Azərbaycan turizminin sabahı

 

Azərbaycan Turizm İnstitutunda (ATİ) ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və “Turizm ili” ilə bağlı “Azərbaycan turizmi: bu gün və sabah” mövzusunda III respublika elmi-praktik konfransı kecirildi. Konfransdan öncə iştirakçılar Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər və II Daxili Turizm Sərgisini ziyarət etdilər.   

 

Konfransın açılışında çıxış edən ATİ-nin rektoru Cəfər Cəfərov ölkədə turizmin inkişafı istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini bildirdi. Cari ilin “Turizm ili” elan edilməsinin bu sahədə reallaşan tədbirlərin bariz nümunəsi olduğunu deyən rektor qeyd etdi ki, bu sektorun inkişafında ixtisaslı kadr potensialı da mühüm rol oynayır: “Azərbaycanın turizm sənayesinin ixtisaslı kadrlara olan ehtiyacının ödənilməsi üçün ölkə başçısı tərəfindən 2005-ci ilin 25 avqustunda Azərbaycan Turizm İnstitutunun (ATİ) yaradılması və lazımi avadanlıqlarla təchiz edilməsi haqqında fərman imzalandı. Həmin vaxtdan ATİ təhsil sistemi standartına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərməyə başladı. İnstitutun məqsədi Azərbaycan turizm sənayesinin inkişaf etdirilməsi, qonaqpərvərlik, turizm, səyahət və istirahət sahəsində ixtisaslı kadrlara olan ehtiyacı ödəmək üçün mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsidir. İlk gündən institut öz işlərini Bolonya prosesi tələbləri əsasında qurub. Hər bir tələbə üçün ayrıca fərdi-tədris planı hazırlanıb. Bolonya prosesi çərçivəsində kredit sisteminin tətbiqi, dəyərləndirmələrin aralıq imtahanlarına və final imtahanlarına əsaslanması, tədris prosesinin təqdimat və müzakirələr əsasında keçirilməsi, mühazirə mətnlərinin əvvəlcədən tələbələrə paylanması, tələbələrə sərbəst müəllim və fənn seçmələri üçün müvafiq şəraitin yaradılması, tələbələrin elmi araşdırmalara fəal cəlb edilməsi, elmi-praktik konfransların keçirilməsi, turizm sahəsində digər ali məktəblərlə sıx əməkdaşlıq əlaqələrinin qurulması ATİ-də tədrisin inkişaf etmiş ölkələr səviyyəsində və keyfiyyətində aparılmasına zəmin yaradır”. ATİ-nin beynəlxalq əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığını deyən rektorun sözlərinə görə, bunun nəticəsidir ki, institut fəaliyyət göstərdiyi beş il ərzində bu sahədə önəmli addımlar atıb. Qeyd edildi ki, ATİ Avropa Kredit Transfer Sistemi (AKTS) və çoxballı qiymətləndirmə sistemini tam tətbiq edən yeganə dövlət ali məktəbidir. ATİ-də Avstriyanın Krems İMC Tətbiqi Elmlər Universiteti ilə akademik anlaşmaya əsasən AATP (Avstriya -Azərbaycan Turizm Proqramı) adlı beynəlxalq qrup təşkil edilib. Bu qrupda oxuyan tələbələr ATİ ilə yanaşı Avstriyanın Krems İMC Tətbiqi Elmlər Universitetinin də diplomunu əldə etmək imkanı qazanırlar. İlk məzunlardan (74 nəfər) 14 nəfəri hər iki ali məktəbin diplomunu alıb. Hazırda proqramda 68 tələbə təhsil alır. Avropa İttifaqının Erasmus-Mundus xarici əməkdaşlıq proqramı çərçivəsində Yunanıstan, Fransa, Bolqarıstan, İtaliya, Litva, Portuqaliya, Niderland və s. ölkələrin universitetləri ilə əməkdaşlıq imkanları əldə edilib. Belə ki, keçən dövr ərzində 9 müəllim və 17 tələbə bu proqramdan istifadə edərək xaricdə təhsil və təcrübəsini artırıb. Həmçinin ATİ 2 müəllim və 4 xarici tələbəni qəbul edib. Ümumiyyətlə, Krems Universiteti də daxil olmaqla xarici mübadilə imkanları çərçivəsində 2007-ci ildən bu yana ATİ-yə 47 müəllim və ekspert dəvət olunub. Almaniyanın Yade Universiteti ilə əməkdaşlıq çərçivəsində ATİ-nin 4 tələbəsi Yade Universitetində, adıçəkilən universitetin 2 tələbəsi ATİ-də mübadilə proqramında iştirak edib. Şimalı Kipr Türk Cümhuriyyətinın Girnə Amerika və Doğu Akdeniz universitetləri ilə əməkdaşlıq memorandumları imzalanıb. Həmçinin qeyd edildi ki, turizm sahəsində təcrübə qazanmaları üçün tələbələrə mövcud imkanlar daxilində təcrübə proqramları təklif olunur. Onlar Azərbaycanla yanaşı Türkiyə, İsrail, Yunanıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Portuqaliya və s. ölkələrdə təcrübə mübadiləsində olublar. Bir neçə gün əvvəl institutun 16 tələbəsi 6 ay müddətində təcrübə keçmək məqsədilə İsrailə yola düşüb.C.Cəfərovun sözlərinə görə, “Turizm ili” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, ATİ tərəfindən çoxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulur: “Ölkə başçısı tərəfindən turizmlə bağlı proqamın təsdiqini gözləyirik. Eləcə də bu tədbirlərdən biri kimi “Azərbaycan turizmi: bu gün və sabah” mövzusunda III respublika elm-praktik konfransının keçirilməsi təsadüfi deyil. ATİ-də təhsil alan gənclər beynəlxalq ekspertlər tərəfindən dərs alırlar. Onların tələbə olarkən gördükləri işlər çox önəmlidir, bacarıqları ilə seçilirlər. Bu məsələ elm tədris istiqaməti kimi ortalığa qoyulur”. Mədəniyyət və Turizm Nazirliyi (MTN) Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirdi ki, 2011-ci ilin “Turizm ili” elan edilməsi ölkə başçısının milli mədəniyyətimizə, təbii sərvətlərimizə, sosial-iqtisadi sahədə qazanılacaq uğurların təmin olunmasına, turizm baxımından perspektiv regionlarda yeni iş yerlərinin açılmasına, müalicəvi xüsusiyyətli qaynaqlardan məqsədəuyğun istifadə olunmasına göstərdiyi qayğının nəticəsidir.   M.Qəhrəmanovun sözlərinə görə, bu gün dünya turizmi həyatın bütün sahələrinə təsir edə bilir və bu proses getdikcə güclənir: “Azərbaycanda da ölkə başçısı tərəfindən turizmə böyük diqqət və qayğı var. Turizmin inkişafı üçün bir sıra amillər var ki, bunlar infrastruktur, insan ehtiyatları, iqtisadi durumdur. Bu gün ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir, sabitlik var, infrastruktur yenilənir, regionlar dəyişir. Bundan başqa yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilir. Bu istiqamətdə tədbirlər sahibkarlığın inkişafına imkan yaradır. Əgər 2001-ci ildə ölkədə 96 obyekt fəaliyyət göstərirdisə, hazırda onların sayı 500-ə çatıb. Bu həm yerli, həm də xarici investorların cəlb edilməsi ilə bağlıdır. İnsan faktoru böyükdür. Bu sahədə konfransların keçirilməsi də mühümdür. ATİ-də bu istiqamətdə işlər yüksək səviyyədə qurulub. Digər tərəfdən turizmin inkişafı MTN-in üzərinə məsuliyyət qoyduğu qədər tələbələrin də məsuliyyətini artırır. Tələbələr daha çox çalışmalıdırlar. Əminəm ki, bu konfrans bakalavriat pilləsində təhsil alan tələbələrin gələcəkdə turizmi ehtiva edən tədqiqatlar sahəsində uğurlu addımlar atmalarında sınaq mərhələsi olacaq”. Konfransda ATİ, BDU, BSU, NDU-nun tələbələri turizm mövzusunda məruzələr etdilər. ATİ-nin Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri B.Bilalov həmin məruzələrin xüsusi komissiyanın rəyi əsasında  mükafatlandırılacağını bildirdi.        

 

 

 Nigar Abdullayeva

 

 Palitra.- 2011.- 3 may.- S. 12.