NAXÇIVANIN MÜSTƏQİLLİK TARIXINƏ HƏSR OLUNMUŞ İLK QİYMƏTLİ TƏDQİQAT ƏSƏRİ

 

Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinini sədri, Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər)” kitabının təqdimatı keçirilib.  

 

Tədbiri giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli ümummilli lider, müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş kitabı Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə dəyərli töhfə adlandırıb. Qeyd olunub ki, Azərbaycanşünaslıq, o cümlədən Naxçıvanşünaslıq istiqamətində, Naxçıvanın müstəqillik tarixinin öyrənilməsi baxımından fundamental tədqiqat əsəri olan monoqrafiyada qiymətli tarixi faktlar və statistik məlumatlar elmi prinsiplər əsasında, sistemli şəkildə təhlil və tədqiq olunmuş, maraqlı müqayisə və paralellər aparılıb. Monoqrafiyada ümummilli lider Heydər Əliyevin Naxçıvandakı siyasi fəaliyyəti, qəbul etdiyi qətiyyətli qərarlar, böyük siyasətə qayıdışı, yerli əhalinin respublikada baş verən ictimai-siyasi proseslərdə fəal iştirakı, Prezident İlham Əliyevin və muxtar respublika rəhbərliyinin məqsədyönlü fəaliyyəti nəticəsində regionda gedən çoxcəhətli dinamik inkişaf  öz əksini tapıb. Kitabın sonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qərar və sərəncamlarının toplu halında verilməsi regionun idarəetmə, qanunvericilik tarixinin öyrənilməsi baxımından da əhəmiyyətlidir. Akademik İsa Həbibbəyli iqtisadi inkişafın Naxçıvan modelinin elmi inikası olan yeni nəşrin ali məktəblərin İqtisad fakültələrinin tələbələri üçün dərslik, gələcək elmi tədqiqatlar üçün qiymətli elmi mənbə olacağını vurğulayaraq kollektiv adından müəllifə yeni-yeni elmi nailiyyətlər arzulayıb.AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Hacı Fəxrəddin Səfərli Naxçıvanda elmin inkişafından, AMEA Naxçıvan Bölməsinin bu istiqamətdə uğurlu fəaliyyətindən bəhs etmiş, monoqrafiya haqqında ətraflı məruzə edib.  Natiq xatırladıb ki, Naxçıvanda “Əcəmi” nəşriyyatında nəfis tərtibatla, yüksək poliqrafik keyfiyyətlə işıq üzü görmüş kitab çoxsaylı elmi-siyasi ədəbiyyatlara, statistikaya istinadən yazılıb, müxtəlif fotolarla müşayiət olunub. Giriş, üç fəsil, nəticə, ədəbiyyat siyahısı və əlavələrdən ibarət monoqrafiyada Naxçıvanın 20 illik ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı tədqiq olunub. Kitabda ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif dövrlərdə Naxçıvana rəsmi səfərləri, muxtar respublikanın 75, 80 və 85 illik yubileylərin dövlət səviyyəsində qeyd olunması, Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü və digər beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi haqqında məlumatlar verilib, muxtar respublikanın regional və beynəlxalq siyasətdə qazandığı uğurlar haqlı olaraq Heydər Əliyev ideologiyasının davamının bəhrələri kimi təqdim olunub, regionda yürüdülən elm, təhsil, mədəniyyət, gənclər və idman siyasətinin məntiqi nəticələri- hərtərəfli dinamik inkişaf təsvir olunub. Tanınmış tarixçi, qafqazşünas, yazıçı-publisist Rudolf İvanov əsərin Azərbaycanın müasir dövlətçilik tarixinin öyrənilməsi baxımından əhəmiyyətindən danışıb, kitabdan da göründüyü kimi Naxçıvanın uzun illər blokadada olmasına baxmayaraq misligörünməmiş tərəqqisinin əsl idarəetmə nümunəsi sayıla biləcəyini söyləyib.Təqdimat mərasimində universitetin tədris işləri üzrə prorektoru, Əməkdar  elm xadimi, filologiya elmləri doktoru Hüseyn Həşimli, tərbiyə işləri üzrə prorektor, Əməkdar müəllim, professor Məmməd Rzayev, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, dosent Emin Şıxəliyev, universitetin İqtisadiyyat fakültəsinin dekan müavini, dosent Müslüm Cabbarzadə çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, yüksək vətənpərvərliklə, siyasi yetkinlik və mənbəşünaslıq səriştəsi ilə yazılmış, bitkin elmi müddəalarla zəngin olan əsər hər bir ziyalının stolüstü kitabına çevrilə bilər. Sonda müəllif tədbir təşkilatçılarına, kitabın araya-ərsəyə gəlməsində əməyi keçənlərə minnətdarlığını bildirib, Naxçıvanın xüsusilə son 15 ildə keçdiyi inkişaf yolunun öyrənilməsinin alimlərimizin, sosioloq və politoloqlarımızın vətəndaşlıq borcu olduğunu söyləyib, AMEA Naxçıvan Bölməsinin perspektiv vəzifələrindən, gələcək elmi planlardan söz açıb.  

 

 

Mehriban SULTAN

 

Palitra.-2011.-4 noyabr.-S.11.