Turistləri
ölkəyə cəlb etmək üçün nə etmək
lazımdır?
Turizm dünyada ən gəlirli sahələrdən
birinə çevrilib. Bu istiqamətdə həyata
keçirilən tədbirlər nəticəsində bir
sıra ölkələr turizm sektorunda liderlik edir. Təbii
ki, bu sektorun inkişafı üçün həmin ölkənin
bütün aidiyyəti qurumları şərait
yaratmalıdırlar. Unutmamalıyıq ki, təqdim olunan
müxtəlif xidmətlər turistlərin cəlbində
mühüm rol oynayır. Turistlərin səfəri zamanı
onların həmin ölkə haqqında təəssüratları
ilk olaraq hava limanından başlayır.
Bu gün
dünya turizmində öz sözünü deyən Türkiyə
müxtəlif istiqamətlərdə olduğu kimi, hava
limanlarında da turizmin inkişafına öz töhfəsini
verməkdədir. İstanbul Atatürk Hava Limanı transfer
xidmətlərini daha da genişləndirib. Belə ki, şəhər
mərkəzi və əks istiqamətdə daxili və xarici
xətt terminallarında xidmətlər genişləndirilib. Daxili
və xarici xətt stansiyalarında daha böyük qruplar
üçün kiçik avtobuslar da təklif edilir. Eyni
zamanda xarici turist qrupları üçün xarici dili bilən
sürücüsü olan avtobus xidmətləri mövcuddur. İçərisində
müxtəlif kafe və restoranlar, otel, mağazalar olan
Atatürk Hava Limanı daxili və xarici xətlərdə 21
avtomobil firması ilə bu istiqamətdə iş birliyi
qurmaqla şəhər mərkəzi, ya da otelə transfer
imkanı yaradır.
Bugünlərdə isə
Türkiyə hava limanlarından biri yeni bir layihə ilə
çıxış etdi. Belə ki, Türkiyədən
keçən xarici ölkə vətəndaşları
üçün orada olduqları müddətdə tur təşkil
edilir. Xaricilərə hava limanından avtobuslarla İstanbulun
mənzərəli yerləri
ziyarət etdirilir. Bu zaman onlara nəinki tarixi abidələr,
dini ocaqlar, mənzərəli yerlər, eləcə də
milli türk yeməkləri təqdim edilir. Beləliklə,
uçuş vaxtını hava limanında keçirəcək
olan xarici vətəndaş bu müddəti səmərəli
keçirir. Bu turlarda iştirak edən xaricilər isə bu
ölkədən, gördüklərindən çox məmnun
olurlar və artıq buraya turist olaraq gəlməyə qərar
verirlər. Nəticədə hava limanı təqdim etdiyi bu
layihə ilə öz ölkələrini tanıtmaqla turist cəlbinə
nail olur.
Antalya
Hava Limanının həyata keçirdiyi sorğuda iştirak
edən alman və rus turistləri pasport və təhlükəsizlik
xidmətində sürətli işdən məmnun
qaldıqlarını bildiriblər. Ümumiyyətlə, 937
rus və almanın iştirak etdiyi sorguda alman turistlər yüzdə 95 faiz ən çox
baqaj bölümünə istiqamətləndirmə ilə
bağlı məmnuniyyətlərini bildiriblər. Eləcə
də yüzdə 89 faiz pasport nəzarətində sürətli
əməliyyatı müşahidə etdiyini deyir. Həmçinin
baqajların sürətli təqdim edilməsi də əsas
yerlərdən birini tutub. Ruslar birinci stansiyada 97 faiz ən
çox gülərüzlü xidmətdən, 95 faiz restoran
və kafelərin təmizliyindən, 94 faiz pasport nəzarətinin
sürətlə həyata keçirilməsindən məmnun
qaldıqlarını vurgulayıblar. Beləliklə,
Türkiyə hava limanları müxtəlif xidmətləri
ilə turistlərdə öz ölkəsi haqda xoş təəssürat
yaratmağa çalışır.
Yerli turizm şirkətləri qiymətlərə
görə Rusiya vətəndaşlarını Azərbaycana
cəlb etməkdə çətinlik çəkir
Turizmin
yeni inkişaf etdiyi bir ölkə olaraq Azərbaycanda da
müvafiq qurumların belə tədbirlərlə
çıxış etməsinə, turist cəlbinə nail
olmasına ehtiyac var. Ancaq bu gün bizdə əksinə,
turistlər üçün yaxşı xidmətlər, cəlbedici
təkliflər irəli sürməkdənsə sanki
onları uzaqlaşdırırlar. Belə ki, Azərbaycana
xarici turistlərin cəlb olunmasında əsas problemlərdən
biri kimi ölkədə təyyarə biletlərinin qiymətinin
və aeroport rüsumlarının yüksək olması
göstərilir.
Azərbaycan
Sahibkarlar Konfederasiyasının turizm komissiyasının sədri,
“Bakı Tur” şirkətinin rəhbəri Faiz Məmmədov
bildirib ki, “Azal”ın təqdim etdiyi qiymətlər o qədər
yüksəkdir ki, xarici turistlər üçün başqa
ölkədə istirahət etmək daha sərfəli
görünür. Belə ki, Türkiyədə 3-ulduzlu oteldə
1 həftə qalmaq, gündə 2 dəfə yemək,
aeroportda qarşılanıb yola salınma, Moskva-Antalya-Moskva təyyarə
bileti də daxil olmaqla Rusiya turistinin xərclədiyi pula (500-600
dollar) yalnız Moskva-Bakı-Moskva reysinə bilet almaq olar: “Ona
görə də yerli turizm şirkətləri bu qiymətlərlə
Rusiya vətəndaşlarını Azərbaycana cəlb etməkdə
çətinlik çəkir”. Azərbaycan Regional
İnkişaf Mərkəzinin direktoru Çingiz
İsmayılov isə qonşu Gürcüstanda Tiflisdən
İstanbula 79 avroya uçmağın mümkün
olduğunu bildirir: “Belə çıxır ki, gələcəkdə
azərbaycanlılar Bakıdan İstanbula birbaşa yox, əvvəlcə
qatarla və ya avtobusla Tiflisə gedəcək və oradan
İstanbula uçacaqlar”.
Azərbaycanda
təyyarə biletlərinin qiymətinin yüksək
olduğunu digər mütəxəssis - Azərbaycan Turizm
İnstitutunun kafedra müdiri Bahadır Bilalov da təsdiqləyib.
Onun sözlərinə görə, Bakının hava
limanında təkcə aeroport rüsumları (36 manat) ABŞ
aeroportlarından da (12-15 dollar) yüksəkdir: “Ümumiyyətlə,
Bakıdakı aeroport rüsumunun məbləği ilə
İspaniyadan Mərakeşə uçmaq olar” (biletin qiyməti
26 avrodur).Qeyd edək ki, artıq yay turizm mövsümü
başlayır. Bu mövsümdə
Bakı-Antalya marşrutu ilə həyata keçiriləcək
reyslərə aviabiletlərin bahalaşması müşahidə
olunur ki, bunun səbəbi “Azərbaycan Hava Yolları” (AZAL)
QSC-nin aldığı beynəlxalq kreditlər, dünya
bazarında yanacağın bahalaşması, Türkiyə
hava limanlarında yığım və xidmət
haqlarının artması və avronun məzənnəsinin
yüksəlməsi ilə izah edilir.
Aviabiletlərin
bahalaşmasının əsas səbəbi...
AZAL-ın
xidmət rəisi Məhərrəm Səfərli APA-ya
bildirib ki, AZAL xarici aviaşirkətlərlə kəskin rəqabət
şəraitində fəaliyyət göstərir və
bununla əlaqədar olaraq müasir texnikanın
alınması üçün kreditlərin ödənilməsi
məqsədilə beynəlxalq reyslərdə maliyyə səmərəliliyinin
artırılmasına çalışır. Belə ki, AZAL
bu yaxınlarda 6 ədəd “Aerobus 320” təyyarəsi
alıb, mayın sonunda Azərbaycana müasir tipli “Boeing 767” təyyarəsi
gətiriləcək, daha bir təyyarə Bakıya gələn
il gətiriləcək. MDB ölkələri arasında ilk dəfə
olaraq Azərbaycan “Boeing 787-Dreamliner” tipli iki təyyarə
alacaq və 2014-cü ildən bu təyyarələrin
istismarına başlayacaq. Bu təyyarələr ən uzaq məsafələrə
(Amerika, Cənub-Şərqi Asiya və s. istiqamətlərə)
reyslər həyata keçirəcək: “Bununla əlaqədar
olaraq AZAL Türkiyənin kurort zonalarına
uçuşları maliyyə baxımından əlverişli
imkan hesab edir”. M.Səfərlinin sözlərinə görə,
bu reyslərin qısamüddətli, yəni yalnız yay
mövsümündə yerinə yetirildiyini nəzərə
alaraq bunların bahalığı başadüşüləndir.
Başqa sözlə, aviabiletlərin bahalaşmasının əsas
səbəblərindən biri AZAL-ın yeni təyyarələrin
alınması və digər layihələrlə
bağlı xərclərini ödəmək
üçün gəlirlərini artırmaq istəyidir.
O da
vurğulanıb ki, bahalaşmanın digər səbəbi
regionda baş verən hadisələr, eləcə də
siyasi vəziyyət, habelə dünya bazarında
yanacağın və avronun bahalaşması ilə
bağlıdır. Belə ki, ərəb ölkələrində
siyasi vəziyyətin gərginləşməsindən sonra
Türkiyəyə turist axını güclənib. Bundan başqa
dünya bazarında neftin bahalaşması nəticəsində
Türkiyənin hava limanlarında aviayanacağın qiyməti
artıb. Ötən il yanacağın tonu 450-470 dollar
olduğu halda, hazırda bu qiymət 2 dəfədən
çox artaraq 1000 dollardan çoxdur. AZAL rəsmisi
xatırladıb ki, ICAO-nun qərarı ilə aviabiletlər
yalnız avro ilə satılmalıdır. Bu isə avronun məzənnəsinin
yüksəlməsi fonunda biletlərin bahalaşmasına səbəb
olub: “Hətta bu şəraitdə AZAL vəziyyətdən
istifadə edərək həddən artıq qazanc əldə
etmək məqsədi güdmür. Belə ki, 2010-cu ildə
Antalya və Bodrum istiqamətlərində aviabiletin dəyəri
416 avro olduğu halda indi qiymətlər 476 avrodur və ya
ötənilkinə nisbətən cəmi 60 avro bahadır”.
Qeyd edək ki, turizm şirkətləri ötən il Antalyaya
uçuş qiymətlərinin 416 avro deyil, 310-320 manat
olduğunu, bu il qiymətlərin 220 manat
artdığını bildirir.Onu da qeyd edək ki,
“Skyscanner.net” saytının məlumatına görə, aprel
ayında Rusiyadan Türkiyəyə tətil və səyahət
məqsədilə müraciət edənlərin sayında
ötən ilin eyni dövrü ilə müqayisədə 163
faiz artım qeydə alınıb. Türkiyədən Rusiyaya
səyahət məqsədilə müraciət edənlər
də 86 faiz artıb. Türkiyənin hər ötən il
dünyada daha da populyarlaşdığını qeyd edən
“Skyscanner.net”in Türkiyə üzrə müdiri Murat
Özkök bildirib ki, dəyişən viza rejimi də iqtisadiyyata
önəmli təsir göstərib: “Sadəcə
saytımızda uçuşla bağlı
axtarışları götürsək, Türkiyəyə gələcək
rusların sayının 2011-də rekord səviyyədə
artması mümkündür. Bu yalnız ruslar deyil, ingilislərə
də aid edilir. Belə ki, ötən il Türkiyəni 2,67
milyon ingilis ziyarət edib”.
Beləliklə, qonşu Türkiyədə təqdim olunan həm aviabiletlərin qiyməti, həm də müxtəlif xidmətlər turistlərin sayının ildən-ilə artmasına imkan verir. Gəlin biz də turistləri uzaqlaşdırmaq yerinə çalışaq ki, bu cür xidmətlərlə onların cəlbini daha da artıraq.
Nigar Abdullayeva
Palitra. -2011. -17
may. –S. 7 .