Çayçılığın inkişafı proqramı hazırlanıb

 

Azərbaycan bəzi kənd təsərrüfatı məhsulları ilə özünü 150% və daha çox təmin edir. Bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib. Nazir qeyd edib ki, bəzi məhsulların istehsalı isə ölkənin tələbatının 90-95%-i qədərdir. Nazir vurğulayıb ki, ölkənin özünü ərzaq məhsulları ilə tam təmin etməsi barədə dövlət başçısının tapşırığı ilə bağlı böyük işlər görülür: «Nəticədə gələcəkdə biz həm əhalini ərzaqla tam təmin edə biləcəyik, həm də ixrac potensialımızı artıraraq öz məhsullarımızı ənənəvi ölkələrdən başqa, digər Avropa ölkələrinə də göndərəcəyik».  

 

İ.Abasov kənd təsərrüfatı istehsalının artırılması üçün əkin sahələrinin genişləndirilməsinə ehtiyac görmədiyini bildirib. Onun sözlərinə görə, istehsalı artırmaq üçün indiki əkin sahələrindən daha səmərəli istifadə edib məhsuldarlığı artırmaq lazımdır: «Bugünkü sahələr kifayət edir, bir şərtlə ki, mövcud sahələrdən səmərəli istifadə edək. Yəni fermerlər keyfiyyətli toxumlardan və mineral gübrələrdən istifadə etməlidirlər ki, məhsuldarlıq artsın». 

 

Fermerlərə 13 milyon manat kredit verilib  

 

Nazirin sözlərinə görə, bu il Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin xətti ilə fermerlərə 13 mln. manat kredit verilib. Bu vəsaitin 10 mln. manatı büdcədən ayrılıb, daha 3-4 mln. manat isə ötən illər verilmiş kreditlərin qaytarılması hesabına daxil olub. Hazırda kreditlərin verilməsi məqsədilə beynəlxalq qurumlardan əlavə vəsaitlərin cəlb olunması üçün Dünya Bankı və İFAD təşkilatı ilə danışıqlar aparılır: «Bu yaxınlarda Dünya Bankı ilə Azərbaycan hökuməti arasında imzalanmış müqavilələr əsasında bu sahədə yeni layihələr həyata keçiriləcək». Nazir Azərbaycanda pambıq və tütün istehsalının artmasının dünya bazarındakı vəziyyətdən asılı olacağını da vuğulayıb. Onun sözlərinə görə, son vaxtlar pambıq və tütün istehsalında artım müşahidə olunur: «Bu il pambıq istehsalı ötənilkindən 50% çox olub. Bu sahənin gələcəkdə inkişaf etdirilməsi üçün dünya bazarında pambığın qiyməti artdıqca Azərbaycanda da pambıq sahələri genişlənəcək». Nazir bildirib ki, tütünçülükdə də vəziyyət eynidir - bazarda tələbat artdıqca, bu sahədə daha geniş inkişaf olacaq. Bununla yanaşı, hökumət çayçılıq sektorunun inkişafı üçün ciddi addımlara hazırlaşır. İ.Abasov bildirib ki, hazırda çayçılığın inkişaf etdirilməsi üzrə xüsusi proqram hazırlanıb: «Bu yaxınlarda müvafiq dövlət qurumları ilə müzakirə olunub və düşünürəm ki, bu yaxınlarda məsələ müsbət həllini tapacaq». Bu proqram Azərbaycanda çayçılığın ənənəvi olaraq inkişaf etdiyi və bu sahə üçün yararlı olan ərazilərdə həyata keçiriləcək. 

 

Tələbatı ödəmək üçün kifayət qədər mal-qara var 

 

Nazir Qurban bayramı günlərində əhalinin tələbatını ödəmək üçün Azərbaycanda kifayət qədər davar və iribuynuzlu mal-qara olduğunu da sözlərinə əlavə edib.  Ölkədə heyvandarlıq sektorunda artım qeydə alındığını xatırladan nazirin sözlərinə görə, həm davar və iribuynuzlu mal-qaranın baş sayı, həm də ət istehsalında artım qeydə alınıb: “Buna görə də Qurban bayramı günlərində əhalinin tələbatını ödəmək üçün problem olmayacaq”. İ.Abasov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi həmin heyvanların xəstə vəziyyətdə yox, sağlam vəziyyətdə satılmasını təmin etməlidir: “Bunun üçün nazirlik tərəfindən müvafiq tədbirlər həyata keçirilir”.

 

 

Cavidan

 

Palitra.-2011.-2 noyabr.-S.11.