“MDB və bir çox Şərqi Avropa ölkələrindən bir neçə pillə irəlidəyik”

 

Azərbaycanın BMT TŞ-yə üzvlüyə qəbul olunması kimi tarixi nailiyyət beynəlxalq ekspertlər tərəfindən olduğu kimi, ölkənin ictimaiyyət nümayəndələri tərəfindən də qiymətləndirilməkdədir. Bu barədə qəzetimizdə də müzakirələr aparılır. Bu dəfə isə ölkəmiz üçün çox mühüm olan bu məsələ barəsində qəzetimizə millət vəkili, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov fikirlərini bildirdi:  

- Bu, son vaxtlar dünya, eləcə də ölkə ictimaiyyətində çox müzakirə olunan məsələdir. Təbii ki, Azərbaycanda olan beynəlxalq təşkilatların nümayəndələri, eyni zamanda bizim xaricdə olan diplomatik nümayəndələrimizin hamısı bu məsələyə çox böyük qiymət verir. Azərbaycan diplomatiyası müstəqillik dönəmində ən böyük uğurlarından birini qazandı. Çünki BMT Təhlükəsizlik Şurasına üzv seçilmək məsələsi eyni zamanda ölkənin beynəlxalq ictimaiyyət arasında nüfuzunu göstərir. Azərbaycan cəmisi 20 ildir ki, müstəqildir, amma buna baxmayaraq 155 ölkənin dəstəyini qazanmaq heçasan məsələ deyil. Bu məsələdə bir çox iddialı, dünya birliyində yaxşı mövqeyi olan digər ölkələr də vardı. Bizi ikiqat sevindirir ki, həm Şərqi, həm də Mərkəzi Avropadan olan bu iddialı ölkələr arasından məhz Azərbaycana üstünlük verildi və Azərbaycan ölkə başçısının həyata keçirdiyi gündəlik siyasətin nəticəsi olaraq bu böyük uğura nail oldu. Beləliklə, Azərbaycan iki il ərzində dünyada gedən bütün proseslərin mərkəzində olacaq və dünyadakı proseslərin idarə olunmasında, problemlərin həll olunmasında bu ali orqanın üzvü kimi yaxından iştirak edəcək.

- Fuad müəllim, Azərbaycan dünya birliyi tərəfindən bu cür böyük etimada layiq görüldüyü və BMT TŞ-yə üzv seçildiyi halda Ermənistan bu hadisənin kölgəsində qaldı. Əslində bu ölkə üzvlüklə bağlı rəqabətə girsə də, məhz Azərbaycanın üzvlükdə iddialı olduğunu gördükdən sonra geri çəkildi. Bunu nə ilə izah etmək olar?

-  Ümumiyyətlə, Azərbaycan nəinki Ermənistanla, istənilən digər region ölkəsi ilə beynəlxalq nüfuz baxımından müqayisəyəgəlməzdir. Azərbaycan bütün parametrlərə görə bu ölkələrdən üstün mövqedədir. Yəni bunu reallığa əsaslanaraq ifadə edirik. Müxtəlif kriteriyalara və statistik rəqəmlərə əsaslanaraq qeyd edirik ki, hətta son illərdə Azərbaycan ümumi daxili məhsul, İnsan İnkişafı İndeksi, beynəlxalq müqavilələrdə iştirakı və sair əsas parametrlərə görə bütün regionda birincidir. Hətta MDB və bir çox Şərqi Avropa ölkələrindən bir neçə pillə irəlidəyik. Ona görə də Ermənistanla hər hansı müqayisəni düzgün saymaq olmaz. Biz Ermənistandan çox-çox yüksəkdəyik, bu ölkənin bütün göstəriciləri bizdən 10, hətta 20 qat aşağıdır. Eyni zamanda  Azərbaycan sülhsevər dövlətdir, bu ölkədən fərqli olaraq işğalçı deyil. Azərbaycan regionda sülhün qorunmasında, əldə edilməsində təşəbbüsləri olan və bu sahədə işləyən ölkədir. Ona görə də bu məsələdə hətta erməni deputatlar da parlamentlərində etiraf etdilər ki, Azərbaycanın qazandığı uğurlar, xüsusilə də BMT TŞ-yə üzvlük çox böyük uğurdur. Belə bir fikir də onlar tərəfindən səsləndi ki, Azərbaycan öz enerjisini istifadə edərək belə bir uğur qazanıb, amma 155 ölkənin Azərbaycana səs verməsi təbii ki, enerjiyə görə ola bilməz, bu ağlabatan deyil, ona görə də ermənilərin bu barədə bütün iddiaları alt-üst olur. Ona görə də Ermənistan kimi ələbaxımçı bir ölkə ilə müqayisəni bir kənara qoymaq lazımdır. Bizim indi müyaqisə etməli olduğumuz ölkələr, Şərqi Avropa ölkələri və bir çox inkişaf etmiş ölkələrdir. Çalışmalıyıq ki, məhz bu istiqaməti götürək. Biz indi inkişaf etmiş ölkələrin gəstəricilərinə tam mənada nail olmaq iddiası və potensialı ilə çıxış edirik. Hətta bir sıra göstəricilərimiz bir çox inkişaf etmiş ölkələrdə olduğundan da yaxşı nəticələr hesab oluna bilər. Ümumiyyətlə isə belə bir uğuru əldə etməyimiz bir daha göstərdi ki, dünya birliyində Azərbaycanın xüsusi yeri və etimadı var. BMT mandatına uyğun olaraq Azərbaycan ərazi bütövlüyünün bütün dünya tərəfindən tanınması, Azərbaycanın torpaqlarının işğal olunması faktı üzərində işləmək əslində bəzi ermənimeyilli dövlətlərə bir ismarıc idi. Bütün bunlar göstərir ki, BMT-də təmsil olunanların əksəryyəti, yəni dünya birliyi Azərbaycanın tərəfindədir, ərazi bütövlüyümüzün bərpa olunmasını istəyir.

- Bəzi diletant “ekspertlər” iddia edirdilər ki, Azərbaycanın tarazlaşdırılmış, müstəqil siyasəti yanlışdır və Azərbaycan guya bir sıra ölkələr kimi hansısa dünya gücünün yanında olmalıdır. Amma Azərbaycan dövlətçiliyinin bu illər ərzində getdikcə qüdrətlənməsi, beynəlxalq arenada qazanılan uğurlar, xüsusən də son tarixi nailiyyət bir daha göstərdi ki, müstəqil siyasət Azərbaycanın uğurlarının əsasını təşkil edir. Siz bununla bağlı nə düşünürsünüz?

- Düşünürəm ki, bu gün istər-istəməz dünyada böyük güclər mövcuddur. Bu faktdır. Belə bir mürəkkəb situasiyada Azərbaycanın tarazlaşdırılmış, müstəqil siyasət həyata keçirməsi təbii ki, bir çox ölkələrdə böyük qıcıq yaradır. Çünki müstəqil olmaq çox çətin və məsuliyyətli, çoxuna mənsub olmayan bir məsələdir. Bir çox dövlətlər, eləcə də region ölkələri var ki, onlar öz daxili və xarici siyasətinin bir çox vacib istiqamətlərini artıq tamamilə digər ölkələrə həvalə etməyə məcbur olublar. Bilirsiniz ki, regionumuzda belə ölkələrin sayı çoxdur. Ona görə də Azərbaycanın müstəqil siyasət yürütməsi belə ölkələrdə çox böyük qıcıq yaradır.   Onlar öz vəziyyətlərinin acınacaqlı olduğunu gördükdə istəmirlər ki, Azərbaycan bu cür suveren və müstəqil fəaliyyət göstərməkdə davam etsin, eləcə də bəzi güclər də bunun əleyhinə çıxış edirlər. Buna baxmayaraq Azərbaycan bütün maneələri uğurla dəf edir və müstəqil, milli maraqlara əsaslanan siyasət yürütməkdə davam edir. Eləcə də bizim bu məsələdə də dünya birliyi tərəfindən çox böyük dəstəyimiz var. Bizim bir çox müttəfiq ölkələrimiz, məsələn, qardaş Türkiyə və digər tərəfdaşlarımız var. Düşünürəm ki, buna görə də Azərbaycan bu gün bir çox beynəlxalq qurumlarda uğurlara nail olur, müstəqil şəkildə dünyada və regionda oyunçu kimi iştirak edir. Azərbaycanın seçiminə, mövqeyinə son illərdə dünyada çox diqqətlə və həssas yanaşırlar ki, bu da müstəqil dövlət olaraq Azərbaycanla hesablaşıldığını göstərir. Prezidentin bildirdiyi kimi, bizimlə xoş niyyətlə əməkdaşlıq edən bütün ölkələrə qapımız açıqdır. Bizim əleyhimizə olanlar isə təbii ki, sərt cavab alacaq. Bu cür qətiyyətli müstəqil siyasət bu gün öz bəhrəsini verir. 20 ildir müstəqil olan bu ölkə üçün bu uğurlar çox böyükdür. Azərbaycanın sosial-iqtisadi qüdrətinin artması, daxili potensialdan düzgün istifadə, əhalinin həyat səviyyəsinin, rifah halının ildən-ilə daha da yüksəlməsi  ölkəmizin müstəqil, kimsədən asılı olmadan uğurlu və intensiv inkişafını təmin edir. Bu isə eyni zamanda müstəqil xarici siyasətə və beynəlxalq əməkdaşlığa olduqca münbit zəmin yaradıb. 

 

 

İlkin AĞAYEV

 

Palitra.-2011.-4 noyabr.-S.5.