“Yeni layihəni fransızlar bizimlə birgə reallaşdırmaq istəyirlər”

 

Qədim maddi mədəniyyət nümunələrini öyrənən elm olan arxeologiya Azərbaycanda da geniş inkişaf edib. Ölkəmizin müxtəlif bölgələrində aparılan arxeoloji qazıntılar tarixin yaddaşını əks etdirən qədim abidələrin, çoxsaylı maddi-mədəniyyət nümunələrinin aşkarlanmasına imkan verir. Bu “daş” tariximizi aşkarlayıb kağıza köçürənlər  Azərbaycan arxeoloqlarıdır. Son vaxtlar ölkədə arxeologiya sahəsində yeni-yeni nailiyyətlər əldə olunur. Müsahibimiz arxeoloji tədqiqatları ilə bir sıra abidələrimizin aşkarlanmasına nail olan AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji abidələrin külliyyatı sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərovdur: 

- Bu gün ən maraqlı ekspedisiyalardan biri kimi Cənub-Şərqi Azərbaycan Arxeoloji Ekspedisiyasının fəaliyyətini göstərmək olar. Bizim cənub-şərq rayonlarımız İranla həmsərhəddir. Lerik, Cəlilabad, Astara, Yardımlı rayonlarının hər birinin İranla sərhədləri var. Həmin sərhəd ərazilərdə də çoxlu abidələr var ki, onların öyrənilməsi, təsnifatının verilməsi, aidiyyatının müəyyənləşdirilməsi vacibdir. Kifayət qədər abidələr müxtəlif dövrlərə aid olub və müxtəlif təyinatlıdır. Məsələn, qəbir abidələri, qalalar, karvan yolları, karvansaralar var. Cənub bölgəsində arxeoloji tədqiqatların aparılması vacibdir. Ona görə də bizim ekspedisiya “Cənub-Şərqi Azərbaycanın arxeoloji tədqiqi” adlanır. Bu birbaşa sərhəd bölgəsidir və sovet dövründə çoxlu dağıntılar törədilib ki, bu da abidələrin əhəmiyyətini anlamayanlar, başa düşməyən insanlar tərəfindən baş verib. 1920-30-cu illərdə Azərbaycanı öyrənən cəmiyyət yaranıb və sonralar onun tədqiqat sahələri də genişlənib. Azərbaycanın müxtəlif sahələrinə xüsusi ekspedisiyalar ezam olunub. Bu ekspedisiyalar həmçinin cənub bölgəsində də fəaliyyət göstərib ki, onların həmin illərdə yazmış olduqlarını bu gün biz görmürük. Acınacaqlıdır ki, bir sıra qalalar haqqında yazılar olsa da, həmin rayonun qapalı bölgə olması, uzun müddət burada sovet əsgərlərinin ağalıq etməsi, qeyri-millətdən olanların rəhbərlik etməsi nəticəsində yaranan özbaşınalıq tarixi abidələrimizn dağılmasına gətirib çıxarıb. Bir sıra kəndlərdə olan qoç heykəllər ya daşınıb aparılıb, ya da o vaxt yayılan bir şayiəyə görə, həmin qoçların boyunlarında nə isə gizlədilib, guya həmin qoçların boyunlarını qırıb dağıdıblar. Bizi bununla tariximizdən ayırmağa çalışırdılar.Vaxtilə Qərbi Azərbaycanın Urud qəbirstanlığında, Naxçıvanda, Ordubadda, Laçında da bu kimi əməllər törədilib. Bu sahədə problemlər hələ də var, özbaşına qazıntılar aparılır, nə isə axtarılır, maddi-mədəniyyət nümunələri itirilir, naməlum istiqamətlərə daşınır. Bunların hamısı bizim arxeoloji ekspedisiyanın nə qədər vacib iş gördüyünü bir daha sübut edir. Biz əslində bu bölgənin bütün rayonlarının, Biləsuvar, Masallı, Lənkəran, Cəlilabad, Astara, Yardımlı, Lerikin arxeoloji xəritəsini hazırlamağı qarşımıza məqsəd qoymuşuq. Xeyli müddətdir ki, bu iş davam edir. Artıq bir neçə rayonun xəritəsi hazırdır. Son 3-4 il idi ki, biz Cəlilabad rayonu ərazisində işləyirdik.

- Yeni hazırladığınız layihə ilə bağlı nə deyə bilərsiniz?

- 2011-ci ildə bir layihə ilə əlaqədar Cəlilabadda işlərimizi yarımçıq qoyub Lerik rayonuna getdik və burada arxeoloji tədqiqatları davam etdirdik. Lerik dağlıq rayondur və uzun müddət yaylaq olub. Bu gün də yaylaq olaraq istifadə olunur. Burada müxtəlif istiqamətlərdə, müxtəlif təyinatlı onlarla, hətta yüzlərlə tarixi abidə var. Uzaq Paleolit dövründən başlamış son orta əsrlərə qədər bütün tarixi burada izləmək mümkündür. Buzeyr qalası da burada yerləşir. Biz Çayrud kəndi ərazisində yaşayış yerində qazıntı apardıq.  Arxeologiyada belə bir tezis var ki, dağlıq ərazilərdə yaşayış yerləri çox məhdud olub. Çünki insanlar bu ərazilərdə təsərrüfatla bağlı müəyyən müddət olublar və otlaqlar tükəndikdən sonra onlar öz yerlərini dəyişdiriblər. Çayrud kəndi dəniz səviyyəsindən xeyli yüksəklikdədir, dağlıq ərazidir. Həmin yerdə qazıntı işləri apardıq və oradakı arxeoloji materiallardan müəyyən olundu ki, burada 300 ildən artıq intensiv həyat olub. Bu, ərəb istilaları dövründən başlayıb IX əsrlərə qədər davam edib. Bu onu göstərir ki, həmin yerlər ancaq yaylaq kimi istifadə olunmayıb, daimi yaşayış yerləri də olub. Builki tədqiqatlarımızın əsas məqsədinə gəldikdə isə vaxtilə həvəskar arxeoloqlar - Morqan qardaşları olub ki, hazırda üzərində iş gedən layihə də bununla bağlıdır. İndi həmin tədqiqatların 100 ili tamam olur. Bu layihə də “100 ildən sonra Morqanın izi ilə” adlanır. Adıçəkilən layihəni fransızlar bizimlə birgə reallaşdırmaq istəyirlər. Məqsəd odur ki, aşkar olunan bütün arxeoloji materiallar daşınıb aparılırdısa, indi biz buna yol vermərik. Qazıntılar aparsaq, o materiallar bizdə qalmalıdır. Biz Morqanın vaxtilə işlədiyi bütün yerlərdə olmuşuq. O, Mistan, Mastail, Tüli, Rəzqov, Qosmailon və digər kəndlərdə olub. Lerik rayonunun dağ kəndləri var ki, onların ərazisində də qazıntılar aparılıb və çoxlu dağıntlar törədilib. O vaxt əsasən daş qutu qəbirlərdə səriştəsiz, necə gəldi qazıntılar aparılıb. Oradan çıxan materialları da daşıyıb aparıblar. Yerli əhalidən narazılıq edənlər olub, hətta bəzi yerlərdə buna mane olmağa da çalışıblar. Məsələn, Lənkəran-Lerik yolunda bir ziyarətgah var ki, orada da kurqan açıb tədqiqat aparıblar və bu da narazılığa səbəb olub. Yəni onların ovaxtkı fəaliyyəti birmənalı qarşılanmayıb.  Təəssüf ki, onların aşkar etdiyi materiallar bizdə deyil. Xaricdə, Fransada Senjermen Muzeyində saxlanılır və Azərbaycan materialları kimi də təqdim olunmur. Biz cari ildə onların gəzmiş olduqları bütün yolların xəritəsini hazırlamışıq. Məsələn, onlar Coni kəndində 80-dən artıq daş qutu qəbiri dağıdıblar. İndi tədqiqat aparmaq üçün daş qutu qalmayıb. Bunlar müxtəlif olur. Məsələn, onların eləsi var ki, ictimai bərabərsizliyin meydana gəlməsi ilə bağlı olub. Burada varlı qəbirləri var ki, yeraltı sərdabələrdir. İndi oradakı yaşlı nəslin nümayəndələri babalarından eşitdiklərini söyləyirlər ki, vaxtilə burada bu qəbirlərdən külli miqrdarda material - əmək alətləri, bəzək əşyaları, silahlar çıxararaq atlara yükləyib Lənkərana gətirirdilər, oradan isə birbaşa Avropaya aparırdılar.  Ümumiyyətlə, bu bölgədə qalalar çoxdur. Çünki cənub yolu əsasən bu bölgədən keçirdi. Bir neçə istiqamətdə, o cümlədən mövsümi yollar vardı. Yəni payız yağışları başladıqda, artıq bu yollar keçilməz olduqda başqa yol seçilirdi. Bu yolların hər birinin üstündə müdafiə istehkamları, qurğuları var. Eləcə də bu yolların üzərində vaxtilə məscidlər, karvansaralar olub. İndi onların heç biri olmasa da, qalaların müdafiə istehkamlarının izləri qalıb. Həmin qalalardan biri Lerik rayonu ərazisindədir. Bu qalaya yerli əhali “Şahverən”, “Buzeyr qalası” deyir. Çox möhtəşəm bir abidədir. Oradan Lerik də daxil olmaqla 20-dən artıq kəndi izləmək mümkündür. Alınmaz, sıldırım bir qayalıqdadır. Su ehtiyatı yığmaq üçün orada 10-15 tondan artıq tutumu olan iki daş üstündə yer çapılıb. Biz Lerikdə işləyəndə quraqlıq idi və uzun müddət idi ki, yağış yağmırdı. Amma o qayada çapılmış hovuzlardan birinin içində su var idi. Demək, orada uzun müddət su saxlamaq mümkün olub. Dağın zirvəsindən xırdaca arxlar açılıb ki, yağış suyu da yığılıb arxlara və gəlib hovuza toplanıb. Təəssüf ki, bu hovuzların da içini deşiblər, o qalada çoxlu dağıntılar edilib. Salamat qalan bürclərin birinin içindən görməni yaxşılaşdırmaqdan ötrü xüsusi konstruksiya işlənilib. Həmin 20-dən artıq kəndə gəlib-gedənləri buradan müşahidə etmək mümkündür. Bunun qarşısından karvan yolu keçir. Ümumiyyətlə, tacirlər təhlükəsiz, qısa yola böyük önəm verirdilər. Həmin qalanın strateji əhəmiyyəti də ondan ibarət olub ki, buradan gedən yolların hamısını qalanın nəzarəti altında saxlamaq mümkün olub.

- Bu gün arxeoloji tədqiqatların aparılması ilə bağlı hansısa problemlər varmı?

- Bizim əsas işimiz kəşfiyyat xarakteri daşıyır. Lerik rayonunun Cəngəmirən kəndində olduq. O elə bir kənddir ki, deyilənlərə görə, bir vaxtlar bütün Lerik ərazisini taxılla bu kənd təmin edib. Burada qəbirstanlıq var. Həmin qəbirstanlıqda orta əsrlərə aid qoç heykəlli, daş qutu qəbirlər var. Həmin daş qutu qəbirlərdən birində tədqiqatlar apardıq. Bu işin yekunları bir daha sübut etdi ki, Azərbaycanın cənub bölgəsi çox maraqlı, qədim tarixi olan bir bölgədir. Bu bölgədə Lerik rayonunun xüsusi yeri var. Tədqiqatlar davam edəcək. Əgər fransızlarla bizim işbirliyimiz alınsa, həmin kəndlərə müasir texnika ilə getmək bir qədər çətin olsa da, orada tədqiqatlar aparılacaq. Artıq biz onların yerini müəyyənləşdirmişik. Ölkə başçısı tərəfindən də arxeoloji tədqiqatlara son vaxtlar böyük önəm verilir, bu sahə dövlət qayğısı ilə əhatə olunub. Hətta Prezident öz fondundan arxeoloji tədqiqatları genişləndirmək və Azərbaycanın bütün rayonlarında arxeoloji tədqiqatlar aparmaq üçün vəsait ayırıb. Bu vəsait səmərəli şəkildə arxeoloji tədqiqatlara sərf olunur. Keçmişimizi qorumaq, tədqiq etmək, tarixin qaranlıq səhifələrinə işıq salmaq arxeoloqların işidir. Arxeoloqlar da diqqət və qayğı ilə əhatə olunduqda onların gördüyü işlər daha səmərəli, keyfiyyətli olur. Bu gün bunların hamısı var və arxeoloji tədqiqatlar davam edir.

- Demək ki, hələ də bizim aşkarlanmamış abidələrimiz, maddi-mədəniyyət nümunələrimiz var…

- Bizim abidələr sonsuzdur. Azərbaycanın bütün ərazisini yeraltı muzeyə bənzədirlər. Bu tədqiqatlar bitmir. Məsələn, indi biz hazırladığımız xəritədə təkcə Yardımlı rayonu ərazisində 200-dən artıq yeni abidə müəyyənləşdirib oraya daxil etmişik. Lerik rayonunda vaxtilə işləyiblər, biz də 1980-ci illərin sonunda işləmişik, amma bu gün yenidən həmin əraziyə qayıtmışıq və nəticədə bu rayon ərazisində yeni abidələr ortaya çıxır. O yerdə ki, təsərrüfat işləri aparılır, yol çəkilir, hansısa bir iş görülür, oradan dəfn adəti ilə bağlı abidə, qəbir abidəsi, ya daş qutu qəbri aşkarlanır, yaxud da yaşayış yerlərinin izləri meydana çıxır. Məsələn, bizim ötən il tədqiqat apardığımız Çayrud yaşayış yeri bir kənd sakininin həyətidir. Amma onu genişləndirmək qeyri-mümkündür. Çünki bu abidə kompleksdir, vaxtilə böyük bir ərazini tutub. İndi yaşayış evlərinin altında qalıb. Biz orada mədəni təbəqəni müəyyənləşdirə bildik, o qənaətə gəldik ki, burada 300 ildən artıq intensiv həyat olub. Amma o dağıdılmış olsaydı, biz onları görə bilməyəcəkdik. Bu tədqiqatlar davam edir və bitməyəcək. Bu elm olduğu müddətdə yeni abidələr də aşkarlanıb üzə çıxacaq. Elə abidələr var ki, onlar hələ də yerin altındadır, yerüstü əlaməti də yoxdur. Buna qəbir abidələrini misal göstərmək olar. Qəbirlərin olması o deməkdir ki, burada yaşayış olub. Qəbirstanlıqların tarixi də müxtəlifdir ki, bunlar Orta, İlk Orta əsrlər, Antik, Dəmir dövrü, hətta Tunc dövrünə qədər gedib çıxır. 

- Vaxtilə Avropaya aparılan maddi-mədəniyyət nümunələrinin geri qaytarılması mümkündürmü?

- Bizim institutun rəhbərliyi və biz də bunda maraqlıyıq. Elə materiallar var ki, onlar bir neçə nüsxədən ibarətdir. İstərdik ki, onlar ölkəmizə qaytarılsın və onların rəsmləri bizə verilsin. Bu barədə institutda iş aparılır, bizim fransızlarla işimiz baş tutarsa, müəyyən şərtlərimiz olacaq. Həmin şərtlərdən biri də məhz vaxtilə Morqan qardaşlarının tədqiq edib, qazıb, aşkar edib çıxardığı materialların aqibəti məsələsi olacaq. Layihə reallaşdıqda mən onları Morqan qardaşlarının çalışdığı yerlərə aparacam, addım-addım həmin yerləri gəzdirəcəyik. Onlar görsünlər ki, babaları Azərbaycan ərazisində nə qədər böyük dağıntılar törədiblər. Həmin materiallar hazırda Senjermen Muzeyində Persiya, fars materialları adı altında nümayiş etdirilir. Burada səlahiyyət məsələsi elə bir rol oynamır. Sadəcə anlaşma olmalıdır və onlar bilməlidir ki, bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Bu istiqamətdə iş aparılmalıdır. 

- Bu gün gənclərin arxeologiyaya münasibətini necə qiymətləndirirsiniz?

- Bizdə bu sahədə möhtəşəm bir demokratiya var. Bir vaxtlar elmə axın çox zəifləmişdi, əksinə, elmdən beyin axını var idi. Dövlətimizin siyasəti nəticəsində  elmə olan maraq artmaqdadır. Gənclərə xüsusi yer verilir. Onlar üçün xüsusi şərait yaradılır, hətta arxeoloji ekspedisiyalara rəhbərlik edirlər, çox gözəl işlər də görürlər. Bir durğunluq, keçid illəri var idi ki, onda gənclərin elmə marağı azalmışdı. Amma indi elmə gəlmək istəyənlərin sayı artır. Sadəcə ali məktəblərdə güclü baza  yaradılmalıdır. Elə elm sahələri var ki, başqa elmlərin müdaxiləsini tələb edir. Antropoloq, poleozooloq, torpaqla, flora, fauna ilə bağlı sahələrin mütəxəssislərinin olmaması arxeoloqların işini bir qədər çətinləşdirir. Ali məktəblərimizdə bunlara gələcəkdə yer verilməlidir, mütəxəssislər hazırlanmalıdır. Hazırda Bakı Dövlət Universitetinin Tarix fakültəsində arxelogiya dərsləri keçilir, eyni zamanda onlara ixtisas seçməyə imkan verirlər. Bir də Dövlət Pedaqoji Universitetində bu fənni keçirlər. Ümumiyyətlə, bizim bazamız onlardır. Vaxtilə praktika var idi. Artıq iki ildir ki, bu proses yenidən başlayıb, ekspedisiyalara tələbələri cəlb edirlər. Bunda ali məktəblərin özləri maraqlı olmalıdır. Özlərində belə dəstələr düzəldilməli, rəhbərləri olmalıdır. Onlar ekspedisiyalara gəlməli, görülən işlərlə yerində tanış olmalıdırlar. Gələcəkdə bunu genişləndirmək olar. Arxeologiya elə bir elmdir ki, onun həm nəzəri, həm də təcrübi sahəsi var. Təcrübi sahəsi daha üstündür, önəmlidir. Bəzi insanlarda elə təsəvvür var ki, arxeoloqlar yalnız torpaq qazmaqla məşğul olur. Bu belə deyil. Arxeologiya çox dəqiq bir elmdir. Burada zərgər dəqiqliyi ilə iş aparılmalıdır. Orada qazılan torpaq mütləq ələnməlidir, onun içərisindəki mədəni təbəqə, qatışıqlar hamısı laboratoriyada analiz olunmalıdır. Bütün bunlardan sonra arxeologiyanın nailiyyətlərindən danışmaq mümkündür.       

 

 

Nigar 

 

Palitra.-2011.-4 noyabr.-S.10.