Şəki muzeylər
və sənətkarlar diyarıdır
Layihə çərçivəsində
müsahibimiz R.Əfəndiyev adına
Şəki Tarix-Diyarşünaslıq Muzeyinin
direktoru, Beynəlxalq Muzeylər
Şurasının üzvü Yaqut Cəlalovadır:
-
Muzeylər maddi və mənəvi sərvətlərimiz
arasında çox mühüm yer tuturlar. Xalqın
keçmişinin və bu gününün qorunub
saxlanmasında, təbliğində və gələcək nəsillərə
çatdırılmasında muzeylərin rolu
böyükdür. Ötən əsrin əvvəllərində
Bakıda Dövlət Muzeyi təşkil edilib. Əyalətlərdə
də muzeylərin yaradılması işlərinə başlanılıb.
Təbii ki, qədim
tarixə malik olan və
özünəməxsus mədəniyyət nümunələri
və inciləri ilə seçilən Nuxa
qəzası da bu
işdən kənarda qala bilməzdi.
Şəkidə muzeyin təşkili məsələsi
ilk dəfə Maarif
Komissarlığının 20 avqust 1925-ci
il tarixli
iclasında qaldırılıb. Həmin iclasda
qərara alınıb ki, muzey
keçmiş Xan
Sarayında təşkil edilsin. Azərbaycan
Dövlət Muzeyi Xalq
Maarif Komissarlığının tabeliyində
olduğuna görə Şəkidə
açılacaq muzey də Nuxa (Şəki) Xalq Maarif Şöbəsinin tərkibinə verilib. Müxtəlif illərdə
müxtəlif binalarda yerləşən
R.Əfəndiyev adına Şəki
Tarix-Diyarşünaslıq Muzeyi
hazırda Şəkinin səfalı bir
guşəsində - Qala Divarları
arasında olan binada
yerləşib. 1895-ci ildə kazarma məqsədilə
tikilmiş bu tarixi binaya muzey
1980-ci ildən köçürülüb.
Əvvəllər 2 otağa yerləşən
muzeyin indi 10 ekspozisiya, 1 lektoriya
zallarında təbiət, Qədim dövr,
Etnoqrafiya, Cümhuriyyət, Elm, Mədəniyyət, Maarif
və Səhiyyə, Döyüş
şöhrəti, İpəkçilik, Kənd təsərrüfatı,
Şəkinin süfrə və mətbəx mədəniyyəti,
Heydər Əliyevin həyat fəaliyyətini, o cümlədən Şəkiyə səfərini
əks etdirən şöbələri var.
Muzeyimizdə 2780 eksponat nümayiş
etdirilir. Ümumiyyətlə, fəaliyyətə
100-200 əşya ilə başlayan
muzeyimizdə indi 4842 ədəd muzey sərvəti nümayiş etdirilir. Bu ilin avqust
ayınadək muzeyə 24 ədəd eksponat
alınıb. Muzeydə 22 nəfər işçi
çalışır. Efiopiyada, Madaqaskarda, İordaniyada, Pakistanda keçirilən sərgilərdə muzeyimizin eksponatları nümayiş
etdirilib. Bundan başqa Xanti-Mansiyskdəki "Çelovek Priroda" muzeyi ilə əlaqələr qurmuşuq
və orada
mədəniyyətimizi, tariximizi,
etnoqrafiyamızı əks etdirən böyük
bir sərgi təşkil edilib.
Xarici ölkələrlə yanaşı
respublikamızın paytaxtı Bakı şəhərində,
Şəki Türk Litseyində, 1 nömrəli
internat məktəbində və digər
məktəblərdə keçirilən tədbirlərdə
muzey eksponatlarından ibarət sərgilər
təşkil edilir. Hər il may ayının birinci istirahət günündə
“Açıq qapı” günü keçirilir və muzeyə gələn
tamaşaçılar eksponatlara pulsuz tamaşa edirlər. İl ərzində muzeyə dünyanın hər
yerindən tamaşaçılar gəlir və
dünyanın bir çox
tanınmış şəxsiyyətləri muzeyin “Rəy kitabı”nda öz
təəssüratlarını yazıblar. Muzeyimizdə
hər il iyunun 1-də şəhərin uşaq
bağçalarında tərbiyə alan balacalar üçün
"Uşaqlar bizim gələcəyimizdir''
adlı tədbir keçirilir. Şəhərin
hərbi hissələrində qulluq edən
əsgər və zabitlərin muzeyə gəlişi təşkil
edilir.Şəhərin 18, 2 və 1 saylı orta
məktəbləri tarix, ədəbiyyat
dərslərinin bir çoxunu
muzeyin lektoriyasında keçirlər.
Şəki muzeylər şəhəridir. Bu
muzeylərlə işimizi birgə qururuq və metodiki köməkliklər
göstəririk.
- Muzeyinizdə hansı maraqlı
eksponatlar qorunur?
-
Şəki muzeylərində çox maraqlı və tarixi
keçmişimizi əks etdirən çoxlu eksponat
mövcuddur. Məsələn, muzeyimizdə qorunan faytonda
1920-ci ildə N.Nərimanov Yevlaxdan Şəkiyə gəlib.
O, öz xatirələrində yazırdı: «Mən Yevlaxdan
Şəkiyə Abdulkərim dayının faytonunda gəldim.
O, elə şirindil kişi idi ki, bilmədim 6 saata, yoxsa 6 dəqiqəyə
gəldim». Dünyada öz ipəyi ilə məşhur olan
Şəki baraması 1863-cü ildə Londonda qızıl
medala layiq görülüb. Təbii ki, Böyük İpək
Yolu Şəkidən keçdiyi üçün xarici
ölkələrlə ticarət əlaqələri olub.
Şəkidə XVIII-XIX əsrdə tikilmiş 5 karvansara və
xaricdən gətirilmiş gözəl əşyalar buna
misaldır. Muzeyimizdəki samovar qəhvə dəmləmək
üçündür. Şəki sənətkarlar diyarı
olduğu üçün müxtəlif sənət nümunələri
muzeyimizdə qorunur. Muzeyimizdəki hamam sandığı (seyfi) o vaxtlar
qız-gəlinlərimizin hamama gedərkən üzərilərində
daşıdıqları bəzək əşyalarını
saxlamaq üçün istifadə olunub. Sandığın
üzərində Sədi Şirazinin hamam şeiri həkk olunub.
Muzeyimizdə açılmış Süfrə və mətbəx
mədəniyyəti şöbəsində işin
qurulmasına məşhur kulinarlardan olan Hacı Cabir Xəlifzadənin
köməyini qeyd edə bilərəm. Onun muzeyimizə
bağışladığı kitablarının köməyilə
ləziz Şəki yeməkləri, şərbətləri,
şirniyyatları, mürəbbələrinin hazırlanma
qaydaları ilə tanış olmaq olar. Muzeyin həyətində
20 Yanvar şəhidlərinin xatirəsinə bağ
salınıb və xatirə bulağı çəkilib.
- Şəkidə başqa
hansı muzeylər var?
- Rəşid bəy Əfəndiyevin ev muzeyini qeyd edə bilərəm. Şəki Şəhər Rəşid bəy Əfəndiyevin Ev Muzeyi 1991-ci ildən fəaliyyət göstərir. Muzey yerləşən bina çay daşı və yerli istehsalla hazırlanmış bişmiş kərpiclə milli kaloritdə tikilib. Bina iki mərtəbədən ibarətdir. Aşağı mərtəbə iki otaq və zirzəmidən, yuxarı mərtəbə üç otaq, bir kiçik dəhliz və şöbələrdən ibarətdir. Muzeydə 2281 eksponat var. Muzey dörd şöbədən ibarətdir. Birinci şöbədə Rəşid bəy Əfəndiyevin büstü və yaradıcılığını əks etdirən eksponatlar var. Ədibin Qori Müəllimlər Seminariyasında oxuduğu müddətdə müəllimi A.O.Çernyayevskinin məsləhəti ilə yazdığı ilk pyesi olan “Qan ocağı” (1979-cu il), “Uşaq bağçası”, “Bəsirətül-ətfal” kimi dərslikləri, “Saqqalın kəraməti”, “Qonşu-qonşu olsa, kor qız ərə gedər”, “Qızıl gül”, “Diş ağrısı”, “Tiflis səfəri”, “Pul dəlisi” və s. əsərləri bu şöbənin eksponatlarındandır. Həmin şöbədə R.Əfəndiyev tərəfindən tərcümə olunmuş Firdovsinin “Şahnamə” əsərindən “Rüstəm və Söhrab” hekayəsi, Prudonun “Psixologiya” kitabı da saxlanılır. İkinci şöbədə R.Əfəndiyevin ailəsinə məxsus məişət əşyaları saxlanılır. Üçüncü şöbə R.Əfəndiyevin iş otağı kimi təqdim olunur. Dördüncü şöbədə R.Əfəndiyevin oğlu Məmməd bəy Əfəndiyevə aid dövlət tərəfindən verilmiş fəxri fərmanlar, fotoşəkillər saxlanılır. M.F.Axundovun ev muzeyi onun dünyaya 1812-ci ildə göz açdığı M.F.Axundov küçəsi, 1 saylı ünvanda yerləşən binada 1940-cı ildə yaradılıb. Bu binanın 1800-cü ildə tikildiyi təxmin edilir. Sonralar M.F.Axundovun ev muzeyi genişləndirilib, onun eksponatlarının bir hissəsi əlavə tikilmiş binada yerləşdirilib. Beləliklə, M.F.Axundovun ev muzeyi 2 binadan - həyat və yaradıcılığına həsr olunmuş ekspozisiya zalından və ədibin anadan olduğu evdən ibarətdir. Muzeydə 248 sayda eksponat nümayiş etdirilir.Xalq Tətbiqi Sənəti Muzeyi isə 1985-ci ildə açılıb. Bu muzey qədim Alban məbədində yerləşir ki, buna da el arasında “Dairəvi məbəd” deyilir. Muzeyin yerləşdiyi binanın tarixi haqqında mülahizələr müxtəlifdir. Məbədin ilkin formasının VIII əsrə qədər tikildiyi güman edilir. Bu dövr Albaniyada xiristianlığın daha geniş yayılmasının II mərhələsinə təsadüf edilir. Məbəddə dəfələrlə təmir-bərpa işləri aparılıb. Bəzi tarixi mənbələrə görə, hətta Dərviş Məhəmməd, Çələbi xan dövründə də təmir işləri aparılıb. Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra (XIX əsr) isə vilayətin mərkəzi şəhəri olan Nuxada Dairəvi Məbədə konstruktiv dəyişikliklər edilərək rus əsgərlərinin kilsəsi kimi istifadə olunub. Xalq Tətbiqi Sənəti Muzeyində Şəki şəhərində məşhur olan, qədimdən bu zamana kimi gəlib çatan sənətlər haqqında və şəhərdə tanınmış sənətkarlar haqqında məlumat verilir, tətbiqi sənət nümunələri nümayiş etdirilir. Muzey 4 ekspozisiya zalından ibarətdir. I zalda Şəki ərazisindən tapılmış arxeoloji qazıntılar nümayiş etdirilir. Burada müxtəlif tipli gül qablar və qadın, kişi qəbirlərindən tapılmış zinət əşyaları, nizə ucluqları var. II əsas zalda isə ümumi sənətkarlıq bölməsi yerləşir. Burada dulusçuluq, xarratlıq, təkəldüz, misgərlik, şəbəkə, memarlıq, papaqçılıq sənət nümunələri nümayiş etdirilir. Bu sənətlərlə məşğul olan ustalar haqqında geniş məlumatlar verilir. III zalda əsasən milli qadın və kişi geyimləri, milli musiqi alətləri, ipəkçiliyə aid olan nümunələr nümayiş etdirilir. IV zal “Şəki otağı” adlanır. Burada qədim Şəki evlərinin interyeri nümayiş etdirilir. Milli adətlərə uyğun olaraq evlərimizdə olan rəflər, taxçalar, döşəklər, sandıq, cəhrə, yun darağı və s. nümunələr ekspozisiyanı təşkil edir. Muzeyin ekspozisiyasında 500-dən çox eksponat nümayiş etdirilir.
Anar Miriyev
Palitra.-2011.-1 noyabr.-S.6.