«Ciddi elmi
araşdırmalara ehtiyac var»
Layihə çərçivəsində
müsahibimiz Prezident yanında Dövlət İdarəçilik
Akademiyasının dissertantı Miraqil Seyidzadədir:
- Son
vaxtlar ən müxtəlif səviyyələrdə elmin, təhsilin
inkişaf perspektivləri, mövcud problemlərin aradan
qaldırılması ilə bağlı müzakirələr
aparılır, təkliflər səsləndirilir. Bunun özü çox mühüm məsələdir.
Deməli, bu sahənin inkişaf etməsinin
vacib olduğu bilinir, problemlər dilə gətirilir,
müzakirələr aparılır. Ən
əsası da odur ki, bu müzakirələrdə dövlətimiz
özü maraqlıdır. Bu gün Azərbaycanda
çox böyük inkişaf müşahidə olunur. Azərbaycan iqtisadi cəhətdən inkişaf
etmiş dövlət sayılır və ölkəmizdə
demək olar ki, bütün sahələrdə dəyişiklik
özünü göstərir, yenidənqurma aparılır,
islahatlar həyata keçirilir. Sözsüz
ki, elm və təhsil bu ümumi inkişafdan geri qala bilməz,
əksinə, bu inkişafın lokomotivi olmalıdır.
Çünki dövlətimiz də
yaxşı bilir ki, inkişafı daha dayanıqlı etmək
üçün onun elmi əsaslarını qurmaq
lazımdır. Bunun üçün elmin
inkişafı vacibdir. Azərbaycanın
dövlət başçısı bu gerçəyi
çox yaxşı bildiyi üçün elmin
inkişafını daim diqqət mərkəzində
saxlayır. Yeni elmi-tədqiqat mərkəzlərinin
açılması, universitetlərin maddi-texniki
bazasının gücləndirilməsi, yeni korpusların
istifadəyə verilməsi dövlətin elm sahəsi ilə
bağlı siyasəti prioritet hesab etdiyini göstərir.
Elm sahəsinə büdcədən ayrılan vəsaitin
ildən-ilə artırılması bu inkişafın təmin
edilməsində mühüm amildir. Bu sahədəki
qanunvericilik bazası da təkmilləşdirilir, yeni qanunlar qəbul
edilir. AMEA-nın son toplantısında
dövlət başçısının iştirakı və
orada etdiyi çıxış elm sahəsinin
inkişafında yeni mərhələ açıb. Həmin toplantıda dövlət
başçısı elmin inkişafının dövlət
üçün nə qədər vacib olduğunu bəyan
etdi. Eyni zamanda hansı sahələrin
inkişafının önəmli olduğunu, hansı sahələrdə
elmi-tədqiqat işinin aparılmasının daha
böyük əhəmiyyət
daşıdığını qeyd etdi. Yəni
dövlət başçısı bir növ elm adamları
üçün əsas prioritetləri göstərərək
inkişaf proqramını elan etdi. Təhsilimizin,
elmimizin inkişafı üçün dövlət tərəfindən
lazım olan bütün dəstəyin verildiyini və bundan
sonra da veriləcəyini vurğuladı. İndi
qalır elm adamlarımızın bu proqram əsasında
işlərini qurması.
- Bu sahədə əsas problemlər
hansılardır?
- Elm
adamlarının əsas şikayəti həmişə əməkhaqqının
azlığından olur. Doğrudan da, alimlərimiz
yaxşı təmin olunsalar, lazımi səviyyədə əməkhaqqı
alsalar, diqqətlərini daha çox elmə ayırarlar.
Amma yavaş-yavaş bu problem aradan
qalxmaqdadır və mən ümid edirəm ki, çox
yaxın gələcəkdə bu problem tamamilə həllini
tapacaq. Dövlət
başçısının sərəncamları ilə
artıq AMEA sistemində çalışanların əməkhaqları
artırılıb. Həkimlər və
müəllimlərin dövlət qulluqçusu
sayılması ilə bağlı sərəncam onların əməkhaqlarının
artmasına da səbəb olacaq. Elmi-tədqiqat
institutlarının maddi-texniki bazasının zəif
olması və ya köhnəlməsi də müəyyən
problemlər yaradırdı. Artıq bu
istiqamətdə ciddi addımlar atılmağa
başlanılıb. Elmi-tədqiqat
institutlarının maddi-texniki bazasının gücləndirilməsi
elmi araşdırmaların yüksək səviyyədə
aparılmasını təmin edəcək. Ümumiyyətlə, elm sahəsindəki problemləri
qeyd edərkən onları müxtəlif sahələrə
bölmək olar. Ən əsası odur
ki, bu problemlərin aradan qaldırılması
üçün artıq dövlət tərəfindən
konkret işlər görülür, dövlət
başçısı ortaya konkret iradə qoyub. Problemlərin həllinə ilk mərhələdən
başlayıb tədricən daha da böyütmək
lazımdır. Yəni problemlərin həlli məktəbdən
başlayaraq ali təhsilə, akademik təhsilə
qədər davam etdirilməlidir. İşin bu
şəkildə qurulması problemlərin həllində
ciddi dönüş yaranmasına gətirib çıxaracaq.
Fikrimcə, əsas problemlərdən biri elmi-tədqiqat
işlərinin aparılması ilə bağlıdır.
Ciddi şəkildə araşdırmanın
aparıldığı, yeni sözün deyildiyi elmi
araşdırmalara ehtiyac var. Bir müddət əvvəl bizdə
elə idi ki, elmi-tədqiqat işləri başdansovdu şəkildə
həyata keçirilirdi. Eyni mövzularla
bağlı demək olar ki eyni fikirlərin yer
aldığı, təkrarçılığın
olduğu elmi işlər, namizədlik dissertasiyaları
yazılırdı. Belə işlərin
aparılması kimə, nəyə lazımdır? Belə işlərin elmin inkişafına heç
bir xeyri yoxdur. Çox şükür ki,
indi dövlətin bu sahəyə müdaxiləsi sayəsində
bunun qarşısı alındı. Bu sahədə
ciddi nizam-intizamın olması çox vacibdir. Elmi işlər üçün mövzuların
seçilməsi, istiqamətlərin müəyyən edilməsi,
araşdırmaların aparılması ciddi müzakirədən
keçməlidir. Bu gün Azərbaycan
iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətdir.
Ölkəmizdə həyata keçirilən
iqtisadi islahatlar və əldə edilən müsbət nəticələr
əsasında iqtisadi inkişafın Azərbaycan modeli
yaranıb və beynəlxalq institutlar bu modeli nümunə
kimi təqdim edirlər. Bəs görəsən,
bizdə bu inkişaf modelinin hərtərəfli
araşdırılması aparılırmı? Bunu ilk növbədə biz etməliyik, bizim alimlərimiz
iqtisadi inkişafımızı elmi cəhətdən
araşdırmalı və onu dünyaya təqdim etməlidir.
Elmi araşdırmalar, dissertasiya və doktorluq
elmi işləri elə səviyyədə
yazılmalıdır ki, xarici jurnallarda da yayılsın və
mövzu ətrafında ciddi elmi müzakirə
aparılsın. Fikrimcə, bu sahədə
son vaxtlar ciddi addımlar atılır və müsbət nəticələr
olacaq. Digər problem kimi ali məktəblərimizdə
verilən təhsilin keyfiyyət məsələsini qeyd etmək
olar. Ali məktəbi bitirən şəxs təhsil
aldığı ixtisas üzrə hazır mütəxəssis
olmalıdır. Təəssüf ki,
çox vaxt belə olmur. Tələbələrin əksəriyyəti
ancaq 4 ili başa vurub diplom almağı
düşünür. Amma bununla uzağa getmək
mümkün olmayacaq. Dövr daha həmin
dövr deyil. Sadəcə diplomla heç nəyə
nail olmaq mümkün deyil. Diplomun arxasında gərək
savadın, təhsilin olsun ki,
çalışdığın sahədə
özünü doğrulda biləsən. Tələbənin
oxumağa marağını artırmaq lazımdır. Bolonya sisteminə qoşulmuşuq və bu sistemin
çox müsbət tərəfləri var. Bu sistemin
detalları tam tətbiq olunduqca, daha geniş yayıldıqca
müəyyən problemlər avtomatik olaraq aradan qalxacaq.
- Gənclərin təhsilə
marağını artırmaq üçün nə etmək
lazımdır?
- Təhsilin
inkişaf etməsi dövlətin, millətin inkişafı
üçün son dərəcə mühüm məsələdir.
Gələcəyimiz bu gün şagirdlərə,
tələbələrə verilən təhsildən
asılıdır. Əgər təhsilimizi
müsir dövrün tələblərinə uyğun
qurmasaq, gələcəkdə bununla bağlı çoxlu
problemlər yaşaya bilərik. Dövlətin
inkişafı təhsildən çox asılıdır.
Mənə elə gəlir ki, gənclərlə
bağlı 2011-2015-ci illəri əhatə edəcək
Dövlət Proqramının hazırlanması ilə
bağlı imzalanan sərəncam bu sahədə
genişmiqyaslı işlərin həyata keçiriləcəyini
göstərir. Dövlət
başçısı bu yaxınlarda ölkənin fəal gənclərini
qəbul etdi və həmin qəbulda gəncləri
maraqlandıran məsələləri, problemləri
onların öz dilindən dinlədi. Bunlar
isə dövlət başçısının Azərbaycan
gəncliyinə nə qədər diqqət
ayırdığını göstərir. Ümumiyyətlə, dövlətimiz daim gəncləri
diqqət mərkəzində saxlayır. Yüzlərlə
gəncin dünyanın nüfuzlu ali məktəblərinə
təhsil almağa göndərilməsi respublikamızın gələcəyinə
dövlətin yatırdığı sərmayədir. Dövlət gəncliyin yaxşı təhsil
alması, vətənpərvər ruhda böyüməsi,
problemlərinin həll olunması üçün lazım
olan bütün addımları atır. Hazırda
Azərbaycanın həm respublika daxilindəki, həm də
xarici dövlətlərin nüfuzlu elm və təhsil müəssisələrindəki
peşəkar gənc kadr ordusu müasir dünyanın elmi,
texniki və mədəni tərəqqisinin ölkəmizə
transfer olunmasının əsas bazasıdır. Bu
gün gənclər üçün yaradılmış ən
böyük imkanlardan biri də dövlət qulluğuna qəbulun
test üsulu ilə aparılmasıdır. Bu
yolla müasir düşüncəli Azərbaycan gəncliyinin
dövlət quruculuğu və onun idarə olunması
prosesində yaxından iştirak etməsinə münbit
şərait yaradılır. Müasir
dövrün başlıca göstəricisi olan elmi-texniki tərəqqinin
gənclərin düşüncə tərzinin
formalaşmasına göstərdiyi təsir də olduqca
mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gəncləri bu prosesdən
lazımınca yararlanmalı, dövrün tələblərinə
uyğun bilik və bacarıqlara yiyələnməlidirlər.
Azərbaycan gənclərinin yeni
düşüncə tərzinin formalaşmasında azərbaycançılıq
ideyasına da xüsusi yer verilməlidir. Bu ideyanın əsasında
dayanan əsas prinsiplər - vətənə sədaqət,
tariximizin öyrənilməsi, milli-mənəvi və maddi dəyərlərimizin
qorunması və onlara hörmət, dilimizə, dinimizə
hörmət, vətənpərvərlik və s. gənclərin
həyat tərzinə çevrilməlidir. Bütün
bunlarla yanaşı gənclər ümumbəşəri dəyərləri
də mənimsəməli və xalqımızın mənəvi
xəzinəsini daha da zənginləşdirməlidirlər.
İlk növbədə Azərbaycanın vahid
təhsil modeli formalaşdırılmalı, Bolonya prosesinin
komponentləri tətbiq olunmalıdır. Xarici
ölkələrlə təhsil sahəsində müəllim-tələbə
mübadiləsini gücləndirmək lazımdır. Azərbaycan universitetlərinin istər maddi-texniki təchizatını,
istərsə də təhsilinin səviyyəsini elə dərəcəyə
çatdırmaq lazımdır ki, təkcə biz xaricə
müəllim və tələbələrimizi göndərməyək,
eyni zamanda xarici ölkələrin müəllim və tələbələri
də bizim universitetlərə gəlsinlər. Bu həm
də ali təhsil müəssisələrinin
maliyyə təminatının yaxşılaşmasına təsir
göstərər.
Anar Miriyev
Palitra.-2011.-27 may.-S.11