Maldarlığın
inkişafının ətraf mühitə təsiri
Azərbaycan torpaq ehtiyatları məhdud olan ölkələr sırasına aiddir. Ölkədə adambaşına 0,22 hektar əkin yeri və 0,58 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi mövcuddur. Otlaqların və biçənəklərin
adambaşına düşən sahəsi isə daha azdır. Bu baxımdan aqrar sektorun,
xüsusilə heyvandarlığın inkişafında, əhalinin
ayrı-ayrı kənd təsərrüfatı məhsullarına
olan tələbatının
ödənilməsində torpaqların münbitliyinin artırılması,
heyvandarlığın yem bazasının
möhkəmləndirilməsi, təbii yem
sahələrinin mühafizəsi,
otlaqların yaxşılaşdırılması və
onların geobotanik zənginliyinin
qorunub saxlanılması mühüm
əhəmiyyət kəsb
edir.
Otlaqlar, biçənəklər,
meşələr heyvan sürüləri
ilə normadan artıq yüklənir
Lakin onu da qeyd edək ki, maldarlıqla məşğul olan çoxsaylı fermer və digər təsərrüfatların
inkişafı əsasən dövlət torpaq
fonduna aid olan otlaqların, kəndətrafı
örüşlərin, meşə torpaqlarının və
qoruqların nəzarətsiz, normadan artıq istismarı ilə
müşayiət olunur. Mütəxəssislərin fikrincə, ölkədə heyvandarlığı daha mütərəqqi üsullarla inkişaf etdirmək yolu ilə məhsuldarlığı
yüksəltmək, yay-qış otlaqlarının və
biçənəklərin mühafizəsini gücləndirmək,
onlardan istifadənin səmərəsini artırmaq və
biomüxtəlifliyin qorunub saxlanılmasını
təmin
etmək olar. Ölkə
başçısının sərəncamı
ilə 2004-cü ildə “Azərbaycanda yay-qış
otlaqlarının, biçənəklərin səmərəli
istifadə olunması və səhralaşmanın
qarşısının alınmasına dair
Dövlət Proqramı”
da təsdiq edilib. Burada da qeyd edilir ki, ölkədə heyvandarlığın
inkişaf etdirilməsini
təmin etmək üçün
lazım olan yemin strukturunun normativlərə uyğun
olmaması, onun tərkibində təbii yemin üstünlük təşkil etməsi otlaqların və
biçənəklərin, habelə meşələrin heyvan sürüləri ilə normadan artıq yüklənməsinə səbəb olur. Bu isə
öz növbəsində
dağətəyi yamacların, suqoruyucu meşə sahələrinin deqradasiyasına,
dağıdıcı sellərin güclənməsinə,
yeraltı və yerüstü su ehtiyatlarının tədricən
tükənməsinə gətirib çıxarır.
Məlum
olduğu kimi, Azərbaycanda otlaqlar və biçənəklər
dövlət mülkiyyətində olan torpaq sahələridir.
Lakin bu sahələrin istifadəçiləri tərəfindən
torpaqların münbitliyinin bərpası ilə bağlı
vaxtlı-vaxtında zəruri tədbirlərin həyata
keçirilməməsi və onların istismarında
aqrotexniki qaydalara riayət edilməməsi, eləcə də
torpaqların mühafizəsi sahəsində mövcud
standartların və normativlərin tələblərinə
tam əməl olunmaması səbəbindən bir çox
yerlərdə torpaq örtüyünün erroziyaya
uğraması, şoranlaşması, texnogen pozuntulara məruz
qalması və s. hallar baş verir. Dövlət
Proqramında otlaqların və biçənəklərin səmərəli
istifadəsi və səhralaşmanın
qarşısının alınması üzrə istiqamətlərdə
bir sıra tədbirlərin həyata keçirilməsi öz
əksini tapıb. Ekologiya və
təbii sərvətlər naziri Hüseyn Bağırov da
qeyd edib ki, Azərbaycan tarix boyu köçəri və
yarımköçəri maldarlıqla məşğul olub:
“Lakin hazırda belə təsərrüfat XXI əsr
dinamikasına uyğun deyil və yanlış effekt
doğurur. Azərbaycan ərazisinin 12 faizi meşə fondu, 56
faizi dövlət torpaq ehtiyatı fondudur. Bu torpaqlar əsasən
icarə ilə fermerlərə, başqa sözlə,
çobanların istifadəsinə verilib. Ölkədə 8
milyon baş qoyun, 3 milyona yaxın iribuynuzlu heyvan var.
Ümumilikdə
25 milyon mal-qoyun yazda dağlıq ərazidən, payızda
arandakı təbii otlaq sahələrindən yararlanır. Amma
SSRİ dövründə norma vardı ki, bir hektar ərazidə
1-2, dağlarda isə 1-4 qoyun saxlamaq olardı. Bu normaya görə,
işğalda olan torpaqları nəzərə almasaq, Azərbaycanda
hazırda qışlaqda 1,9 milyon, yaylaqda isə 2.8 milyon
baş qoyun saxlamaq olar. Aran rayonlarında araşdırmalar
aparmışıq, otlaqlarda ən çox yüklənən
ərazi Göygöl rayonudur ki, 1 hektara 40-dan çox heyvan
düşür, bu rəqəm Goranboyda 16, Bərdədə
12-dir. Yarımköçəri mal-qara təsərrüfatı
fermeri də itkiyə məruz qoyur. Belə təsərrüfat
başqa sahələrin də inkişafına mane olur. Bitki aləmində
elə ot növləri var ki, kökləri də kəsilib,
ağaclar məhv olub. Canlılardan ceyran, cüyür, marala
otlaqlardan heç nə qalmır, onların sayı azalır.
Azərbaycanda 8-9 min canavar qalıb, şir-pələng
artıq yox dərəcəsindədir, bəbirlər
çox az sayda qalıb, amma 400 min qoyun sürüsünü
mühafizə edən itlər var”. Nazirin sözlərinə
görə, sadalanan amillər ekoloji sistemə mənfi təsir
edir və hətta sürüşmələrə zəmin
yaradır: “Bütün bunlar isə ona gətirib
çıxarır ki, bioloji müxtəliflik pozulur. Ekosistem
dağılır. Başqa tərəfdən, otlaqlar məhv
olduğundan yağan yağışlar ot köklərində
toplanmır, birbaşa çaylara axır. Torpaqların
yuyulması nəticəsində yarğanlar əmələ gəlir,
sürüşmələrə zəmin yaranır”.
H.Bağırovun sözlərinə görə,
qışlaqların, yaylaqların və meşələrin
idarə olunması ilə bağlı beynəlxalq aləmdə
təcrübələr mövcuddur və Azərbaycanın da
belə layihələrə ehtiyacı var.
Milli Parklar yaradılmış ərazilərdə
maldarlığın inkişafı xüsusilə nəzarətə
götürülməlidir
Maldarlığın
inkişafının ekoturizmə də öz təsirini
göstərdiyini deyən Azərbaycan Turizm İnstitutunun
Turizm biznesinin təşkili və texnologiyası
kafedrasının müdiri Bahadur Bilalov bildirdi ki, qida təhlükəsizliyinin
təmini hər bir dövlətin ümdə vəzifələrindən
biridir: “Başqa ölkələrdən qida
asılılığına düşmək çox
böyük fəsadlara səbəb ola bilən məsələdir
və buna qətiyyən yol vermək olmaz. Bu baxımdan
ölkədə kənd təsərrüfatı malları
istehsalının artırılması, xüsusən
maldarlığın inkişaf etdirilməsi çox vacib məsələdir.
Lakin bu məsələ kor-koranə deyil,
düşünülmüş şəkildə, ətraf
mühitə təsir etmədən həyata keçirilməlidir.
Məlumdur ki, mal-qaranın say artımı heyvanlar
üçün daha çox yem istehsalını nəzərdə
tutur ki, bu zaman nitratlardan istifadə qaçılmaz olur. Həddən
artıq nitratlardan istifadə nəticəsində isə
torpaq və su zəhərlənməyə məruz qalır,
sudan istifadə mümkünsüz olur. Avropanın bir sıra
ölkələri bu gün belə bir problemlə
üz-üzə qalıb. Milli Parklar yaradılmış ərazilərdə
maldarlığın inkişafı xüsusilə nəzarətə
götürülməlidir. Çünki mal-qaranın
sayının həddən artıq olması həmin
parklardakı bitki örtüyünə mənfi təsir edəcək.
Bu isə həmin parklara ekoturizmin təşkilini
qeyri-mümkün edəcək, əraziyə gələn
turistlərin sayının azalmasına səsbəb olacaq. Göründüyü
kimi, təbiətdə heç nə izsiz olmur, bu səbəbdən
də hər bir məsələ, o cümlədən
maldarlığın inkişafı da
düşünülmüş, planlı formada, təbiətə,
ətraf mühitə çox cüzi təsirlə həyata
keçirilməlidir. Əks halda bizim fəaliyyətimizin
acı fəsadları gələcək nəsli
çıxılmaz vəziyyətə sala bilər”.
ETSN dövlət
qarşısında təkliflə çıxış edəcək
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisi
Oqtay Cəfərov da yay-qış otlaqlarının pis vəziyyətdə
olduğunu bildirdi: “Sonuncu dəfə onların geobotanik tətqiqatları
1949-51-ci illərdə aparılıb. Ondan sonra onların məhsuldarlığının
keyfiyyəti öyrənilməyib. 1,3 milyon 300 min hektar
qışlaq sahəsi var. 530 min hektar yaylaqdır ki, onun 200
min hektarı zəbt olumuş torpaqlardadır. Bunların
ümumi tutumu 3 milyon kiçikbuynuzlu mal civarındadır.
Hazırda ölkədə 9 milyona yaxın kiçikbuynuzlu
mal var. Beləliklə, otarma 3 dəfə çox gedir. Ona
görə də yaylaq və qışlaqlar buna dözmür
və sıradan çıxır. Bu da səhralaşmaya gətirib
çıxarır. Nazirlik tərəfindən ötən il
qışlaqlarda müşahidələr
aparılmışdı. Heyvanların sayı çoxdur,
qaramal otarılır, qanunsuz olaraq əkin də
aparılır ki, bu da pis təsir edir. Ona görə də
bizim layihələrdə, milli dövlət proqramlarında
torpaqlara çox böyük önəm verilir. Nazirlik
dövlət qarşısında təkliflə
çıxış etmək istəyir ki, torpaqlarda dəqiq
invertarlaşma aparılsın və
torpaqların məhsuldarlığı bilinsin,
sıradan çıxmış torpaqları dincə qoymaq və
bərpa etmək kimi tədbirlər həyata keçirilsin. Heyvandarlıqda
yeni texnologiyalar inkişaf etdirilsin. Heyvandarlığı
inkişaf etdirmək üçün ilk növbədə yem
bazası lazımdır”.
Ölkəmizdə dünya
miqyasında tanınmış otarma sistemləri tətbiq
olunmur
Mövcud
vəziyyətə QHT-lərin münasibəti necədir və
hansı təkliflər irəli sürürlər? Azərbaycanın
aqrar ölkələrdən biri olduğunu deyən Azərbaycan
Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf
Sultanovun sözlərinə görə, ölkəmizin təbii iqlim şəraiti
kənd təsərrüfatı məhsullarının
istehsalı ilə məşğul olmağa imkan verir: “Burada
həm bitkiçilik, həm də maldarlıq sahəsi öz
əksini tapıb. Bu sahələrin inkişaf etdirilməsi həmin
sahələrin qarşılıqlı
tarazlığından, əlaqəsindən
asılıdır. Landşaftlar insanların həyatında
mühüm əhəmiyyət kəsb edən böyük
funksiya yerinə yetirir. Belə ki, landşaftlar həm
yaradıcı, həm də
formalaşdırıcıdır. Onların ciddi mühafizəsinə
böyük ehtiyac var. Landşaftların mühafizəsinin əsasını
meliorativ tədbirlərin aparılması, xüsusi qorunan ərazilərin
seçilməsi təşkil edir. Hazırda ölkəmizin
dağ-çəmən landşaftlarında mal-qara, qoyunlar
otarılır. Bu zaman otarma üsulunun böyük əhəmiyyəti
var. İki əsas üsul var ki, bunlardan biri olan sistemsiz otarma,
köçəri heyvandarlığa xasdır. Digəri
sistemlidir ki, bu halda heyvanların seçib yemək imkanı
azalır və bu zaman otlaqlar yaxşılaşır, məhsuldarlıq
artır”. Hazırda ölkədəki qoyunların sayının
yaxın zamanlarda 10 milyona çatdırılmasının nəzərdə
tutulduğunu deyən R.Sultanov deyir ki, əgər otlaqlardan
istifadədə mövcud durumu nəzərə alsaq, bu, ərazilərdə
səhralaşmaya təsir edən amillərdən biridir. Təkilflərə
gəldikdə isə fondun rəhbəri bildirdi ki, 2004-cü
il Dövlət Proqramında otlaqlardan sistemli istifadə öz
əksini tapıb: “Təəssüflər olsun ki, bu gün
ölkəmizdə dünya miqyasında tanınmış
otarma sistemləri tətbiq olunmur. Məsələn,
İsrailin ərazisinin çox hissəsi səhralıqdır.
Biz dağ-çəmən landşaftlarının 1
hektarından 1,5 ton ot götürürüksə, onu sistemli
şəkildə otarsaq, buradan 3-4 ton məhsul götürmək
olar. Amma İsraildə otlaqlara gübrə verməklə,
müəyyən aqrotexniki qaydalara riayət etməklə bir
hektardan 10-15 ton yem alırlar. Fikrimcə, belə bir üsulu
ölkəmizdə tətbiq etmək lazımdır.
Otlaqların növbə ilə otarılması nəticəsində
məhsuldarlıq 25-40 faiz arta bilər. Otarma ilə əlaqədar bu
gün bir sıra sahələr artıq sıradan
çııxıb. Dağ-çəmən
landşaftlarının yaxşılaşdırılması
üçün kompleks tədbirlərin həyata
keçirilməsi vacibdir. Belə ki, otlaq və biçənəklərdən
səmərəli istifadə etmək lazımdır.
Otlaqları şərti və kökündən
yaxşılaşdırmaq vacibdir. Bunun üçün həmin
ərazilərdə dövlət səviyyəsində tədbirlərin
reallaşdırılması önəmlidir”. R.Sultanov qeyd etdi
ki, bu gün dünyada torpaqların sıradan
çıxmasının 75 faizi otarmanın düzgün
aparılmaması ilə bağlıdır. Dünyada bu
proseslərin qarşısını almaq üçün beynəlxalq
təşkilatlar tərəfindən tədbirlər
görülür. BMT-nin 1977-ci ildə səhralaşmaya
qarşı mübarizə
planı qəbul edilib. Bir sıra inkişaf etmiş ölkələrdə
səhralaşmaya qarşı milli fəaliyyət planı da
hazırlanıb. Ölkəmizdə də bu istiqamətdə
Dövlət Proqramı ilə yanaşı bir sıra tədbirlər
görülsə də, antropogen təsirlər altında
torpaqların çox hissəsi istifadədən
çıxır: “Sovet dövründə səmərəli,
məhsuldar torpaqlardan müəyyən məqsədlər,
şəhərsalma, yolsalma, sənaye müəssisələrinin
tikilməsi üçün istifadəyə qəti qadağa
qoyulmuşdu. Hazırda da bu prosesin tənzimlənməsinə
ehtiyac var. Çünki kəndlər genişlənir, şəhərlər
böyüyür, ərazilər əhalinin sahəsinə
çevrilir və bu sahələrdən səmərəli
istifadə olunmur. Bu proseslər otlaqların sıradan
çıxmasına səbəb olur. Bu istiqamətdə tədbirlər
görülməzsə, gələcəkdə nəinki 8,
yaxın 10-15 ildə 4 milyon qoyun otarılması
üçün ərazi qalmayacaq”.
Nigar Abdullayeva
Palitra. – 2011. – 20
may. –S.7.