«Ciddi elmi araşdırmalara ehtiyac var»

 

Layihə çərçivəsində müsahibimiz Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dissertantı Miraqil Seyidzadədir:  

 

- Son vaxtlar ən müxtəlif səviyyələrdə elmin, təhsilin inkişaf perspektivləri, mövcud problemlərin aradan qaldırılması ilə bağlı müzakirələr aparılır, təkliflər səsləndirilir. Bunun özü çox mühüm məsələdir. Deməli, bu sahənin inkişaf etməsinin vacib olduğu bilinir, problemlər dilə gətirilir, müzakirələr aparılır. Ən əsası da odur ki, bu müzakirələrdə dövlətimiz özü maraqlıdır. Bu gün Azərbaycanda çox böyük inkişaf müşahidə olunur. Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş dövlət sayılır və ölkəmizdə demək olar ki, bütün sahələrdə dəyişiklik özünü göstərir, yenidənqurma aparılır, islahatlar həyata keçirilir. Sözsüz ki, elm və təhsil bu ümumi inkişafdan geri qala bilməz, əksinə, bu inkişafın lokomotivi olmalıdır. Çünki dövlətimiz də yaxşı bilir ki, inkişafı daha dayanıqlı etmək üçün onun elmi əsaslarını qurmaq lazımdır. Bunun üçün elmin inkişafı vacibdir. Azərbaycanın dövlət başçısı bu gerçəyi çox yaxşı bildiyi üçün elmin inkişafını daim diqqət mərkəzində saxlayır. Yeni elmi-tədqiqat mərkəzlərinin açılması, universitetlərin maddi-texniki bazasının gücləndirilməsi, yeni korpusların istifadəyə verilməsi dövlətin elm sahəsi ilə bağlı siyasəti prioritet hesab etdiyini göstərir. Elm sahəsinə büdcədən ayrılan vəsaitin ildən-ilə artırılması bu inkişafın təmin edilməsində mühüm amildir. Bu sahədəki qanunvericilik bazası da təkmilləşdirilir, yeni qanunlar qəbul edilir. AMEA-nın son toplantısında dövlət başçısının iştirakı və orada etdiyi çıxış elm sahəsinin inkişafında yeni mərhələ açıb. Həmin toplantıda dövlət başçısı elmin inkişafının dövlət üçün nə qədər vacib olduğunu bəyan etdi. Eyni zamanda hansı sahələrin inkişafının önəmli olduğunu, hansı sahələrdə elmi-tədqiqat işinin aparılmasının daha böyük əhəmiyyət daşıdığını qeyd etdi. Yəni dövlət başçısı bir növ elm adamları üçün əsas prioritetləri göstərərək inkişaf proqramını elan etdi. Təhsilimizin, elmimizin inkişafı üçün dövlət tərəfindən lazım olan bütün dəstəyin verildiyini və bundan sonra da veriləcəyini vurğuladı. İndi qalır elm adamlarımızın bu proqram əsasında işlərini qurması.

 

- Bu sahədə əsas problemlər hansılardır?

- Elm adamlarının əsas şikayəti həmişə əməkhaqqının azlığından olur. Doğrudan da, alimlərimiz yaxşı təmin olunsalar, lazımi səviyyədə əməkhaqqı alsalar, diqqətlərini daha çox elmə ayırarlar. Amma yavaş-yavaş bu problem aradan qalxmaqdadır və mən ümid edirəm ki, çox yaxın gələcəkdə bu problem tamamilə həllini tapacaq. Dövlət başçısının sərəncamları ilə artıq AMEA sistemində çalışanların əməkhaqları artırılıb. Həkimlər və müəllimlərin dövlət qulluqçusu sayılması ilə bağlı sərəncam onların əməkhaqlarının artmasına da səbəb olacaq. Elmi-tədqiqat institutlarının maddi-texniki bazasının zəif olması və ya köhnəlməsi də müəyyən problemlər yaradırdı. Artıq bu istiqamətdə ciddi addımlar atılmağa başlanılıb. Elmi-tədqiqat institutlarının maddi-texniki bazasının gücləndirilməsi elmi araşdırmaların yüksək səviyyədə aparılmasını təmin edəcək. Ümumiyyətlə, elm sahəsindəki problemləri qeyd edərkən onları müxtəlif sahələrə bölmək olar. Ən əsası odur ki, bu problemlərin aradan qaldırılması üçün artıq dövlət tərəfindən konkret işlər görülür, dövlət başçısı ortaya konkret iradə qoyub. Problemlərin həllinə ilk mərhələdən başlayıb tədricən daha da böyütmək lazımdır. Yəni problemlərin həlli məktəbdən başlayaraq ali təhsilə, akademik təhsilə qədər davam etdirilməlidir. İşin bu şəkildə qurulması problemlərin həllində ciddi dönüş yaranmasına gətirib çıxaracaq. Fikrimcə, əsas problemlərdən biri elmi-tədqiqat işlərinin aparılması ilə bağlıdır. Ciddi şəkildə araşdırmanın aparıldığı, yeni sözün deyildiyi elmi araşdırmalara ehtiyac var. Bir müddət əvvəl bizdə elə idi ki, elmi-tədqiqat işləri başdansovdu şəkildə həyata keçirilirdi. Eyni mövzularla bağlı demək olar ki eyni fikirlərin yer aldığı, təkrarçılığın olduğu elmi işlər, namizədlik dissertasiyaları yazılırdı. Belə işlərin aparılması kimə, nəyə lazımdır? Belə işlərin elmin inkişafına heç bir xeyri yoxdur. Çox şükür ki, indi dövlətin bu sahəyə müdaxiləsi sayəsində bunun qarşısı alındı. Bu sahədə ciddi nizam-intizamın olması çox vacibdir. Elmi işlər üçün mövzuların seçilməsi, istiqamətlərin müəyyən edilməsi, araşdırmaların aparılması ciddi müzakirədən keçməlidir. Bu gün Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətdir. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və əldə edilən müsbət nəticələr əsasında iqtisadi inkişafın Azərbaycan modeli yaranıb və beynəlxalq institutlar bu modeli nümunə kimi təqdim edirlər. Bəs görəsən, bizdə bu inkişaf modelinin hərtərəfli araşdırılması aparılırmı? Bunu ilk növbədə biz etməliyik, bizim alimlərimiz iqtisadi inkişafımızı elmi cəhətdən araşdırmalı və onu dünyaya təqdim etməlidir. Elmi araşdırmalar, dissertasiya və doktorluq elmi işləri elə səviyyədə yazılmalıdır ki, xarici jurnallarda da yayılsın və mövzu ətrafında ciddi elmi müzakirə aparılsın. Fikrimcə, bu sahədə son vaxtlar ciddi addımlar atılır və müsbət nəticələr olacaq. Digər problem kimi ali məktəblərimizdə verilən təhsilin keyfiyyət məsələsini qeyd etmək olar. Ali məktəbi bitirən şəxs təhsil aldığı ixtisas üzrə hazır mütəxəssis olmalıdır. Təəssüf ki, çox vaxt belə olmur. Tələbələrin əksəriyyəti ancaq 4 ili başa vurub diplom almağı düşünür. Amma bununla uzağa getmək mümkün olmayacaq. Dövr daha həmin dövr deyil. Sadəcə diplomla heç nəyə nail olmaq mümkün deyil. Diplomun arxasında gərək savadın, təhsilin olsun ki, çalışdığın sahədə özünü doğrulda biləsən. Tələbənin oxumağa marağını artırmaq lazımdır. Bolonya sisteminə qoşulmuşuq və bu sistemin çox müsbət tərəfləri var. Bu sistemin detalları tam tətbiq olunduqca, daha geniş yayıldıqca müəyyən problemlər avtomatik olaraq aradan qalxacaq.

- Gənclərin təhsilə marağını artırmaq üçün nə etmək lazımdır?

- Təhsilin inkişaf etməsi dövlətin, millətin inkişafı üçün son dərəcə mühüm məsələdir. Gələcəyimiz bu gün şagirdlərə, tələbələrə verilən təhsildən asılıdır. Əgər təhsilimizi müsir dövrün tələblərinə uyğun qurmasaq, gələcəkdə bununla bağlı çoxlu problemlər yaşaya bilərik. Dövlətin inkişafı təhsildən çox asılıdır. Mənə elə gəlir ki, gənclərlə bağlı 2011-2015-ci illəri əhatə edəcək Dövlət Proqramının hazırlanması ilə bağlı imzalanan sərəncam bu sahədə genişmiqyaslı işlərin həyata keçiriləcəyini göstərir. Dövlət başçısı bu yaxınlarda ölkənin fəal gənclərini qəbul etdi və həmin qəbulda gəncləri maraqlandıran məsələləri, problemləri onların öz dilindən dinlədi. Bunlar isə dövlət başçısının Azərbaycan gəncliyinə nə qədər diqqət ayırdığını göstərir. Ümumiyyətlə, dövlətimiz daim gəncləri diqqət mərkəzində saxlayır. Yüzlərlə gəncin dünyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi respublikamızın gələcəyinə dövlətin yatırdığı sərmayədir. Dövlət gəncliyin yaxşı təhsil alması, vətənpərvər ruhda böyüməsi, problemlərinin həll olunması üçün lazım olan bütün addımları atır. Hazırda Azərbaycanın həm respublika daxilindəki, həm də xarici dövlətlərin nüfuzlu elm və təhsil müəssisələrindəki peşəkar gənc kadr ordusu müasir dünyanın elmi, texniki və mədəni tərəqqisinin ölkəmizə transfer olunmasının əsas bazasıdır. Bu gün gənclər üçün yaradılmış ən böyük imkanlardan biri də dövlət qulluğuna qəbulun test üsulu ilə aparılmasıdır. Bu yolla müasir düşüncəli Azərbaycan gəncliyinin dövlət quruculuğu və onun idarə olunması prosesində yaxından iştirak etməsinə münbit şərait yaradılır. Müasir dövrün başlıca göstəricisi olan elmi-texniki tərəqqinin gənclərin düşüncə tərzinin formalaşmasına göstərdiyi təsir də olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gəncləri bu prosesdən lazımınca yararlanmalı, dövrün tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməlidirlər. Azərbaycan gənclərinin yeni düşüncə tərzinin formalaşmasında azərbaycançılıq ideyasına da xüsusi yer verilməlidir. Bu ideyanın əsasında dayanan əsas prinsiplər - vətənə sədaqət, tariximizin öyrənilməsi, milli-mənəvi və maddi dəyərlərimizin qorunması və onlara hörmət, dilimizə, dinimizə hörmət, vətənpərvərlik və s. gənclərin həyat tərzinə çevrilməlidir. Bütün bunlarla yanaşı gənclər ümumbəşəri dəyərləri də mənimsəməli və xalqımızın mənəvi xəzinəsini daha da zənginləşdirməlidirlər. İlk növbədə Azərbaycanın vahid təhsil modeli formalaşdırılmalı, Bolonya prosesinin komponentləri tətbiq olunmalıdır. Xarici ölkələrlə təhsil sahəsində müəllim-tələbə mübadiləsini gücləndirmək lazımdır. Azərbaycan universitetlərinin istər maddi-texniki təchizatını, istərsə də təhsilinin səviyyəsini elə dərəcəyə çatdırmaq lazımdır ki, təkcə biz xaricə müəllim və tələbələrimizi göndərməyək, eyni zamanda xarici ölkələrin müəllim və tələbələri də bizim universitetlərə gəlsinlər. Bu həm də ali təhsil müəssisələrinin maliyyə təminatının yaxşılaşmasına təsir göstərər.  

 

 

Anar Miriyev

 

Palitra.-2011.-27 may.-S.11