Şuşanın işğalının
19-cu ildönümü ilə
bağlı xarici ölkələrdə
tədbirlər keçirilib
Parisdə
Şuşanın işğalının 19-cu ildönümü
ilə bağlı tədbir keçirilib.
Azərbaycan səfirliyinin təşəbbüsü
ilə Şuşanın erməni silahlı birləşmələri
tərəfindən işğal edilməsinin
19-cu ildönümü ilə
bağlı mayın 9-da Fransa Beynəlxalq
Əlaqələr İnstitutunda
(İFRİ) “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini necə həll
etməli: Dağlıq Qarabağın azərbaycanlı
icmasının nöqteyi-nəzəri” adı altında
müzakirə keçirilib.
İnstitutun əməkdaşı
Filipp Moro Defarje tədbiri açaraq
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nəinki Cənubi Qafqaz
bölgəsində, habelə Avropada sabitlik və sülh üçün ciddi təhlükə
olduğunu vurğulayıb.
Tədbirdə iştirak edən
Dağlıq Qarabağ
azərbaycanlı icmasının
üzvü, şuşalı
Təbib Hüseynov Dağlıq Qarabağın
Azərbaycanın tarixi
ərazisi olduğunu xatırladaraq çar Rusiyasının azərbaycanlılara
qarşı apardığı
mənfur siyasəti nəticəsində XlX əsrin əvvəllərində
İran və Türkiyədən köçürülən
ermənilərin əksəriyyətinin
ərazilərimizdə, o cümlədən
Dağlıq Qarabağda
yerləşdirildiyini bildirib.
Bunun sayəsində isə bölgədə erməni əhalisinin
azərbaycanlılara nisbətdə çoxluq
təşkil etdiyini, Azərbaycan SSR
dövründə Dağlıq Qarabağın muxtar vilayət kimi fəaliyyət
göstərdiyini vurğulayaraq, vilayətin
iqtisadiyyatı, əhalisinin tərkibi, ərazi bölgüsü, sosial
inkişafı barədə məlumat verib.
Bir qrup erməni millətçi ekstremisti
tərəfindən qızışdırılan vilayət
ermənilərinin öz müqəddəratlarını
təyinetmə və Azərbaycanın tərkibindən
çıxma tələbini irəli sürməsinin bölgədə
münaqişəyə səbəb olduğunu
xatırladan T.Hüseynov bu
münaqişənin əslində Ermənistanın “dənizdən
dənizə böyük imperiya”
yaratmaq siyasətinin tərkib hissəsi olduğunu bildirib, bölgədə
etnik təmizləmə siyasəti aparan Ermənistanın Dağlıq Qarabağ və ona bitişik 7 Azərbaycan rayonunu
işğal etməsindən bəhs
edib, işğal olunmuş ərazilərdə xalqımıza
məxsus tarixi və mədəni abidələrin
qəsbkarlar tərəfindən dağıdılmasından
danışıb.
Vaxtilə Azərbaycanın alınmaz
qalalarından biri hesab edilmiş Şuşa şəhərinin
ölkəmizin dilbər
guşəsi olmaqla yanaşı həm də mədəniyyət
beşiyi olduğunu, bu bölgədən tanınmış xanəndə
və müğənnilərin
çıxdığını xüsusi vurğulayan T.Hüseynov ermənilərin
tarixdə görünməmiş
vəhşiliklərə əl
ataraq bu şəhərdəki Azərbaycan
abidələrini yerlə-yeksan
etdiklərini, ona “Şuşi” adı verməklə erməniləşdirməyə
səy göstərdiklərini
qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə
toxunan Təbib Hüseynov
BMT-nin Təhlükəsizlik
Şurasının, Avropa Şurası Parlament Assambleyasının, digər beynəlxalq
təşkilatların, nəhayət, ötən il Avropa Parlamentinin
ermənilərin işğal etdikləri
Azərbaycan ərazilərini heç bir şərt qoymadan dərhal azad etmələri
barədəki qərar və qətnamələrinə,
çağırışlarına məhəl
qoymadığı barədə məlumat verib,
münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun təşəbbüsü
ilə Azərbaycan və Ermənistan arasında
danışıqlar aparıldığını, Azərbaycanın
danışıqlarda konstruktiv mövqe tutduğu halda, erməni tərəfinin bu
danışıqları hər vəchlə uzatmağa
səy göstərdiklərini diqqətə
çatdırıb. T.Hüseynov vurğulayıb ki, digər tərəfdən
münaqişənin uzanmasında maraqlı olan
xaricdəki güclü erməni lobbisi münaqişənin sülh
yolu ilə həllinə hər cür əngəl törətməyə
çalışır, Dağlıq Qarabağın
separatçı rejiminə maliyyə yardımı göstərir. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə
maraqlı olduğunu dəfələrlə
nümayiş etdirib və
bu istiqamətdə həmişə konstruktiv mövqe tutub.
Tədbirdə Azərbaycanın Fransadakı
səfiri Elçin Əmirbəyov, fransız
ictimaiyyətinin nümayəndələri,
diplomatlar, diasporumuzun təmsilçiləri, jurnalistlər
və tələbələr
iştirak ediblər.
Qeyd edək ki, Şuşanın işğalının
19-cu ildönümü ilə
bağlı tədbirlər
Almaniya və Amerikada da təşkil
olunub.
Nigar