“Ali məktəblərin
bəzi müəllimləri artıq köhnəlmiş üsullarla tədrisin qəbuledilməzliyi ilə
barışmalıdır”
Layihə çərçivəsində
müsahibimiz BDU-nun Politologiya kafedrasının doktorantı,
“İRƏLİ” İctimai Birliyinin İdarə Heyətinin üzvü Mayis Musayevdir. M.Musayev bizimlə
söhbətinə fəaliyyəti ilə bağlı
qısa tanışlıq verməklə başladı:
- Orta təhsilimi Nəsimi rayonundakı Mehdi Hüseynzadə adına 19 saylı orta məktəbdə başa vurduqdan sonra Bakı Dövlət Universitetinin politologiya ixtisasına daxil olmuşam. Bakalavriat təhsilimi bitirdikdən sonra hərbi xidmətə getmişəm. Qayıtdıqdan sonra Bakı Dövlət Universitetinin Politologiya kafedrasında Milli Təhlükəsizlik və Siya Strategiya ixtisaslaşması üzrə magistratura təhsili almışam. Hal-hazırda BDU-nun Politologiya kafedrasının doktorantıyam. “Xəzəryanı dövlətlər müasir geostrategiyada” mövzusunda elmi iş üzərində çalışıram. Mövzu ilə əlaqədar yerli və beynəlxalq jurnallarda, konfrans materiallarında 20-yə yaxın elmi məqalə və tezislərin müəllifiyəm.
- Azərbaycan təhsili ilə
bağlı hansı fikirləriniz var?
- Müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz demək olar ki, bütün sahələrdə yeniləşmə yoluna qədəm qoydu.
Bu yeniliklər, bütün
digər sahələrdə olduğu kimi, təhsil sahəsində də özünü büruzə verdi.
Həm orta, həm də ali təhsil müəssisələrində tədrisin
keyfiyyətinin mahiyyətcə yeni
formaları tətbiq edilməyə başlandı. Təbii ki, müstəqilliyini yeni
qazanmış, ictimai-siyasi sistemi tamamilə dəyişmiş bir ölkədə bir çox sahələrdə boşluqların da olması labüddür.
Bu gün Azərbaycan
təhsil sistemində də doldurulması vacib
olan boşluqlar var. Ancaq son
illər təhsil sistemimizdə aparılan islahatlar
bu boşluqların aradan
qaldırılmasına yönəlib və gələcəyə
ümidlə baxmağımıza imkan verir. Orta məktəblərdə buraxılış
imtahanlarında tətbiq edilən yenilikləri, ali təhsilin keyfiyyətinin
artırılması üçün Bolonya sisteminə keçidi
xüsusilə qeyd etmək yerinə
düşər. Çünki təhsilin
keyfiyyəti nə qədər yüksək olarsa,
ixtisaslı kadrların səviyyəsi də o
qədər yüksək olacaq. Bu isə ölkəmizin gələcək
inkişafı üçün vacib olan insan
kapitalının formalaşmasına və
davamlılığına təminat verəcək.
- İnsan kapitalının
formalaşdırılmasında təhsilin rolunu gücləndirmək üçün
konkret hansı təklifləriniz ola bilər?
- Hesab edirəm ki, güclü dövlət quruculuğuna gedən yol elmə əsaslanan cəmiyyətdən keçir. Məhz bunu nəzərə alan ölkə başçısı cənab İlham Əliyev təhsili dövlət siyasətinin prioritetlərindən biri hesab edir, “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” deyir. Bu baxımdan yüksək savada malik insan kapitalının formalaşmasında təhsilin rolu getdikcə artmaqdadır. Bu gün insan kapitalı siyasəti Azərbaycanın gələcək inkişafı baxımından çox vacib məsələlərdən biridir. Məhz bu siyasətin tərkib hissəsi kimi Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı Dövlət Proqramının qüvvəyə minməsi, Elmin İnkişafı Fondunun yaradılması dövlətin cəmiyyətimizin gələcəyi üçün insan kapitalına verdiyi önəmin göstəricisidir. Bu gün cəmiyyətimizdə Azərbaycan Prezidenti yanında İnsan Kapitalı Fondunun yaradılması barədə çox faydalı müzakirələr gedir. Düşünürəm ki, bu fond mümkün olan ən qısa müddətdə yaradılmalıdır. Çünki bacarıqlı, qabiliyyətli, yüksək istedada və intellektə sahib gənclərimizin, vətəndaşlarımızın dövlət dəstəyindən kənarda qalması yolverilməzdir. Əks halda onlar öz potensiallarını tamam başqa sahələrə sərf edə bilərlər ki, bu da güclü cəmiyyət quruculuğuna müəyyən zərbə vura bilər.
- Azərbaycan ali təhsilinin mövcud vəziyyəti
ilə bağlı nələri deyə bilərsiniz?
- Danılmaz faktdır ki, təhsilimizin səviyyəsinin yüksəldilməsi məqsədilə dövlət qurumları islahatlar keçirir, mütəmadi olaraq müəyyən yeniliklər tətbiq edirlər. Təbii ki, problemlər var və bu problemlərin aradan qaldırılması istiqamətində müəyyən işlər görülür. Ona görə də bu baxımdan pessimizmə qapılmaq olmaz. Hesab edirəm ki, ali təhsil müəssisələrimizin maddi-texniki bazası müasir dövrün tələblərinə cavab verməlidir. Ən başlıcası, ali məktəblərin bəzi yaşlı nəsil müəllimləri artıq köhnəlmiş üsullarla tədrisin qəbuledilməzliyi ilə barışmalıdır. Tələbələr isə ali məktəbə diplom və əsgərlikdən yayınmaq üçün vasitə kimi baxmamalıdır. Bu gün təhsilimizi, xüsusilə ali təhsilimizi mövcud problemlərdən və çatışmazlıqlardan xilas etmək istəyiriksə, birinci növbədə bu işə özümüzdən başlamalıyıq. Şüurumuzda müəyyən dəyişikliklər etməliyik. Məsələn, “Qonşunun övladı ali məktəbə daxil olacaq, niyə mənim övladım əsgərliyə getsin” düşüncəsində olan valideynlər uşağın kor-koranə hansısa ali təhsil müəssisəsinə daxil olmasına nail olur və bununla fəxr edirlər. Düşünmürlər ki, bu cür addım atmaqla onlar nəinki övladlarına, hətta cəmiyyətin gələcəyinə zərbə vurmuş olurlar. Fürsətdən istifadə edərək valideynlərə müraciət etmək istəyirəm. Əvvəla çalışmaq lazımdır ki, kiçik yaşlarından övladlarında təhsilə, elmə, kitaba maraq oyatsınlar. Orta məktəbin son siniflərində isə uşağın sərbəst olaraq, öz maraq dairəsinə və istəyinə uyğun seçim etməsinə yardım etsinlər, “filankəsin oğlu hüquqşünasdır, prokurordur, sən də hüquqşünas və ya prokuror olmalısan” deməsinlər, övladlarını düzgün istiqamətləndirsinlər. İnsan kapitalına qoyulan yatırım bu gün təkcə ali təhsil müəssisələrinə şamil edilməməlidir. Həmçinin texniki peşə məktəbləri və onların inkişafı da insan kapitalının formalaşdırılmasına yönəlmiş çox mühüm bir istiqamətdir. Son vaxtlar cəmiyyətimizdə texniki peşə məktəblərinə qarşı yaranmış laqeyd münasibət bu sahənin müəyyən mənada kölgədə qalmasına gətirib çıxarmışdı. Ancaq Prezidentin 2007-ci ilin iyul ayında təsdiq etdiyi «Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı»nın bu vacib sahədə ciddi dönüş olacağına ümid yaradıb.
- Ali təhsilimizin
Bolonya prosesinə inteqrasiyası barədə
fikirlər birmənalı deyil. Yəni Bolonya prosesinin bizdə hələ
reallaşmadığını, qüsurlarla
tətbiq olunduğunu bildirənlər var. Siz bu
barədə nə düşünürsünüz?
- Hər hansı bir ölkədə tətbiq edilmiş istənilən yeniliyi, istənilən nümunəni başqa bir ölkədə olduğu kimi tətbiq etmək mümkünsüzdür. Çünki bu zaman həmin ölkənin adət-ənənələri, milli kimliyi, eyni zamanda mentaliteti çox ciddi rol oynayır. Bir neçə ildir ki, biz də Bolonya prosesinə qoşulmuşuq. Təbii ki, qüsurlarla da rastlaşırıq, ancaq bu qüsurlar qısa zamanda aradan qaldırılır. İlk vaxtlar pilot layihələrlə başlayan bu proses artıq demək olar ki, öz yerini tapmaqdadır. Hesab edirəm ki, sistemin tam öz yerini tutması üçün müəyyən zamana ehtiyac var.
- Magistratura
təhsil pilləsi barədə də yekdil
rəy və mövqe yoxdur.
Bizdə magistratura pilləsi gah ali təhsilin bir pilləsi, gah da elmi dərəcə kimi qəbul edilir. Hətta
bəzən iş yerlərinə magistr ali dərəcəsi
olmayan bakalavrları qəbul etmirlər. Bu kimi məqamlar barədə
hansı mövqeyiniz var?
Əslində magistrlərə necə
yanaşılmalıdır?
- Azərbaycan Respublikasında
ali təhsil üç
pilləlidir - bakalavriat,
magistratura və doktorantura. Bakalavriatın müddəti dörd ildir, daha sonra
bakalavriatı bitirən
şəxs ixtisaslaşma
üzrə daha iki il oxuyur və magistr dərəcəsi alır. Bir çox mütəxəssislər
magistr pilləsini elmi dərəcə kimi qəbul etmirlər. Dünya təcrübəsinə baxsaq, görərik ki, bəzi dövlətlərdə
də bu belədir. Magistr elmi dərəcə sayılmır, sadəcə
ali təhsilin
bir pilləsi, yuxarı dərəcəsi
kimi qəbul edilir. Elmi dərəcə almaq üçün isə mütləq doktorantura oxumaq lazımdır. Azərbaycanın
yeni qəbul olunmuş “Təhsil haqqında” qanununda magistr ali
elmi-ixtisas dərəcəsi,
bakalavr isə ali-peşə ixtisas dərəcəsi sayılır.
Buna görə də bakalavr dərəcəsi olan şəxslərin işə
götürülməməsi birbaşa qanun pozuntusudur. Çünki “Təhsil haqqında”
qanunda bakalavriat pilləsini başa vurmuş məzunların elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyətdən
başqa bütün digər fəaliyyət sahələrində çalışa
biləcəyi açıq-aydın
göstərilib.
- Doktorantura pilləsi
ilə bağlı fikirlərinizi və təkliflərinizi bilmək
istərdik.
- Uzun davam edən
müzakirələrdən sonra bir müddət
əvvəl yeni təhsil qanunu qəbul edildi. Qanunda orta, orta
ixtisas, ali
təhsil və doktorantura ilə bağlı bütün məqamlar öz əksini tapıb. İndi növbə həmin məqamların real tətbiqindədir.
Düşünürəm ki, aspiranturanın
ləğvi və doktorantura pilləsinin iki mərhələdən
ibarət olması dünya təhsil sisteminə inteqrasiya yolunda atılmış önəmli addımlardan
biridir. Ancaq yeni “Təhsil
haqqında” Qanunun qəbulundan iki ilə yaxın vaxt keçsə də, hələ də doktoranturaya qəbul keçirilməyib.
Doktoranturanın ödənişli və ya ödənişsiz
olması barədə
fikir ayrılıqları
qalmaqdadır. Fikrimcə,
doktorantura ödənişsiz
olmalıdır, həmçinin
doktoranturada təhsil alan şəxs
yüksək təqaüdlə
təmin edilməlidir.
Çünki maddi rifahı
normal təmin olunmayan
doktorantın elmin inkişafına töhfəsindən
söhbət gedə bilməz.
- Xaricdə təhsil
almaq istəyən gənclərin sayı getdikcə artmaqdadır. Xaricdə təhsil almağa çalışan gənclərə
nə məsləhət
görərdiniz?
- Hazırda 5000 nəfərdən
artıq azərbaycanlı
gənc dünyanın
müxtəlif ölkələrinin
ali məktəblərində
oxuyur. Onların təxminən yarıya
qədəri dövlət
hesabına təhsil alanlardır. Bu tələbələrin
böyük əksəriyyəti
Avropa, ABŞ, Türkiyə,
Rusiya kimi ölkələrin nüfuzlu
ali məktəblərində
təhsil alırlar.
Son illər müxtəlif
beynəlxalq təşkilatların
xətti ilə xaricdə təhsil alan tələbələrimizin
sayı da artmaqdadır. Eyni zamanda, ali
təhsil müəssisələrimizdə
çox sayda əcnəbi tələbələrlə
də rastlaşırıq.
Bu da təbii
ki, bizi bir vətəndaş olaraq qürurlandırır.
Bu gün bir
çox gənclərimiz
var ki, xaricdə
təhsil almaq istəyindədirlər. Bəlkə də
düşünürlər ki, ixtisasım, universitetim hansı olursa olsun, təki
xaricdə oxuyum.
Hesab edirəm ki, bu cür düşüncə
ilə gedib xaricdə oxumaqdansa, elə öz ölkəmizdə qalmaq daha məqsədəuyğun
olar. Fikrimcə, gənclərimiz xaricdə təhsil almağa gedərkən
ilk növbədə düşünməlidirlər
ki, seçəkləri
ixtisas və universitet onların gələcək fəaliyyətində
öz reallığını
necə tapacaq? Təhsilini başa vurduqdan sonra ölkədə həmin ixtisas üzrə yararlı kadr ola biləcəkmi?
Ölkənin inkişafına hansı
töhfələri verə
biləcək? Bütün bu
və digər sualların cavabını
tapmadan xaricdə təhsil almağa getmək doğru deyil.
- “İRƏLİ” İdarə Heyətinin üzvüsünüz. “İRƏLİ” Xaricdə Təhsil Mərkəzinin xaricdə
təhsillə bağlı
fəaliyyəti barədə
mümkünsə ətraflı
məlumat verərdiniz.
- “İRƏLİ” İctimai Birliyi yarandığı gündən bu günə kimi hər zaman Azərbaycan gənclərinə ən yüksək keyfiyyətə və tərkibə sahib təlimlər, kurslar, seminarlar və özünüinkişaf istiqamətləri göstərən təşkilat kimi fəaliyyətini davam etdirir. Bu müddət ərzində “İRƏLİ” İctimai Birliyi on iki mindən artıq gənc və yüksək potensiallı üzvü öz ətrafında cəmləşdirərək Azərbaycanda insan kapitalının inkişafına yönəlmiş layihələrin reallaşdırılmasına davam edir. Təşkilatın məqsədi Azərbaycanda yüksək intellekt və dünyagörüşünə sahib gənclərin formalaşmasına dəstək göstərməkdir. Yaranan tələbat və gənclərin istəyi nəzərə alınaraq, diqqətli təhlil və araşdırmalardan sonra “İRƏLİ” İctimai Birliyi nəzdində Xaricdə Təhsil Mərkəzinin fəaliyyətə başlamasına qərar verdik. Qısa bir müddət ərzində dünyanın bu sahədə fəaliyyət göstərən aparıcı qurumları və təhsil müəssisələri ilə əlaqələr qurduq. Hər zaman keyfiyyətli fəaliyyəti özünə hədəf seçən və gəncləri daim irəli yönləndirmək məqsədi olan “İRƏLİ” İctimai Birliyi həm Bakı şəhərində olan mərkəzləri, həm də dünyanın inkişaf etmiş şəhərlərində fəaliyyət göstərən koordinatorları vasitəsilə bu proqramı uğurla reallaşdırır. Xaricdə təhsil almaq arzusunda olan, lakin qəbul prosesi haqqında yetərli məlumata malik olmayan gənclərə ən yüksək keyfiyyətlə konsaltinq xidmətləri təşkil olunur, hər bir müraciət edən şəxsin potensialına uyğun olan fərdi inkişaf strategiyası hazırlanır. Xaricdə təhsillə yanaşı ixtisasartırma proqramları, yay universitet və kampları, xaricdə dil kursları “İRƏLİ” Xaricdə Təhsil Mərkəzinin əsas fəaliyyət istiqamətlərinə daxildir. Maraqlananlar “www.xaricdetehsil.org” ünvanına daxil olaraq proqramlar haqqında ətraflı məlumat əldə edə bilərlər.
İlkin AĞAYEV
Palitra. -2011. -4 may. –S.
7.