Rus və yəhudi politoloqlar
bu fikirdədir ki, İsrail heç vaxt Ermənistanın mövqeyini
müdafiə etməyəcək
Ermənistan mətbuatında
son dövrlərdə Azərbaycan-İsrail
münasibətlərinə dair ciddi narahatlıqlar hiss
olunmaqdadır. Bu iki
ölkənin münasibətlərinin yüksək səviyyədə
olması Ermənistana yaxşı heç
nə vəd eləmir. Lakin aparılan təhlillər
o qənaətə gəlməyə əsas
verir ki, İsrailin Cənubi Qafqazda
Azərbaycan və Gürcüstanla hərbi-siyasi
əməkdaşlığı üçüncü
ölkəni narahat edir.
Onlar
artıq başa düşməyə
başlayırlar ki, SSRİ
dağılandan sonra ABŞ və
Türkiyə ilə yanaşı İsrailin
də bu coğrafiyaya
ilgi göstərməsi təsadüfün
nəticəsi deyil. İsrailin
burada olması niyə Ermənistanı
qıcıqlandırır?
Biz bu məsələlərə
ABŞ-ın Beynəlxalq və strateji
araşdırmalar Mərkəzinin elmi əməkdaşı,
rusiyalı politoloq Sergey
Markedonovun baxış bucağından
yanaşacağıq. Və etiraf edək ki, Markedonovun bu barədə fikirləri Rusiya,
Ermənistan və İsrail mətbuatında
geniş əks-səda doğurub.
Azərbaycana simpatiyası ilə o qədər
də seçilməyən Markedonov kifayət
qədər əsaslandırılmış arqumentlərlə
izah edib ki, İsralin Qafqazla bağlı başlıca prioritetləri
hansılardır. Biz bu
yazıda Azərbaycana aid olan
hissələrə daha artıq diqqət
yetirəcəyik.
İsrail
prezidenti Şimon Peresin və xarici işlər naziri Aviqdor
Libermanın Azərbaycana səfərləri də iki ölkə
arasındakı əlaqələrin dərin və geniş
spektrli olduğunu nümayiş etdirir.
Digər tərəfdən,
İsrail son dövrlərə qədər Türkiyə ilə
sıx müttəfiqlik münasibəti nümayiş
etdirirdi. Buna səbəb isə,
Türkiyəyə dünyəvi müsəlman ölkəsi olaraq radikal İslam dövlətlərini zərərsizləşdirmək
üçün mükəmməl vasitə
kimi baxılması idi.
Son illərdə
isə analoji yaxınlaşma Azərbaycanla
baş verir. Əslində
Azərbaycan Türkiyə-İsrail münasibətlərindəki
gərginləşmə zamanı tərəf tutmamaqla
dini və milli ənənələrlə
bağlı tolerantlıq nümayiş
etdirməyi ustalıqla bacardığını göstərdi.
O biri yandan, ABŞ və Avropada həm
Türkiyənin, həm də Azərbaycanın lobbiçilik
fəaliyyətləri bir sıra lobbilər, o cümlədən
də, türklərin ermənilərə qarşı
soyqırımı törətməsi iddiasını qəbul
etdirməyə çalışan ermənilərlə
müqayisədə daha zəif olduğundan, bu regionlarda
İsrail lobbisinin dəstəyinə böyük ehtiyac
yaranır. İsrail Türkiyə və
Azərbaycana bu lazımi dəstəyi
verməyə həmişə hazır olub.
Bu
baxımdan Türkiyə İsraillə körpüləri
yandırmaqda maraqlı deyil, baxmayaraq ki, Ərdoğan
iqtidarının ərəb dünyasına dair
siyasi baxışları onun
hakimiyyətdəki sələflərinkindən xeyli dərəcədə fərqlənir.
Əslində bunu da
ifadə etmək olar ki,
son dövrlərdə ərəb
dünyasında baş verən siyasi təlatümlər, diktatura
rejimləri ilə xalqın və Qərb dövlətlərinin
kəskin mübarizələri Türkiyə hökumətinin
siyasətində redaktələrə ciddi
ehtiyac olduğunu ortaya çıxarıb. Türkiyənin
Yaxın Şərq və Cənubi Qafqaza
dair bərabərhüquqlu xarici siyasət yeritməsi beynəlxalq
analitiklər tərəfindən yanlış kimi
qeyd edilir. Çünki Cənubi Qafqaz
ölkələrindəki mövcud siyasi quruluşların heç
birini ərəb dövlətləri ilə
müqayisə etmək düzgün deyil. Çünki bu ölkələrdə
demokratiya ənənələri yeni də olsa, yaranmaqda və inkişaf
etməkdədir. Cənubi Qafqazda monarxizm və diktaturaya meyilli hakimiyyətlər mövcud
deyil.
Azərbaycan
İsraillə daha yaxşı münasibətlər qurmaq
üçün Türkiyədən və digər Cənubi
Qafqaz respublikalarından daha şanslıdır. Buna səbəb Azərbaycanda İsrailə olan tolerantlıq və radikal
İslamdan qaçışa meyllilikdir. Azərbaycanın İsraillə
birgə silah istehsalı məsələsində
də müttəfiqlik etmək niyyətləri başa düşüləndir.
Azərbaycan
həm də enerji ölkəsi olaraq İsrail
üçün cazibəlidir. İsrail
Bakı-Tiflis-Ceyhan neft kəməri ilə
daşınan Azərbaycan neftinin İtaliyadan sonra ikinci potensial
alıcısıdır.
Rusiyalı politoloq İvan
Danilinin fikrincə, Ceyhan
portunun Xayfa portundan o qədər də
uzaq olmaması, İsrail
üçün cəzbedici amillərdən
biridir.
Azərbaycanda
26 minə qədər yəhudinin (bu rəqəm mübahisəlidir-m.)
heç bir diskriminasiyaya məruz qalmadan yaşaması,
İsrailə köçüb getmiş azərbaycanlı yəhudilərdə
keçmiş ölkələrinə qarşı vətənpərvərlik
sevgisinin və simpatiyanın qalması da Təl-Əviv tərəfindən
yüksək qiymətləndirilən faktlar
sırasındadır.
Digər bir maraqlı fikir də
ondan ibarətdir ki, İsrail heç vaxt Qarabağın
müstəqilliyi, yaxud da Ermənistanın hakimiyyəti
altına verilməsi ilə barışmayacaq. Çünki İsrailin Cənubi Qafqazda əsas maraq
göstərdiyi ölkələr Azərbaycanla
Gürcüstandır. Bu ölkələrin hər ikisinin
ərazi problemləri mövcuddur. İsrailin Qarabağla
bağlı ermənilərin işinə yarayacaq
hər hansı addımı, Gürcüstana
qarşı da xəyanət kimi yozula bilər. Çünki belə olan
təqdirdə İsraildən Abxaziyanın, Cənubi
Osetiyanın müstəqilliyinin tanınması da istəniləcək ki, rəsmi Təl-Əviv də heç vaxt Cənubi
Qafqazdakı iki dostunu
itirmək təhlükəsi ilə
qarşı-qarşıya gəlmək istəməyəcək.
İsrailin ABŞ üzərində də
təsiri böyükdür. Əslində
Vaşinqtonun Qafqazın enerji
resurslarına və coğrafi mövqeyinə
cazibə ilə baxması amerikalı yəhudilərin bu barədəki ideyalarının ifadəsidir.
2008-ci ildə Rusiya Gürcüstana
hücum edərkən, İsrailin
pilotsuz təyyarələrinin Gürcüstan səmasında görünməsi
diplomatik böhrana səbəb
olmuşdu. Bu barədə
sualı cavablandıran Gürcüstan prezidenti Mixail Saakaşvili demişdi ki, ABŞ və İsrail Gürcüstanda hərbi məktəblərin
qurulmasında və təlimlərin keçirilməsində
gürcülərə yaxından köməklik göstərir.
Peresin səfərindən
sonra İsrailin Azərbaycanla
birgə silah istehsalına başlamaq
qərarı isə Ermənistanda qıcıq
yaratmışdı. Bu ittifaq
həm erməni, həm də rus politoloqlar tərəfindən Ermənistana qarşı
düşünülmüş gələcək
hərbi-siyasi fəaliyyətlərə vəsilə olaraq qiymətləndirilirdi.Eyni zamanda ərəb ölkələri
Rusiyanın Gürcüstana qarşı əməliyyatlarını
pozitiv qiymətləndirmişdilər.
Suriyalı jurnalist və politoloq
Basul Hac Casem qeyd etmişdi
ki, ərəblər İsrailin
Gürcüstanı dəstəkləməsi səbəbindən
Rusiyaya pərəstiş edirdilər. Baxmayaraq ki, ərəb dövlətləri Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini
tanımadılar, amma Suriya
prezidenti Bəşər Əsəd Rusiya KİV-nə müsahibəsində
Rusiyanın Gürcüstana qarşı əməliyyatlarını
«tamamilə düzgün» hal
kimi qiymətləndirmişdi. Bu isə onu deməyə əsas verir
ki, İsrail Cənubi
Qafqazda Rusiyanın dəstəklədiyi hər
hansı hərbi əməliyyata dəstək verməyəcək
və əgər Rusiya hərbçiləri
Qafqazdakı münaqişələrə öz
maraq dairəsindən baxsa,
qarşısında həm də İsraili
görəcək. Buna qabarıq misal olaraq qeyd
edək ki, İsrvail
Azərbaycanın ərazi bütövlüyünü
qəbul edir. İsrailin
neftə təlabatının 1/5-ni Azərbaycan ödəyir. Bu iki ölkə
arasında illik ticarət dövriyyəsi
4 milyard dollardır. Bu vəsaitlərin
əsas hissəsi hərbi ticarətlə bağlıdır. Şimon Peresi Bakıya səfəri
zamanı İsrailin «Aeronautics»
şirkətinin direktoru Avi
Leumi də müşayiət edib. Bu şirkət isə
pilotsuz hərbi təyyarələrin
istehsalı və satışı üzrə dünya
lideridir. 2012-ci ildə İsrail
Azərbaycan qazının ixracına da başlamaq niyyətindədir. Bu
məsələ Misirdə baş verən
hadislələrdən sonra İsrail üçün
həyati əhəmiyyətli olub.
Azərbaycan təkcə türk dünyasının adi ölkəsi deyil, Türkiyənin strateji müttəfiqidir. Türkiyənin də yaxın gələcəkdə müsəlman Şərqində təsir üstünlüyü hiss ediləcək. ABŞ-ın hakim siyasi dairələri o fikirdədir ki, ərəb dünyasının ipini Türkiyənin əlinə vermək daha ağıllı addım olardı. Çünki müasir Türkiyə ərəb dünyasının xəyalıdır. Ərdoğanın müsəlmanları müdafiə edən son bəyanatları da ərəblərdə Türkiyəyə yönəlik qarşısıalınmaz simpatiya oyadıb. ABŞ Türkiyənin ərəb dünyasında Osmanlı dövrünə aid idarəetmə alətini yenidən əlinə ala biləcəyindən ehtiyatlanmır. “Sivil ərəblə danışmaq, terrorçu ilə danışmaqdan daha yaxşıdır” - deyə düşünənlərin sayı Ağ Evdə günbəgün artmaqdadır. İsrail isə ərəblər məsələsində Türkiyəyə şərik olmaq istəyir. Türkiyənin yaxın dostu Azərbaycanın bu məslədə Təl-Əvivə yardım edə biləcəyi hesablanır. Hər halda İsrailli politoloqlar o fikirdədirlər ki, türklərlə anlaşmaq ərəblərlə anlaşmaqdan dəfələrlə asandır.
Möhtərəm
Palitra. -2011. -24
may.- S. 9.