Eldar Aslanov:
“Turizm ili” ATİ-nin qarşısında keyfiyyətli kadr
hazırlanması vəzifəsini qoyur”
Layihə
çərçivəsində növbəti müsahibimiz,
siyasi elmlər üzrə fəlsəfə doktoru,
Azərbaycan Turizm İnstitutunun (ATİ) tədris
işləri üzrə prorektoru, dosent Eldar Aslanovdur:
-
Azərbaycan müstəqillik əldə etdikdən sonra
bütün sahələrdə olduğu kimi, təhsil
sahəsində də dəyişiklik və islahatlar
gündəmə gəldi. Ölkənin
son illərdə əldə etdiyi iqtisadi uğurlar təhsil
sistemində illərlə yığılıb qalmış
problemlərin həllinə diqqəti artırıb. Son illərdə təhsilin maddi-texniki
bazasını, ədəbiyyat təminatını,
normativ-hüquqi bazasını təkmilləşdirmək
istiqamətində mühüm işlər görülüb.
Ölkədə təhsilin bütün parametrləri
üzrə inkişaf etdirilməsi üçün
müəyyən işlər görülüb.
Məlumdur ki, təhsildə inkişafa yönəlmiş
dövlət proqramları icra olunur. On illərlə
görülməmiş işlər son bir neçə
ildə görülüb. İllərlə yaranmış
sovet təhsil ənənələrinin yerini ümumavropa
təhsil dəyərlərinin tutması prosesi gedir. Bu zaman
sözsüz ki, çətinliklər və nöqsanlar da
olur. Əsas məsələ onları görmək və
aradan qaldırmaq üçün davamlı səylər
göstərməkdir. Bu mənada görülən
işləri, Bolonya prosesinin getdikcə
dərinləşməsini və son illərdə
insanlarımızın təhsilə marağının
artmasını nəzərə alsaq, təhsilin
inkişafını müsbət qiymətləndirmək olar.
Amma unutmamaq lazımdır ki, bu sahədə
görüləcək işlər hələ çoxdur.
Ən əsası, Azərbaycan kadr ixrac edən deyil, kadr idxal
edən, tələbə göndərən deyil,
tələbə qəbul edən ölkəyə
çevrilməlidir. Azərbaycan bir müddət sonra
təhsil biznesindən gəlir əldə edəcək
ölkə olmalıdır. Xüsusilə, Yaxın və Orta
Şərq ölkələri üçün Azərbaycan
münasib təhsilalma yeri ola bilər. Bir sözlə, biz
təhsildə yeni və böyük yolun
başlanğıcındayıq.
- Turizmin
inkişafında kadr potensialının mühüm rolu var.
Azərbaycan Turizm İnstitutu bu
istiqamətdə fəaliyyətini necə qurub?
-
Sözsüz ki, peşəkar turizm xidmətlərini
peşəkar kadrlar təklif edə bilər. Heç
təsadüfi deyil ki, 2006-cı ildə ATİ məhz
ölkədə peşəkar turizm kadrlarına olan
böyük ehtiyacdan yaranıb. Bu yaxınlarda
yaranmasının 5 illiyini qeyd etdiyimiz ATİ keçən
qısa müddət ərzində uğurlu nəticələr
əldə edib, gənclərin rəğbətini qazanıb.
Belə ki, ildən-ilə ATİ-yə qəbul
planlarının artmasına baxmayaraq qəbul balları
artmaqdadır. Bu, ATİ-nin gördüyü işlərin
və turizm sahəsində təhsilin vacibliyinin dərk
edilməsindən irəli gəlir. ATİ ilk ili 2 kafedra və
3 ixtisas və cəmi 200 tələbə ilə
fəaliyyətə başlayıb. Bu yalnız bakalavr
proqramı üzrə idi. Artıq ATİ-də 7 kafedra, 11
ixtisas, 1300-dən çox tələbə və bakalavr,
magistr, əlavə təhsil proqramları üzrə
təhsil təşkil olunub. Artıq Nazirlər Kabinetinin
müvafiq qərarına əsasən, ATİ-də doktorantura
da təşkil olunacaq. Yəqin ki, bu il biz ilk doktorantlarımızı
hazırlamağa başlayacağıq. Təhsilin
keyfiyyəti və onun beynəlxalq tələblərə
uyğunluğu əsas fəaliyyət
sahələrimizdəndir. Bunun üçün artıq 5
ildir ki Avstriyanın Krems Universiteti ilə ikili diplom proqramı həyata
keçirilir. Həmçinin Almaniyanın Yade Universiteti
ilə tələbə mübadiləsi həyata
keçirilir. Avropa Birliyinin Erasmus Mundos Proqramının
Azərbaycandan olan 3 tərəfdaş ali
məktəbindən biri ATİ-dir. Bu proqram
çərçivəsində ATİ-nin 40-dan çox
müəllim və tələbəsi Avropanın
müxtəlif ölkələrində təcrübə
və təlimdə iştirak edib və bu gün də
etməkdədir. Məncə, ATİ bu istiqamətdə
işini günün tələbləri səviyyəsində
qurub və bu iş daha da
gücləndiriləcək.
- Bu gün abituriyentlərin
seçim etdiyi ali təhsil müəssisələri
içərisində ATİ ön sıralardadır. Sizcə,
bu, təhsilin keyfiyyətindən, yoxsa bu istiqamətdə olan
ixtisaslara marağın artmasından irəli gəlir?
-
Məncə, bunda hər iki amilin rolu var. Cünki ATİ-nin
uğurlarının altında həm də ölkədə turizm
sektorunun əsas perspektivli sahələrdən biri olması fikri
də yatır. Gənclər Azərbaycanda
turizmə böyük ümidlərlə baxırlar və
məncə, bu doğru bir yanaşmadır.
Həmçinin sözsüz ki, ATİ-də
tələbələr üçün yaradılan
müsbət mühitin də təsiri az
deyil. O cümlədən məzunlarımızın
işlə təminatı da 100 % olduğu üçün
cəlbedicilik artır. Ona görə də
hər iki amilin ATİ-yə marağın artmasında rolu
var.
- Bu gün
tələbələrin turizm ixtisası üzrə
dərsliklər əldə etməsində vəziyyət
necədir?
-
Bəli, bu gün bu məsələ nəinki ATİ-nin,
məncə, bütün ali məktəblərin problemidir. ATİ bu
gün Azərbaycanda turizm üzrə ixtisaslaşmış
kitabxanaya malikdir. Təxminən 6000-dən çox kitab
və jurnala sahibik. Bunlar Azərbaycan, rus, türk, ingilis
və digər dillərdədir. Son
illərdə kitabxanamızın
zənginləşməsində Heydər Əliyev Fondunun,
Mədəniyyət və Turizm Nazirliyinin köməkliyi
böyük olub. Bu yaxınlarda ATİ
üçün Mədəniyyət və Turizm Nazirliyi rus
və ingilis dilində 800-dən çox yeni çapdan
çıxmış turizm dərslikləri alıb və
bunlar kitabxana fondumuza daxil olub. Həmçinin
11 ixtisas üzrə ən son nəşr olunmuş xarici
dillərdə olan (xüsusilə, Azərbaycan, rus, türk
və ingilis) 260 adda kitab da sifariş edilib. Bu il əsas məqsədimiz bu kitabların
bəzilərini Azərbaycan dilinə tərcümə
etməklə bağlıdır. 10 əsas
aparıcı dərsliyi tərcümə etməyi
nəzərdə tuturuq.
- Nazir bildirmişdi ki, üç
dəfə imtahan verib kəsilən
tələbələrə diplom verilməsin. Belə tələbələrlə
qarşılaşırsınızmı?
-
2009/2010-cu tədris ilində ATİ ilk buraxılış
üzrə dövlət attestasiyası keçirib. Dövlət attestasiya
imtahanına 123 nəfər dördüncü kurs
tələbəsindən 108 nəfəri buraxılıb
və lazımi miqdarda krediti toplamamış 15 nəfər
tələbə isə hələ təhsilini davam
etdirəcək. İmtahana buraxılmış
tələbələrdən isə 28 nəfəri dil və
11 nəfəri ixtisas imtahanından keçməyib. O
cümlədən 5 nəfər hər iki imtahandan qeyri-kafi
qiymət alıb. Beləliklə, 74
nəfər ilk məzunlar kimi ATİ diplomunu almaq haqqı
qazanıb. 89 nəfər magistraturaya
qəbul olunub. Bu səbəbdən də
nazirin sözü əsaslıdır və biz yaxın
gələcəkdə belə tələbələrlə
çox güman ki, qarşılaşacağıq.
Çox təəssüflər olsun ki, əvvəllər
belə hallar olurdu ki, ali məktəbə
daxil olan hər kəs məzun olurdu, bu, adətən 4 ilə
olurdu. Artıq bu, heç də yeni sistemlə
mümkün olmayacaq. Tələbənin
ən tez 4 ilə məzun olmaq şansı var. Bunun
üçün onun xüsusi hazırlıqlı olması,
dərslərində uğurlu olması tələb olunur.
Əgər tələbə 4 ilə bitirmirsə, bu heç
də tələbənin ali
məktəbdən xaric olunması deyil. O, tələbə
kimi təhsilini davam etdirib məzun ola
bilər və dünyada adətən belə olur. Amma əgər tələbə dövlət
hesabına oxuyurdusa, 4 ildən sonra artıq öz hesabına
oxumalı olacaq, oğlanlar yəqin ki, hərbi xidmətə
gedib döndükdən sonra qaldıqları yerdən davam
edə biləcəklər.
- 2011-ci ilin ölkəmizdə
“Turizm ili” elan olunması ATİ-nin qarşısında
hansı tələbləri qoyur?
-
Bununla bağlı ATİ-də xüsusi komissiya
yaradılıb, tədbirlər planı hazırlanıb. O cümlədən ATİ
Mədəniyyət və Turizm Nazirliyinə “Turizm ili” ilə
bağlı təkliflərini bir müddət əvvəl təqdim
etmişdi. Yaxın vaxtlarda “Turizm ili” ilə
bağlı tədbilər planının təsdiq olunması
gözlənilir. Amma biz bu
istiqamətdə fəaliyyətimizi
fevral ayından başlamışıq.
Eləcə də “Turizm ili” ilə bağlı
müxtəlif tədbirlər, konfranslar, təlimlər və
s. tədbirlər təşkil olunacaq. Amma bütün bunlarla
yanaşı “Turizm ili”nin elan olunması
ATİ-nin qarşısında ölkədə turizm sahəsi
üçün ehtiyac duyulan kadrlarn sürətlə və
keyfiyyətli hazırlanması vəzifəsini qoyur ki, biz də
bu vəzifənin öhdəsindən gəlməyə
çalışırıq. Bunun üçün
qısamüddətli kurslar, ali təhsil
proqramı davam edir. Yaxın vaxtda regional
səyyar kurslara başlayacağıq. Həmçinin
ATİ nəzdində turizm peşə məktəbinin və
kollecin yaradılması gözlənilir.
- Öz fəaliyyətində
beynəlxalq əlaqələrin qurulmasına xüsusi yer
ayıran ali təhsil ocaqlarından biri ATİ-dir. Hazırda bu əlaqələrin
genişləndirilməsi istiqamətində hansı
tədbirlər həyata keçirilir?
-Yaradıldığı
dövrdən etibarən mövcud şərtlərə
əsasən ATİ tədris işini Bolonya prosesinin
tələblərinə uyğunlaşdırmaqla AKTS-nin
(Avropa Kredit Transfer Sistemi) hazırlıqlarına
başladı. Əlaqədə olduğumuz beynəlxalq turizm təhsil
müəssisələrinin, xüsusilə əsas
tərəfdaşlarımızdan biri olan Avstriyanın Krems
Tətbiqi Elmlər Universitetinin işi ilə
tanışlıq nəticəsində müəyyən
nəticələr əldə olundu. Tədris prosesi zamanı
qazandığımız təcrübə,
müşahidələrimiz nəticəsində aydın oldu
ki, hədəflərə çatmaq üçün turizm
sahəsində təhsil verən ali
məktəbin şəraiti özünəməxsus
şəkildə qurulmalıdır. AKTS
çərçivəsində bu günədək 6 tələbəmiz
xaricdə təhsil alıb.
Keçən dövr ərzində
ATİ-də Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti
ilə akademik anlaşmaya əsasən AATP
(Avstriya-Azərbaycan Turizm Proqramı) adlı beynəlxalq qrup
təşkil edilib, yerli və xarici ekspertlərin
iştirakı ilə tədris prosesi təşkil olunub.
Bu proqram ingilis dilini lazımi səviyyədə bilən
(“British Council İELTS” 6.0 səviyyəsini alan)
ATİ tələbələrindən təşkil olunub. Tədris prosesi tam olaraq ingilis dilində həyata
keçirilir və tələbələrin ümumi sayı
bu günədək 74 nəfərdir. Əgər
2007-ci ildə cəmi 18 tələbə bu proqrama qəbul
olunmuşdusa, 2008-də bu rəqəm 25, 2009-da isə 31 olub.
Cari ildə ATİ ilk məzunları ilə yanaşı bu
proqram üzrə də ilk məzunlarını (14
nəfər) verdi. Tələbələrimizə
turizm sahəsində təcrübə qazanmaları
üçün mövcud imkanlar daxilində praktik
təcrübə proqramları təklif olunur. Belə
ki, 2007-ci ildə 44 nəfər (31 nəfər xaricdə
və 13 nəfər ölkədə), 2008-ci ildə 98
nəfər (70 nəfər xaricdə və 28 nəfər
ölkədə), 2009-cu ildə 59 nəfər (10
nəfər xaricdə və 49 nəfər ölkədə)
və 2010-cu ildə 41 nəfər (30 nəfər xaricdə
və 11 nəfər ölkədə) yay tanışlıq
təcrübəsinə göndərilib. Xarici ölkələr
əsasən Türkiyə, Yunanıstan, Şimali Kipr Türk
Cümhuriyyəti, Portuqaliya və s. olub. Həmçinin
son iki ildir ki ATİ-nin 3-cü kurs tələbələrinin
22 həftəlik istehsalat təcrübəsinə
göndərilməsi işi təşkil olunur. 2009-cu
ildə 123 nəfər (10 nəfər xaricdə və 113
nəfər ölkədə) və 2010-cu ildə 250
nəfər (30 nəfər xaricdə və 220 nəfər
ölkədə) istehsalat təcrübəsi
keçiblər. Xarici ölkələr əsasən
Türkiyə, Yunanıstan, ABŞ, İsrail, Malta və
Ukrayna olub. Məqsədimiz
tələbələrin təcrübə qazanmalarına
və ölkəmizin mədəniyyətini dünya
xalqlarına tanıtmalarına imkan yaratmaqdır. Arzumuz isə tələbələrimizin bu praktik
vərdişlərə öz ölkəmizdə,
bütün tədris prosesi dövründə
yiyələnə biləcəyi şəraiti yaratmağa
nail olmaqdır. Avropa İttifaqının Erasmus Mundos xarici
əməkdaşlıq proqramı
çərçivəsində Yunanıstan, Fransa,
Bolqarıstan, İtaliya, Litva, Portuqaliya, Niderland və s.
ölkələrin universitetləri ilə əməkdaşlıq
imkanları əldə edilib. Belə ki,
keçən dövr ərzində 9 müəllim və 17
tələbəmiz bu proqramdan istifadə edərək
xaricdə təhsil və təcrübəsini artırıb.
Həmçinin ATİ 2 müəllim və 4
xarici tələbəni qəbul edib. Ümumiyyətlə, Krems
Universiteti də daxil olmaqla xarici mübadilə imkanları
çərçivəsində 2007-ci ildən bu yana ATİ-yə 47 müəllim və ekspert
dəvət olunub. Almaniyanın
Yade, Şimalı Kiprin Girnə, Amerika və Doğu Akdeniz
universitetləri ATİ-yə əməkdaşlıq
memorandumlarını təqdim ediblər və artıq
niyyət məktubları nəzərdən
keçirilərək imzalanıb. 2010-cu
ildə Kiprin Doğu Akdeniz Universiteti ilə
əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Bu çərçivədə
tələbə mübadiləsi həyata
keçiriləcək. Ümumiyyətlə, ATİ
yarandığı gündən bu yana 30
xarici ali məktəb və 34 beynəlxalq təşkilatla,
şəbəkə ilə əlaqələr qurub.
- ATİ-də doktoranturaya
qəbulun həyata keçirilməsi, eləcə də
Nazirlər Kabinetinin qərarı ilə ATİ-nin
nəzdində Turizm Peşə Liseyinin yaradılması
nəzərdə tutulurdu. Bununla bağlı nə deyərdiniz?
-
Nazirlər Kabinetinin qərarı ilə doktoranturanın
açıldığı ali məktəblərdən biri
də ATİ-dir. Sevindirici
haldır ki, ATİ-də həm fəlsəfə və
həm də elmlər doktorluğu proqramı olacaq. Bu bizə ölkəmiz üçün turizm
üzrə elmi-pedaqoji kadr hazırlığı
üçün geniş imkanlar yaradacaq. ATİ artıq
plan yerlərini müvafiq qaydada təqdim edib. Yeri
gəlmişkən, “Turizm ili” olduğunu nəzərə
alaraq bu il bütün yerlər
dövlət hesabına nəzərdə tutulub. Doktoranturaya qəbulla bağlı Nazirlər
Kabinetinin ayrıca qərarı gözlənilir. Ona görə növbəti addımları
müəyyən edəcəyik.ATİ nəzdində
peşə liseyinin və kollecin yaradılması
məsələsi isə artıq üzərində
bir-neçə ildir ki, söhbətin getdiyi mövzudur.
Həmçinin bu məsələ Turizmin
inkişafı üzrə Dövlət Proqramında (2010-1014)
da öz əksini tapıb. Son məlumatlara
görə, onu deyə bilərik ki, mövcud olan peşə
liseylərinin birinin bazasında ATİ-nin nəzdində Turizm
Peşə Liseyinin və onun regionlarda filiallarının
yaradılması nəzərdə tutulur. Güman
edirəm ki, turizm sektorunun peşə təhsilli
şəxslərə olan ehtiyacını nəzərə
alaraq bu məsələni tezliklə həll edə
biləcəyik.
Nigar
Palitra.- 2011.- 30 mart.- S. 7.