlləşdirilib. Ölkə
üzrə məktəbəqədər
yaşlı uşaqların sayı 728400 nəfərdir. Məktəbəqədər
təhsil müəssisələrinə uşaqların cəlbi
15,9% təşkil edir. Bu gün ölkədəki məktəbəqədər
təhsil müəssisələri öz fəaliyyətlərini
necə qurub?
Layihə
çərçivəsində növbəti müsahibimiz Səbail
rayon 130 saylı Uşaq Baxçasının direktoru Səmayə
Axundzadədir. Məktəbəqədər təhsilin
uşaqlar üçün çox vacib olduğunu deyən
direktor bildirdi ki, bu, təhsilin ilk pilləsi olmaqla ailənin və
cəmiyyətin maraqlarına uyğun olaraq uşaqların erkən
yaş dövründən intellektual, fiziki və psixoloji
inkişafını, sadə əmək vərdişlərinə
yiyələnməsini, istedad və qabiliyyətinin üzə
çıxarılmasını,
sağlamlığının qorunmasını, estetik tərbiyəsini,
təbiətə və insanlara münasibətinin
formalaşmasını təmin edir: “Danılmaz həqiqətdir
ki, maddi sərvətlərin insan kapitalına çevrilməsinin
təməli məhz məktəbəqədər təhsil
müəssisələrində qoyulur. Bu istiqamətdə
dövlət səviyyəsində də tədbirlər həyata
keçirilir. Belə ki, məktəbəqədər təhsil
müəssisələri şəbəkəsində
mövcud olan problemlərin aradan qaldırılması, ölkəmizdə
məktəbəqədər təhsilin günün tələbləri
səviyyəsində qurulmasının təmin olunması məqsədilə
kompleks tədbirlərin həyata keçirilməsi
üçün ölkə başçısının sərəncamı
ilə “Azərbaycan Respublikasında məktəbəqədər
təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”
təsdiq edilib”.Səbail rayonundakı 130 saylı uşaq
baxçasının da əsaslı təmirdən sonra
istifadəyə verildiyini deyən S.Axundzadənin sözlərinə
görə, Baxça 1967-ci ildən fəaliyyət göstərir,
burada 3 qrupda 60 uşağın tərbiyəsi ilə 17
müəllim və texniki işçi məşğul olur. Sentyabrda
15 uşaq orta məktəbin I sinfinə yola salınıb. Son
20 il ərzində burada heç bir təmir
aparılmadığından Baxçada çox çətin
vəziyyət yarandığını vurğulayan direktor
bildirdi ki, ötən ilin yay aylarında burada Səbail Rayon
İcra Hakimiyyətinin daxili imkanları hesabına təmir
işlərinə başlanaraq Baxçanın bütün dərs
və təsərrüfat otaqları, köməkçi sahələri
əsaslı təmir olunub, yeni işıqlandırma sistemi
qurulub, qapı və pəncərələri, giriş
qapısı yeniləri ilə əvəz olunub, döşəmənin
parket örtüyü təmir olunub, divarlar rənglənib. Həmçinin
Baxçanın su və kanalizasiya sistemi yenidən qurulub,
sanitariya qovşağı təmir olunaraq buraya yeni kafel
vurulub.
Uşaqların
istirahəti və idmanla məşğul olması
üçün RİH tərəfindən əyləncə
qurğuları, müxtəlif oyuncaqlar və yeni mebel
alınıb. Baxçanın giriş hissəsi və
koridorunda müasir tərtibat işləri görülüb,
stendlər təzələnib. Təmirdən sonra
Baxçanın açılışında Səbail Rayon
İcra Hakimiyyətinin başçısı Asif Əsgərov
də iştirak edərək uşaqları, Baxça
kollektivini, valideynləri təbrik edib, onlara gələcək
həyatda müvəffəqiyyətlər və ölkəmiz
üçün layiqli övlad olmalarını arzulayıb. Baxça
hazırda həm rus, həm də Azərbaycan dilində olan
qruplardan ibarətdir. S.Axundzadənin sözlərinə
görə, ümumiyyətlə, Baxçaya gedən
uşaqlarla getməyənlər arasında fərq var. Belə
ki, Baxçaya gedən uşaqlarda daha çox inkişaf
gedir. Bu məqsədlə də direktor valideynlərə
uşaqlarını Baxçaya göndərmələrini
tövsiyə edərək Baxçanın uşaqlar
üçün vacib olduğunu bildirir. Hazırda
Baxçalarda psixoloqların sayının azlığına
gəldikdə isə direktor Baxçada psixoloqların, metodistin
olmasının vacibliyini qeyd edir. Bu gün ölkədə
bir sıra məktəbəqədər təhsil müəssisəsinin
özəl fəaliyyət göstərməsinə
münasibət bildirən S.Axundzadə deyir ki, kiçik
Baxçaların olması vacibdir: “Özəl Baxçalara hər
valideynin maddi imkanı çatmır. Biz sağlam rəqabət
aparırıq. Bizim Baxçada imkansız uşaqlar var və
biz onlara hər cür yardım edirik”. O da bildirildi ki,
Baxçada müxtəlif tədbirlər, məsələn,
Yeni il, 8 Mart, Novruz bayramı qeyd edilir. Uşaqlar bayramlarda
tamaşalarla çıxış edirlər. Ümumiyyətlə,
əvvəlki uşaqlarla fərqə gəldikdə isə
Baxça rəhbəri bugünkü uşaqların daha
çox bildiyi qənaətindədir və deyir ki, bu gün
uşaqları aldatmaq olmur.
Baxça
rəhbəri hazırda Baxçanın elə bir problemi
olmadığını bildirdi. Baxçada 1992-ci ildən
çalışdığını deyən tərbiyəçi
Nüşabə Rüstəmova isə bildirdi ki, burada
uşaqlara nitq inkişafı, ətraf mühitlə
tanışlıq, ana dili, riyaziyyat, rəsm, bədən tərbiyəsi,
musiqi kimi dərslər tədris olunur. Gündə iki məşğələ
keçilir. Tərbiyəçinin sözlərinə görə,
eyni zamanda burada uşaqlara öyrədilən ingilis dili və
şahmatı onlar çox yaxşı qavrayırlar, əlavə
olaraq şeirlər öyrənirlər. Baxçanın
vacibliyini deyən tərbiyəçi bildirdi ki, uşaq
Baxçada məktəbə hazırlanır və bu,
müsbət cəhətdir: “Burada uşaq kollektivdə
davranmağı öyrənir, fikirlərini bildirir, rabitəli
nitqi inkişaf edir. Baxçamızda uşaqların yaş
qrupu 3 yaşından başlayır. Məsələn,
bugünlərdə uşaqlar “Tıq-tıq xanım”
tamaşasını oynayırdılar və obrazları
çox təbii canlandırırdılar. Bu, uşaqların
özlərinə necə diqqətlə yanaşdıqlarını
göstərir”. N.Rüstəmovanın
sözlərinə görə, hazırda Baxçalarda müəyyən
qüsurlu uşaqlar olur ki, onlarla psixoloqun işləməsi
vacibdir: “Uşaqlar bizim həyatımızdır,
çünki biz öz uşaqlarımızdan çox onlarla
ünsiyyətdə oluruq. Onlar özləri də bir neçə
gün Baxçaya gəlməyəndə bizim
üçün darıxırlar. Eyni zamanda onlar
Baxçada dostlaşırlar. Evdə tək uşaqlar olur ki,
onlar burada dost qazanır. Hətta eləsi var ki, yeni gələndə
eqoist olsa da, sonradan usaqlarla hədiyyələrini
bölüşür. Elə uşaq var ki, yeni gələndə
deyir burada qalmıram, amma tədricən psixologiyası dəyişir”.
Burada uşaqların heç bir problemlə qarşılaşmadığını deyən tərbiyəçi bildirdi ki, onlar gündə 4 dəfə yeməklə təmin olunurlar. Əsasən sıyıq, şorba, düşbərə, dolma, plov, həftədə bir dəfə peraşki, şirniyyat və s. yeyirlər. Həmçinin uşaqlar üçün müxtəlif oyunlar təşkil edilir ki, buraya yemək hazırlamaq, meyvələrin dadı ilə bağlı oyunlar daxildir. Ekskursiya kimi uşaqları gəzməyə aparırlar. İş vaxtı 7-dəkdir. Hazırda uşaqlar üçün evdə dayədən istifadəyə gəldikdə isə tərbiyəçi deyir ki, dayə uşağa tərbiyəçi kimi diqqət etmir, onun qayğısına qalmır. O da qeyd edildi ki, 130 saylı Baxçaya şəhərin müxtəlif ərazilərində yaşayan valideynlər uşaqlarını gətirirlər. Uzun illər ərzində uşaqlarla çalışan tərbiyəçi indi uşaqların çox bildiyini, tez başa düşdüklərini deyir: “Hətta bu gün uşaqlar ananın əlindən televizorun “pult”unu alıb kanalı dəyişirlər. Kriminal, qorxulu kinolara baxırlar ki, bu da onların psixologiyasına mənfi təsir edir. Belə verilişlərə baxdıqdan sonar uşaqlar bir-biri ilə dalaşmağa başlayır. Həmçinin valideynlə birgə seriallara baxırlar və ümumiyyətlə, burada valideyn günahkardır. Əvvəllər uşaqlar üçün “Gecəniz xeyrə qalsın” verilişindən sonra valideynlər televizoru söndürürdlər ki, uşaqlar yatsın. Amma indi valideynlər bunu etmir. Baxçada isə asudə vaxt az olsa da, cizgi filminə baxırlar. Onlara vətənpərvərlik, dövlət himni, gerb, bayrağımız haqda məlumatlar veririk. Baxçaya gələn uşaqlar aktiv, dünyagörüşlü olur. Baxça məktəbin təməlidir. Uşaqlar burada qaydalara, rejimə uyğunlaşırlar”.
Nigar
Palitra.- 2011.- 29 mart.- S. 10.