«Davamlı iqtisadi
yüksəliş elmin inkişafından
asılıdır»
Layihə çərçivəsində
müsahibimiz AMEA-nın Flsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işçisi, fəlsəfə doktoru Rabil Mehtiyevdir:
- Cəmiyyət həyatının istənilən sahəsində baş verən qlobal problemlərin həlli ilk növbədə elmin bu problemə müdaxiləsini tələb edir. Son illərdə dünya baş verən qlobal iqtisadi problemlər nəticəsində bir çox ölkələrin sosial-iqtisadi həyatında xoşagəlməz hallar meydana gəlib. Ümumiyyətlə istənilən problemin həlli elmi biliklərdən istifadə olunmasını tələb edir. İnkişaf etmiş ölkələrin təcrübəsi indiki şəraitdə, elmin və elmi biliklərin köməyi olmadan ölkənin dünya miqyasında tanınmasının, dünya bazarına elmtutumlu məhsulların çıxarılmasının və nəhayət dünyada layiqli mövqe tutmasının mümkünsüz olduğunu göstərir. Elmin və elmi biliklərin inkişafı isə yalnız elm adamlarının və dövlətin həlledici təsiri altında reallaşa bilər. Ona görə də müasir dövrdə yüksək yaradıcı fəaliyyət sferası kimi elmin cəmiyyətdə nüfuzunun artırılması, onun sosial və iqtisadi əhəmiyyətinin müəyyən olunması, elmin ətraf aləmə təsiri mexanizminin öyrənilməsi istiqamətində fundamental və tətbiqi araşdırmaların aparılması tələb olunur. Məlum olduğu kimi, cəmiyyətin bugünkü inkişaf səviyyəsinə gəlib çıxmasında həqiqətən də elmi biliklər və elm adamları çox böyük rol oynayıb. Təsadüfi deyil ki, XXI əsri çox vaxt «bilik iqtisadiyyatı» əsri də adlandırırlar. Hazırda inkişaf etmiş ölkələrdə milli sərvətin 60-80%-ni insan kapitalının təşkil etməsi də elmin inkişafının təzahürüdür. Əgər bəşəriyyətin və ayrı-ayrı ölkələrin ümumilikdə inkişaf tarixinə diqqət etsək, bu prosesdə elmin həqiqətən də çox böyük rol oynadığını söyləmək olar. Dünyada bu sahədə gedən inkişaf prosesi Azərbaycanda da elmin inkişaf etdirilməsini, qabaqcıl və ya aparıcı texnologiyalardan istifadə olunmasını, aparılan tədqiqat işlərinin nəticələrinin istehsala tətbiq olunmasını, elmi tədqiqat təşkilatları ilə istehsal strukturları arasında əlaqələri optimallaşdıran bazar infrastrukturunun yaradılmasını, ayrı-ayrı ölkələrin ixtira və tədqiqatlarının sənaye sahələrinə uğurla tətbiq olunmasını, texnologiya bazarının təkmilləşdirilməsini, elmi tədqiqat və işləmələr sferasının müasir tələblərə cavab verən resurslarla təmin edilməsini və ən nəhayət cəmiyyətin sosial-iqtisadi inkişafında elmin rolunun artırılmasını tələb edir. Lakin unutmaq olmaz ki, sosial-iqtisadi inkişafda elmin rolunun artırılması üçün ilk növbədə elmin özünün inkişafına istiqamətlənən kompleks tədqiqat işləri aparılmalı və elmin, o cümlədən istehsal və xidmət sferalarının prioritet istiqamətləri müəyyənləşdirilməlidir. Bütün bunlar onu göstərir ki, elm xüsusi fəaliyyət sferası kimi nəinki bugünkü, həm də gələcək nailiyyətlərin əsasını qoyur. Təcrübə göstərir ki, cəmiyyətdə baş verən hər bir tərəqqi əsasən iki mərhələdən- birincisi, elmin inkişafı və elmi nəticələrin istehsala tətbiqindən, ikincisi, insana kapital qoyuluşunun səmərəliliyindən keçir. Burada keyfiyyətli təhsil sistemi və əhalinin sağlamlığı əsas yer tutur. Hazırda iqtisadi inkişafın məhz bilik iqtisadiyyatı üzərində qurulması əksər ölkələrin qarşısına qoyduğu ümdə vəzifələrdəndir. Azərbaycan Respublikasında da son illərdə bu istiqamətdə tədbirlər həyata keçirilməkdədir. Belə ki, elmin inkişaf strategiyasının əhəmiyyəti ilə bağlı çoxlu sayda elmi tədqiqatlar aparılır. Artıq bilik milli sərvətin əhəmiyyətli hissəsini təşkil etməyə başlayıb. Bəşəriyyətin və ayrı-ayrı ölkələrin, xalqların sosial, iqtisadi, siyasi və s. inkişaf tarixinin təhlili göstərir ki, bu prosesdə elm və təhsilin inkişafı ilə yanaşı, bəşəriyyət üçün əhəmiyyət kəsb edən qlobal problemlərin aradan qaldırılması istiqamətində səylərin birləşdirilməsi, ölkələr, iri kompaniyalar arasında gedən birincilik uğrunda mübarizə, başqa sözlə rəqabət çox böyük rol oynayıb. Bu gün cəmiyyətdə gedən inkişaf prosesinə əsaslansaq, XXI əsrdə elmi biliklərin daha sürətli inkişaf edəcəyini demək olar. Çox vaxt cəmiyyətdə “alimlər” yoxsa “bəşəriyyət”, “bunların hansı, biri digərinin inkişafında daha çox rol oynayır” kimi mübahisəli suallar meydana çıxır. Bu gün bəşəriyyətin inkişaf dinamikasına baxsaq təbii ki, onun inkişafının alimlərin elmə yanaşmasından, biliyindən asılı olduğunu görmək olar. Deməli, bəşəriyyətin inkişafı elmin tərəqqisindən, elmin inkişafı isə alimlərdən, onların cəmiyyətin inkişafına yönələn tədqiqatlarından asılıdır. Bu göstərir ki, bəşəriyyətin inkişafında alimlər daha çox rol oynayır. Bu insanlar öz bilik və bacarığını az və ya çox dərəcədə inkişafın baş verməsinə və genişlənməsinə sərf etməklə, elmi bugünkü səviyyəyə gətirib çıxarıblar. Təəssüf ki, bəzən biliklərdən kütləvi qırğın silahlarına yönələn qeyri-insani məqsədlər üçün istifadə olunur. Eyni zamanda elmin inkişafından yaranan mənfi fəsadların aradan qaldırılması funksiyası da elmin üzərinə düşür. Burada dünya alimlərinin bəşəriyyət qarşısında cavabdehliyi kimi məsələlər də öz yerini tutur.
- Ölkəmizdə
bu istiqamətdə görülən
işləri necə dəyərləndirirsiz?
- Əvvəla onu qeyd edim ki, hazırda Azərbaycanda bazar münasibətlərinə əsaslanan iqtisadi inkişafa nail olunması və onun dünya təsərrüfatı sisteminə səmərəli inteqrasiyası istiqamətində köklü islahatlar aparılır. Bu islahatların əsas istiqamətlərindən biri də elm sahəsində islahatların aparılması, sənayenin texniki və texnoloji səviyyəsinin yüksəldilməsi, innovasiya fəallığının artırılması yolu ilə istehsalın rəqabət qabiliyyətliliyinin artırılmasıdır. Dövlət başçısının sərəncamları ilə elmin və təhsilin inkişafına aid müxtəlif sərəncamlar imzalanıb. Bu sərəncamlardan irəl gələn tədbirlərin reallaşdırılması nəticəsində ölkəmizdə elmin inkişafı istiqamətində xeyli iş görülüb. Hesab edirəm ki, dövlət başçısının AMEA-nın son illik toplantısında etdiyi çıxış əslində bu sahədə yeni mərhələnin əsasını qoymuş oldu. Prezident elm, təhsilin inkişafının dövlət üçün nə qədər əhəmiyyət daşıdığını və dövlət siyasətinin prioritetini təşkil etdiyini bir daha diqqətə çatdırdı. Həmin toplantıda irəli sürülən vəzifələrin icra edilməsi bu sahənin inkişafında dönüş nöqtəsi olacaq. Hər bir ölkənin davamlı iqtisadi yüksəlişinin təmin edilməsi, ilk növbədə elmin müasir tələblərə uyğun inkişaf etdirilməsini tələb edir. Çünki iqtisadi sferada innovasiyalara əsaslanan inkişaf istiqamətlərinin müəyyən edilməsi, insan kapitalının formalaşması, intellektual potensialdan səmərəli istifadə edilməsi, elmi-tədqiqat işlərinin nəticələri, rəqabətədavamlı məhsul istehsalı, həyat səviyyəsinin yüksəldilməsi və s. bu kimi bir sıra aktual problemlərin həlli məhz elmin və elmi biliklərin inkişaf səviyyəsindən asılıdır. Bu fikri bir qədər də konkretləşdirsək, onda cəmiyyətdə baş verən sosial, iqtisadi, siyasi problemlərin və münaqişələrin uğurlu həllinin elmi biliklərdən kənarda qeyri-mümkün olduğunu söyləmək olar. Çünki elmi fəaliyyət - həm spesifik xüsusiyyətə malik olması, həm biliklər sisteminin məcmusu, həm sosial institut, həm də xüsusi fəaliyyət forması kimi xalq təsərrüfatının digər sahələrindən fərqlənir. Bununla yanaşı, elmi fəaliyyətin spesifikliyi, yeni biliklər istehsal etmək, yeni texnika və texnologiyalar yaratmaq, onların tətbiq olunması metodları, cəmiyyətin inkişafı, ətraf mühitin qorunması və s. kimi çoxsaylı məsələlərin həllində də özünü açıq şəkildə göstərir. Bu mənada hesab edirəm ki, indiki şəraitdə Azərbaycan elminin dünyada gedən iqtisadi, elmi-texniki və texnoloji inkişafa uyğun olaraq inkişaf etdirilməsi ölkəmizin davamlı sosial-iqtisadi inkişafı üçün olduqca vacibdir.
- Bu sahədəki
əsas problemlər hansılardır?
- Elm sahəsinin inkişafı
ilə bağlı müxtəlif səpgili problemlər var ki, onların icrası vacibdir. İlk növbədə elm adamlarının
maddi problemləri həllini tapmalıdır.
Çünki elm sahəsində çalışan alimlərimizin
bütün diqqətlərini
işlərinə verməsi
üçün maddi
problemlərinin olmaması
lazımdır. Həm
AMEA-da çalışan,
həm də müxtəlif ali
məktəblərdə dərs
aparan alimlərimizin işinin keyfiyyəti də aşağı olur. Əgər həmin alim
bir yerdə çalışıb və
maddi cəhətdən
təmin olunursa, bu halda o, bütün
diqqətini həmin işinə yönəldəcək,
elmi araşdırmalarla
məşğul olacaq.
Amma müxtəlif yerlərdə
çalışmaq keyfiyyətli
elmi araşdırma aparmağa imkan vermir. Artıq bu istiqamətdə
əməli addımlar
atılıb. Dövlət başçısının son sərəncamları ilə
AMEA sistemində çalışanların
əməkhaqları artırılıb.
Bundan savayı müəllimlərə
dövlət qulluqçusu
statusunun verilməsi iə bağlı sərəncamın da imzalanmasını xüsusi
qeyd etmək lazımdır. Elmi- tədqiqat
institutlarının maddi-texniki
bazasının köhnə
olması da elmi araşdırmaların
aparılmasını ləngidir.
Ümumiyyətlə, AMEA sistemində çalışanların əməkhaqlarının
artırılması və
maddi-texniki bazanın yenilənməsi elmin inkişafı üçün
ciddi stimuldur. Bu məsələnin həlli ilə bağlı da artıq konket addımlar atılır.
Hesab edirəm ki, dövlət tərəfindən
aparılan bu işlər yaxın zamanlarda öz bəhrəsini verəcək.
A.Miriyev
Palitra. -2011.-17 may. –
S. 11.