Rus və yəhudi politoloqlar bu fikirdədir ki, İsrail heç vaxt Ermənistanın mövqeyini müdafiə etməyəcək

 

Ermənistan mətbuatında son dövrlərdə Azərbaycan-İsrail münasibətlərinə dair ciddi narahatlıqlar hiss olunmaqdadır. Bu iki ölkənin münasibətlərinin yüksək səviyyədə olması Ermənistana yaxşı heç nə vəd eləmir. Lakin aparılan təhlillər o qənaətə gəlməyə əsas verir ki, İsrailin Cənubi Qafqazda Azərbaycan və Gürcüstanla hərbi-siyasi əməkdaşlığı üçüncü ölkəni narahat edir. Onlar artıq başa düşməyə başlayırlar ki, SSRİ dağılandan sonra ABŞ və Türkiyə ilə yanaşı İsrailin də bu coğrafiyaya ilgi göstərməsi təsadüfün nəticəsi deyil. İsrailin burada olması niyə Ermənistanı qıcıqlandırır?  

 

Biz bu məsələlərə ABŞ-ın Beynəlxalq və strateji araşdırmalar Mərkəzinin elmi əməkdaşı, rusiyalı politoloq Sergey Markedonovun baxış bucağından yanaşacağıq. Və etiraf edək ki, Markedonovun bu barədə fikirləri Rusiya, Ermənistan və İsrail mətbuatında geniş əks-səda doğurub. Azərbaycana simpatiyası ilə o qədər də seçilməyən Markedonov kifayət qədər əsaslandırılmış arqumentlərlə izah edib ki, İsralin Qafqazla bağlı başlıca prioritetləri hansılardır. Biz bu yazıda Azərbaycana aid olan hissələrə daha artıq diqqət yetirəcəyik.

İsrail prezidenti Şimon Peresin və xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfərləri də iki ölkə arasındakı əlaqələrin dərin və geniş spektrli olduğunu nümayiş etdirir.

 Digər tərəfdən, İsrail son dövrlərə qədər Türkiyə ilə sıx müttəfiqlik münasibəti nümayiş etdirirdi. Buna səbəb isə, Türkiyəyə dünyəvi müsəlman ölkəsi olaraq radikal İslam dövlətlərini zərərsizləşdirmək üçün mükəmməl vasitə kimi baxılması idi. Son illərdə isə analoji yaxınlaşma Azərbaycanla baş verir. Əslində Azərbaycan Türkiyə-İsrail münasibətlərindəki gərginləşmə zamanı tərəf tutmamaqla dini və milli ənənələrlə bağlı tolerantlıq nümayiş etdirməyi ustalıqla bacardığını göstərdi.

 O biri yandan, ABŞ və Avropada həm Türkiyənin, həm də Azərbaycanın lobbiçilik fəaliyyətləri bir sıra lobbilər, o cümlədən də, türklərin ermənilərə qarşı soyqırımı törətməsi iddiasını qəbul etdirməyə çalışan ermənilərlə müqayisədə daha zəif olduğundan, bu regionlarda İsrail lobbisinin dəstəyinə böyük ehtiyac yaranır. İsrail Türkiyə və Azərbaycana bu lazımi dəstəyi verməyə həmişə hazır olub. Bu baxımdan Türkiyə İsraillə körpüləri yandırmaqda maraqlı deyil, baxmayaraq ki, Ərdoğan iqtidarının ərəb dünyasına dair siyasi baxışları onun hakimiyyətdəki sələflərinkindən xeyli dərəcədə fərqlənir. Əslində bunu da ifadə etmək olar ki, son dövrlərdə ərəb dünyasında baş verən siyasi təlatümlər, diktatura rejimləri ilə xalqın və Qərb dövlətlərinin kəskin mübarizələri Türkiyə hökumətinin siyasətində redaktələrə ciddi ehtiyac olduğunu ortaya çıxarıb. Türkiyənin Yaxın Şərq və Cənubi Qafqaza dair bərabərhüquqlu xarici siyasət yeritməsi beynəlxalq analitiklər tərəfindən yanlış kimi qeyd edilir. Çünki Cənubi Qafqaz ölkələrindəki mövcud siyasi quruluşların heç birini ərəb dövlətləri ilə müqayisə etmək düzgün deyil. Çünki bu ölkələrdə demokratiya ənənələri yeni də olsa, yaranmaqda və inkişaf etməkdədir. Cənubi Qafqazda monarxizm və diktaturaya meyilli hakimiyyətlər mövcud deyil.

Azərbaycan İsraillə daha yaxşı münasibətlər qurmaq üçün Türkiyədən və digər Cənubi Qafqaz respublikalarından daha şanslıdır. Buna səbəb Azərbaycanda İsrailə olan tolerantlıq və radikal İslamdan qaçışa meyllilikdir. Azərbaycanın İsraillə birgə silah istehsalı məsələsində də müttəfiqlik etmək niyyətləri başa düşüləndir.

Azərbaycan həm də enerji ölkəsi olaraq İsrail üçün cazibəlidir. İsrail Bakı-Tiflis-Ceyhan neft kəməri ilə daşınan Azərbaycan neftinin İtaliyadan sonra ikinci potensial alıcısıdır.  Rusiyalı politoloq İvan Danilinin fikrincə, Ceyhan portunun Xayfa portundan o qədər də uzaq olmaması, İsrail üçün cəzbedici amillərdən biridir.

Azərbaycanda 26 minə qədər yəhudinin (bu rəqəm mübahisəlidir-m.) heç bir diskriminasiyaya məruz qalmadan yaşaması, İsrailə köçüb getmiş azərbaycanlı yəhudilərdə keçmiş ölkələrinə qarşı vətənpərvərlik sevgisinin və simpatiyanın qalması da Təl-Əviv tərəfindən yüksək qiymətləndirilən faktlar sırasındadır.

 Digər bir maraqlı fikir də ondan ibarətdir ki, İsrail heç vaxt Qarabağın müstəqilliyi, yaxud da Ermənistanın hakimiyyəti altına verilməsi ilə barışmayacaq. Çünki İsrailin Cənubi Qafqazda əsas maraq göstərdiyi ölkələr Azərbaycanla Gürcüstandır. Bu ölkələrin hər ikisinin ərazi problemləri mövcuddur. İsrailin Qarabağla bağlı ermənilərin işinə yarayacaq hər hansı addımı, Gürcüstana qarşı da xəyanət kimi yozula bilər. Çünki belə olan təqdirdə İsraildən Abxaziyanın, Cənubi Osetiyanın müstəqilliyinin tanınması da istəniləcək ki, rəsmi Təl-Əviv də heç vaxt Cənubi Qafqazdakı iki dostunu itirmək təhlükəsi ilə qarşı-qarşıya gəlmək istəməyəcək. İsrailin ABŞ üzərində də təsiri böyükdür. Əslində Vaşinqtonun Qafqazın enerji resurslarına və coğrafi mövqeyinə cazibə ilə baxması amerikalı yəhudilərin bu barədəki ideyalarının ifadəsidir. 2008-ci ildə Rusiya Gürcüstana hücum edərkən, İsrailin pilotsuz təyyarələrinin Gürcüstan səmasında görünməsi diplomatik böhrana səbəb olmuşdu. Bu barədə sualı cavablandıran Gürcüstan prezidenti Mixail Saakaşvili demişdi ki, ABŞ və İsrail Gürcüstanda hərbi məktəblərin qurulmasında və təlimlərin keçirilməsində gürcülərə yaxından köməklik göstərir. Peresin səfərindən sonra İsrailin Azərbaycanla birgə silah istehsalına başlamaq qərarı isə Ermənistanda qıcıq yaratmışdı. Bu ittifaq həm erməni, həm də rus politoloqlar tərəfindən Ermənistana qarşı düşünülmüş gələcək hərbi-siyasi fəaliyyətlərə vəsilə olaraq qiymətləndirilirdi.Eyni zamanda ərəb ölkələri Rusiyanın Gürcüstana qarşı əməliyyatlarını pozitiv qiymətləndirmişdilər. Suriyalı jurnalist və politoloq Basul Hac Casem qeyd etmişdi ki, ərəblər İsrailin Gürcüstanı dəstəkləməsi səbəbindən Rusiyaya pərəstiş edirdilər. Baxmayaraq ki, ərəb dövlətləri Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımadılar, amma Suriya prezidenti Bəşər Əsəd Rusiya KİV-nə müsahibəsində Rusiyanın Gürcüstana qarşı əməliyyatlarını «tamamilə düzgün» hal kimi qiymətləndirmişdi. Bu isə onu deməyə əsas verir ki, İsrail Cənubi Qafqazda Rusiyanın dəstəklədiyi hər hansı hərbi əməliyyata dəstək verməyəcək və əgər Rusiya hərbçiləri Qafqazdakı münaqişələrə öz maraq dairəsindən baxsa, qarşısında həm də İsraili görəcək. Buna qabarıq misal olaraq qeyd edək ki, İsrvail Azərbaycanın ərazi bütövlüyünü qəbul edir. İsrailin neftə təlabatının 1/5-ni Azərbaycan ödəyir. Bu iki ölkə arasında illik ticarət dövriyyəsi 4 milyard dollardır.  Bu vəsaitlərin əsas hissəsi hərbi ticarətlə bağlıdır. Şimon Peresi Bakıya səfəri zamanı İsrailin «Aeronautics» şirkətinin direktoru Avi Leumi də müşayiət edib. Bu şirkət isə pilotsuz hərbi təyyarələrin istehsalı və satışı üzrə dünya lideridir. 2012-ci ildə İsrail Azərbaycan qazının ixracına da başlamaq niyyətindədir. Bu məsələ Misirdə baş verən hadislələrdən sonra İsrail üçün həyati əhəmiyyətli olub.

Azərbaycan təkcə türk dünyasının adi ölkəsi deyil, Türkiyənin strateji müttəfiqidir. Türkiyənin də yaxın gələcəkdə müsəlman Şərqində təsir üstünlüyü hiss ediləcək. ABŞ-ın hakim siyasi dairələri o fikirdədir ki, ərəb dünyasının ipini Türkiyənin əlinə vermək daha ağıllı addım olardı. Çünki müasir Türkiyə ərəb dünyasının xəyalıdır. Ərdoğanın müsəlmanları müdafiə edən son bəyanatları da ərəblərdə Türkiyəyə yönəlik qarşısıalınmaz simpatiya oyadıb. ABŞ Türkiyənin ərəb dünyasında Osmanlı dövrünə aid idarəetmə alətini yenidən əlinə ala biləcəyindən ehtiyatlanmır. “Sivil ərəblə danışmaq, terrorçu ilə danışmaqdan daha yaxşıdır” - deyə düşünənlərin sayı Ağ Evdə günbəgün artmaqdadır. İsrail isə ərəblər məsələsində Türkiyəyə şərik olmaq istəyir. Türkiyənin yaxın dostu Azərbaycanın bu məslədə Təl-Əvivə yardım edə biləcəyi hesablanır. Hər halda İsrailli politoloqlar o fikirdədirlər ki, türklərlə anlaşmaq ərəblərlə anlaşmaqdan dəfələrlə asandır.

 

 

Möhtərəm   

 

Palitra. -2011. -24 may.- S. 9.