Ölkədə çay turizminin tətbiqinə ehtiyac var

 

Azərbaycanda Regional İnkişaf Mərkəzi (ARIM) tərəfindən “Azərbaycanda qeyri-ənənəvi turizm sahələrinin inkişafı”  mövzusunda təqdimat keçirildi. 2011-ci ilin ölkədə “Turizm ilielan edilməsinin çox mühüm amil olduğunu deyən ARIM-nin sədri Çingiz İsmayılov bildirdi ki, dövlət tərəfindən Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir.  

Turizm isə qeyri-neft sektorunda ən mühüm sahələrdən birinə çevrilə bilər. Şahdağ Qış-Yay Turizm Kompleksinə dövlət tərəfindən böyük investisiya ayrıldığını deyən mərkəzin rəhbəri bu sektorun inkişafında uğurların davam etdirilməsinin və bu məqsədlə mövcud problemlərin həll olunmasının vacibliyini bildirdi. Bu istiqamətlərdə hansı imkanlardan istifadə edilməlidir? Ç.İsmayılovun sözlərinə görə, elə ölkələr var ki, onlarda iqtisadi turizm formalaşıb və iqtisadiyyatdakı gəlirin 70 faizdən çoxunu turizmdən gələn gəlir təşkil edir: “Ümumdünya İqtisadi Forumu tərəfindən hər il müxtəlif sahələrdə rəqabət reytinqinin cədvəli açıqlanır. MDB ölkələri içərisində Azərbaycan 3-cü yerdədir. Ümumilikdə isə turizmdə Ermənistandan əvvəldə qərar tutsa da ölkəmizin daha da ön sıralara irəliləməsi üçün çox çalışmaq lazımdır. Ötən il Azərbaycandan Gürcüstana yarım milyon turist gedib ki, məqsədimiz turistləri ölkəmizə cəlb etməkdir. Bakı-Türkiyə aviareysi ilə bağlı qiymətlər artırılmışdı. Gərək elə mexanizm yaradaq ki, hamı buraya gəlsin”. Mərkəz sədrinin sözlərinə görə, dünyada bir sıra turizm növləri var ki, onların Azərbaycanda tətbiqinə ehtiyac var: “Bizim məşhur turizm firmaları hansı təkliflər edir? Çox az sayda təkliflər irəli sürürlər. Biz müxtəlifliklərdən istifadə etməliyik. Bu gün əsas maraq dağ rayonlarına yönəldilsə də, Aran rayonlarında turizm yoxdur. Azərbaycanda 906 km uzunluğunda Kür çayı var. Dünyada istifadə olunan çay turizmini tətbiq edə bilərik. Ölkəmizdəki turizm şirkətləri çay turizmindən istifadə etmir. Eləcə də Aranda əhali turizmlə məşğul olarsa, bu, yeni yerlərinin açılması deməkdir. Eyni zamanda gəmilərin hərəkəti olarsa orada lil toplanmasının qarşısı alınar ki, bu da çayların daşmasını əngəlləyər. Bundan başqa Şirvanda bostançılıq var, kənd təsərrüfatı inkişaf edir. Əhalinin məşğuliyyəti ilə bağlı müxtəlif imkanlardan istifadə etmək lazımdır. 1960-cı illərdə gəmiylə səyahət mümkün olub. Çay turizminin inkişafı balıqçılığın inkişafına kömək edər. Bu gün bir sıra tanınmış turizm ölkələrinə turistlər məhz bu turizm növü ilə bağlı səyahət edir. Bizdə balıq ovu ildən-ilə azalır və çaylarda çöküntülərin artması balığın dənizdən çaya daxil olmasına imkan vermir. Ötən il biz aqroturizmlə bağlı layihə həyata keçirdik. Bu gün artıq bu sahədə bir qədər artım var. Amma bu sahə yenə də inkişaf etdirilməlidir. Eləcə də ada turizminin inkişafına ehtiyac var”. O da vurğulandı ki, ölkədə turizmlə bağlı kiçik obyektlərin sayının çoxluğu ilə yanaşı rəqabət olmalıdır. Ç.İsmayılovun sözlərinə görə, eyni zamanda hər bölgənin brendini yarada bilərik: “Məsələn, Lənkəran çay, Quba alma, Göyçay nar məhsulu ilə brend yarada bilər. Bu turizmə əlavə təkanverici amil ola bilər. Məsələn, İngiltərə kəndlərinin birində köhnə bir körpü həmin ərazinin brendi kimi təqdim olunur. Biz birinci öz vətənimizdə kiçikorta sahibkarlığın inkişafına kömək etməliyik. Biz 8 kənddə sorğu keçirdik ki, iştirakçıların 90 faizi çay turizm ilə məşğul olmaq istəyir. Biz bununla bağlı Sahibkarlığa Kömək Milli Fonduna məktub ünvanlayacağıq ki, çay turizmi ölkədə prioritet olsunbununla bağlı sahibkarlara kömək edilsin”.

Qeyri-ənənəvi turizmlə bağlı elmi işlər yazılmalıdır   Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, Azərbaycan turizminin inkişafına nail olmaq istəyiriksə, turizm xidmətlərinə diqqət yetirilməlidir: “Bu gün bir faktdır ki, turizm xidmətləri istənilən səviyyədə deyil. Bəzi 5 ulduzlu otellər var ki, xidmətlər heç 3 ulduzlu otel səviyyəsində deyil. Oteldə əlavə xidmətlərin tətbiqi zəruridir. Bu gün Türkiyəyə turpaketlər çox ucuzdur. Amma Antalya, Bodrum və digər məşhur turist bölgələrində elə əlavə xidmətlər təqdim olunur ki, bu rəqəm 1000 dollar təşkil edir və bu çox gözəl sistemdir”. M.Ağakərimovun sözlərinə görə, qeyri-ənənəvi turizmə gəldikdə isə Azərbaycanda olan 9 iqlim qurşağı nə Ermənistan, nə də Gürcüstanda yoxdur: “Ona görə də bizim ölkədə hər turizm xidməti üçün imkanlar var. Son illər ölkədə infrastruktur inkişaf edir. Dekabr ayında açılacaq Qusar qış turizm obyekti geniş imkanlar yaradır. Qış turizmindən səmərəli istifadə etmək olar. Hazırda ölkədə aqroturizm yavaş-yavaş inkişaf edir. Bu gün Polşada aqroturizm geniş inkişaf edib. Çay turizmini inkişaf etdirmək olar. Sovet dövründə Mingəçevirdə xüsusi idman növü vardı. Çayda raftinq təşkil etmək olar. Xaricdə turistlər arxeoturizmə də üstünlük verirlər və bəzi insanlar canlı olaraq qazıntı işlərində iştirak etmək istəyir. Bu turizm növünü də inkişaf etdirmək olar. Mən təklif edərdim ki, ölkədə qeyri- ənənəvi turizmlə bağlı elmi işlər yazılmalıdır”. 

“Narı turizm məhsuluna çevirməyi bacarmalıyıq və turistlər nar yığımında iştirak edə bilərlər” 

Azərbaycan Turizm İnstitutunun (ATİ) kafedra müdiri Bahadur Bilalov bildirdi ki, turizmin Azərbaycan üçün yeni bir sahə olduğu deyilsə də, bu yeni deyil və ötən əsrin 70-80-ci illərində formalaşıb: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə çoxlu təsdiq olunan sənədlər var. Məsələn, 1976-cı ildə atçılığın inkişafı, 81-ci ildə turizm ekskursiyasının inkişafı ilə bağlı qərarlar var. Azərbaycanda bu gün turizmin inkişafı üçün mütləq elmi əsaslar lazımdır. Ölkədə turizm inkişafı yerli mütəxəssislər müəyyənləşdirməlidir. Demək, bu gün qeyri-ənənəvi turizm xidmətlərinə xüsusi diqqət yetirilməlidir”. Son zamanlar hadisə turizminə dünyada xüsusi maraq olduğunu deyən B.Bilalovun sözlərinə görə, məsələn, Azərbaycanda “Eurovision-2012” , Qəbələdəki musiqi festivalı, Göyçayda “Nar bayramı”nın keçirilməsi hadisə turizmi sayılır: “Biz narı turizm məhsuluna çevirməyi bacarmalıyıq və turistlər nar yığımında iştirak edə bilərlər. Bugünlərdə Novruz bayramı ATƏT-in rəsmi bayramları siyahısına daxil edilib və bu çox müsbət haldır. Bundan istifadə edə bilərik. Ölkədə cari ilin “Turizm ili” elan edilməsi çox müsbət haldır və ölkə başçısı da bu ildən çox şey gözlədiyini bildirib. Bu istiqamətdə həyata keçirilən tədbirləri stimullaşdırmaq lazımdır. Fikrimcə, Xüsusi Turizm Fondu yaradılmalıdır. Bu işlərə kiçik və orta sahibkarlar qoşulmalıdır ki,  turizm inkişaf etsin. Kütləvi turizmin inkişafı lazımdır. Azərbaycanın turizm inkişafı üçün çox böyük potensialı var və bundan düzgün istifadə etmək lazımdır”.  

 

 

Nigar     

 

Palitra.-2011.-2 noyabr.-S.12.