“Ali məktəblərin bəzi müəllimləri artıq köhnəlmiş üsullarla tədrisin qəbuledilməzliyi ilə barışmalıdır”

 

Layihə çərçivəsində müsahibimiz BDU-nun Politologiya kafedrasının doktorantı, “İRƏLİ” İctimai Birliyinin İdarə Heyətinin üzvü Mayis Musayevdir. M.Musayev bizimlə söhbətinə fəaliyyəti ilə bağlı qısa tanışlıq verməklə başladı: 

 

- Orta təhsilimi Nəsimi rayonundakı Mehdi Hüseynzadə adına 19 saylı orta məktəbdə başa vurduqdan sonra Bakı Dövlət Universitetinin politologiya ixtisasına daxil olmuşam. Bakalavriat təhsilimi bitirdikdən sonra hərbi xidmətə getmişəm. Qayıtdıqdan sonra Bakı Dövlət Universitetinin Politologiya kafedrasında Milli Təhlükəsizlik və Siya Strategiya ixtisaslaşması üzrə magistratura təhsili almışam. Hal-hazırda BDU-nun Politologiya kafedrasının doktorantıyam. “Xəzəryanı dövlətlər müasir geostrategiyada” mövzusunda elmi iş üzərində çalışıram. Mövzu ilə əlaqədar yerli və beynəlxalq jurnallarda, konfrans materiallarında 20-yə yaxın elmi məqalə və tezislərin müəllifiyəm.

    - Azərbaycan təhsili ilə bağlı hansı fikirləriniz var?

    - Müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz demək olar ki, bütün sahələrdə yeniləşmə yoluna qədəm qoydu. Bu yeniliklər, bütün digər sahələrdə olduğu kimi, təhsil sahəsində də özünü büruzə verdi. Həm orta, həm də ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin mahiyyətcə yeni formaları tətbiq edilməyə başlandı. Təbii ki, müstəqilliyini yeni qazanmış, ictimai-siyasi sistemi tamamilə dəyişmiş bir ölkədə bir çox sahələrdə boşluqların da olması labüddür. Bu gün Azərbaycan təhsil sistemində də doldurulması vacib olan boşluqlar var. Ancaq son illər təhsil sistemimizdə aparılan islahatlar bu boşluqların aradan qaldırılmasına yönəlib və gələcəyə ümidlə baxmağımıza imkan verir. Orta məktəblərdə buraxılış imtahanlarında tətbiq edilən yenilikləri, ali təhsilin keyfiyyətinin artırılması üçün Bolonya sisteminə keçidi xüsusilə qeyd etmək yerinə düşər. Çünki təhsilin keyfiyyəti nə qədər yüksək olarsa, ixtisaslı kadrların səviyyəsi də o qədər yüksək olacaq. Bu isə ölkəmizin gələcək inkişafı üçün vacib olan insan kapitalının formalaşmasına və davamlılığına təminat verəcək.

   - İnsan kapitalının formalaşdırılmasında təhsilin rolunu gücləndirmək üçün konkret hansı təklifləriniz ola bilər?

     - Hesab edirəm ki, güclü dövlət quruculuğuna gedən yol elmə əsaslanan cəmiyyətdən keçir. Məhz bunu nəzərə alan ölkə başçısı cənab İlham Əliyev təhsili dövlət siyasətinin prioritetlərindən biri hesab edir, “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” deyir. Bu baxımdan yüksək savada malik insan kapitalının formalaşmasında təhsilin rolu getdikcə artmaqdadır. Bu gün insan kapitalı siyasəti Azərbaycanın gələcək inkişafı baxımından çox vacib məsələlərdən biridir. Məhz bu siyasətin tərkib hissəsi kimi Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı Dövlət Proqramının qüvvəyə minməsi, Elmin İnkişafı Fondunun yaradılması dövlətin cəmiyyətimizin gələcəyi üçün insan kapitalına verdiyi önəmin göstəricisidir. Bu gün cəmiyyətimizdə Azərbaycan Prezidenti yanında İnsan Kapitalı Fondunun yaradılması barədə çox faydalı müzakirələr gedir. Düşünürəm ki, bu fond mümkün olan ən qısa müddətdə yaradılmalıdır. Çünki bacarıqlı, qabiliyyətli, yüksək istedada və intellektə sahib gənclərimizin, vətəndaşlarımızın dövlət dəstəyindən kənarda qalması yolverilməzdir. Əks halda onlar öz potensiallarını tamam başqa sahələrə sərf edə bilərlər ki, bu da güclü cəmiyyət quruculuğuna müəyyən zərbə vura bilər.

   - Azərbaycan ali təhsilinin mövcud vəziyyəti ilə bağlı nələri deyə bilərsiniz?

   - Danılmaz faktdır ki, təhsilimizin səviyyəsinin yüksəldilməsi məqsədilə dövlət qurumları islahatlar keçirir, mütəmadi olaraq müəyyən yeniliklər tətbiq edirlər. Təbii ki, problemlər var və bu problemlərin aradan qaldırılması istiqamətində müəyyən işlər görülür. Ona görə də bu baxımdan pessimizmə qapılmaq olmaz. Hesab edirəm ki, ali təhsil müəssisələrimizin maddi-texniki bazası müasir dövrün tələblərinə cavab verməlidir. Ən başlıcası, ali məktəblərin bəzi yaşlı nəsil müəllimləri artıq köhnəlmiş üsullarla tədrisin qəbuledilməzliyi ilə barışmalıdır. Tələbələr isə ali məktəbə diplom və əsgərlikdən yayınmaq üçün vasitə kimi baxmamalıdır. Bu gün təhsilimizi, xüsusilə ali təhsilimizi mövcud problemlərdən və çatışmazlıqlardan xilas etmək istəyiriksə, birinci növbədə bu işə özümüzdən başlamalıyıq. Şüurumuzda müəyyən dəyişikliklər etməliyik. Məsələn, “Qonşunun övladı ali məktəbə daxil olacaq, niyə mənim övladım əsgərliyə getsin” düşüncəsində olan valideynlər uşağın kor-koranə hansısa ali təhsil müəssisəsinə daxil olmasına nail olur və bununla fəxr edirlər. Düşünmürlər ki, bu cür addım atmaqla onlar nəinki övladlarına, hətta cəmiyyətin gələcəyinə zərbə vurmuş olurlar. Fürsətdən istifadə edərək valideynlərə müraciət etmək istəyirəm. Əvvəla çalışmaq lazımdır ki, kiçik yaşlarından övladlarında təhsilə, elmə, kitaba maraq oyatsınlar. Orta məktəbin son siniflərində isə uşağın sərbəst olaraq, öz maraq dairəsinə və istəyinə uyğun seçim etməsinə yardım etsinlər, “filankəsin oğlu hüquqşünasdır, prokurordur, sən də hüquqşünas və ya prokuror olmalısan” deməsinlər, övladlarını düzgün istiqamətləndirsinlər.  İnsan kapitalına qoyulan yatırım bu gün təkcə ali təhsil müəssisələrinə şamil edilməməlidir. Həmçinin texniki peşə məktəbləri və onların inkişafı da insan kapitalının formalaşdırılmasına yönəlmiş çox mühüm bir istiqamətdir. Son vaxtlar cəmiyyətimizdə texniki peşə məktəblərinə qarşı yaranmış laqeyd münasibət bu sahənin müəyyən mənada kölgədə qalmasına gətirib çıxarmışdı. Ancaq Prezidentin 2007-ci ilin iyul ayında təsdiq etdiyi «Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı»nın bu vacib sahədə ciddi dönüş olacağına ümid yaradıb.

   - Ali təhsilimizin Bolonya prosesinə inteqrasiyası barədə fikirlər birmənalı deyil. Yəni Bolonya prosesinin bizdə hələ reallaşmadığını, qüsurlarla tətbiq olunduğunu bildirənlər var. Siz bu barədə nə düşünürsünüz?

   - Hər hansı bir ölkədə tətbiq edilmiş istənilən yeniliyi, istənilən nümunəni başqa bir ölkədə olduğu kimi tətbiq etmək mümkünsüzdür. Çünki bu zaman həmin ölkənin adət-ənənələri, milli kimliyi, eyni zamanda mentaliteti çox ciddi rol oynayır. Bir neçə ildir ki, biz də Bolonya prosesinə qoşulmuşuq. Təbii ki, qüsurlarla da rastlaşırıq, ancaq bu qüsurlar qısa zamanda aradan qaldırılır. İlk vaxtlar pilot layihələrlə başlayan bu proses artıq demək olar ki, öz yerini tapmaqdadır. Hesab edirəm ki, sistemin tam öz yerini tutması üçün müəyyən zamana ehtiyac var.

   - Magistratura təhsil pilləsi barədə də yekdil rəy və mövqe yoxdur. Bizdə magistratura pilləsi gah ali təhsilin bir pilləsi, gah da elmi dərəcə kimi qəbul edilir. Hətta bəzən iş yerlərinə magistr ali dərəcəsi olmayan bakalavrları qəbul etmirlər. Bu kimi məqamlar barədə hansı mövqeyiniz var? Əslində magistrlərə necə yanaşılmalıdır?

   - Azərbaycan Respublikasında ali təhsil üç pilləlidir - bakalavriat, magistratura və doktorantura. Bakalavriatın müddəti dörd ildir, daha sonra bakalavriatı bitirən şəxs ixtisaslaşma üzrə daha iki il oxuyur və magistr dərəcəsi alır. Bir çox mütəxəssislər magistr pilləsini elmi dərəcə kimi qəbul etmirlər. Dünya təcrübəsinə baxsaq, görərik ki, bəzi dövlətlərdə də bu belədir. Magistr elmi dərəcə sayılmır, sadəcə ali təhsilin bir pilləsi, yuxarı dərəcəsi kimi qəbul edilir. Elmi dərəcə almaq üçün isə mütləq doktorantura oxumaq lazımdır. Azərbaycanın yeni qəbul olunmuş “Təhsil haqqında” qanununda magistr ali elmi-ixtisas dərəcəsi, bakalavr isə ali-peşə ixtisas dərəcəsi sayılır. Buna görə də bakalavr dərəcəsi olan şəxslərin işə götürülməməsi birbaşa qanun pozuntusudur. Çünki “Təhsil haqqında” qanunda bakalavriat pilləsini başa vurmuş məzunların elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyətdən başqa bütün digər fəaliyyət sahələrində çalışa biləcəyi açıq-aydın göstərilib.

  - Doktorantura pilləsi ilə bağlı fikirlərinizi və təkliflərinizi bilmək istərdik.

  - Uzun davam edən müzakirələrdən sonra bir müddət əvvəl yeni təhsil qanunu qəbul edildi. Qanunda orta, orta ixtisas, ali təhsil və doktorantura ilə bağlı bütün məqamlar öz əksini tapıb. İndi növbə həmin məqamların real tətbiqindədir. Düşünürəm ki, aspiranturanın ləğvi və doktorantura pilləsinin iki mərhələdən ibarət olması dünya təhsil sisteminə inteqrasiya yolunda atılmış önəmli addımlardan biridir. Ancaq yeni “Təhsil haqqında” Qanunun qəbulundan iki ilə yaxın vaxt keçsə də, hələ də doktoranturaya qəbul keçirilməyib. Doktoranturanın ödənişli və ya ödənişsiz olması barədə fikir ayrılıqları qalmaqdadır. Fikrimcə, doktorantura ödənişsiz olmalıdır, həmçinin doktoranturada təhsil alan şəxs yüksək təqaüdlə təmin edilməlidir. Çünki maddi rifahı normal təmin olunmayan doktorantın elmin inkişafına töhfəsindən söhbət gedə bilməz.

    - Xaricdə təhsil almaq istəyən gənclərin sayı getdikcə artmaqdadır. Xaricdə təhsil almağa çalışan gənclərə nə məsləhət görərdiniz?

   - Hazırda 5000 nəfərdən artıq azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin ali məktəblərində oxuyur. Onların təxminən yarıya qədəri dövlət hesabına təhsil alanlardır. Bu tələbələrin böyük əksəriyyəti Avropa, ABŞ, Türkiyə, Rusiya kimi ölkələrin nüfuzlu ali məktəblərində təhsil alırlar. Son illər müxtəlif beynəlxalq təşkilatların xətti ilə xaricdə təhsil alan tələbələrimizin sayı da artmaqdadır. Eyni zamanda, ali təhsil müəssisələrimizdə çox sayda əcnəbi tələbələrlə də rastlaşırıq. Bu da təbii ki, bizi bir vətəndaş olaraq qürurlandırır. Bu gün bir çox gənclərimiz var ki, xaricdə təhsil almaq istəyindədirlər. Bəlkə də düşünürlər ki, ixtisasım, universitetim hansı olursa olsun, təki xaricdə oxuyum. Hesab edirəm ki, bu cür düşüncə ilə gedib xaricdə oxumaqdansa, elə öz ölkəmizdə qalmaq daha məqsədəuyğun olar. Fikrimcə, gənclərimiz xaricdə təhsil almağa gedərkən ilk növbədə düşünməlidirlər ki, seçəkləri ixtisas və universitet onların gələcək fəaliyyətində öz reallığını necə tapacaq? Təhsilini başa vurduqdan sonra ölkədə həmin ixtisas üzrə yararlı kadr ola biləcəkmi? Ölkənin inkişafına hansı töhfələri verə biləcək? Bütün bu və digər sualların cavabını tapmadan xaricdə təhsil almağa getmək doğru deyil.

   - “İRƏLİ” İdarə Heyətinin üzvüsünüz. “İRƏLİ” Xaricdə Təhsil Mərkəzinin xaricdə təhsillə bağlı fəaliyyəti barədə mümkünsə ətraflı məlumat verərdiniz.

    - “İRƏLİ” İctimai Birliyi yarandığı gündən bu günə kimi hər zaman Azərbaycan gənclərinə ən yüksək keyfiyyətə və tərkibə sahib təlimlər, kurslar, seminarlar və özünüinkişaf istiqamətləri göstərən təşkilat kimi fəaliyyətini davam etdirir. Bu müddət ərzində “İRƏLİ” İctimai Birliyi on iki mindən artıq gənc və yüksək potensiallı üzvü öz ətrafında cəmləşdirərək Azərbaycanda insan kapitalının inkişafına yönəlmiş layihələrin reallaşdırılmasına davam edir. Təşkilatın məqsədi Azərbaycanda yüksək intellekt və dünyagörüşünə sahib gənclərin formalaşmasına dəstək göstərməkdir. Yaranan tələbat və gənclərin istəyi nəzərə alınaraq, diqqətli təhlil və araşdırmalardan sonra “İRƏLİ” İctimai Birliyi nəzdində Xaricdə Təhsil Mərkəzinin fəaliyyətə başlamasına qərar verdik. Qısa bir müddət ərzində dünyanın bu sahədə fəaliyyət göstərən aparıcı qurumları və təhsil müəssisələri ilə əlaqələr qurduq. Hər zaman keyfiyyətli fəaliyyəti özünə hədəf seçən və gəncləri daim irəli yönləndirmək məqsədi olan “İRƏLİ” İctimai Birliyi həm Bakı şəhərində olan mərkəzləri, həm də dünyanın inkişaf etmiş şəhərlərində fəaliyyət göstərən koordinatorları vasitəsilə bu proqramı uğurla reallaşdırır. Xaricdə təhsil almaq arzusunda olan, lakin qəbul prosesi haqqında yetərli məlumata malik olmayan gənclərə ən yüksək keyfiyyətlə konsaltinq xidmətləri təşkil olunur, hər bir müraciət edən şəxsin potensialına uyğun olan fərdi inkişaf strategiyası hazırlanır. Xaricdə təhsillə yanaşı ixtisasartırma proqramları, yay universitet və kampları, xaricdə dil kursları “İRƏLİ” Xaricdə Təhsil Mərkəzinin əsas fəaliyyət istiqamətlərinə daxildir. Maraqlananlar “www.xaricdetehsil.org” ünvanına daxil olaraq proqramlar haqqında ətraflı məlumat əldə edə bilərlər.  

 

 

İlkin AĞAYEV

 

Palitra. -2011. -4 may. –S. 7.