“Rəsm və rəngkarlıq fənlərində dərs saatları çox azdır”

 

Dünən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, «Microsoft Azerbaijan», «Ultra» və «Azərin» şirkətlərinin təşkilatçılığı ilə Elektron İmza Milli Sertifikasiya Mərkəzinin təqdimatı keçirilib.  

 

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə «e-imza» barədə ətraflı məlumat verib və bildirib ki, «e-imza»nın ölkədə tətbiqi üzrə müəyyən işlərə 2004-cü ildə başlanılıb, 2008-ci ildə dövlət büdcəsindən vəsait ayrılıb və həmin il «Microsoft», «Ultra» və «Azərin» şirkətləri «e-imza»nın tətbiqi üçün görüləcək işlər üzrə keçirilən tenderdə qalib gəlib, 2009-cu ildə «e-imza» üzrə pilot layihəyə başlanılıb. Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkənin İKT sektorunun inkişafından danışıb və bildirib ki, son 7 il ərzində sahə üzrə gəlirlərin artımı 30-35% olub: «Biz gəlirlərin artımını 25% səviyyəsində saxlaya bilsək, artıq 2022-ci ildə İKT-nin gəlirləri neft sahəsinin gəlirləri ilə bərabərləşəcək». İKT-nin cəmiyyətin inkişafında müsbət rol oynadığından danışan nazir qeyd edib ki, yaxın bir neçə aydan sonra «e-imza» cəmiyyətə təqdim olunaraq istifadəyə veriləcək: «Elektron imzanın ölkədə tətbiqi bir çox sahələrin inkişafına təkan verəcək».Tədbirdə çıxış edən Vergilər Nazirliyi Baş Vergilər İdarəsinin rəisi Zaur Fətizadə ölkədə vergilər sahəsində elektron xidmətlərin tətbiqi və istifadəsindən danışıb və bildirib ki, 2010-cu ildə nazirliyə 1,5 mln. ədəd elektron hesab faktura daxil olub, bu da 20 ton kağız və ya 0,5 hektar meşənin qənaəti deməkdir. Qeyd edək ki, layihə çərçivəsində fiziki və hüquqi şəxslər üçün «e-imza» kartları hazırlanıb. 

 

Telefon rabitəsində danışıq limitinin tətbiqi məsələsinə baxılır 

 

Bir çox məsələylə bağlı jurnalistlərə açıqlama verən nazir Əli Abbasov bildirib ki, stasionar telefon rabitəsindən istifadəyə görə dəqiqə hesabı ödəniş sisteminin tətbiqi məsələsinə hazırda Tarif Şurasında baxılır. Onun sözlərinə görə, əsas məqsəd göstərilən xidmətlərin çeşidini artırmaq, əhali üçün alternativ sistemin artırılması, seçim imkanı yaratmaqdır: “Stasionar telefon rabitəsindən istifadəyə görə dəqiqə hesabı ödəniş sisteminə keçdikdən sonra aztəminatlı ailələr üçün güzəştlər tətbiq ediləcək, yüksək təbəqə və biznesini telefonla quranlar üçün müəyyən artım olacaq”. Nazir KİV üçün də güzəştlər nəzərdə tutulduğunu diqqətə çatdırıb. 

 

“Skype” sistemi təhlükə yaradır  

 

Nazir bildirib ki, Azərbaycanın elektron təhlükəsizliyində müəyyən zəif yerlər mövcuddur. Buna misal olaraq nazir “Skype” sistemini göstərib: “Bu sistem bir çox ölkənin elektron təhlükəsizliyi üçün müəyyən təhlükə yaradır ki, Azərbaycan da istisna deyil”.“BlackBerry”yə gəldikdə isə Ə.Abbasov bildirib ki, bu smartfonlar vasitəsilə abunəçilərin yararlandığı xidmətlər ölkənin elektron təhlükəsizliyinə heç bir xələl gətirmir: “Ümumiyyətlə, Azərbaycanda təhlükəsizliyin yaxşılaşdırılması istiqamətində ciddi işlər görülür”. Azərbaycanın ilk mobil CDMA operatoru “Catel” şirkəti Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) və “Azerfon” şirkətinin idarəçiliyinə verilə bilər. Əli Abbasovun sözlərinə görə, bir müddət əvvəl “Catel”də texniki problemlər yaranıb: “Şirkət bunu mayın əvvəlində aradan qaldırmalı idi. Biz nazirlik səviyyəsində işə qarışdıq və BTRİB-lə “Azerfon”u “Catel”də yaranmış problemlərin həllinə yönəltdik”. Nazir qeyd edib ki, hazırda “Catel”in stasionar rabitə şəbəkəsinin BTRİB-in, mobil telefon şəbəkəsinin isə “Azerfon”un idarəçiliyinə götürülməsi ilə bağlı müzakirələr aparılır: “Yaxın vaxtlarda abunəçilər “Catel” şəbəkəsindən tam istifadə edə biləcək. Abunəçilərə kompensasiya verilməsi məsələsinə də baxılır”. 

 

Manat sisteminə keçid şəffaflığı artırıb  Əli Abbasov ölkədə fəaliyyət göstərən mobil rabitə operatorlarının kontur sistemindən manat tarifikasiyasına keçidinə də münasibət bildirib. Nazir baş vermiş dəyişikliyin mobil rabitə sahəsində şəffaflığı artırdığını deyib: “Bu sistem sayəsində abunəçi ona göstərilən xidmətə görə ödədiyi vəsaitə nəzarət edə bilir. Bu sistem həmçinin operatorlar arasında rəqabəti gücləndirir”. 

 

Piratçılıqla mübarizə gücləndirilir 

 

Nazir vurğulayıb ki, ölkədə piratçılığın qarşısının alınması istiqamətində kompleks tədbirlər davam etdirilir və piratçılığa qarşı ciddi şəkildə mübarizə aparılır: «Hüquqi bazanın gücləndirilməsi üçün ölkə parlamenti tərəfindən intellektual müllkiyyətin qorunması ilə bağlı qanun layihəsi müzakirə olunur. Eyni zamanda bu istiqamətdə normativ-hüquqi sənədlər də hazırlanır». Nazir kompyuter istifadəçilərinə lisenziyalı proqram təminatlarından yararlanmağı məsləhət görüb: «İstifadəçilər lisenziyalı proqramlardan yararlandığı halda dövlət orqanları onların informasiya hüquqlarının qorunması məsuliyyətini daşıyacaq». 

 

 

Cavidan

 

Palitra.- 2011.- 4 may.- S. 11