«İxtisaslı kadr hazırlığı ölkənin iqtisadi inkişafı ilə ayaqlaşmır»

 

Layihə çərçivəsində müsahibimiz AMEA İqtisadiyyat İnstitutunun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə xanım Abdullayevadır: 

 

- Hər bir dövlətin sosial-iqtisadi siyasətində əhalinin sosial təhlükəsizliyinin təmin olunması mühüm yer tutur. Son illərdə respublikamızda sosial təhlükəsizliyin təmin olunması istiqamətində ciddi işlər görülür. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, dövlət büdcəsinin gəlirlərinin və xərclərinin artması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaradıb. Dövlət büdcəsinin gəlirləri və xərcləri artdıqca sosial müdafiəyə və sosial təminata ayrılan vəsaitlər də artırılır. Ümumiyyətlə, dövlətin sosial siyasəti bütün əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə istiqamətlənib. Maliyyə imkanlarının genişlənməsi sosial sahələrə yönəldilən resursların əhəmiyyətli dərəcədə artırılmasını, yeni iş yerləri yaratmaqla məşğulluq səviyyəsinin yüksəldilməsini, yoxsulluğun azaldılmasını, əhalinin rifah halının davamlı olaraq yaxşılaşdırılmasını təmin edib. Qeyd etmək lazımdır ki, dünyada iqtisadi artımın mühüm amili hesab olunan təhsil əhalinin məşğulluğunun və həyat səviyyəsinin yüksəldilməsində, işsizliyin və yoxsulluğun azaldılmasında, sosial təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Aparılan tədqiqatlar göstərir ki, təhsilin dərəcələri artdıqca məşğulluğun təmin olunması imkanları genişlənir, pul gəlirləri artır, əhalinin həyat səviyyəsi yüksəlir və yoxsulluq azalır. Bazar iqtisadiyyatı şəraitində normal yaşamaq yalnız mövcud olan əmək qabiliyyətli əhalinin tam və səmərəli məşğulluğuna nail olunmasından və bu da ilk növbədə vətəndaşların ümumi inkişaf səviyyəsinin, intellektual potensialının, peşə ixtisas dərəcəsinin və təhsil səviyyəsinin artırılmasından asılıdır.              

- Dünya təcrübəsində bu məsələ necədir?

- İnkişaf etmiş ölkələrin təcrübəsi sübut edir ki, yüksək keyfiyyətli təhsilə malik olmadan heç bir iqtisadi yüksəlişə nail olmaq mümkün deyil. Məlumat üçün bildirək ki, Dünya Bankının 192 ölkədə apardığı tədqiqatların nəticələri dünya iqtisadiyyatında baş verən artımın 16%-nin fiziki kapital, 20%-nin təbii resurslar, 64%-nin isə insan kapitalı hesabına baş verdiyini göstərir. Buna görə də inkişaf etmiş ölkələr hətta iqtisadi böhran şəraitində belə təhsil və elmə ayrılan vəsaitləri nəinki azaltmırlar, əksinə, artırırlar. Təsadüfi deyil ki, dünyanı bürüyən iqtisadi böhran, maliyyə qıtlığı şəraitində Fransa, Almaniya kimi ölkələr elm və təhsilin inkişafına büdcədən əlavə olaraq 20-25 milyard avro vəsait ayırıblar. Mütəxəssislərin fikrincə, iqtisadi müstəqilliyini təmin etmək istəyən hər bir ölkənin siyasi varlığı və iqtisadi dəyanətliliyi, milli iqtisadiyyatının formalaşması, onun kəmiyyət və keyfiyyətcə daha da artırılması hər şeydən əvvəl ümumbəşəri dəyərlərlə zənginləşdirilmiş yeni təhsil sisteminin təşkilindən və onun fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsindən xeyli asılıdır. Respublikamızda da təhsil cəmiyyətin həyatında mühüm rol oynayan, əhalinin sosial təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən sahələrdəndir. Son illərin statistik rəqəmlərinin təhlili respublikamızda 15 və yuxarı yaşlı əhalinin həm savadlılıq, həm də təhsilə cəlb olunma səviyyəsinə görə dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunan göstəricilərə malik olduğunu göstərir. Müstəqillik əldə olunduqdan sonra Azərbaycanın təhsil sahəsində keyfiyyət dəyişiklikləri də özünü qabarıq şəkildə göstərib. Beynəlxalq inteqrasiya, yeni informasiya texnologiyalarının, Bolonya sisteminin tətbiqi və digər müsbət keyfiyyət dəyişiklikləri təhsil sahəsinin inkişafına müsbət təsir göstərib.

- Bu sahədəki əsas problemlər hansılardır?

- Təhsil sahəsində ciddi problemlərin meydana çıxmasına təsir göstərən çox səbəblər var. Bu səbəblər sırasında ilk yeri təhsilə ayrılan maliyyə vəsaitlərindən səmərəli idarə olunmaması tutur. Bu məsələnin doğru yolla həlli çox mühüm əhəmiyyət daşıyır. Təhsilə ayrılan maliyyə vəsaitlərinin lazımi yerlərə xərclənməsi və buna nəzarət edilməsi qarşıya qoyulan məqsədə nail olmaqda mühüm amildir. Ona görə də bu məsələnin həllini diqqətdə saxlamaq vacibdir. Digər səbəblər sırasında qanunvericilk bazası və təhsil sahəsində aparılan islahatları göstərmək olar. Bu istiqamətdə respublikamızda xeyli işlər görülüb. Parlamentdə təhsillə bağlı qanunun qəbul edilməsi, bir çox yeni qanun layihələrnin hazırlanması, elmin inkişafı ilə bağlı dövlət tərəfindən strategiyanın müəyyənləşdirilməsi, dövlət başçısının sərəncamı ilə elmin inkişafı ilə bağlı fondun yaradılması və sair addımlar bu sahədəki kortəbiiliyi demək olar ki, aradan qaldırıb. Başqa bir məqam kimi isə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul mexanizminin mürəkkəbliyi göstərilir. Doğrudur, bu məsələ ilə bağlı fərqli yanaşmalar mövcuddur. Dünya təcrübəsinə diqqət etsək, bu sahədə yekdil yanaşma yoxdur. Bəzi ölkələr qəbul prosesini kifayət qədər çətinləşdirirlər. Amma bir çox ölkələrdə, xüsusilə inkişaf etmiş ölkələrdə qəbul prosesində mürəkkəblik yoxdur. Əksinə, ali məktəblərə qəbul prosesi kifayət qədər sadə və rahatdır. Əsl çətin olan qəbuldan sonrakı mərhələdir. Həmin ölkələrdə ali məktəbə daxil olmaq asan, amma qəbulu başa vurmaq, ali məktəbdən mütəxəssis kimi məzun olmaq çətindir. Qəbul prosesinin asanlaşdırılması savadlı insanların sayını da artırmış olur. Digər məsələ ixtisas və peşə təhsilinə olan maraqla bağlıdır. Son illərə qədər bu məsələ ölkəmizdə problem olaraq qalırdı. Peşə təhsili ilə bağlı pərakəndəlik bu sahəyə olan marağı azaltmışdı. Amma son illərdə ölkəmizdəki iqtisadi inkişaf bu sahədəki pərakəndəliyin aradan qaldırılmasını labüd edib. Yeni sahələr yarandığından həmin yerlərdə işləyəcək ixtisaslı kadrlara ehtiyac yaranıb. Bu isə peşə təhsilinin inkişaf etdirilməsini tələb edir. Təəssüf ki, bu sahədə hələ istənilən inkişafa nail ola bilməmişik. Görülən işlər var və bunu qeyd etmək lazımdır. Amma hələ lazımi səviyyədə deyil, yəni ixtisaslı kadrlarımız ölkənin iqtisadi inkişafı ilə ayaqlaşa bilmir. Fikrimcə, bu sahəyə özəl olaraq diqqət göstərilməlidir. Regionlarda sovet dövründə yaxşı peşə təhsili məktəbləri fəaliyyət göstərirdi. Təəssüf ki, sovetlər dağılandan sonra bu məktəblər demək olar ki, fəaliyyətsiz qalaraq dağıldılar. Bütün regionlarda peşə təhsili ilə bağlı məktəbləri yenidən formalaşdırmaq, onların maddi-texniki bazasını, peşəkar kadr təminatını həll etmək lazımdır. Yeni dövrün tələblərinə uyğun peşə təhsili olan kadrlar hazırlamaq üçün maddi-texniki baza ilə lazımi kadr ehtiyatı mütləqdir. Kadr ehtiyatının zəif olması təhsilin keyfiyyətinə mənfi təsir edir. Digər mühüm məsələ əməkhaqları ilə bağlıdır. Bu sahədə dövlət başçısının qərarlarını alimlər yüksək dəyərləndirirlər. Mərhələ-mərhələ təhsil sahəsində çalışanların əməkhaqları ilə bağlı problem tamamilə aradan qaldırılacaq. Dövlət başçısının son sərəncamları ilə AMEA sistemində çalışanların əməkhaqları 20 faiz artırıldı, akademiklərimiz üçün yüksək əməkhaqqı müəyyənləşdi. Müəllimlərin səhiyyə işçiləri ilə birlikdə dövlət qulluqçusu sayılması ilə bağlı dövlət başçısı tərəfindən imzalanan sərəncam bu sahədə ciddi dönüş yaradacaq. Bu qərarlar elmə, təhsilə dövlət başçısı tərəfindən nə qədər çox diqqət ayrıldığını göstərir.

- Problemlərin həlli yollarını nədən görürsünüz?

- Sadalanan problemlərin sırasına təhsil sahəsində innovasiyaların tətbiqinin azlığı da daxildir. Fikrimizcə, təhsil sisteminin mövcud vəziyyəti gələcək iqtisadi inkişafa mühüm təsir göstərəcək. Buna görə də yüksək rəqabət şəraitində təhsil sistemimizi innovativ inkişafa hazırlamalıyıq. Biliklərə əsaslanan iqtisadiyyat mühitində investisiya maddi obyektlərə deyil, qeyri-maddi obyektlərə - insan kapitalına, təhsilə, elmə yönəlməlidir. Çünki hər bir sahənin inkişafı həmin sahədə fəaliyyət göstərən kadrların intellektual potensialından asılıdır. Beləliklə, aparılan təhlil nəticəsində belə fikrə gəlmək olar ki, təhsil ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynamaqla yanaşı həm də sosial təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli rola malikdir. Odur ki, təhsil sahəsində ciddi islahatlar aparılmalıdır. İlk növbədə təhsilin keyfiyyəti yüksəldilməli, “hamı üçün təhsil”, “sərhədsiz təhsil” ideyaları reallaşdırılmalı, təhsil innovasiyaları yaradılmalı, universitetlər elm və innovativ inkişaf mərkəzlərinə çevrilməli, universitetlərin innovativ fəaliyyəti nəticəsində rəqabətqabiliyyətli kadrlar hazırlanmalı, biznes-universitetlər yaradılmalı, təhsil sahəsində neqativ hallar tamamilə aradan qaldırılmalı, tədris müəssisələrinin maddi-texniki bazası gücləndirilməli və əmək bazarındakı tələbə uyğun kadr hazırlığı həyata keçirilməlidir. Bu məsələlərin həlli yaxın gələcəkdə respublikamızda təhsil sahəsinin innovativ inkişafına təkan verməklə əhalinin sosial təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaya bilər.

 

 

A.Miriyev

 

Palitra.  – 2011. -3 may. –S. 6.