Maldarlığın inkişafının ətraf mühitə təsiri

 

 

Azərbaycan torpaq ehtiyatları məhdud olan ölkələr sırasına aiddir. Ölkədə adambaşına 0,22 hektar əkin yeri və 0,58 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi mövcuddur. Otlaqların və biçənəklərin adambaşına düşən sahəsi isə daha azdır. Bu baxımdan aqrar sektorun, xüsusilə heyvandarlığın inkişafında, əhalinin ayrı-ayrı kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində torpaqların münbitliyinin artırılması, heyvandarlığın yem bazasının möhkəmləndirilməsi, təbii yem sahələrinin mühafizəsi, otlaqların yaxşılaşdırılması və onların geobotanik zənginliyinin qorunub saxlanılması mühüm əhəmiyyət kəsb edir.  

 

Otlaqlar, biçənəklər, meşələr heyvan sürüləri ilə normadan artıq yüklənir  

 

Lakin onu da qeyd edək ki, maldarlıqla məşğul olan çoxsaylı fermer və digər təsərrüfatların inkişafı əsasən dövlət torpaq fonduna aid olan otlaqların, kəndətrafı örüşlərin, meşə torpaqlarının və qoruqların nəzarətsiz, normadan artıq istismarı ilə müşayiət olunur. Mütəxəssislərin fikrincə, ölkədə heyvandarlığı daha mütərəqqi üsullarla inkişaf etdirmək yolu ilə məhsuldarlığı yüksəltmək, yay-qış otlaqlarının və biçənəklərin mühafizəsini gücləndirmək, onlardan istifadənin səmərəsini artırmaq və biomüxtəlifliyin qorunub saxlanılmasını təmin etmək olar. Ölkə başçısının sərəncamı ilə 2004-cü ildə “Azərbaycanda yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı” da təsdiq edilib. Burada da qeyd edilir ki, ölkədə heyvandarlığın inkişaf etdirilməsini təmin etmək üçün lazım olan yemin strukturunun normativlərə uyğun olmaması, onun tərkibində təbii yemin üstünlük təşkil etməsi otlaqların və biçənəklərin, habelə meşələrin heyvan sürüləri ilə normadan artıq yüklənməsinə səbəb olur. Bu isə öz növbəsində dağətəyi yamacların, suqoruyucu meşə sahələrinin deqradasiyasına, dağıdıcı sellərin güclənməsinə, yeraltı və yerüstü su ehtiyatlarının tədricən tükənməsinə gətirib çıxarır.

Məlum olduğu kimi, Azərbaycanda otlaqlar və biçənəklər dövlət mülkiyyətində olan torpaq sahələridir. Lakin bu sahələrin istifadəçiləri tərəfindən torpaqların münbitliyinin bərpası ilə bağlı vaxtlı-vaxtında zəruri tədbirlərin həyata keçirilməməsi və onların istismarında aqrotexniki qaydalara riayət edilməməsi, eləcə də torpaqların mühafizəsi sahəsində mövcud standartların və normativlərin tələblərinə tam əməl olunmaması səbəbindən bir çox yerlərdə torpaq örtüyünün erroziyaya uğraması, şoranlaşması, texnogen pozuntulara məruz qalması və s. hallar baş verir. Dövlət Proqramında otlaqların və biçənəklərin səmərəli istifadəsi və səhralaşmanın qarşısının alınması üzrə istiqamətlərdə bir sıra tədbirlərin həyata keçirilməsi öz əksini tapıb.  Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov da qeyd edib ki, Azərbaycan tarix boyu köçəri və yarımköçəri maldarlıqla məşğul olub: “Lakin hazırda belə təsərrüfat XXI əsr dinamikasına uyğun deyil və yanlış effekt doğurur. Azərbaycan ərazisinin 12 faizi meşə fondu, 56 faizi dövlət torpaq ehtiyatı fondudur. Bu torpaqlar əsasən icarə ilə fermerlərə, başqa sözlə, çobanların istifadəsinə verilib. Ölkədə 8 milyon baş qoyun, 3 milyona yaxın iribuynuzlu heyvan var.

Ümumilikdə 25 milyon mal-qoyun yazda dağlıq ərazidən, payızda arandakı təbii otlaq sahələrindən yararlanır. Amma SSRİ dövründə norma vardı ki, bir hektar ərazidə 1-2, dağlarda isə 1-4 qoyun saxlamaq olardı. Bu normaya görə, işğalda olan torpaqları nəzərə almasaq, Azərbaycanda hazırda qışlaqda 1,9 milyon, yaylaqda isə 2.8 milyon baş qoyun saxlamaq olar. Aran rayonlarında araşdırmalar aparmışıq, otlaqlarda ən çox yüklənən ərazi Göygöl rayonudur ki, 1 hektara 40-dan çox heyvan düşür, bu rəqəm Goranboyda 16, Bərdədə 12-dir. Yarımköçəri mal-qara təsərrüfatı fermeri də itkiyə məruz qoyur. Belə təsərrüfat başqa sahələrin də inkişafına mane olur. Bitki aləmində elə ot növləri var ki, kökləri də kəsilib, ağaclar məhv olub. Canlılardan ceyran, cüyür, marala otlaqlardan heç nə qalmır, onların sayı azalır. Azərbaycanda 8-9 min canavar qalıb, şir-pələng artıq yox dərəcəsindədir, bəbirlər çox az sayda qalıb, amma 400 min qoyun sürüsünü mühafizə edən itlər var”. Nazirin sözlərinə görə, sadalanan amillər ekoloji sistemə mənfi təsir edir və hətta sürüşmələrə zəmin yaradır: “Bütün bunlar isə ona gətirib çıxarır ki, bioloji müxtəliflik pozulur. Ekosistem dağılır. Başqa tərəfdən, otlaqlar məhv olduğundan yağan yağışlar ot köklərində toplanmır, birbaşa çaylara axır. Torpaqların yuyulması nəticəsində yarğanlar əmələ gəlir, sürüşmələrə zəmin yaranır”. H.Bağırovun sözlərinə görə, qışlaqların, yaylaqların və meşələrin idarə olunması ilə bağlı beynəlxalq aləmdə təcrübələr mövcuddur və Azərbaycanın da belə layihələrə ehtiyacı var. 

 

Milli Parklar yaradılmış ərazilərdə maldarlığın inkişafı xüsusilə nəzarətə götürülməlidir 

 

Maldarlığın inkişafının ekoturizmə də öz təsirini göstərdiyini deyən Azərbaycan Turizm İnstitutunun Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri Bahadur Bilalov bildirdi ki, qida təhlükəsizliyinin təmini hər bir dövlətin ümdə vəzifələrindən biridir:Başqa ölkələrdən qida asılılığına düşmək çox böyük fəsadlara səbəb ola bilən məsələdir və buna qətiyyən yol vermək olmaz. Bu baxımdan ölkədə kənd təsərrüfatı malları istehsalının artırılması, xüsusən maldarlığın inkişaf etdirilməsi çox vacib məsələdir. Lakin bu məsələ kor-koranə deyil, düşünülmüş şəkildə, ətraf mühitə təsir etmədən həyata keçirilməlidir. Məlumdur ki, mal-qaranın say artımı heyvanlar üçün daha çox yem istehsalını nəzərdə tutur ki, bu zaman nitratlardan istifadə qaçılmaz olur. Həddən artıq nitratlardan istifadə nəticəsində isə torpaqsu zəhərlənməyə məruz qalır, sudan istifadə mümkünsüz olur. Avropanın bir sıra ölkələri bu gün belə bir problemlə üz-üzə qalıb. Milli Parklar yaradılmış ərazilərdə maldarlığın inkişafı xüsusilə nəzarətə götürülməlidir. Çünki mal-qaranın sayının həddən artıq olması həmin parklardakı bitki örtüyünə mənfi təsir edəcək. Bu isə həmin parklara ekoturizmin təşkilini qeyri-mümkün edəcək, əraziyə gələn turistlərin sayının azalmasına səsbəb olacaq. Göründüyü kimi, təbiətdə heçizsiz olmur, bu səbəbdən də hər bir məsələ, o cümlədən maldarlığın inkişafı da düşünülmüş, planlı formada, təbiətə, ətraf mühitə çox cüzi təsirlə həyata keçirilməlidir. Əks halda bizim fəaliyyətimizin acı fəsadları gələcək nəsli çıxılmaz vəziyyətə sala bilər”.  

 

ETSN dövlət qarşısında təkliflə çıxış edəcək 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisi Oqtay Cəfərov da yay-qış otlaqlarının pis vəziyyətdə olduğunu bildirdi: “Sonuncu dəfə onların geobotanik tətqiqatları 1949-51-ci illərdə aparılıb. Ondan sonra onların məhsuldarlığının keyfiyyəti öyrənilməyib. 1,3 milyon 300 min hektar qışlaq sahəsi var. 530 min hektar yaylaqdır ki, onun 200 min hektarı zəbt olumuş torpaqlardadır. Bunların ümumi tutumu 3 milyon kiçikbuynuzlu mal civarındadır. Hazırda ölkədə 9 milyona yaxın kiçikbuynuzlu mal var. Beləliklə, otarma 3 dəfə çox gedir. Ona görə də yaylaq və qışlaqlar buna dözmür və sıradan çıxır. Bu da səhralaşmaya gətirib çıxarır. Nazirlik tərəfindən ötən il qışlaqlarda müşahidələr aparılmışdı. Heyvanların sayı çoxdur, qaramal otarılır, qanunsuz olaraq əkin də aparılır ki, bu da pis təsir edir. Ona görə də bizim layihələrdə, milli dövlət proqramlarında torpaqlara çox böyük önəm verilir. Nazirlik dövlət qarşısında təkliflə çıxış etmək istəyir ki, torpaqlarda dəqiq invertarlaşma aparılsın və  torpaqların məhsuldarlığı bilinsin, sıradan çıxmış torpaqları dincə qoymaq və bərpa etmək kimi tədbirlər həyata keçirilsin. Heyvandarlıqda yeni texnologiyalar inkişaf etdirilsin. Heyvandarlığı inkişaf etdirmək üçün ilk növbədə yem bazası lazımdır”. 

 

Ölkəmizdə dünya miqyasında tanınmış otarma sistemləri tətbiq olunmur  

 

Mövcud vəziyyətə QHT-lərin münasibəti necədir və hansı təkliflər irəli sürürlər? Azərbaycanın aqrar ölkələrdən biri olduğunu deyən Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanovun sözlərinə görə,  ölkəmizin təbii iqlim şəraiti kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmağa imkan verir:Burada həm bitkiçilik, həm də maldarlıq sahəsi öz əksini tapıb. Bu sahələrin inkişaf etdirilməsi həmin sahələrin qarşılıqlı tarazlığından, əlaqəsindən asılıdır. Landşaftlar insanların həyatında mühüm əhəmiyyət kəsb edən böyük funksiya yerinə yetirir. Belə ki, landşaftlar həm yaradıcı, həm də formalaşdırıcıdır. Onların ciddi mühafizəsinə böyük ehtiyac var. Landşaftların mühafizəsinin əsasını meliorativ tədbirlərin aparılması, xüsusi qorunan ərazilərin seçilməsi təşkil edir. Hazırda ölkəmizin dağ-çəmən landşaftlarında mal-qara, qoyunlar otarılır. Bu zaman otarma üsulunun böyük əhəmiyyəti var. İki əsas üsul var ki, bunlardan biri olan sistemsiz otarma, köçəri heyvandarlığa xasdır. Digəri sistemlidir ki, bu halda heyvanların seçib yemək imkanı azalır və bu zaman otlaqlar yaxşılaşır, məhsuldarlıq artır”. Hazırda ölkədəki qoyunların sayının yaxın zamanlarda 10 milyona çatdırılmasının nəzərdə tutulduğunu deyən R.Sultanov deyir ki, əgər otlaqlardan istifadədə mövcud durumu nəzərə alsaq, bu, ərazilərdə səhralaşmaya təsir edən amillərdən biridir. Təkilflərə gəldikdə isə fondun rəhbəri bildirdi ki, 2004-cü il Dövlət Proqramında otlaqlardan sistemli istifadə öz əksini tapıb: “Təəssüflər olsun ki, bu gün ölkəmizdə dünya miqyasında tanınmış otarma sistemləri tətbiq olunmur. Məsələn, İsrailin ərazisinin çox hissəsi səhralıqdır. Biz dağ-çəmən landşaftlarının 1 hektarından 1,5 ton ot götürürüksə, onu sistemli şəkildə otarsaq, buradan 3-4 ton məhsul götürmək olar. Amma İsraildə otlaqlara gübrə verməklə, müəyyən aqrotexniki qaydalara riayət etməklə bir hektardan 10-15 ton yem alırlar. Fikrimcə, belə bir üsulu ölkəmizdə tətbiq etmək lazımdır. Otlaqların növbə ilə otarılması nəticəsində məhsuldarlıq 25-40 faiz arta bilər.  Otarma ilə əlaqədar bu gün bir sıra sahələr artıq sıradan çııxıb. Dağ-çəmən landşaftlarının yaxşılaşdırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi vacibdir. Belə ki, otlaq və biçənəklərdən səmərəli istifadə etmək lazımdır. Otlaqları şərti və kökündən yaxşılaşdırmaq vacibdir. Bunun üçün həmin ərazilərdə dövlət səviyyəsində tədbirlərin reallaşdırılması önəmlidir”. R.Sultanov qeyd etdi ki, bu gün dünyada torpaqların sıradan çıxmasının 75 faizi otarmanın düzgün aparılmaması ilə bağlıdır. Dünyada bu proseslərin qarşısını almaq üçün beynəlxalq təşkilatlar tərəfindən tədbirlər görülür. BMT-nin 1977-ci ildə səhralaşmaya qarşı  mübarizə planı qəbul edilib. Bir sıra inkişaf etmiş ölkələrdə səhralaşmaya qarşı milli fəaliyyət planı da hazırlanıb. Ölkəmizdə də bu istiqamətdə Dövlət Proqramı ilə yanaşı bir sıra tədbirlər görülsə də, antropogen təsirlər altında torpaqların çox hissəsi istifadədən çıxır: “Sovet dövründə səmərəli, məhsuldar torpaqlardan müəyyən məqsədlər, şəhərsalma, yolsalma, sənaye müəssisələrinin tikilməsi üçün istifadəyə qəti qadağa qoyulmuşdu. Hazırda da bu prosesin tənzimlənməsinə ehtiyac var. Çünki kəndlər genişlənir, şəhərlər böyüyür, ərazilər əhalinin sahəsinə çevrilirbu sahələrdən səmərəli istifadə olunmur. Bu proseslər otlaqların sıradan çıxmasına səbəb olur. Bu istiqamətdə tədbirlər görülməzsə, gələcəkdə nəinki 8, yaxın 10-15 ildə 4 milyon qoyun otarılması üçün ərazi qalmayacaq”.  

 

Nigar Abdullayeva 

 

Palitra. – 2011. – 20 may. –S.7.