İki
ölkənin bir xalqı
Azərbaycan Qadın Jurnalistlər
Assosiasiyasının may ayında Gürcüstana təşkil
etdiyi səfərdə (9 may-18 may) jurnalist qadınlar azərbaycanlıların
ən sıx yaşadığı Marneuli və Qardabani
rayonlarının tələbə və məktəbliləri
ilə görüşlər keçiriblər.
Görüş ulu öndər Heydər Əliyevin 88-ci
ildönümünə həsr olunub.
Proqram
çərçivəsində jurnalist qadınlar azərbaycanlı
gənclər və uşaqlarla maraqlı görüşlər
keçirib. Görüşlərdən, səmimi fikir
mübadilələrindən məlum olub ki, bölgədə
yaşayan həmyerlilərimizə həm Gürcüstan, həm
də Azərbaycan hökumətləri tərəfindən
xüsusi diqqət və qayğı göstərilir. Hər
iki ölkə rəhbərlərinin
başçılığı altında azərbaycanlıların
sosial problemlərinin həlli sahəsində görülən
saysız-hesabsız işlər hər sahədə
özünü büruzə verir.Öz tərəfindən
Gürcüstan rəhbərliyi azərbaycanlıları diqqətdənkənar
qoymur, həmyerlilərimiz tərəfindən
qaldırılan məsələlərə münasibət
bildirir, azərbaycanlılara hər işdə yardım etməyə
çalışır.
Səfərin
ilk günü, may ayının 9-da jurnalist qadınlar Marneuli
Gənclər Birliyinin fəal gəncləri ilə
görüşüblər. Məlum olub ki, əvvəlki illərə
nisbətdə ali məktəbə qəbul olmaq istəyənlərin
və həmçinin qəbul olunanların sayı iki dəfədən
çox artıb. Belə bir artım bölgədə təhsilin
səviyyəsinin artmasının nəticəsidir. Bu il təkcə
Sadaxlı kənd məktəbinin 42 məzunundan 19-u ali məktəbə
daxil olub. Ümumilikdə isə ali məktəbə daxil
olanların sayı ildən-ilə artır. Ölkə
prezidenti M.Saakaşvili bütün rayonların ali məktəbə
qəbul olmuş gəncləri ilə şəxsən
görüşüb, onlara diqqət əlaməti olaraq hər
birinə kompyuter hədiyyə edib. Bundan başqa digər
sosial məsələlərin həllinə də ölkə
başçısı biganə qalmır, hər xırda
müraciəti belə diqqətdən yayındırmır.
Gürcüstan Azərbaycanlıları Konqresinin yeni
açılmış «Konqres» qəzetinə M.Saakaşvilinin
təbrik teleqramı göndərməsi isə əlbəttə
ki, kiçik bir məsələyə böyük diqqətin
nəticəsidir.
Gənclər
İttifaqının 200-dən çox üzvü, məktəblərdə
müəllim kollektivləri, həmçinin şagirdlərlə
və rayon camaatı ilə görüşdə təsdiq
olunub ki, Azərbaycanın Gürcüstanda yerləşən
neft şirkətinin nümayəndəliyi bölgədə
yaşayan azərbaycanlıların əksər problemlərinin
həllini öhdəsinə götürərək yerinə
yetirir. Bu diqqət özünü hər sahədə
göstərir. Səhiyyə sahəsinə gəldikdə, 12
minə yaxın əhalisi olan Sadaxlı kəndində xəstəxana
təmir edilib istifadəyə verilib və yeni tibb məntəqələri
açılıb. Bundan başqa Nazarlı, Kosalı, 100
yaşlı Alget kənd məktəbləri təmir olunub. Eləcə
də Kosalı, Nazarlı kənd
məktəblərində idman komplekslərinin tikilib məktəblilərin
ixtiyarına verilməsində, aztəminatlı ailələrdə
tələbələrin təhsil haqqının ödənilməsinə
yardımda, Marneuli Gənclər Evinin alınmasında, əksəriyyəti
azərbaycanlılar yaşayan Rustavi şəhərində 1
hektar sahədə böyük bir parkın salınmasında,
yardıma ehtiyacı olanlara maddi yardım göstərilməsində,
mədəni-kütləvi tədbirlərin keçirilməsində,
demək olar ki, bütün işlərdə «SOCAR»ın - yəni
Azərbaycanın Gürcüstanda yerləşən neft
şirkətinin yüksək təşkilatçılığı
və köməyi görünür. Hər bir görülən
iş soydaşlarımızda
ruh yüksəkliyi yaradır və belə bir münasibət
Azərbaycan rəhbərliyinin də Gürcüstanda
yaşayan həmyerlilərimizə xüsusi diqqətindən
xəbər verir.Jurnalist qadınlar üçün sevindirici
fakt o olub ki, görülən işlər, qeyd olunanlar vəzifə
sahiblərinin çıxışlarından, təqdim olunan
sənədlərdən deyil, sadə camaatın dilindən
eşidilən, etiraf edilən faktlardır. Bütün
bunlarla yanaşı jurnalist qadınları və camaatı
narahat edən məsələlər də ortaya
çıxıb. Azərbaycanın neft şirkətinin
Gürcüstandakı nümayəndəliyinin fəaliyyətə
başlaması ilə minlərlə azərbaycanlı gəncin
işlə təmin olunmasına baxmayaraq xüsusilə gənclər
arasında hələ də işsizlik problemi qalmaqdadır.
Jurnalistləri
narahat edən digər problem azərbaycanlı balaların gələcək
inkişafı ilə bağlı olan bir problemdir. Belə ki,
təhsil müəssisələrində azərbaycanlı
uşaqlara tədris proqramına əsasən yalnız
Gürcüstan tarixi tədris olunur. Hətta tələbələrin
əksəriyyətinin etiraflarına görə, onların Azərbaycan
tarixindən xəbərləri yoxdur. “Biz tariximizi öyrənmək
istəyirik”deyən Gürcüstan Azərbaycanlı Gənclər
İttifaqının sədri Leyla Məmmədovanın
sözlərinə görə, mükəmməl, sadə
dildə yazılmış, bizə tariximizi başa sala bilən
Azərbaycan tarixi dərsliyi yoxdur ki, tariximizi öyrənə
bilək: “Elə gənclər var ki, Azərbaycandan bəzi
kitablar alıb gətirir, amma o kitablarda da tarixin
ayrı-ayrı dönəmləri haqda məlumat verilib deyə
tarixi ardıcıllıqla öyrənə bilmirik. Nəticədə
də yenə məlumatsız qalırıq. Bu bir qrup gəncin
yox, demək olar ki, bütün gənclərin istəyidir. Əlbəttə,
bu gün tariximizi bilməməyimizi özümüzə
ayıb sayırıq. İnternetlə də bunu öyrənmək
mümkün deyil, çünki sadə dildə deyil,
anlaşılmaz və qarışıq yazılıb. Biz
tarixdə olan hadisələrə qiymət verə bilməsək,
müasir dövrdə baş verən hadisələri
düzgün qiymətləndirə bilmərik!
Ümidvarıq ki, jurnalist qadınlar bizim istəyimizi Təhsil
Nazirliyinə də çatdıracaq”.
Ali məktəb
tələbəsi Elina Cəlilovanın sözlərinə
görə, Azərbaycan tarixini şagird və tələbələr
çox çətinliklə
öyrənə bilir. Onun fikrincə, tariximizi öyrənməyin daha
asan yolu seçilməlidir.
Belə
bir faktla bağlı yalnız təəssüf hissi
keçirmək olar ki, bu vaxta qədər tariximiz
Gürcüstanda yaşayan azərbaycanlı məktəblilərə,
gənclərimizə aşılanmayıb. Bununla belə
«ziyanın yarısından qayıdaraq» hamılıqla bu
çatışmazlığın aradan götürülməsinə
çalışmalıyıq.
Jurnalist qadınların bölgədə
rastlaşdığı digər problem orta məktəbdə
təhsil alan şagirdlərin sayının yuxarı siniflərdə
kəskin azalma fərqi olub. Oğlan uşaqları əksər
hallarda qazanc əldə etmək məqsədilə təhsildən
yayınır, qızlar isə
vəhşi bir psixologiyanın qurbanı olaraq erkən
yaşlarından nişanlanır, erkən nikahlara məruz
qalırlar. Təəssüf ki, bölgədə «qız
uşağının ərə getməyi oxumağından
vacibdir!» kimi köhnə prinsip hələ də hökm
sürür.
Gürcüstan
Azərbaycanlı Gənclər İttifaqının sədri
Leyla Məmmədova bildirib ki, erkən ailə qurmağın
fəsadları ortaya çıxır ki, bu da əksər ailələrdə
narazılığa, boşanmalara səbəb olur. Amma ən
pisi odur ki, belə nikahların sayı durmadan artır.
Qızlar çox vaxt 15 yaşından nişanlanır və
az müddətdən sonra ərə verilir. Bu irəliyə-inteqrasiyaya
deyil, geriyə- mövhumata aparan qaranlıq yoldur.
Jurnalist
Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova həm
dövlət, həm də qeyri- dövlət qurumları tərəfindən
erkən nikah kimi dəhşətə son qoyulmasının,
Gürcüstanda yaşayan balaca balalarımıza yardım
edilməsinin vacibliyini qeyd edib. O, problemin həllinə kömək
məqsədilə maarifləndirmənin böyük əhəmiyyətini
vurğulayaraq valideynlər və şagirdlər arasında
güclü təbliğat aparılmasını, məsələnin
müvafiq qurumlar qarşısında qaldırılmasını,
assosiasiya tərəfindən
layihənin hazırlanmasını və həyata
keçirilməsini təklif edib.
Jurnalist Qadınlar
Assosiasiyasının işgüzar səfəri
Gürcüstan azərbaycanlıları tərəfindən səmimiyyət
və mehribanlıqla qarşılanıb və yeni
görüşlər arzusu ilə başa çatıb.
Nigar
Palitra. – 2011.- 24 may. – S. 12