Səfər
Alışarlı: “Bu gün nəşr olunan 30-40 kitabdan
yalnız birini seçib ona ədəbi tələblər
çərçivəsindən yanaşmaq
mümkündür”
Layihə çərçivəsində
bugünkü həmsöhbətimiz Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası Mətbuat xidmətinin
rəhbəri, “Vətəndaş cəmiyyəti”
jurnalının baş redaktoru, yazıçı Səfər
Alışarlıdır. Mövzumuz müasir ədəbi
mühitlə bağlı olduğundan həmsöhbətimiz
bir çox məqamlara toxunaraq ədəbiyyatımızın
problemlərindən söz açdı. Söhbətin əvvəlində
o, müasir əsərlər barədə
aşağıdakı fikirləri səsləndirdi:
“İstər
“Azadlıq” radiosu, istər saytlarda müasir ədəbi
nümunələri nəzərdən keçirirəm. Müasir
ədəbiyyat əsasən gənclərimizin
yaratdığı ədəbiyyatdır. Burda qüsur
axtarmağa elə bir ehtiyac yoxdur. Mən
çalışıram onların dəyərli və
üstün cəhətlərini tapım. Amma çox təəssüf
ki, mən bu cəhətləri nadir halda tapa bilirəm. Məsələn,
Şərif Ağayarın hekayələrində bəzən
axtardıqlarımı görürəm. Müsabiqələrdə
laureat olmuş müəlliflər var ki, mən onların
yazdıqlarını oxumaqda bir az çətinlik çəkirəm.
Belə ki, istər üslub, istərsə də dil
baxımından onlar metafizik həyata
münasibətilə məni qane etmir. Burda kiminsə xətrinə
dəymək istəmirəm. Ancaq bütövlükdə
naturalizm janrının gənc Azərbaycan ədəbiyyatında
yaşaması məni narahat edir. Düşünürəm
ki, burda təkcə böyük Avropa müəlliflərinin əsərləri
bizim gənclərin dadına çatmır. Bu məsələlərlə
bağlı Azərbaycan ədəbiyyatında ciddi maarifləndirmə
işləri aparılmalıdır. Bu maarifləndirmə
işlərini ayrı-ayrı yaradıcılıq təşkilatları
həyata keçirməlidir. Amma təəssüf ki, belə
təşkilatlar bizdə azdır və olanlar da səmərəli
fəaliyyət göstərmir. Yəni gənc müəllifə
ədəbiyyatda tipikliyin nə olduğunu və fərdi
üslubun dünyaya fərdi baxışdan doğduğunu
geniş anlamda izah etməyə çox böyük ehtiyac
var. Gənclik belədir ki, ağıllı görünməyə
çalışır. Bu yaxınlarda mənə bir müəllif
kitabını bağışlamışdı. Mən onunla
söhbət əsnasında dedim ki, sən çox
ağıllı görünməyə
çalışırsan, mücərrəd yazırsan. Ancaq ədəbiyyat
mücərrəd olsun deyə yazılmamalıdır. Mücərrədlik
yalnız düşüncə tərzindən irəli gələ
bilər. Bu düşüncə tərzi ədəbi
platformada anlaşıqlı olmalıdır. Fəlsəfi
qarmaqarışıqlıqları filosoflar üçün
şərh edib buna ədəbiyyat adı qoymaq olmaz. Bu, fəlsəfə
debatı ola bilər və bunu filosoflara təqdim etmək
olar. Amma ədəbiyyat adından təqdim olunan əsərlər
mən demirəm bütün oxucu kütləsinə, onun
müəyyən bir qisminə anlaşıqlı
olmalıdır. Çox təəssüf ki, bu gün qəliz
yazmaq istəyənlər çoxdur”.
- Bizim müəlliflər nədənsə
Avropada qadağan olunan ədəbiyyatlardan götürdükləri
mövzuları təkrarlayırlar.
- Siz dediyiniz kimi, bizim müəlliflərin Avropada qadağan olunmuş ədəbiyyatı və yazarları təqlid etmə meylində pis bir şey yoxdur. İnsan əslində yıxıla-yıxıla yeriməyi öyrənir. Hesab edirəm ki, gənc ədiblərin bütün növ ədəbi janrlara müraciət etməyə, oxumağa, öyrənməyə ehtiyacı var. Təkcə gənc ədiblər deyil, elə bütün yazarlar bunu etməlidir. Çünki yazıçılığın çox böyük bir hissəsini ədəbi mütaliə təşkil edir. Əgər yazıçının mütaliəsi yoxdusa, mən inanmıram ki, o, bugünkü oxucunu nə iləsə heyrətləndirə bilsin. Belə yazıçılar qurama süjetlər qurmağa, çox qəliz yazmağa başlayacaq. Yazıçının mütaliəsi dərin olanda, özündən əvvəl yaranmış, istər milli, istər dünya ədəbiyyatına müəyyən qədər bələd olanda və onu daim öz içində təzələyəndə onun nəsə yaratmaq imkanı artır. Bizim əvvəlki yazarlarımız haqqında hətta lətifə səviyyəsində deyiblər ki, bunlar bütün ömürləri boyu yazıblar, ancaq heç nə oxumayıblar. Mən hesab edirəm ki, bizim Qərb ədəbiyyatından müasir dünyaya baxışla bağlı öyrənəcəyimiz çox şey var. Əgər kimlərsə bunu vulqar ifadələrlə, söyüşlərlə dolu, yaxud millətçiliklə dolu ədəbiyyatda axtarıb tapa bilirlərsə, hesab edirəm ki, bundan ədəbiyyata ziyan gəlməz. Çünki bunlar yalnız eksperiment xarakteri daşıya bilər və gələcəkdə belə deyək, həddi-buluğa çatmış hər bir yazıçı yazdığı əsərlərin nəyə xidmət etdiyini bir gün öz qarşısına qoyub onu təhlil edəcək.
- Mənim fikrimcə isə fəsadlar
var. Çünki bu gün eksperimentləri təkrarlayan daha gənc
nəsil var.
- Bu,
yalnız o vaxt fəsad verər ki, həqiqi ədəbiyyat təbliğ
olunmasın. Tutaq ki, yüksək ədəbi dəyəri
olmayan məhsul təkcə bizdə deyil, bütün
dünyada önə çıxır, çünki onu yazan,
yaradan insanlar bilirlər ki, həmin məhsulun reklama
ehtiyacı var. Onlar bu reklamın arxasınca düşürlər
və bir çox hallarda da buna nail olurlar. Ancaq belə əsərlərdə
insani dəyərlər baxımından çox az şey tapa
bilərsiniz. Belə kitablar reklam məhsulu kimi satılır.
Mən hesab edirəm ki, hər bir müəllif öz
yazdığını qiymətləndirməyə müəyyən
dərəcədə qadirdir. O müəlliflər ki,
doğrudan da dəyərli ədəbiyyat yaratdıqlarına
arxayındırlar, onlar belə reklamın arxasınca
qaçmırlar. Belə insanlar bütün ömürləri
boyu kölgədə qalır və hətta bəzən
öləndən sonra da layiq olduqları qiyməti ala bilmirlər.
Ancaq həyat göstərir ki, dəyərli ədəbiyyatın
reklama ehtiyacı yoxdur. O, gec və ya tez öz qiymətini də
alır, oxucularını da tapır. Buna misal olaraq sovet
dövründə qadağan olunmuş müəlliflərin
sandığından çıxan ədəbiyyatı
göstərmək olar. Yəni dəyərli ədəbiyyat
belədir. Zaman keçdikcə dəyərsiz ədəbiyyat
bizim təcrübəsiz qələm sahiblərinin
qarşısına qoyulur və onlar da bunu oxuyur. Bizim yazarlar
da təbii ki, həmin əsərlərə bənzəyən
nələrisə yazmağa çalışırlar. Mən
“Facebook”da tez-tez belə əsərləri oxuyuram. Bəzən
müəlliflər özləri mənə
yazdıqlarını təqdim edir. Oxuduqda görürəm
ki, bu material ədəbi dəyərlərdən tamamilə
uzaqdır. Ancaq onlar nədənsə düşünür
ki, bu nəsə yenilikdir.
- Onlar arasında klassiklərimizi bəyənməyənlər
də var...
- Bizim
klassik poeziyamızı qəbul etməmək olmaz. Nizami,
Füzuli və Nəsimini bütün dünya qəbul edir və
oxuyur. Bu insanlar Şərq ədəbiyyatının
simaları və heç zaman əyilməyən
sütunlarıdır. Ancaq klassik ədəbiyyat deyəndə
oxucu bəzən ona korifey sənətkar kimi təqdim olunan
dünənki müəllifi az qala görmək istəyir və
ya görməyə çalışır. Bu, daha çox
sovet ədəbiyyatında yer tutan yazarlara aidddir. Əlbəttə,
bu yazarlara klassiklər demək düzgün deyil. İlk
növbədə onların klassik olması üçün
yüz il az bir vaxtdır. Onların yazdıqlarının
klassika olması üçün bir neçə yüz il
vaxt lazımdır. Təbii ki, onlar həmin yüz illərdə
öz əsərləri ilə yaşasalar, onlara klassik demək
olar. Bizə təqdim olunan sovet ədəbiyyatını kimlərsə
klassik ədəbiyyat olaraq qəbul etmirsə, onlar tam
haqlıdırlar. Çünki o ədəbiyyat pafoslu ədəbiyyatdır,
o ədəbiyyat ideoloji ədəbiyyatdır. Orada həqiqi bədii
dəyərlər bir çox hallarda məhv edilib və yaxud
olmayıb. Ancaq sovet dövründə Çingiz Aytmatov kimi yazıçı olub. Eyni
zamanda bizim ədəbiyyatda İsa Hüseynov, Əkrəm Əylisli
kimi müəlliflər də öz əsərlərində
sovet dövrünə baxmayaraq bədii dəyərləri
qoruyub saxlaya biliblər.
- Müasir ədəbi tənqidimiz
necə, sizi qane edir?
-
Müasir ədəbi tənqid yox dərəcəsindədir.
Olanlar da sifarişli ədəbiyyatın vəsfidir. Bəzən
hansısa əsərin ətrafında tənqid adı
altında vəsf və tərifnamələr əndazəsindən
çıxır. Bunları əlbəttə, oxumaq olmur.
Yazıçılar Birliyinin qurultayı qabağı dinlənilmış
məruzələrə baxdim. Məruzələrdə istər
nəsr, istər poeziya, istərsə də tənqiddə həqiqi
ədəbi söhbətdən uzaq ad və soyadların
yarışması gedirdi. Mən bilmirəm, bəlkə də
bütün müəlliflərin adının məruzələrdə
hallanması qurultay qabağı bir ənənədir. Amma mən
hesab edirəm ki, bu, yaxşı və sağlam ənənə
deyil. Məruzə dəyərli ədəbiyyata həsr
olunmalıdır, adlara yox! Müasir ədəbi mühit
haqqında ciddi söz deməyk mümkün deyil.
Çünki olduqca acınacaqlı bir mühit yaranıb.
Hamı çalışır ki, öz adını divara
yazıb getsin ki, mən burdayam. Mən də bunları
görürəm, ancaq heç nə demirəm,
hamınız kimi mən də susuram. Bizim ədəbi
mühitdə bu “ədəbi yarışma” artıq 20 ildən
artıqdır ki davam edir. Yəni ciddi ədəbi analiz, Azərbaycan
ədəbiyyatının yeri və mövqeyi, müstəqil
Azərbaycan dövlətində rolu barədə biz hələ
heç bir ciddi sohbət eşitməmişik. Kimlərsə
özünü klassik ədəbiyyatın fonunda televiziyada
reklam edir, kimlərsə burada biznes qurur, pul qazanır. Kimlərsə
Cəlil Məmmədquluzadənin “Quzu” hekayəsində
olduğu kimi, bir tərcüməsini dövlətə 3-4 dəfə
satır və s.
- Bu durğunluğu necə aradan
qaldırmaq olar?
- Allaha
şükür, indi müəllif əsərlərinin
çapına qadağalar yoxdur. Müstəqil Azərbaycanın
ədəbi mühitə verdiyi ən böyük töhfələrdən
biri də budur. İstənilən müəllif mətbəələrə
müraciət edərək əsərlərini çap edə
bilər. Ancaq bu da var ki, hətta sovet illərində kiminsə
əsərini oxuyaraq “mən də beləsini yaza bilərəm”
deyə qələmə sarılan insanların
yaratdığı maklaturadan həqiqi ədəbiyyatın
seçilməsi lazımdır. Bu həqiqi ədəbiyyatın
seçilməsi prosesi isə dövlətin maraqları
çərçivəsində olmalıdır. Yəni
dövlət heç də bu axını özbaşına
qoymamalıdır. Dövlətin də ədəbi siyasətini
həyata keçirən idarələr var. Bura Mədəniyyət
Nazirliyi, Yazıçılar Birliyi və digər müstəqil
yazar ocaqları daxildir. Nədənsə bu məsələnin
öhdəsindən gələ bilmir və ya gəlmək istəmirlər.
Azərbaycan ədəbiyyatında bu gün nəşr olunan
30-40 kitabdan yalnız birini seçib ona ədəbi tələblər
çərçivəsindən yanaşmaq
mümkündür. Yerdə qalan kitablar yalnız öz müəllifinin
könlünü oxşayan maklaturadan başqa bir şey deyil.
Bir sıra tədbirlər həyata keçirərək həqiqi
ədəbiyyata yaşıl işıq yandırmaq olar. Bizdə
isə tam əksi olur. Kimlərinsə xətrinə dəyməmək
üçün maklatura ədəbiyyatına mükafat da
verilir. Ədəbi məhsulun zaylığı oxucunu əzir
və oxucu bu gün əvvəlki kimi mütaliə etmir.
İndi müəlliflər var ki, insanlara onun kitabını oxuyub
fikir bildirməsi üçün israr edir. Bu normal hal deyil.
Bizdə kitab mağazaları azdır. Avropada isə paltar və
ərzaq dükanlarının yanında kitab dükanları
da mövcuddur. Efir, televiziya və ya internet bədii ədəbiyyatı
əvəz eləmir.
- Bəs oxucu dəyərli ədəbiyyatı
necə seçə bilər?
-
Sıravi bir oxucunun kitab seçməsi çox çətindir.
Yaxşı halda o, orda satıcıdan maraqlana bilər ki, bu
gün kim daha çox oxunur? Ancaq oxucu müəllifi
tanımalıdır. Bu gün sorğu keçirilsə,
oxucuların 99 faizi indiki müəllifləri tanımır.
Ancaq şou-biznesdə ən kiçik fiqurlar belə hamı
tərəfindən tanınır. Televiziyada müəlliflərin
təbliği, bütövlükdə müasir
televiziyamızda bədii verilişlər yoxdur. “Kitab rəfi” adlı verilişdə
ən yaxşı halda müəllif və kitabın adı
çəkilir. O da elə sırada çəkilir ki, onun
yaxşı və ya pis müəllif olmasını adi
tamaşaçı bilmir. Çünki televiziya orbitr vəzifəsini
öz üzərinə götürmür. Çünki bunu
ancaq ədəbi tənqidçi edə bilər.Bu gün ədəbi
dəyərlərdən uzaq əsərlər yazan həmin gənc
yazarlar müxtəlif saytlarda jurnalist olaraq köşə
yazarlığına da başlayıb. Yazdıqları isə
bir çox hallarda xalqın tarixini və tarixi şəxsiyyətlərini
aşağılamaq və təhqirlərdən ibarətdir.
Onların birdən-birə jurnalistə çevrilməsini isə
S.Alışarlı belə dəyərləndirdi: “Tarixi topa
tutmaq lazım deyil. Tarixi araşdırmaq üçün səbir
və sevgi lazımdır. Bu gün mən Naxçıvan
xanlarının rus ordusuna münasibətini araşdırmaq
istəyirəm və araşdırıram. Neqativ hallar
görürəm. Amma mən bu olanlara anlaşıqlı
yanaşıram. Kimisə satqın adlandırmaq asandır.
Ancaq həmin Naxçıvan xanının yerində olmaqla
situasiyanı anlamaq olar. Tarixlə ehtiyatla davranmaq
lazımdır. Tarixə münasibət mədəniyyət səviyyəsidir.
Xalqa, tarixə sevgi olmalıdır. Bir də hesab edirəm ki,
yazıçı olmaq istəyən şəxs jurnalist
olmamalıdır. Çünki jurnalistika
yazıçının içərisində olan
bütün şirəni sorub aparır. Təbii ki, ilk
növbədə çalışıram bundan uzaq olum. Ancaq
vəzifəm buna imkan vermir. Jurnalistika
yazıçılığa mane olur”.
Nüşabə
Palitra.-2011.-2 noyabr.-S.7.