Şairlər şəhərinə
səfər
Oktyabrın 8-dən 13-dək İranın Tehran və Şiraz şəhərlərində
İran və Dünya
şairlərinin 2-ci konqresi keçirilmişdi. Təqdim olunan
yazı həmin beynəlxalq tədbirin təəssüratı
əsasında yazılıb.
Bir ay əvvəl Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli bizi (universitetin xarici tələbələrlə iş üzrə dekanı, filologiya üzrə fəlsəfə doktoru, şair Xanəli Kərimlini və bu sətirlərin müəllifini) iş otağına çağırıb Dünya şairlərinin 2-ci konqresində birlikdə iştirak edəcəyimizi bildirəndə çox sevindik. Şərq poeziyasının klassiklərindən sayılan Sədi, Hafiz Şirazi kimi şairlərin vətənində ilk dəfə olmaq, onların məqbərələrini, qədim dünyanın memarlıq möcüzələrindən sayılan «Təxti-Cəmşid»i ziyarət etmək qisməti ilə yanaşı, sevincimizin bir səbəbi də o idi ki, yenə universitetimizin rektoru, akademik İsa Həbibbəylinin qayğısı ilə biz əvvəlki illərdə Hollandiyada, Pakistanda, Türkiyənin və İranın bir çox şəhərlərində keçirilən şeir-sənət tədbirlərində, simpozium və konfranslarda birlikdə iştirak etmiş, dəfələrlə yol yoldaşı da olmuşduq. Təbriz-Tehran marşrutu ilə uçduğumuz təyyarə reysini Tehranın Mehrabad hava limanında bizim üçün ayrılmış tərcüməçi-bələdçimiz Xosrov Tədbiri qarşıladı. Hava limanından qalacağımız «Lalə» otelinə qədər olan 15-20 dəqiqəlik yolda söhbət əsnasında öyrəndik ki, əslən təbrizli olan tərcüməçimiz Xosrov İran-İraq müharibəsi zamanı Türkiyədə Ali Aviasiya İnstitutunda təhsil alsa da, təhsilini bitirməmiş geri qayıdıb, müharibədə ağır yaralanıb, ayağında altı dəfə cərrahiyyə əməliyyatı aparıldığından fiziki sağlamlığını nisbətən itirdiyi üçün müharibə iştirakçısı kimi təqaüdə çıxıb və indi həm də xaricdən gələn qonaqlara tərcüməçilik etməklə fəaliyyətini davam etdirir. Səmimi rəftarı, nəzakətli davranışı ilə ilk andan diqqətimizi çəkən Xosrovun Azərbaycan dili ilə yanaşı türk, ingilis, alman və fars dillərini də mükəmməl bilməsi onun dünyagörüşü haqqında da bizdə geniş təəssürat yaratdı. Oktyabrın 8-də konqresin açılış mərasimindən əvvəl xarici qonaqların Tehrandakı məşhur xalça muzeyinə ekskursiyası təşkil olundu. Üç yüzə yaxın müxtəlif ölçülü xalçanın nümayiş etdirildiyi həmin muzeydə zərif naxışları, incə çeşniləri ilə diqqəti cəlb edən Kaşan, İsfahan, Kirman, Təbriz, Tehran xalıları ümumi ölçüsünə, 200-300 illik tarixlərinə və hər kvadrat santimetrindəki ilmələrinin sayına görə hamını təəccübləndirdiyi kimi, ipək saplardan təsəvvürəgəlməz dərəcədə incəliklə verilmiş orijinal süjetlərinə görə də diqqəti cəlb edirdi. Muzeydəki xalçalar içərisində «Bəhram Gur ovda», «Şah Abbas», «Şahnamə» müniatürləri, «Nadir şah Əfşar» və s. nümunələr süjetlərinin çox geniş məzmununa və zərif toxunuş texnologyiasına görə qonaqları xeyli heyrətləndirdi. Xalça muzeyinə ekskursiyaya getdiyimiz günün ikinci yarısında konqresin açılış mərasimi olacaq Tehranın əzəmətli «Vəhdət» sarayının foyesində çox maraqlı mənzərə ilə rastlaşdıq. Konqresə xarici ölkələrdən dəvət olunmuş 43 nəfər şairin hamısının haqqında əvvəlcədən ayrı-ayrılıqda 1x2,5 metr ölçüdə xüsusi rəngli plakat çap olunaraq çərçivəyə salınmış və sıra ilə sarayın foyesinə düzülmüşdü. Plakatın yuxarısında şairin böyüdülmüş rəngli portreti, adı və soyadı, hansı ölkəni təmsil etməsi, aşağıda isə fars və ingilis dillərində hansısa şeirindən bir parça verilmişdi. İkinci maraqlı cəhət isə o idi ki, konqresdə iştirak edən 43 şairin hər birinin əvvəlcədən göndərilmiş iki şeiri çox qısa vaxt ərzində fars və ingilis dillərinə tərcümə olunaraq, müəlliflərin ədəbi tərcümeyi-halı və foto şəkilləri ilə birlikdə «Dünyaya açılan şeir pəncərəsi» adlı almanaxda iki dildə çap olunaraq konqres iştirakçılarına paylandı. Konqresin açılış mərasimi «Vəhdət» sarayında «Qurani Kərim»dən bir surənin oxunuşu və İran İslam Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlandı. Ötən il keçirilən 1-ci konqres haqqında filmin nümayişindən sonra İranın mədəniyyət naziri Seyid Məhəmməd Hüseyni konqres iştirakçılarını bir daha salamlayaraq konqresin işinə uğurlar arzuladı. Konqresin açılış mərasimində çıxış edən tədbiri keçirən təşkilat komitəsi sədrinin, İranın mədəniyyət nazirinin müavininin və digərlərinin çıxışlarında ədəbiyyatın dünya xalqlarının mədəni əlaqələrinin formalaşmasında bir körpü olduğu vurğulandı və qeyd edildi ki, bir həftəyə yaxın davam edəcək konqres günlərində müxtəlif ölkələrdən gəlmiş şairlərin hər birinin ayrı-ayrı elm, təhsil və mədəniyyət müəssisələrində keçiriləcək şeir gecələrində yalnız öz dillərində şeir oxuyacaqları və həmin şeirlərin həm də ingilis və fars dillərində səsləndiriləcəyi nəzərdə tutulmuşdur. Həqiqətən də belə oldu. Oktyabrın 9-10-da Tehrandakı Şəhid Behişti Universitetinin Ədəbiyyat fakültəsində, Tehran Rəssamlar Evində, Əl-Zəhra Azad İslam Universitetində, Tehran Milli Mədəniyyət və Gənc Şairlər Mərkəzində və digər müəssisələrdə keçirilən şeir gecələrində bir qayda olaraq proqram üzrə çıxış edən hər bir şairin fars və ingilis dillərində ədəbi tərcümeyi-halı təqdim olunandan sonra, şairin öz ana dilində şeir oxuması, sonra isə həmin şeirin ingilis və fars dillərində səsləndirilməsi tədbirin rəngarəng keçməsinə səbəb olmaqla yanaşı, tamaşaçılar tərəfindən də maraqla qarşılandı. Həm də ayrı-ayrı millətlərin nümayəndələrinin şeir oxuma tərzi haqqında təsəvvür yaranırdı. Hindistanlı şairin öz şeirlərini avazla mahnı kimi ifa etməsi, Cənubi Afrikadan gələn şairin musiqisiz, oynaya-oynaya şeir deməsi, irlandiyalı şairin bir bənd şeir deyəndən sonra sükut içində dayanıb bir an tamaşaçılara nəzər salması, Filippindən gələn şairin özünün hazırladığı cib darağı boyda kiçik bir alətdə musiqi ifa edib sonra şeirini deməsi, Tailand, Uruqvay, Banqladeş, Pakistan, Danimarka və s. ölkələri təmsil edən şairlərin şeir oxuma tərzləri tamaşaçıların xeyli təəccübünə və diqqətinə səbəb olurdu. Tehranda keçirilən həmin tədbirlərdə Azərbaycandan gələn hər üç nümayəndəyə də (Bakıdan dəvət olunan şərqşünas, gənc şair Rüstəm Hacıyev də bizimlə idi) proqram üzrə iki dəfə söz verildi və biz də öz ölkəmizin təbiətini, insanlarının psixologiyasını əks etdirən şeirlər oxuduq. Tehranda keçirilən tədbirlər zamanı «Kövsər» restoranında, Tehranın qədim məhəllələrindən sayılan və bizim İçərişəhəri xatırladan ərazidə təşkil olunan ziyafətlər və musiqi axşamları da öz əlvanlığı və rəngarəngliyi ilə diqqəti cəlb edirdi. Tehran görüşləri nə qədər maraqlı olsa da qarşıda bizi Sədinin və Hafizin vətəni olan Şiraz səfəri gözləyirdi. Təkcə İranın yox, dünyanın ən qədim və əzəmətli şəhərlərindən olan Şiraz haqqında hələ lap gənclik illərindən oxuyub öyrəndiklərimdən, Şiraz yaxınlığındakı məşhur «Təxti -Cəmşid» sarayının tarixindən, Sədi, Hafiz Şirazi kimi Şərqin böyük söz klassiklərinin əsərləri ilə, onların hər ikisinin məzarlarının Şirazda olması haqda əldə etdiyim təsəvvürlərdən xəyalımda bir Şiraz obrazı canlandıra-canlandıra, dünyanın dörd qitəsindən gəlmiş müxtəlif millətlərdən olan şairlərlə «Tehran-Şiraz» təyyarə reysi ilə yol gedəndə də Şirazı düşünür və belə hesab edirdim ki, göylərdə qanad açan nəhəng təyyarədə Hafizin ruhu da bizim başımız üstündə uçur. Elə buna görə də istər-istəməz həmin duyğularım elə təyyarədəcə şeir misralarına çevrilirdi: Hafiz işığına yol gedirik biz, Nəhəng təyyarədir göylərdə çapan.Hafiz işığına yol gedirik biz,Sağımda ingilis, solumda yapon.Səbrimiz göylərdə yatıb, dincəlib,Gümanlı yolları açır təyyarə.Neçə qitələrdən şairlər gəlib,Tehrandan Şiraza uçur təyyarə.Hafizdən danışır tatar, rus, qazax,Hafiz, Hafiz deyir ərəb, çinli də.Hafiz sənətində əzəmətə bax,Gəlib səcdəsinə filippinli də. Göylər necə aydın, səma nə təmiz,Şeirli gün gəlir yaşımız üstə.Tehrandan Şiraza yol gedirik biz,Hafizin ruhu da başımız üstə...Dünyanın qədim şeir-sənət mərkəzi, İranda isə «gül və bülbül şəhəri» kimi tanınan Şiraz ölkənin cənubi-qərbində yerləşir və fars vilayətinin mərkəzi sayılır. Tehran və Məşhəd şəhərlərindən sonra İranın 3-cü böyük şəhəri hesab olunan Şiraz Tehranın 920 kilometrliyində, Zaqros dağ silsiləsində, dəniz səviyyəsindən 1486 metr yüksəklikdə yerləşir. 2006-cı il statistikasına görə əhalisi 1 milyon 727 min nəfərdir. Şəhər qədim tarixinə və abadlığına görə ölkənin turizm baxımından diqqət cəlb edən bölgələrindəndir. «Təxti-Cəmşid», «Baği Dilguşə» (ürək açan bağ), «Baği erəm» (Behişt bağı), «Narınc bağı», «Baği zibayə cihan nüma» (dünyanı özündə əks etdirən bağ), «Şahçıraq», «Kərimxan Zənd qalası», «Vəkil bazarı», Sədinin və Hafiz Şirazinin qəbrüstü məqbərələri Şirazın ən əzəmətli və tarixi yerləri hesab olunur.İran və dünya şairlərinin oktyabrın 11-də Şirazda öz işini davam etdirən 2-ci konqresinin minlərlə adamın, şeir- sənət vurğunlarının iştirakı ilə keçirilən açılış mərasimi axşamüstü, açıq havada «Hafiziyyə» deyilən parkda, Hafiz Şirazinin məqbərəsi önündə oldu. İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədi Nejatın da iştirak və çıxış etdiyi mərasimdə bu cür poeziya tədbirlərinin keçirilməsində məqsədin Firdovsi, Sədi, Hafiz Şirazi, Ömər Xəyyam kimi şairlərin xatirəsini yad etməklə yanaşı, həm də dünya xalqları arasında mədəni əlaqələri genişləndirməkdən ibarət olduğu vurğulandı. Açılış mərasimində əsasən Şərq üslubunda ifa olunan konsert proqramı da, tədbirdən sonra «Baği Zibayə» deyilən yerdə keçirilən şeir gecəsi də mərasim iştirakçıları tərəfindən maraqla qarşılandı. Tədbirin ikinci günü səhər çağı minlərlə insanın iştirak etdiyi ən əzəmətli şeir məclislərindən biri də yenə həmin parkda Hafiz Şirazinin məqbərəsi önündə oldu. Digər ölkələrdən gələn bəzi nümayəndələrlə yanaşı, Hafizin məqbərəsi önündə keçirilən həmin mərasimdə Azərbaycandan gələn hər üç nümayəndəyə söz verildi. Bizim heyət həmin tədbirdə digərlərindən onunla fərqlənirdi ki, hər üçümüz yeni, həm də yalnız Şiraz mövzusunda şeirlərlə -Xanəli Kərimli «Şiraza gəlmişəm» şeiri ilə, Rüstəm Hacıyev Hafizə nəzirə şəklində yazdığı qəzəli ilə, mən isə aşağıdakı «Şiraz» şeirimlə çıxış etdim: Söz-sənət mülkündə yol göstərəndi,Çiçəyi bağçadan şehli dərəndi.Sözün sərrafına qiymət verəndi,Saxlamaz hər yoldan ötəni, Şiraz,Sədinin Hafizin Vətəni Şiraz.Yolları nur dolu səhər içində,Bağı, bağçaları bəhər içində.Bu qədər məmləkət, şəhər içindəSözün zirvəsinə yetəni Şiraz,Sədinin, Hafizin Vətəni Şiraz.Qarası bir yana, ağı bir yana,Dərəsi bir yana, dağı bir yana,Bağçası bir yana, bağı bir yana,Daşında gül-çiçək bitəni Şiraz,Sədinin, Hafizin Vətəni Şiraz.Şeirə qiymət verən, söz oxşayandır,Halallıq qoruyan, düz oxşayandır.Təbriz də, Tehran da göz oxşayandır.Gözəllik içində itəni, Şiraz Sədinin, Hafizin Vətəni Şiraz.Oktyabr ayının 11-12-də Şiraz Universitetində, Azərbaycan oxucusuna əsasən «Bustan» və «Gülüstan» əsərləri ilə tanış olan Sədi Şirazinin və Hafizin məqbərəsi önündə keçirilən şeir gecələri kimi, qədim Şiraz şəhəri ilə tanışlıq da çox maraqlı təsir bağışladı. Təmizliyi, səliqə-sahmanı, gözəl havası, yaşıllığı ilə diqqəti cəlb edən Şiraz başdan-başa əlvan gülüstanı xatırladır. İranda məşhur Zənd sülaləsinin banisi olmuş Kərim Xan Zəndin zamanında tikilmiş sarayın çox əzəmətli qala divarları, Quran darvazası, Vəkil camisi, Vəkil bazarı, Vəkil hamamı (Kərim Xan Zənd xalqın halına yanıb rəhmli qərarlar verdiyi üçün onu «Vəkilürrüaya»-xalqın vəkili adlandırmışlar), tanınmış şair Xacuye Kirmaninin məqbərəsi və s. tarixi yerlər də tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Ancaq bu tədbirlərin hamısının kulminasiya nöqtəsi tədbirin son günü (oktyabrın 13-də) məşhur «Təxti-Cəmşid» sarayına ekskursiya oldu. Şirazın 30-40 kilometrliyində Mərvdəst əyalətində xarabalıqları qalan bu şəhərin miladdan öncə 518-ci ildə inşa edildiyi, Böyük Daranın, Xəşayar şahın və 1-ci Ərdəşirin hakimiyyətləri dövründə daha da inkişaf etdirildiyi, Əhəmənilər dövründə uzun müddət İranın paytaxtı olduğu, təxminən yüz il ərzində bütün rəsmi mərasimlərin, dini ayinlərin və Novruz şənliklərinin bu şəhərdə keçirildiyi iddia olunur. Tarixçilərin fərziyyəsinə və ərazidə aparılmış arxeoloji tədqiqatların nəticələrinə görə «Təxti-Cəmşid» Makedoniyalı İsgəndərin İrana hücumu zamanı onun qoşunları tərəfindən yandırılıb məhv edilmişdir. Eyni zamanda həmin dövrdə Əhəmənilər dövrünə aid bir çox əlyazmalarının, rəsmi sənədlərin və incəsənət nümunələrinin də yandırılıb məhv edildyii ehtimal olunur. Buna baxmayaraq həmin dövrlərdən 2500 ildən artıq müddət keçsə də «Təxti-Cəmşid»in əzəməti və möhtəşəmliyi bu gün də görənləri heyran edir. Təxminən 10 km2 ərazini əhatə edən sarayın xarabalıqları içərisində bu günə qədər qalan 20 metrdən artıq hündürlüyündə daş sütunlara, nəhəng darvazalara, həmin sütunlar üzərindəki tonlarla ağırlığı olan ikibaşlı öküz və ikibaşlı şir formasında yonulmuş çox nəhəng fiqurlara, saray pillələrinin ətrafındakı daş divarlarda hökmdarların daşdan yonulmuş heykəllərinə, hökmdarlara hədiyyə gətirməsi təsvir olunan insanlara, daş darvaza önündə daşdan yonulmuş, bir əlində hakimiyyət rəmzi olan şahlıq əsası, digər əlində isə sülh və dostluq rəmzi olan nilufər gülü tutmuş hökmdar təsvirlərinə heyrətsiz baxmaq mümkün deyil. İstər Tehranda keçirilən tədbirlərdə, istər Şərqin çox böyük ədəbiyyat və sənət mərkəzi olan Şirazda Sədi və Hafizin məzarları önündə, universitetlərdə, elm və mədəniyyət mərkəzlərində keçirilən şeir məclislərində nə qədər maraqlı, yaddaqalan məqamlar olmuşdusa da «Təxti-Cəmşid»ə ekskursiya bizi o qədər heyrətləndirmişdi ki, 35-40 dərəcə istiyə baxmayaraq silsilə dağların ətəyindəki bu sarayın xarabalıqlarına baxmaqdan doymur, bu əzəmətli möcüzədən ayrılmaq istəmirdik. Ancaq təəssüf ki, zaman keçir və ekskursiyanın proqramı başa çatırdı. Artıq biz -iki saata kimi təyyarə ilə Tehrana uçmalı, səhər tezdən isə Təbrizə uçub oradan Təbriz-Culfa-Naxçıvan yolu ilə Vətənə dönməli idik...
Vaqif Məmmədov,
Naxçıvan Dövlət
Universitetinin
«Qeyrət» nəşriyyatının
direktoru,
Azərbaycan Yazıçılar
Birliyinin və
Avrasiya Yazarlar Birliyinin
üzvü
Dosta göndər
Palitra.-2011.-2 noyabr.-S.10.