“Həm
müəllimlər, həm də tələbələr yeni
texnologiyalardan istifadəyə hazır olmalıdır”
Layihə çərçivəsində
kimya elmləri doktoru, professor, AMEA-nın Polimer Materialları
İnstitutunun Laboratoriya müdiri Məmməd Vəliyevin təhsilin
inkişafı ilə bağlı fikirlərini öyrəndik.
M.Vəliyev ölkədə son zamanlar təhsil, eləcə
də elm sahəsində gedən prosesləri belə dəyərləndirir:
“Azərbaycanda
elm və təhsil sahəsində aparılan islahatlar öz bəhrəsini
verməkdədir. Azərbaycanda elmin və təhsilin inkişafı
istiqamətlərində dövlət səviyyəsində
bir çox tədbirlər həyata keçirilir. Belə
ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
10 aprel 2008-ci il tarixli sərəncamı
ilə “2009-2015-ci illərdə Azərbaycanda elmin
inkişafı üzrə Milli Strategiya” və “2009-2015-ci illərdə
Azərbaycanda elmin inkişafı üzrə Milli
Strategiyanın reallaşdırılmasının Dövlət
Proqramı” təsdiq edilib. Bu sənəddə
qeyd edilib ki, elm və texnologiyanın inkişafı,
qabaqcıl innovasiya sisteminin yaradılması, tətbiqi
dövlətin elm siyasətinin strateji məqsədlərindəndir.
Strategiyanın mühüm bölmələrindən
biri elm, təhsil və istehsalın inteqrasiyası məsələlərinə
həsr edilib. Beynəlxalq təcrübə
sübut edir ki, biliklərə əsaslanan iqtisadiyyata
keçidin təmin edilməsində universitetlərlə
yanaşı elmi-tədqiqat institutlarının da
mühüm rolu var. Sərəncamlara uyğun olaraq elmi
islahatlar aparmaq üçün dövlət komissiyası
yaradılıb. Mövcud problemlərin həlli
istiqamətində Azərbaycan Respublikası Prezidenti
yanında Elmin İnkişafı Fondu yaradılıb. Fondun əsas məqsədi elmin müxtəlif sahələrində
aparılan tədqiqatların aktivliyinin təmin edilməsi və
Azərbaycan elminin beynəlxalq səviyyədə layiqincə
təmsil olunmasıdır”. Alim qeyd edir ki, müasir
dövrdə elmi araşdırmalar və aparılan müxtəlif
tədqiqatlar, o cümlədən yeniliklər barədə
çətinlik çəkmədən inkişaf etmiş
texnologiyaların köməkliyi ilə informasiya əldə
etmək mümkündür: “Elmi inkişafda bu, yeni mərhələdir.
Həm müəllimlər, həm də tələbələr
yeni texnologiyalardan istifadəyə hazır olmalıdır,
çünki müasir texnologiyalardan yararlanmadan inkişafa
nail olmaq mümkün deyil. Elmi biliklərə
əsaslanan iqtisadiyyatın təşəkkül
tapdığı dövrdə informasiya-kommunikasiya
texnologiyalarının inkişafı hər bir dövlətin
elmi potensialının vacib göstəricilərindən biri
hesab olunur.
Alim onu da
xatırlatdı ki, ölkə Prezidentinin
tapşırığı ilə Dövlət İdarəçilik
Akademiyasında Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin iştirakı ilə humanitar və ictimai
elmlər sahəsində mövcud vəziyyət geniş
müzakirə olunub: “İştirakçılar
qarşısında geniş məruzə ilə
çıxış edən akademik Ramiz Mehdiyev ölkə
iqtisadiyyatında keçid dövrünün başa
çatması ilə əlaqədar yeni məqsədlərin
müəyyənləşdirildiyini, əsas məqsədin isə
yaxın illərdə elmdə, təhsildə və
ümumiyyətlə, intellektual sahədə əsaslı dəyişikliklər
həyata keçirmək olduğunu göstərib. Elm də insan kimi azadlıq və müstəqillik
sevir. Elm istehsalata o vaxta qədər səmərə
verəcək ki, istehsal onu özünə tabe etmək, onu
öz əlavəsinə çevirmək iddiasına
düşməsin. Milli müstəqil
dövlət quruculuğunda elmə və təhsilə əlahiddə
diqqət verilməlidir. Elm milli inkişaf
və təhlükəsizlik baxımından vacibdir. Bir tərəfdən milli təhlükəsizliyimizdən
danışırıqsa, indiki vaxtda elm bizə ölkənin
tərəqqi və inkişafı baxımından kömək
edir. Digər tərəfdən, məlumdur
ki, hazırda ölkələr elmi idarəçilik
metodları ilə idarə olunur. Bütün
idarəçilik məsələləri elmin metodları ilə
işlənir və həyata keçirilir. Əgər dünya elmi metodlarla, alimlərin tədqiqatlarına
əsasən idarə olunursa, bizdə də elmin
inkişafı çox zəruridir. Biz elmin
inkişafı ilə həm də müdafiə sistemimizi qurmuş oluruq. Yaddan
çıxarmayaq ki, dünya elmi institutlar əsasında
güc mərkəzləri tərəfindən idarə olunur.
Belə bir şəraitdə bizə xaricdən
olan münasibətin xarakterini müəyyən etmək
üçün də elmi institutların çox
güclü inkişafı lazımdır. Təhsilin inkişafı kontekstində bu məsələlər
də əlaqəli şəkildə nəzərdən
keçirilməlidir. Bizə qarşı
istifadə oluna biləcək elmi metodların zərərli təsirini
önləmək və cəmiyyətimizin
inkişafını yüksəltmək üçün biz
elmi səviyyəni xeyli artırmağa məhkumuq.
Elm və
təhsil sistemlərimiz ölkənin inkişaf
strategiyasına uyğun olaraq qurulur. Burada fikir
verilməlidir ki, elmin vacib sahələri ilə məşğul
olacaq mütəxəssislərlə bərabər təhsil
sahəsi üçün də yüksək ixtisaslı
mütəxəssislər hazırlansın. Eyni zamanda təhsil sisteminin ən ümdə vəzifəsi
layiqli vətəndaş hazırlamaqdır ki, buna uyğun
olaraq yüksək təhsil səviyyəsini təmin edən
sistem formalaşdırılmalıdır. Bunun
üçün biz müxtəlif istiqamətlərdə
dünyagörüşlü, şəxsiyyətli gənclərimizin
yetişməsinə çalışmalıyıq”.
Alimə
görə, elm və təhsil sahələrinin
inkişafı hər bir dövlət üçün önəmlidir. Bu gün dünyanın inkişaf
etmiş dövlətlərinin təcrübəsinə diqqət
edəndə bizə aydın olur ki, inkişafın yolu elmdən,
təhsildən keçir:“Elm və təhsildən,
müasir biliklərdən kənarda inkişaf yoxdur. Bu reallığı daha tez anlayıb elm və təhsil
sahələrinə lazımi səviyyədə diqqət
ayıran ölkələr inkişaflarına görə
dünyaya nümunədirlər. Mövcud
qloballaşma şəraitində sosial-iqtisadi və siyasi sahələrdə
yüksək nailiyyətlər qazanmış ölkələrin
təcrübələri göstərir ki, iqtisadi tərəqqi,
demokratikləşmə, insan hüquqlarının etibarlı
təminatı baxımından özünün yüksək
inkişaf mərhələsinə çatmış dövlətlərin
qazandıqları uğur elmə, təhsilə göstərilən
böyük diqqət və qayğının nəticəsidir.
İntellektual potensial əhəmiyyətinə
və gətirdiyi dividentlərə görə bu gün hətta
zəngin təbii sərvətləri belə üstələyir.
Müasir dünyada rəqabətə tab gətirmək
üçün ilk növbədə elm və təhsilə,
zəngin biliklərə, informasiya texnologiyalarına arxalanmaq
lazımdır. İnsan kapitalının
inkişafında ən mühüm amil elm, təhsil və
müasir biliklərdir. İnformasiya-kommunikasiya
texnologiyaları da daxil olmaqla müasir texnologiyalarla bilik və
informasiyanın ötürülməsi qlobal səviyyədə
inkişafın əsas şərtlərindən
sayılır”.Prezident İlham Əliyev
çıxışlarında daim vurğulayır ki, ölkədə
həyata keçirilən yeni neft strategiyasının,
sosial-iqtisadi islahatların uğurları davamlı və
tarazlı inkişaf baxımından zəruri olan zəngin
intellektual resursların formalaşmasına xidmət etməlidir:
“Bu çağırışın əsasında Azərbaycanda
güclü intellektual bazanın, müasir biliklərə əsaslanan
yeni tipli iqtisadi sistemin formalaşdırılması, elmtutumlu
istehsal sahələrinin inkişafı milli iqtisadiyyatın
neft amilindən asılılığını azaldır. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini
xüsusi qeyd etmək vacibdir. Çünki
fondun xətti ilə aparılan işlər, görülən
tədbirlər, irəli sürülmüş təşəbbüslər
istər təhsil, istərsə də səhiyyə sahəsində,
mənəvi irsin qorunması işində çox
mühüm rol oynayır. Fond qısa
müddət ərzində həyata keçirdiyi böyük
layihələrlə dövlətin təhsil strategiyası
çərçivəsində qarşıya qoyduğu bir
sıra vacib planların gerçəkləşdirilməsinə
də töhfəsini verib”.
Ümumiyyətlə,
elmdə və təhsildə islahatlar səbrlə və təmkinlə
aparılmalıdır. Alim
bildirir ki, müasir dövrün ictimai-siyasi hadisələrinə
yeni təfəkkür baxımından
yanaşılmalıdır: “Çünki ictimai və siyasi
şərait dəyişib. Akademik Ramiz Mehdiyevin “İctimai və
humanitar elmlər: zaman kontekstində baxış” adlı məqaləsinin
mahiyyətini dərindən təhlil edərkən məntiqi
sonluq ondan ibarət olur ki, humanitar və ictimai elm sahələrinin
köməyi ilə milli ideologiyamızın əsası olan
azərbaycançılıq ideologiyasının zənginləşdirilməsi
daha sürətlə və inamla başa çatdırıla
bilər. Azərbaycanda milli ideologiyanın
yaradılması və işlənib hazırlanması ulu
öndər Heydər Əliyevin tarixi xidmətidir. Milli ideologiyanın əsası azərbaycançılıqdır.
Heydər Əliyev milli ideologiyanın milli
dövlətçilik və milli-mənəvi dəyərlər
kimi iki başlıca komponentdən ibarət olduğunu
göstərmişdi. Akademik Ramiz Mehdiyev
Heydər Əliyev və azərbaycançılıq
ideologiyasından danışarkən belə bir fikir irəli
sürür ki, azərbaycançılıq təliminin Heydər
Əliyev tərəfindən irəli sürülən və
həyata keçirilən dövlətçilik
konsepsiyası ilə vəhdət halında təhlil edilməsinə
müasir mərhələdə böyük ehtiyac var. Bu,
doğrudan da çox aktual məsələdir”. Hər
bir xalqın dünya miqyasında tanınmasında onun bəşəriyyətə
bəxş etdiyi töhfələr müstəsna əhəmiyyət
kəsb edir: “Onun elmi, təhsili, mədəniyyəti,
poeziyası qüdrətli zəkalar vasitəsilə
dünyaya inteqrasiya edir, seçilir, mənimsənilir və nəticədə
bəşəri sərvətə çevrilir. Elmin inkişafında yaranmış vəziyyətlə
əlaqədar elmi və intellektual elita qarşısında
ciddi vəzifələr durur. Bu vəzifələr
və qarşıya qoyulan məqsəd yaxın illərdə
elmdə, təhsildə, ümumən intellektual sahədə
ciddi dönüş yaradılmasından ibarətdir.
Bütün yuxarıda
deyilənlərlə bərabər Prezident İlham Əliyevin
elmə olan qayğısının və diqqətinin bariz
nümunəsi bir daha son günlərdə
- 26 aprel 2011-ci il tarixində AMEA-nın İllik ümumi
yığıncağında sübut edildi. Burada
İlham Əliyev Azərbaycanda elmin inkişafının gələcək
istiqamətlərini bir daha göstərdi. Prezident
İlham Əliyevin illik yığıncaqdakı nitqində
qeyd olunur: “Azərbaycan müstəqil dövlət kimi
uğurlu siyasət aparır. Ölkəmiz
inkişaf edir. Bu inkişaf
özünü bütün istiqamətlərdə göstərir.
Əlbəttə, elmin inkişafı da
ümumi inkişaf templəri ilə uzlaşmalıdır.
Azərbaycanda elmin, ali təhsillin,
iqtisadiyyatın birliyi yaradılmalıdır. Bizim
üçün elmin inkişafı ilə bağlı əsas
məsələ prioritetlərin düzgün seçilməsidir.
İşimizi bu prioritetlər üzərində
qurmaq üçün konkret təkliflər verilməlidir.
Bütün dövrlərdə alimlərimiz Azərbaycanın
müxtəlif istiqamətlərdə inkişafına dəyərli
töhfələrini veriblər. İndiki
şəraitdə, müstəqilliyimizin inkişafı və
möhkəmlənməsi şəraitində, əlbəttə,
elmi potensialın güclənməsinə böyük ehtiyac
vardır.” Həmçinin Prezidentin 27 aprel 2011-ci il tarixində AMEA işçilərinin əməkhaqlarının
artırılması və 28 aprel 2011-ci il tarixində
AMEA-nın maddi-texniki bazasının möhkəmləndirilməsi
ilə əlaqədar sərəncamları dövlət
başçısının elmə qayğısının
yeni təzahürüdür”. M.Vəliyev qeyd
edir ki, bu, alimlərin sosial şəraitinin, fəaliyyət
stimulunun artırılmasında artıq yeni keyfiyyət mərhələsinin
yarandığını sübut edir.
İlkin AĞAYEV
Palitra. - 2011. -11
may. – S.6.