“Orta ədəbi nəslin nümayəndələrinin çoxu İKT-dən lazımınca yararlana bilmir”

 

Kulturoloji mövzuda müsahibimiz Yeni Yazarlar və Sənətçilər Qurumunun(YYSQ) sədri, “www.kitabxana.net” - Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xandır(Əbilov).  Aydın Xan bizimlə budəfəki müsahibəsində söhbətə sədri olduğu təşkilatın bu mövzuda həyata keçirdiyi layihələr barədə məlumat verməklə başladı:   

 

- Heç kimə sirr deyil ki, günü-gündən dəyişən yeni texnologiyalar həyatımızın bütün sahələrində olduğu kimi, intellektual-yaradıcı məsələlərə də öz güclü təsirini göstərir. İstər kompyuter texnologiyası və mobil rabitə vasitələri, istərsə də internet, eləcə də elektron informasiya daşıyıcılarının gündəlik həyatımıza nüfuzu o qədər nəzərəçarpandır ki, bu barədə dünya elmi-kulturoloji dairələrində böyük polemikalar açılır. Sosioloqlar, cəmiyyətşünaslar, kulturoloqlar, filosoflar, konfliktoloqlar, hətta siyasətşünaslardan sonra ədəbiyyatşünaslar və dilçi alimlər də yeni  texnologiyaların ictimai-mədəni, ədəbi-estetik, kulturoloji-fəlsəfi düşüncədə əksi ilə əlaqədar polemik fikirlərini, elmi qənaətlərini, analitik mülahizələrini ictimaiyyətlə bölüşməyə başlayıblar. O cümlədən orta nəsil Azərbaycan yazıçılarının bədii-poetik əsərləri də bizdə rəqəmsal formatda hazırlanır. Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Orta nəsil Azərbaycan yazarlarının əsərlərini rəqəmsal formatda nəşrə hazırlayaraq Milli Virtual  Kitabxanada yerləşdirməklə, anadilli internet resurslarımızı zənginləşdirmək” kulturoloji layihəsini icra edib. Kulturoloji-humanitar layihə sayılan “www.kitabxana.net” - Milli Virtual Kitabxanada azərbaycan, türk və rus dillərində mindən çox elektron kitab, dərslik, lüğət, dünya və milli ədəbiyyat nümunələri, eləcə də on mindən çox intellektual materialı oxuculara ödənişsiz təqdim edilir, elektron resurs hər gün zənginləşdirilir. Layihənin növbəti mərhələsi orta ədəbi nəslin nümayəndələrinin yaradıcılığının elektron variantda hazırlanaraq virtual kitabxana vasitəsilə Azərbaycanda və dünyada yaşayan 50 milyonluq soydaşlarımıza çatdırılması olub. Elektron KİV, yeni telekommunikasiya vasitələri, xüsusən də internet və İKT-nin inkişafı ilə əlaqədar dünyanın əksər ölkələrində ədəbiyyat, eləcə də intellektual sərvətlər - kitabların, bədii əsərlərin rəqəmsal formata salınmasına başlanıb. Hazırlanan elektron kitablar isə qlobal informasiya məkanında, milli və lokal elektron resurslarında yerləşdirilir. Respublikamızda bu sahədə işlər aparılsa da, zamanın tələbləri səviyyəsində sözügedən istiqamətdə hələ bir sıra problemlər öz həllini tapmayıb. Yaşlı və yeni nəslin yaratdığı estetik-intellektul əsərlər internetdə yerləşdirilsə də, orta nəslə mənsub milli yazıçı və şairlər bu məsələdə böyük çətinliklərlə qarşılaşıblar. Orta ədəbi nəslin nümayəndələrinin çoxu hələ də kompyuter və yeni İKT vasitələrindən lazımınca yararlana bilmir. Eləcə də Azərbaycan daxilində və xaricdə yaşayan oxucular, xüsusən də yeniyetmə və gənclər tərəfindən anadilli ciddi ədəbi-bədii, elmi-intellektual kitabları, əsərləri oxumaq, fərqli - yeni mütaliə mədəniyyətini qavramaq, yeni oxu vərdişlərinə yiyələnmək məsələsində ciddi problemlər həll olunmamış qalır. Xaricdə yaşayan soydaşlarımız isə milli-mənəvi dəyərlərdən, azərbaycan dilində kitab və ədəbiyyatdan kənar qalırlar: xüsusən də ən yeni ədəbiyyat nümunələrindən xəbərsizdilər. Araşdırmalar göstərir ki, Azərbaycanda yeni nəslin nümayəndələri arasında bir qism gənclər kompyuter və internet bilgilərinə yiyələnsə də, milli internet -qlobal və lokal informasiya-şəbəkə resurslarımızın azlığı, azərbaycan dilində gənclərə, yeniyetmələrə ünvanlanmış internet saytlarının, ciddi, intellektual portalların məhdud sayda fəaliyyət göstərməsi, zəif inkişaf etməsi, eləcə də elektron-virtual kitabxanaların, pulsuz bloq-sayt imkanlarının yoxluğu, onların maraq dairəsini təmin edəcək şəbəkə imkanlarının zəifliyi ona gətirib çıxarıb ki, yeni nəslin nümayəndələri internetdən yalnız əyləncə vasitəsi, çox hallarda isə erotik, bəzən isə pornoqrafiya, zorakılığı təbliğ edən materialları asanca əldə etmək imkanı kimi yararlanırlar.

- Respublikamızda “Elektron hökümət”, “Elektron məktəb”, “Elektron Kitabxana” kimi innovative proqramlar həyata keçirilməsiylə bağlı dövlət proqramları var. Bunların müsbət təsiri ilə bağlı nələri demək olar?

- Bu cür planlar hələki kütləvi dəyişikliklərə gətirib çıxarmayıb. Yeniyetmələr və gənclər üçün ədəbiyyat və kitabların sayı, keyfiyyəti, elektron kitablar, yeni nəslə ünvanlanmış saytlar, şəbəkə resursları, internetdə milli və bilgili resurslar, həmçinin  təhsil və təlimin səmərəliliyini artırmaq üçün digər innovativ vasitələr sahəsində böyük boşluqlar var. İnternet istifadəçilərimizin elektron poçt, elektron gündəlik - bloq, virtual kitabxana, şəbəkə etikası, internet mədəniyyəti, yeni e-oxu və e-yazı vərdişləri, şəbəkə ədəbiyyatı, elektron və audio (səsli) kitablar, televiziya və radio verilişləri, gənclərə ünvanlanmış xəbər və əyləncə-internet saytı, həmçinin mətbuat sahələrindəki boşluqlar isə artıq ciddi problemə çevrilib, çağdaş humanitar-mədəni düşüncəmizdə - təhsil və yeni nəslin formalaşmasında boşluqlara aparıb çıxarır. Hələ üstəlik Azərbaycanın daxilində və xaricdə yaşayan gənclər arasında asan, ucuz başa gələn yeni ünsiyyət vasitəsi kimi internet - yeni informasiya-kommunikasiya texnologiyaları sahəsində maarifçiliyə kəskin ehtiyac duyulur.

- Elektron kitabxana ilə  bağlı layihənizin müsbət təsirləri barədə nə deyə bilərsiniz?

- YYSQ ölkəmizdə, eləcə də xaricdə yaşayan azərbaycanlı yeni nəsil soydaşlarımız, xüsusən də gənclər, uşaq və yeniyetmələr üçün Milli Virtual Kitabxana yaratsa da, onun durmadan zənginləşdirilməsinə, inkişaf etdirilməsinə, yeni ədəbiyyat və kitabların rəqəmsal formatlara salınıb orada yerləşdirilməsinə böyük zərurət duyulmaqdadır. Yeniyetmə və gənclərin mənəvi-estetik dünyagörüşlərini formalaşmasından ötrü internetdə e-kitablar hazırlanmalı, xüsusən də nisbətən qayğıdan uzaq düşmüş orta nəsil yazarlar və şairlərin yaratmış olduğu yeni əsərlərin e-variantı hazırlanmalı, qlobal informasiya şəbəkəsində pulsuz istifadə üçün yerləşdirilməlidir.Layihənin əsas məqsədi çağdaş oxuculara - ölkəmizdə və dünyada yaşayan soydaşlarımıza ünvanlanmış klassik, dünya, həmçinin milli ədəbiyyat - kitabların, orta nəsil yazarlarımızın yeni əsərləri internet resursları vasitəsilə çatdırmaq, onların yaradıcılığını təbliğ etmək üçün anadilli ədəbiyyat resurslarımızı zənginləşdirmək, oralara girişlərin sayını artırmaqdır.Məqsədimiz anadilli internet resursunda - Milli Virtual Kitabxanada orta nəsil yazarlarının dəyərli ədəbiyyat nümunələrini yerləşdirmək, bu yaradıcı nəslin nümayəndləri üçün bloq sistemini genişləndirmək, onları anadilli internet resurslarını zənginləşdirməyə həvəsləndirmək, Azərbaycan mədəniyyətini, ədəbiyyatını, milli-mənəvi dəyərlərini dünyaya yaymaqda ən yeni texnologiyalardan yararlanmağı öyrətmək, yeni nəslin nümayəndələrinə innovativ şəbəkə - elektron oxu və yazı mədəniyyətinin aşılamaq, milli, anadilli internet - şəbəkə resurslarımızı zənginləşdirmək, orta nəsil, eləcə də yeniyetmə və gənclərin yazdıqları əsərləri internet səhifələr - bloqlar formasında nəşrə hazırlamaq, şəbəkər resursunda yerləşdirmək, milli-mənəvi dəyərlərinin qorunması, inkişafı, tanınması istiqamətində dünya azərbaycanlı gənclərlə şəbəkə təmasları sürətləndirmək, çağdaş estetik-bədii söz sənətimizin zənginləşməsinə təkan verməkdir. Yeni kompyuter texnologiyaları ilə işləmək, fərqli internet şəbəkə resurslarından oxumaq, elektron yazı mədəniyyətinə yiyələnmək, ana dilimizdə gənclərə istiqamətlənmiş elektron resursların səviyyəsini qaldırmaq, dünyadakı soydaşlarımızdan ibarət qlobal informasiya məkanının istifadəçiləri üçün Milli Virtual Kitabxananı vaxt itirmədən zənginləşdirmək lazımdır. Yeni nəslin elektron gündəliklərini - bloq portalını yaratmaq, elektron rəqəmsal kitabları nəşrə hazırlamaq, mobil rabitə vasitələrindən - e-kağız və e-kitablardan yararlanaraq ciddi əsərləri, elmi mətnlərlə faydalı işləmək, elektron cihazlardan mütaliə etmək, internet yazı müsabiqələrinin təşkili və başqa formalardan yararlanaraq ölkəmizdəki yeniyetmə və gənclər, eləcə də dünyada yaşayan 50 milyonluq soydaşlarımızda doğma Vətənə, dövlətçiliyimizə, onun tarixinə, mədəniyyətinə, ədəbiyyatına, milli-mənəvi dəyərlərinə, ədəbi-mədəni sərvətlərimizə, ana dilimizə, azərbaycançılıq məfkurəsinə marağı gücləndirmək, eyni zamanda, qlobal informasiya şəbəkəsində “Virtual Azərbaycan”ı qurmaqda intellektual-kulturoloji sərvətlərimizin rolu böyükdür. Bu problemləri öyrənmək, xalqımızın milli-mədəni dəyərlərinin geniş ictimai sferada təbliği, təhsilə, elmə, yeni texnoloji biliklərə, gənc nəslin sivil inkişafına səy göstərmək, eləcə də qlobal, xalqların inteqrasiyaya meylinin güclü olduğu bir çağda dünyada millətimizin başqa xalqlardan geri qalmamasından ötrü bir gün də vaxt itirmədən yuxarıda sadalanan problemlərin həlli istiqamətində ciddi addımlar atılmalıdır. Hər hansı bir dövlətin - millətin sivil inkişafının bir ölçüsü də onun ərazisində yaşayan insanların çağdaş dünya dəyərlərinə olan münasibətidir. Bu mənada biz Avropa ölkələrinə çatmaq istiqamətində çox işlər görməliyik. Cəmiyyətimizin intellektual, mütaliə və ünsiyyət tələbatlarına cavab verən, dünya gəncləri arasında innovativ-şəbəkə rabitə vasitəsinə çevirilə biləcək milli internet resurslarının yaratmaq və zənginləşdirmək istiqamətində görülən hər bir iş sadalanan problemin həllində ciddi addımlardan biri olacaq. Həyata keçirilən kulturoloji layihənin bir məqsədi də alternativ elektron dərslik və kitablardan istifadəni populyarlaşdırmaq, nəinki Azərbaycanda, eləcə də dünyadakı 50 milyonluq soydaşlarımızın təhsil, elm, dərslik, kitab və ədəbiyyata olan tələbatını ödəməkdir. Virtual oxu, innovativ tədris, elektron kitab, e-yazı, e-mütaliə və şəbəkə ədəbiyyatı kimi yeni metodların, formatların geniş tətbiqi nəticəsində məsafədən tədrisin populyarlaşmasına da yardımçı olunur. Müəllimlər bu resursun e-kitabxana bölümündən yararlanaraq ev tapşırıqları, əlavə oxu, bədii ədəbiyyatın mütaliəsi, yeniyetmə və gənclərin sosiallaşması, qrup halında İnternetdən və İKT-dən yararlanmasına şərait yarada bilərlər...www.kitabxana.net - Milli Virtual Kitabxana dünyanın aparıcı dillərində kitabların elektron variantı, milli və qlobal elektron kitabxanaların ünvanları, yazarların saytları, bloqlar, yazılı, eləcə də elektron KİV-in şəbəkə ocaqları, tərcümələr, orijinal yazılar, xəbərlər: intelektualların hər gün yenilənən kulturoloji e-resursu kimi Azərbaycan, ingilis, rus və türk dilində fəaliyyət göstərir. Eyni zamanda portalda uşaq ədəbiyyatı və kitablarının elektron variantlarından ibarət bölmə, Azərbaycanda ilk dəfə e-dərgi, şəbəkə elmi-kulturoloji jurnalı, gənclərin intellektual-ədəbi-poetik-bilgili elektron gündəlikləri - bloqları da mövcuddur. 

 

 

İlkin AĞAYEV

 

Palitra.-2011.-4 noyabr.-S.7.