Məktəbli və tələbələrin müxtəlif sektaların, qeyri-ənənəvi təriqətlərin təsiri altına düşməsinin qarşısını necə almaq olar?

 

XXI əsr Beynəlxalq Təhsil İnnovasiya Mərkəzinin psixoloji xidmətinin rəhbəri, peşəkar psixoloq, ekspert Humay Axundzadə ilə budəfəki söhbətimiz təhsil müəssisələrində təhsil alan yeniyetmə gənclərin müxtəlif sektaların, qeyri-ənənəvi təriqətlərin təsiri altına düşməsinin qarşısının alınması məsələləri ilə bağlı oldu.  

- Hazırkı dövrdə müxtəlif sektaların, qeyri-ənənəvi təriqətlərin yeniyetmə və gəncləri özlərinə cəlb etməyə çalışmaları müşahidə edilir. Bu, əksər ölkələrdə baş verməkdədir. Bəs belə halların qarşısının alınmasında, ümumiyyətlə yeniyetmələrin dünyaya daha açıq gözlə baxmasında, düzgün dünyagörüşünün formalaşmasında təhsilin rolunu nədə görürsünüz?

- Bildiyimiz kimi, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, vətəndaşlar vicdan azadlığına malikdirlər. Bu ilk növbədə o deməkdir ki, hər bir şəxs öz dini, mənəvi dəyərlərinin seçimində sərbəstdir. Heç bir şəxsə məcburən hansısa dini baxışları qəbul etdirmək olmaz. Lakin bəşər övladı başqasını zorla məcbur etmədən onun iradəsini ram etməyin yollarını artıq çoxdan tapıb və istifadə etməyi öyrənib. Bu üsul və vasitələr müxtəlif sektalar, dini təşkilatlar tərəfindən fəal şəkildə istifadə olunur. Bu qurumlar müxtəlif məqsədlər güdə, bəzən dövlətçilik əleyhinə də ola bilərlər. Onların bir çoxuna xas olan ümumi əlamət məqsədlərinin cəmiyyətə nəzərən destruktiv xarakterli olması, cəlb etdikləri insanlara yalnız vasitə kimi yanaşmasıdır. Belə bir şəraitdə cəmiyyətin müxtəlif nümayəndələrinin onların toruna düşməməsi üçün güclü təhsil sisteminin formalaşdırılması, təhsil sisteminin həm də didaktik-tərbiyəvi baxımdan çox effektli olması da önəmli şərtlərdən biridir. Ümumiyətlə isə yeniyetmələrin bu və ya digər asosial qrupların, sektaların, missioner təşkilatlarının təsiri altına düşməsi bir tərəfdən konkret yeniyetmənin xarakter keyfiyyətlərindən asılıdırsa, digər tərəfdən onun öz əhatəsi tərəfindən necə münasibət və rəftara məruz qalmasından, bir sözlə, mühitindən də asılıdır. Yeniyetməlik dövrünü bir çox mütəxəssislər böhran dövrü kimi səciyyələndirirlər. Bu zaman insan həm fiziki, həm də psixoloji cəhətdən yüksək templə inkişaf edir. Yeniyetməlik dövrü şəxsiyyətin təşəkkülündə mühüm bir mərhələni təşkil edir. Bu dövrdə insanın özünüdərketməsi, özünüqiymətləndirməsi keyfiyyətcə mühüm dəyişikliklərə məruz qalır. Bütün bunlar həm yeniyetmənin özü, həm də onun ətrafındakılar üçün emosional gərginliklə müşayiət olunur. Qarşılıqlı anlaşılmazlıq, özgələşmə kimi hallar baş verir. Bu, xüsusilə yeniyetmə ilə yaşlılar- onun valideynləri və müəllimlər arasında baş verir. Çox vaxt müəllimləri, böyükləri o narahat edir ki, dünən danışıb-gülən, hər şeylə bölüşən uşaq bu gün qaradinməz olub, heç nə haqda danışmaq istəmir, özü ilə başqaları arasında bir növ sərhəd qurur. Valideyn və müəllimlərin bu sərhədi aşmaq cəhdləri isə onun daha da özünə qapanmasına, bəzən isə aqressivcəsinə öz məkanını müdafiə etməsinə gətirib çıxarır. Bunun səbəblərindən biri yeniyetmələrin yüksək emosional həssaslığa malik olması ilə bağlıdır. Onlar nəinki adi söz və zarafatdan, hətta böyüklərin onlara qarşı uşaqsayağı davranışından belə, çox təsirlənə bilərlər. Eyni zamanda onlarda güclü olmaq, öz hisslərini gizlətmək, öz zəifliyini büruzə verməmək kimi istəklər olur. Ona görə də onlar nədən narazı olduqlarını açıq-aşkar ifadə etməyi bir növ zəiflik hesab edirlər. Yaşlılardan uzaqlaşmaq meyilləri də təbiidir. Bu yaş dövründə yeniyetmələr üçün öz yaşıdlarının fikri, məhz yaşıdlar qrupu tərəfindən qəbul olunmağa tələbat daha üstün olur.

- Yeniyetmələr nə vaxt daha çox təsir altına düşməyə meyilli olurlar?

- Yeniyetməlik dövrünün özünəməxsus cəhətləri onları bəzi kənar təsirlərə qarşı bir növ müdafiəsiz edir. Belə ki, özünü təsdiq etmək, başqalarının hörmətini qazanmaq tələbatı bu dövrdə güclənsə də, yeniyetmələr öz xarakter xüsusiyyətləri, həyat təcrübəsinin azlığı və sairdən irəli gələrək heç də həmişə bu hörməti qazanmağın düzgün yollarını tapa bilmirlər. Xüsusilə əgər o, öz yaxın əhatəsi tərəfindən başa düşülmürsə, yerli-yersiz tənqid və ironiyaya məruz qalırsa, təbii ki, alternativ qruplara üz tutacaq. Bu qruplar onun cəmiyyətdə sosiallaşmasına yardım edə biləcək pozitiv xarakterli olduğu kimi, onu cəmiyyətə müxalif mövqeyə sövq edən qruplar da ola bilər. Lakin əgər bu qrup yeniyetməyə yüksək dəyər verir, qrup üzvləri onunla yaşlı insan kimi rəftar edirlərsə, bunun naminə yeniyetmə bir çox şeyləri qurban verməyə hazırdır. Yeniyetmələrin belə təsirlər altına düşməsinin ilkin mərhələlərində onun yaxınları müəyyən əks təsir göstərə bilərlər. Lakin çox zaman bu təsirin özü elə kobudcasına həyata keçirilir ki, son nəticədə o da yeniyetməni ailədən və ya məktəb mühitindən uzaqlaşdırır. Ona görə də bu məsələdə olduqca ehtiyatlı olmaq lazımdır.

- Yeniyetmələr, məktəblilər və tələbələr hansı psixoloji taktikalara və manipulyasiyalara məruz qala bilərlər?

-  Müxtəlif sektalar, qurumlar bu və ya digər şəxsləri təsir altına salarkən bir çox hallarda xüsusi psixoloji texnika və metodlardan istifadə edirlər. Bu metodlar manipulyativ xarakter daşıyır, insanın birbaşa şüuraltı sferasına ünvanlanmış olur. Çox zaman təsirə məruz qalan insanın özü heç bu prosesin baş verdiyini tam dərk edə bilmir. Onlar bir növ hər bir insanın öz “açarını” tapırlar. Bu “açar” konkret şəxsin tələbat-motivasiya sferası ilə əlaqəlidir. Məsələn, əgər yeniyetmənin hörmətə olan tələbatı evdə, məktəbdə, təhsil prosesində ödənilmirsə, ona düşdüyü qrupda xüsusi hörmətlə yanaşmağa başlayırlar. Başqa bir halda sevgi və qayğının çatışmazlığını hiss edən şəxsin xüsusi canfəşanlıqla qayğısına qalırlar. Beləliklə, insana elə gəlir ki, onu dünyada heç bir kəs bu qrupun üzvləri kimi başa düşə, nüfuzunu qəbul edə, sevə bilməz. O başa düşmür ki, bu “xeyirxahlığın” əsas məqsədi mümkün qədər çoxlu sayda insanın iradəsini tabe edərək onların maddi və mənəvi resurslarını nəzarət altına almaqdır.

- Təhsil müəssisələrində bu sahədə hansı profilaktik tədbirlər həyata keçirilə bilər?

- Yeniyetmələrin belə qurumların təsiri altına düşməməsi üçün bir sıra tədbirlər həyata keçirilə bilər. Bunlardan birincisi, müxtəlif dini qurumların fəaliyətinə nəzarətlə bağlıdır. Hansısa problem meydana çıxmamışdan öncə onu profilaktika etmək daha asandır. Fikrimcə, orta məktəblərdə pedaqoji kollektivlə bu istiqamətdə xüsusi maarifləndirici seminarlar həyata keçirilməlidir. Bu seminarlar bir neçə səviyyədən ibarət ola bilər. Məsələn, ilkin mərhələdə məktəb psixoloqları ümumiləşmiş şəkildə təlim keçirlər. Daha sonra, onların özləri işlədikləri məktəblərdə müəllim kollektivi ilə seminarlar aparırlar. Daha sonra isə psixoloq və sinif rəhbərləri ümumməktəb səviyyəsində şagirdləri məlumatlandırmaq məqsədilə tədbirlər həyata keçirirlər. Yaxşı olardı ki, bu tədbirlərə valideynlər də cəlb olunsunlar. Əgər artıq konkret yeniyetmənin hansısa dini qurum, sekta və s.-in təsirinə düşməsi baş veribsə, burada mütəxəssis, ailə və məktəbin birgə fəaliyyəti, əməkdaşlığı zəruridir. Heç bir tərəf, hətta ən peşəkar mütəxəssisin özü belə bu məsələni təkbaşına həll edə bilməz. Lakin bir çox hallarda biz bunun şahidi ola bilərik ki, digər problemlər kimi bu problemin də meydana çıxması zamanı tərəflər günahkar axtarışına çıxır, bir-birilərini təqsirləndirərək qarşıdurma yaradırlar. Unutmaq lazım deyil ki, bu, ilk növbədə yeniyetmə üçün zərərlidir. Onun əhatəsində konflikt və ziddiyyətlər nə qədər çoxdursa, yeniyetmənin bu mühitdən “qaçış” ehtimalı da bir o qədər yüksək olacaq.

 

 

İlkin AĞAYEV

 

Palitra.- 2011.- 30 mart.- S. 6.