«Teatr Muzeyində yüzlərlə orijinal material mühafizə olunur»

 

Layihə çərçivəsində növbəti müsahibimiz Cəfər Cabbarlı adına Azərbaycan Teatr Muzeyinin elmi işlər üzrə direktor müavini Sevinc Mikayılovadır: 

 

- 1934-cü ildə yaradılan Teatr Muzeyinin yaradıcısı və ilk direktoru Ağakərim Şərifov olub. Keçmiş Tağıyev Teatrında dövrün görkəmli sənət xadimləri ilə yanaşı bütün teatrsevərlərin iştirakı ilə muzeyin açılış mərasimi keçirilib. Xatirə kitabından bəlli olur ki, həmin illərdə muzeyə çoxlu teatr pərəstişkarları gəlirmiş ki, onların arasında məşhur insanlar da var. Amerikadan gələn professor Dana yazıb ki, “Mən Bakı şəhərində belə gözəl Teatr Muzeyinə rast gəlməyimə heyranam. Mən elə bir ölkə tanımıram ki, onlarda sizdə gördüyüm qədər teatr modelləri olsun. Mənə kömək edən muzeyin direktoru Şərifova təşəkkürümü bildirirəm”. Görkəmli dramaturq C.Cabbarlının vəfatından sonra 1935-ci ildə onun adının əbədiləşdirilməsi ilə bağlı qəbul edilən qərara əsasən, muzey C.Cabbarlı adına Azərbaycan Teatr Muzeyi adlanır. 1942-ci ildə A.Şərifovun ölümündən sonra bir müddət muzeyə S.Rəhman başçılıq edir, daha sonra isə 25 il Sona Cabbarlının rəhbərliyi altında fəaliyyət göstərir. Bu illər ərzində muzey bir neçə binaya köçmək məcburiyyətində qalır. 1953-cü ildə muzeyin elmi işçisi Turan Cavid direktor təyin edilir. Nəhayət, 1991-ci ildə sovetlər birliyi dağıldıqdan sonra Lenin Mərkəzi Muzeyinin Bakı filialı öz əhəmiyyətini itirir. Bina Mədəniyyət Nazirliyinə verilir ki, nazirlik də Muzey Mərkəzi yaradaraq bir neçə muzeylə yanaşı Teatr Muzeyini bu binada yerləşdrir. Həmin ildə uzun zamandan bəri muzeydə çalışan Nuridə Nurullayeva muzeyə direktor təyin edilib. Onu da qeyd edim ki, muzeyə 2004-cü ildə “Qızıl Dərviş” mükafatı verilib, hazırda muzeyin rəhbəri olan N.Nurullayeva 2006-cı ildə ölkə başçısının sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 2006-cı il mart ayının 18-i muzeyin həyatında ən şərəfli günlərdən biri kimi tarixə düşüb. Belə ki, Prezident İlham Əliyev Muzey Mərkəzinə gələrək burada yerləşən muzeylərin fəaliyyəti və problemləri ilə yaxından maraqlanıb. Ölkə başçısının mədəni irsimizə, o cümlədən muzeyimizə göstərdiyi diqqət və qayğı burada çalışan hər kəsi muzey işini daha da yüksəltməyə ruhlandırır. 2007-ci ildə Prezident tərəfindən “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” sərəncam imzalandı ki, Teatr Muzeyi də bu sərəncamı əlində rəhbər tutaraq öz fəaliyyətini daha da genişləndirir və muzey işini müasir prinsiplərə əsasən qurur.

- Hazırda muzeydə mühafizə onunan materiallarla bağlı nə deyərdiniz?

- Bu gün Teatr Muzeyində yüzlərlə orijinal material mühafizə olunur. Onların içərisində müxtəlif janrlarda ilk teatr tamaşalarımızın proqram və afişaları, teatr fədailərinin, korifey sənətkarların həyat və yaradıcılığından bəhs edən unikal sənədlər, əlyazmalar, foto və neqativlər, aktyorlarımızın səsləri yazılmış lent yazıları, bir sözlə, istər keçmiş, istərsə də müasir səhnə sənətimizin tarixini əks etdirən nümunələr var. Bu sənədlərin sayəsində muzey Azərbaycan teatrını təbliğ etmək, onu gənc nəsillərə sevdirmək və həmçinin elmi-tədqiqat işləri ilə məşğul olmaq imkanı yaradır. Muzeydə toplanan 130 mindən artıq materialın bir qismi ekspozisiyada sərgilənir. Bir qismi isə fondlar üzrə bölünərək qorunur və vaxtaşırı olaraq nümayiş olunur. Hazırda muzeydə arxiv-memuar, foto-neqativ, eskiz-maket fondları, fonoteka və ekspozisiya-kütləvi iş şöbələri, kitabxana və fotolaboratoriya fəaliyyət göstərir. Muzeyin fəaliyyətinin daha geniş istiqamətdə qurulmasında Mədəniyyət və Turizm Nazirliyi də öz diqqət və qayğısını əsirgəmir. Muzeyin eksponatları vaxtaşırı xarici ölkələrdə təşkil olunan sərgilərdə nümayiş olunur. Hazırda Teatr Muzeyi dünyanın bir sıra muzeyləri ilə əməkdaşlıq edir.

- Ziyarətçilər muzeydəki materiallarla tanış olarkən hansı maraqlı faktlarla rastlaşırlar?

- Əlbəttə, belə faktlar var. Məsələn, burada ilk faciə aktyoru Hüseyn Ərəblinskinin 1897-1919-cu illərdə iştirak etdiyi tamaşaların əksəriyyətinin proqram və afişaları saxlanılır. Bu materiallardan məlum olur ki, o, Azərbaycan səhnəsində 70-ə qədər obraz yaradıb, 30-a qədər tamaşaya quruluş verib. Həmçinin Ərəblinski ənənələrinin davamçısı, səhnəmizin ölməz tragiklərindan olan A.Şərifzadəyə aid materiallar muzeyin nadir sənədlərindəndir. Sevimli aktyorumuz Mirzə Ağa Əliyevə aid əlyazmalar, sənədlər və özünün “Bir aktyorun yaddaş dəftərçəsi” adlı xatirələri diqqət çəkən eksponatlardandır. Muzeyin fondunda qüdrətli səhnə ustası Sidqi Ruhullanın da çox zəngin arxivi var. Qiymətli eksponatlardan bir hissəsi görkəmli dramaturq Cəfər Cabbarlının adı ilə bağlıdır. Arxivdə həmçinin gözəl şair Mikayıl Müşfiqin bir şeirinin əlyazması saxlanılır. Muzeyin 7 zaldan ibarət ekspozisiyasında Azərbaycan teatrının ayrı-ayrı inkişaf mərhələlərinin bədii-estetik xarakterini, təbiətini özündə əks etdirən nadir eksponatlar var. Milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” pyesi əsasında hazırlanmış tamaşanın 1873-cü ildən saxlanılmış afişası seyrçilərdə böyük maraq doğurur. Muzeydəki ən “yaşlı” foto 1888-ci ildə ilk teatr truppasının üzvləri toplaşmış şəkildir. Bu, Həbib bəy Mahmudbəyovun truppasının fotoşəklidir. Muzeydə ilk komediya aktyorumuz Cahangir Zeynalov bir neçə fotoşəkil və proqramlarla təqdim olunur. Aktyorun müşahidələrindən və elmi-nəzəri fikirlərindən ibarət “Teatro dəftərçəsi” adlı kiçikhəcmli risaləsi teatr mədəniyyətimiz üçün son dərəcə dəyərli eksponatdır. Maraq doğuran guşələrdən biri də Azərbaycanın ilk peşəkar faciə aktyoru, bir sənətçi kimi mürəkkəb tale yaşamış Hüseyn Ərəblinskiyə məxsusdur. Burada aktyorun bir neçə sənədi, “Ağa Məhəmməd şah Qacar” tamaşasında Qacar rolunu ifa edərkən geyindiyi xalat, tacı və qılıncı nümayiş olunur. Maraqlı guşələrdən biri də ilk azərbaycanlı dramaturq qadın Səkinə xanım Axundzadəyə həsr olunub. Qədim eksponatlar arasında bir neçə musiqi aləti də qoyulub. Onların içərisində bu gün Azərbaycanda yeganə nümunə olan Teatr Muzeyində saxlanılan çəqanə də var. Milli balet səhnəmizin yaranma tarixi, yüksəlişi və dünya musiqi ədəbiyyatına daxil olan inciləri barədə də ekspozisiyada dolğun məlumat almaq mümkündür. Muzeydə şəxsi kolleksiyalardan, həmçinin teatr xadimlərinin həyat və yaradıcılığını əks etdirən fond materiallarından ibarət daimi və səyyar sərgilərin nümayiş olunduğu sərgi zalı da fəaliyyətdədir. Bu gün öz fəaliyyətini müxtəlif istiqamətdə inkişaf etdirən, istər səhnə tariximizə dair sənədləri toplamaq, istərsə də gənc nəsillə yaşlı nəsil arasında bir ünsiyyət körpüsü yaradan muzeyin əsas vəzifələrindən biri teatr mədəniyyətimizi təbliğ etməkdir.          

- Cari ildə muzeydə hansı tədbirlər reallaşdırılıb?

- 2011-ci ildə C.Cabbarlı adına Azərbaycan Teatr Muzeyi illik plan üzrə fəaliyyət göstərib. Muzeyin saytının hazırlanması işi davam etdirilib, fond və ekspozisiyada qorunan materialların əksəriyyətinin elektron versiyası hazırlanıb, etiketləri, ekskursiya mətni, ekspozisiyanın tematik planı rus və ingilis dilinə tərcümə edilib. Saytda virtual ekskursiya Azərbaycan və rus dillərində səsləndirilib. Muzeyin 3D texnologiyaları əsasında hazırlanmış veb saytı artıq istifadəyə verilib. İl ərzində muzeyin əsas fonduna 509 sayda eksponat daxil olub ki, bunların 404 ədədi müxtəlif tamaşaların proqramlarıdır. Foto-neqativ fondunda qorunan şüşə neqativlər skan edilərək disklərə köçürülüb. Bundan başqa muzeydə 20 Yanvar, Xocalı hadisələri ilə bağlı tədbir keçirilib. “Muzeylər gecəsi” beynəlxalq aksiyası ilə bağlı 14 may tarixində keçirilən, aşıq yaradıcılığına həsr olunan bədii gecəyə Azərbaycan Aşıqlar Birliyinin üzvləri də dəvət olunmuşdu. Eləcə də Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Molla Nəsrəddin: güldürür-düşündürür” devizi altında keçirilən tədbirdə Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dram dərnəyinin ifasında görkəmli maarifçi-dramaturq Cəlil Məmmədquluzadənin felyetonlarından və müasirlərinin şeirlərindən ibarət kompozisiya təqdim olundu. Eləcə də hər iki tarixdə muzeydə “Açıq qapı” günü elan edilmişdi. Bugünlərdə muzeydə dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə geniş tədbir keçirildi. Bir sıra telekanallar tərəfindən muzeydə çəkilişlər aparılıb. Bundan başqa muzeydə bir sıra sərgilər hazırlanıb ki, bunlara “Xalq artisti Şəmsi Bədəlbəyli - 100”, “SSRİ Xalq artisti Adil İsgəndərov - 100”, “SSRİ Xalq artisti Ələsgər Ələkbərov - 100”, “Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Sabit Rəhman - 100”, Azərbaycan peşəkar teatrının 139-cu mövsümünün açılışı münasibətilə Mingəçevir Dövlət Dram Teatrının yaradıcılığına həsr edilən sərgini, “Yaşar Nuri-60”, “Hamlet Xanızadə - 70”, Azərbaycan Dövlət Kukla Teatrları Festivalı ilə bağlı sərgini göstərmək olar.   

 

 

Nigar

 

Palitra.-2011.-11 noyabr.- S.6.