ÜTT Şahdağ Qış-Yay Turizm Kompleksinin xüsusi marketinq planının hazırlanmasına cəlb oluna bilər

 

2011-ci ilin Prezident İlham Əliyev tərəfindən “Turizm ilielan edilməsi ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ÜTT-nın Baş Qərargahında təşkil olunmuş ikitərəfli görüşlərdə iştirak edib. İlk olaraq nazir 2011-ci ilinTurizm ilielan olunduğunu ölkə başçısı tərəfindən turizmin inkişafı ilə bağlı 5 illik proqramın imzalandığını, eyni zamanda bu məsələnin hökumətin siyasətində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.  

İclasda nazir 7-9 aprel 2011-ci il tarixində Bakı şəhərində keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, forumda iştirakı təsdiq olunmuş yüksək vəzifəli şəxslər haqqında məlumat verib və ÜTT-nın əməkdaşlarını bu mühüm tədbirdə iştirak etməyə dəvət edib. Həmçinin 28-30 aprel 2011-ci il tarixində Bakı Sərgi Salonunda keçiriləcək Azərbaycan Beynəlxalq Sərgisi və II Daxili Turizm Sərgisi haqqında məlumat diqqətə çatdırıldıqdan sonra ÜTT-nin səlahiyyətli nümayəndəsi sərgilərdə iştirak etmək üçün Bakıya dəvət olunub. Nazir 17-19 may 2011-ci ildə ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək Dünya Turizm Sammitində iştirak edəcəyi ilə bağlı razılığını və Sammit çərçivəsində ÜTT-nin baş katibi ilə görüşməkdən məmnun olacağını bildirib. ÜTT-nin əməkdaşı BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının növbəti sessiyası haqqında məlumat verərək İcraiyyə Şurasının üzvü olmaq üçün Avropa regionundan namizədliklərin təqdim edildiyi və Azərbaycanın arzu edəcəyi təqdirdə də namizədliklə bağlı müraciət edə biləcəyini bildirib.

ÜTT-nin Avropa üzrə regional direktor müavini xanım Kodrula Vohlmuther ÜTT-nin özü tərəfindən hərtərəfli olaraq dəstəklənən, regional əməkdaşlığın təşviqi, turizmin və turizm məhsulu istehsalının inkişafına töhfə verə biləcək Xəzər dənizi regionunda kruiz turizminin inkişaf etdirilməsi təşəbbüsü ilə çıxış edib. Nazir Xəzər Dənizi Turizminin İnkişafı layihəsinə tam olaraq dəstək verdiyini bildirib. İclas zamanı xanım Kodrula Vohlmuther Cənubi Qafqazda turizmin inkişafı təşəbbüsünü xüsusilə vurğulayaraq regional əməkdaşlığın əhəmiyyətini qeyd edib. Müzakirələr zamanı BMT-nin ÜTT tərəfindən regional əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Azərbaycana təşkilat tərəfindən yüksək səviyyəli peşəkarların göndərilməsi təklif olunub. Nazir həmçinin beynəlxalq səviyyədə Dağlıq Qarabağ problemi haqqında məlumat verib, bəzi sərgilərdə Azərbaycan ərazisinin Ermənistanın tərkib hissəsi kimi təqdim edilməsinin yolverilməz olduğunu bildirib. BMT tərəfindən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı 4 qətnamənin qəbul olunduğu diqqətə çatdırılıb, Dağlıq Qarabağ regionunun beynəlxalq sərgilərdə iştirakı ilə bağlı nəzarətin gücləndirilməsi məqsədilə BMT qətnamələrinin həyata keçirilməsində ÜTT-nin dəstəyinə ehtiyac olduğu bildirilib. Görüşlərdə nazir Avstriya ilə birgə əməkdaşlıq nəticəsində Şahdağ Qış-Yay Turizm Kompleksinin xüsusi marketinq planının hazırlanması və maraqlı olduqları təqdirdə BMT ÜTT-nin layihənin hazırlanmasına cəlb olunmaq imkanının olduğunu bildirib. Nazir iclas zamanı Azərbaycanda yalnız bir turizm institutunun olduğunu, tələbələrə Avstriyanın Turizm üzrə Krems Universiteti ilə əməkdaşlıq nəticəsində birgə diplomun təqdim edildiyini diqqətə çatdıraraq Turizm İnstitutunun BMT ÜTT-nin könüllü üzvü olması ilə bağlı istəyini bildirib.

ÜTT-nin əməkdaşı xanım Alla Peressolova “İpək Yolu” tədbirlərindən söhbət açaraq naziri cari ilin noyabr ayında Londonda keçiriləcək 5-ci nazirlər sammitinə dəvət edib. Görüş zamanı ÜTT-nin rəqabət, xarici əlaqələr və əməkdaşlıq üzrə icraçı direktoru cənab Marcio Favilla ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev arasında Statistika Potensialının Artırılması üçün seminarların keçirilməsi Proqramı (SPAP) (2011-2012) üzrə Anlaşma Memorandumu imzalanıb. Favilla bu proqramın əhəmiyyətini xüsusi olaraq qeyd edərək statistik məlumatların ÜTT üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb, keçiriləcək seminarlara mərkəzi bankların və digər maliyyə institutlarının təmsilçilərinin dəvət olunmasını təklif edib. M.Favilla 2011-ci ildə BMT ÜTT-nin könüllü üzvləri olmaq üçün Azərbaycandan iki namizədin - Azərbaycan Turizm Assosiasiyası və Bakı Turizm İnformasiya Mərkəzinin namizədliklərinin təqdim olunduğunu qeyd edib. Bu namizədlər cari ilin iyun ayında Keniyanın Mombasa şəhərində keçiriləcək iclasda İcraiyyə Şurasına təqdim olunacaqlar və sözügedən şura öz növbəsində bu barədə müvafiq rəylərini Koreya Respublikasında Baş Assambleyaya təqdim edəcək. Prezident İlham Əliyevin 2011-ci il ərzində İspaniya Krallığına rəsmi səfərinin nəzərdə tutulduğunu diqqətə çatdıran nazir cari ilin ölkə başçısı tərəfindən “Turizm ili” elan olunduğunu nəzərə alaraq səfər zamanı BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Qərargahına ziyarətin təşkil olunmasını təklif edib.Görüş dostluq şəraitində baş tutub, ÜTT ilə Azərbaycan arasında hər iki tərəfin marağına səbəb ola biləcək gələcək əməkdaşlıq imkanlarının müsbət nəticələrinə yol açıb. İclasın sonunda ÜTT Azərbaycanı təşkilatın mühüm üzvü hesab etdiyini və Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq etməkdən məmnunluq duyduğunu qeyd edib.

 

 

Nigar

 

Palitra.- 2011.- 30 mart.- S. 12.