Yaradıcı insan dövlətin həqiqi
sərvətinə çevrilir
Layihə çərçivəsində müsahibimiz Bakı Slavyan Universitetinin prorektoru, Milli Məclisin üzvü, professor Sahibə Qafarovadır.
- Məlum
olduğu kimi, hazırda ölkəmizdə bütün sahələrdə,
o cümlədən təhsil və elmin inkişafında
texnologiyanın, innovasiya vasitələrinin tətbiqi prioritet
məsələlərdən biridir. Siz bu sahədə
görülən işləri necə qiymətləndirirsiniz
və sizcə, bunlar Azərbaycana gələcəkdə nə
vəd edir?
- Azərbaycanda
innovasion cəmiyyət quruculuğunun ictimai, mədəni,
elmi əsaslarının bərqərar olması dünya
birliyinə inteqrasiyanın mühüm şərtlərindəndir.
Elə bu səbəbdən də dünya elm və informasiya
cəmiyyətinə inteqrasiya dövlətimizin siyasətinin
ana xəttini təşkil edir. Çünki innovasion cəmiyyət
insan resurslarının və intellektual kapitalın dəyişikliklərin
hərəkətverici qüvvəsinə çevrildiyi cəmiyyətdir.
Belə cəmiyyət bilik iqtisadiyyatına, təfəkkür
iqtisadiyyatına əsaslanır, ideya və təşəbbüslərin
fasiləsiz təkrar istehsalını, məhsuldar qüvvəyə
çevrilməsini şərtləndirir. Tükənən təbii
sərvətlərlə müqayisədə tükənməyən,
əbədi sərvət - insan zəkası enerji və
güc mənbəyinə, inkişafın təkanına
çevrilir. Başqa sözlə deyilsə, qüdrətli Azərbaycan
dövlətinin, demokratik cəmiyyət quruculuğunun,
xalqın maddi və mənəvi rifahının
başlıca qarantı rolunda çıxış edən məhz
cəmiyyətin intellektual potensialıdır. Zaman və
araşdırmalar sübut edir ki, yaradıcı insan dövlətin
həqiqi sərvətinə çevrilir. Dövlətimizin
möhkəm siyasi, iqtisadi təməllər üzərində
qurulması və dünyanın ən dinamik inkişaf edən
ölkəsinə çevrilməsi kimi nüanslar imkan verir
ki, mövcud olan zəmin və təməllərdən
yararlanmaqla innovasion cəmiyyət quruculuğu sürətləndirilsin.
Bunun üçün dövlətin qayğı və diqqəti
də, maddi imkanları da, mənəvi potensialı da mövcuddur.
Mütəxəssislər hesab edir ki, Azərbaycanın milli
intellektual elitası, innovasion cəmiyyətinin
yaradılması, mövcud insan resurslarını səfərbər
etmək üçün hərtərəfli konsepsiya
hazırlamalıdır. Onların qənaətincə, vətəndaşların
təşəbbüs, fəallıq və yaradıcılıq
kimi qabiliyyətlərinin inkişaf etdirilməsi, dəyişikliklərin
sürətinə həssaslığı, gündəlik həyatda
düzgün qərarlar qəbul etməsinə kömək edən
konstruktiv biliklərə yiyələnməsi prioritet məqsədlər
sırasına aid edilməlidir. Məlumdur ki, təhsil sistemi
gələcək mütəxəssislər hazırlayır.
Təhsil vasitəsilə insanlar bilik və bacarıq əldə
edirlər ki, bu da onların məhsuldarlığını
artırır. İnsan kapitalı nəzəriyyəsinin
inkişaf etdiyi cəmiyyətlərdə belə bir fikir
öz təsdiqini tapıb ki, daha yüksək təhsil alan
şəxs həqiqətən də yüksək gəlir əldə
edir. Təhsilə çəkilən xərclər iqtisadi
nöqteyi-nəzərdən insanın gələcək gəlirlərinə
qoyulan investisiyadır. Aparılan tədqiqatların nəticələri
əhalinin həyat səviyyəsinin yüksəldilməsində
təhsilin mühüm rol oynadığını göstərir.
Yüksək keyfiyyətli təhsil məşğulluğun təmin
olunmasının, iqtisadi səmərəliliyin, yoxsulluq
riskinin azalmasının və nəhayət, həyat səviyyəsinin
yüksəldilməsinin əsas şərtlərindən biri
hesab olunur. Qeyd etmək lazımdır ki, təhsilin dərəcələri
artdıqca məşğulluğun təmin olunması
imkanları genişlənir, pul gəlirləri artır, əhalinin
həyat səviyyəsi yüksəlir və yoxsulluq
azalır. Daha konkret desək, təhsil yoxsulluq riskinin
azaldılmasında mühüm rol oynayır. Azərbaycanın
sivil dünyaya inteqrasiyası və ölkədə
sosial-iqtisadi inkişafın təmin olunması daha çox
elmin və təhsilin inkişafından, yeni elmi biliklərin,
texnika və texnologiyaların mənimsənilmə səviyyəsindən
və s. asılıdır. Bu amillərin reallaşması isə
ilk növbədə iqtisadiyyatın müxtəlif sahələri
üzrə yüksək biliyə malik ixtisaslı kadrların
hazırlanmasını tələb edir. Bu baxımdan bazar
münasibətləri şəraitində Azərbaycanda təhsil
siyasətinin formalaşdırılması, təhsil sistemində
aparılan islahatların sosial-iqtisadi əhəmiyyətinin
artırılması vacib məsələ kimi qarşıya
qoyulmalıdır. Bu gün dünyada bilikli, bacarıqlı və
müasir texnologiyadan yararlanan mütəxəssislərin
iqtisadi inkişafda böyük rolu var. Təcrübə
göstərir ki, yüksək bilik və bacarığa malik
kadr potensialı olan ölkələrdə yoxsulluq səviyyəsi
də aşağı olur. Deməli, keyfiyyətli kadr
potensialına malik olmadan iqtisadi inkişafa nail olmaq
qeyri-mümkündür. Daha geniş ifadə etsək, cəmiyyətlərin
iqtisadi inkişafı təkcə iş və kapitaldan
asılı deyil, eyni zamanda texnologiyanın inkişafı ilə
işçi qüvvəsinin texnoloji baxımdan keyfiyyətinin
yaxşılaşdırılmasından da asılıdır.
- Azərbaycanda hazırkı iqtisadi
inkişaf elmin, təhsilin inkişafına necə təsir
edir?
- Fikrimcə, elm insan
qarşısında yeni yollar açan, yeni insanın və
yeni həyatın formalaşmasına imkan yaradan elə bir fəaliyyət
sahəsidir ki, ondan təkcə başqa sahələrin deyil,
eyni zamanda elmin özünün də inkişafında
geniş istifadə olunur. Bu da elmin öz daxili tələbatlarının
ödənilməsi funksiyasını yerinə yetirərək
elmi tərəqqi və elmi biliklərin inkişafına əhəmiyyətli
təsir göstərir. Elmi biliklərdən səmərəli
istifadə şəxsiyyətin hərtərəfli
inkişafına imkan yaradaraq insan inkişafı indeksinin
yüksəlməsini təmin edir. Bütün bunlarla
yanaşı elm ümumilikdə cəmiyyətin və cəmiyyətdə
gedən müxtəlif proseslərin tənzimlənməsində
və məqsədyönlü idarə olunmasında əhəmiyyətli
rol oynayan vasitə kimi çıxış edir. Beləliklə,
elmdə baş verən tərəqqi birbaşa və
dolayısı ilə cəmiyyətin sosial-iqtisadi həyatında
dəyişikliklərin baş verməsi ilə nəticələnir
ki, bu da artıq cəmiyyətdə onun vacib istehsal
gücünə çevrildiyini göstərir. Bu amil indiki
keçid iqtisadiyyatı şəraitində yüksək
ixtisaslı əməyin, elmtutumlu istehsalın, elmi-texniki bilik
bazarının formalaşması prosesinin sürətləndirilməsini
müasir dövrün aktual məsələsi kimi
qarşıya qoyur. Dünyada bu sahədə gedən
inkişaf prosesi Azərbaycanda da elmin inkişaf etdirilməsini,
qabaqcıl və ya aparıcı texnologiyalardan istifadə
olunmasını, aparılan tədqiqat işlərinin nəticələrinin
istehsala tətbiq olunmasını, elmi-tədqiqat təşkilatları
ilə istehsal strukturları arasında əlaqələri
optimallaşdıran bazar infrastrukturunun yaradılmasını,
ayrı-ayrı ölkələrin ixtira və tədqiqatlarının
sənaye sahələrinə uğurla tətbiq
olunmasını, texnologiya bazarının təkmilləşdirilməsini,
elmi-tədqiqat sferasının müasir tələblərə
cavab verən resurslarla təmin edilməsini və ən nəhayət,
cəmiyyətin sosial-iqtisadi inkişafında elmin rolunun
artırılmasını tələb edir. Azərbaycanın
neft strategiyasının başlıca hədəfləri həmişə
ölkənin iqtisadi yüksəlişinə təkan verməkdən
və sosial islahatların davamlı olaraq miqyasının
genişləndirilməsinə baza yaratmaqdan ibarət olub. Yeni
neft erasının başlanması və Azərbaycanın
yanacaq ehtiyatlarının dünya bazarlarına nəqli
respublikamızın maliyyə qüdrətinin və strateji
valyuta ehtiyatlarının yüksəlişinə imkan
yaratmaqla bərabər iqtisadi-sosial, ictimai-mədəni,
humanitar sahələrdə əhəmiyyətli
dönüş yaradıb. Azərbaycan hökuməti neft gəlirlərinin
səmərəli istifadə olunması ilə bağlı
strateji konsepsiya həyata keçirir. Neft vəsaitlərinin
idarə olunmasında Amerika və Norveç modelinə
uyğun strategiyanın həyata keçirilməsi bu sahədə
şəffaflığın tam təmin olunmasına səbəb
olub.
- Dövlətin insan
resurslarının inkişafı istiqamətindəki siyasətini
necə dəyərləndirirsiniz?
- Respublikamız
neft vəsaitlərinin idarə olunmasında mükəmməl
konsepsiyanı həyata keçirməklə yanaşı
“qara qızıl”ı qeyri-neft sektorunun və elmi-mədəni
tərəqqinin inkişafına yönəltməkdədir. Bu
vəsaitlərin həcmi ilbəil artırılır və əldə
olunan yüksək nailiyyətlər beynəlxalq reytinq
agentliklərinin qiymətləndirmələrində xüsusi
dəyərini almaqdadır. Azərbaycan hökuməti neft və
qaz ehtiyatlarının satışından əldə olunan
kapitalı bütün bölmələrə sərf etməklə
həm iqtisadiyyatın diversifikasiyasını dərinləşdirib,
həm də müasir idarəetmə texnologiyalarının
miqyasını genişləndirib. Ölkəmizdə
geniş vüsət alan yol, nəqliyyat, infrastruktur, su,
kanalizasiya, təhsil, səhiyyə, elm, mədəniyyət,
sosial sfera, kommunikasiya, rabitə, bank, maliyyə və digər
sahələrdəki böyük inkişaf da məhz neft
kapitalının hesabına reallaşır. Regionlarda inşa
edilən səhiyyə müəssisələri və
diaqnostika mərkəzləri də neftdən daxil olan maliyyə
mənbələri hesabına reallaşır. Dövlət
Neft Fondundan il ərzində yüz milyonlarla manat vəsaitin
infrastruktur və investisiya bölmələrinə
ayrılması respublikamızın bütün bölgələrinin
simasının dəyişməsinə səbəb olub. Bütün
bölgələrdə tikilən məktəblər, mədəniyyət
obyektləri də neft kapitalının hesabına gerçəkləşir.
Bu gün inşa olunan körpülər, yollar, elektrik stansiyaları,
su-kommunal xidmət qurğularının bərpasında,
tikintisində başlıca maliyyə mənbəyi neft gəlirləridir.
Neft gəlirləri hesabına reallaşan idarəetmə
sisteminin təkmilləşdirilməsi isə ölkəmizin
hər il dünyada qabaqcıl texnologiyalar tətbiq edən
dövlətlər sırasında reytinqinin artmasına təkan
vermiş olur. Məhz bütün bu nailiyyətlərin təməlində
insan intellekti, zəkası və əməyi durur. Buna görə
də hökumət neft gəlirlərini intellektual mülkiyyətə,
insan kapitalının inkişafına yönəltməyi
başlıca məqsədlərindən biri elan edib. Prezident
İlham Əliyev bəyan edib ki, Azərbaycan hökumətinin
apardığı siyasətin başlıca məqsədi
nefti - “qara qızıl”ı insan kapitalına çevirməkdən
ibarətdir. Siyasi və iqtisadi islahatlar nəticəsində
son illərdə Azərbaycan dünyada ən sürətlə
inkişaf edən ölkəyə çevrilib. Azərbaycanın
əldə etdiyi valyuta gəlirlərinin insan kapitalına
çevrilməsi iqtisadi siyasətin başlıca hədəflərindən
birinə çevrildiyindən hökumət insan kapitalı ilə
bağlı xüsusi ixtisaslaşmış struktur yarada bilər.
İnkişaf etmiş dövlətlərin təcrübəsini
də nəzərə alaraq bu təşəbbüsü
reallaşdırmaqla intellektual və yüksək idarəetmə
qabiliyyətinə malik güclü insan kapitalı bazası
formalaşdırmaq imkanı əldə edilə bilər. Artıq
bütün inkişaf etmiş ölkələrin təcrübəsi
göstərir ki, bütün inkişaf meyillərinin
kökündə insan faktoru dayanır. İnkişaf etmiş
ölkələrin ən böyük sərvəti və
kapital fondu da məhz zəngin biliyi və təcrübəsi
olan insan resurslarıdır. Azərbaycan insan kapitalı fondunu
formalaşdırmaqla dövlət və özəl sektorun ən
müasir bilik və texnologiyaları mənimsəmiş
kadrlarla təmin olunmasına nail ola bilər. Respublikamızda
həmin baza üçün böyük resurslar da
mövcuddur. Hazırda Azərbaycanın həm respublika
daxilində, həm də xarici dövlətlərin nüfuzlu
elm və təhsil müəssisələrində təhsil
alan peşəkar gənc kadr ordusu müasir dünyanın
elmi, texniki və mədəni tərəqqisinin ölkəmizə
transfer olunmasının əsas bazasıdır. Onlar müasir
idarəetmə texnologiyalarının qızıl fondu
sayıla bilərlər. Onu da qeyd edək ki, hökumət
xarici ölkələrdə təhsil alan gənclərin həm
sayının artırılması, həm də onların tədris
xərclərinin yüksəldilməsi ilə bağlı məqsədyönlü
addımlar atmaqdadır.
Anar Miriyev
Palitra.
- 2011. – 18 may. –S. 7.