Media və cəmiyyət
arasında əlaqələr müzakirə olundu
Ötən
gün Səbail Rayon İcra Hakimiyyətində “Media və cəmiyyət
arasında əlaqələrin inkişaf etdirilməsi”
mövzusunda konfrans keçirilib. Konfrans Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun (KİVDF) və Səbail Rayon İcra Hakimiyyətinin
birgə təşkilatçılığı ilə
baş tutub.
Konfransda KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycannın 20-dən çox aparıcı kütləvi informasiya vasitəsinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, rayonun müxtəlif idarə və təşkilatlarında çalışan gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan milli mətbuatının yaranması, onun inkişaf yolu barədə məlumat verib: “Bu il 136 illiyini qeyd edəcəyimiz Azərbaycan milli mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olub. Digər ifadə vasitələrinin inkişaf etmədiyi bir zamanda mətbuat xalqın geniş dairələrini düşündürən problemləri diqqət mərkəzinə gətirib, ictimaiyyətin müzakirəsinə çıxarıb”. O, ümummilli lider Heydər Əliyevin mətbuat işçilərinə olan diqqət və qayğısı, mətbuatın inkişafı ilə bağlı görülən işlər, KİV-in və jurnalistlərin müstəqilliyinə təminat verən qanunların qəbul edilməsi, bir çox qəzet redaksiyalarına birdəfəlik maliyyə yardımlarının göstərilməsi, 300-dən çox KİV əməkdaşına Prezident təqaüdünün, dövlət mükafatı və fəxri adların verilməsi barədə məlumat verib. Asif Əsgərov bildirib ki, bu gün Azərbaycanda qabaqcıl dünya standartlarına uyğun azad, plüralist mətbuat formalaşıb. Hazırda 40-dan artıq informasiya agentliyi qeydiyyata alınıb, ölkədə onlarla jurnalist təşkilatı fəaliyyət göstərir, Azərbaycanda 9 ümumrespublika, 1 peyk, 15 regional və 13 kabel televiziyası var. O qeyd edib: “Bu il Azərbaycan dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyini qeyd edəcək. Bu 20 il ərzində əldə olunan nailiyyətləri, görülən işləri çox yüksək qiymətləndirmək olar. 20 il bundan qabaq müstəqilliyin bərpa olunması ərəfəsində görülən işlərə, əldə olunan nailiyyətlərə nəzər salsaq, çox narahatedici faktlar meydana gəlir. 1992-1993-cü ilin əvvəllərində ölkənin ehtiyat fondu 1 milyon dollar civarında idi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkədə mühüm inkişafa nail olundu. Indi ölkəmizin ehtiyat fondu 30 milyardı keçib və bu da ölkənin inkişafı üçün çox böyük bir rəqəmdir. Neft kontraktları və qeyri-neft sektorundan əldə olunan nailiyyətlər onun fədakar zəhmətinin nəticəsində əldə olunub. Bu gün də Prezident İlham Əliyevin sayəsində bu siyasət uğurla davam etdirilir. Ölkədə həyata keçirilən bütün işlərin əhaliyə çatdırılmasında mətbuatın üzərinə çox böyük bir iş düşür. Bu gün ölkədə fəaliyyət göstərən mətbuat orqanları bunun öhdəsindən layiqli səviyyədə gəlirlər. Ancaq təəssüflər olsun ki, bugün görülən işlərə qara yaxmağa çalışan insanlar da var. Bəzi KİV-də yanlış materialların verilməsi, böhtan, şər xarakterli addımların atılması bizi bir azərbaycanlı kimi narahat edir. Ancaq əldə olunan nailiyyətləri ölkəyə, bütün dünyaya çatdırmaq istiqamətində çox ciddi addımlar atılır. Bunun da mənbəyi, əsas istiqamətlərindən biri bu məlumatları internet vasitəsilə yaymaq və dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir”. Konfransda çıxış edən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli konfransın həsr olunduğu mövzunun mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək media və cəmiyyət arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini və Azərbaycan dövlətinin medianın inkişafına göstərdiyi dəstəyi qeyd edib. Eyni zamanda Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun fəaliyyəti barədə danışan V.Səfrli konfransın dialoq şəklində davam etrdirilməsini təklif edib. Daha sonra V.Səfərli tədbirdə iştirak edən media rəhbərlərini tədbir iştirakçılarına təqdim edib. Sonra konfransda çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov mətbuatın tarixi, keçdiyi yol və gördüyü işlər barədə ətraflı məlumat verib. O bildirib ki, bu gün Azərbaycanda 4500-ə qədər KİV qeydiyyatdan keçib: "Ölkədə 30-u gündəlik, 50-si həftəlik olmaqla qəzetlər, 20-ə yaxın informasiya agentliyi, 9 ümumrespublika televiziyası, 15 region televiziyası, 11 radio fəaliyyət göstərir. Azərbaycanda son zamanlar internet portalları fəaliyyət göstərir, 500 minə yaxın insan "Facebook" sosial şəbəkəsinin istifadəçisidir, 200 min insan internetdən müxtəlif məlumatlar əldə edir. Ölkədə mövcud informasiyaların ötürülməsində əhəmiyyətli işlər mətbuat konfranslarının keçirilməsi, press-relizlərin hazırlanması və digər məsələlərdən asılıdır". O, günü-gündən qəzetlərin tirajlarının aşağı düşdüyünü də vurğulayıb və qeyd edib ki, son illərdə internet jurnalistikasının inkişafı yazılı jurnalistikanın tirajının aşağı düşməsinə səbəb olur. Şura sədri reket jurnalistikası ilə bağlı məsələyə də münasibət bildirib. O vurğulayıb ki, şura daim ölkədə fəaliyyət göstərən reket qəzetlərə qarşı mübarizə aparır: "Bu günə kimi 100-ə yaxın reket qəzet Mətbuat Şurasının “qara siyahı”ya salınıb. Onlar ictimaiyyət üçün deyil, öz mənfəətləri üçün fəaliyyət göstərir. Şuraya daxil olan şikayətlərə gəlincə, deyə bilərəm ki, hər il Mətbuat Şurasına 700-1000-ə qədər şikayətlər daxil olur. Daha sonra çıxış edən "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının Reket jurnalistikasına qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə bildirib ki, bu gün Azərbaycan mətbuatında söz və mətbuat azadlığının bərpası üçün mühüm addımlar atılıb. Onun sözlərinə görə, Mətbuat Şurasının yaranmasına qədər ölkədə mətbuatın fəaliyyətinə nəzarət edən qurum yox idi. V.Rəhimzadə bildirib ki, bu qurumun yaradılması ilə ölkə mətbuatının inkişafı, nəzarəti istiqamətində mühüm addımlar atılıb: "Amma təbii ki, ölkədə mətbuatın inkişafına yaradılan şəraitdən sui-istifadə edən bəzi mətbu orqanlar da var. Bəzi insanlar və mətbuat orqanları böhtan, şantaj və şəxsi həyata müdaxilə hallarına yer verirlər. Bu günə kimi 100-ə yaxın nəşr qurumun “qara siyahı”sına salınıb. Bunlar yalnız öz maraqları çərçivəsində çalışır və buna görə də qurum tərəfindən qabaqlayıcı işlər həyat keçirilir". Daha sonra tədbir müzakirələr şəklində davam edib, konfransda iştirak edən media nümayəndələri gənclərin və ictimaiyyət nümayəndələrinin suallarını cavablandırıblar. Eyni zamanda konfrans zamanı müxtəlif xarici ölkələrdə təhsil alan və işləyən səbailli gənclər də internet vasitəsilə konfransa qatılıb, mövzu ilə bağlı öz suallarını ünvanlayıb və fikirlərini bildiriblər.
Əlimərdan
Palitra.- 2011.-25
may.-S.8.