“Əlavə vəsait cəlb etmək istəyən biznes qurumları şəffaf olmalı və özlərini investisiya fondlarının fəaliyyətinə uyğunlaşdırmalıdırlar”

 

Xəbər verildiyi kimi, ölkədə investisiya fondlarının yaradılması və fəaliyyəti gözlənilir. Bunun üçün istər qanuni baza, istərsə də şərait formalaşıb. 2010-cu ildə qəbul edilmişİnvestisiya fondları haqqında” yeni qanunda da investisiya fondlarının fəaliyyəti ilə bağlı konkret müddəalar əksini tapıb. Mövzu ilə bağlı olaraq suallarımızı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinin müdiri Elnur Allahverdiyev cavablandırır. 

- Elnur müəllim, investisiya fondlarının yaradılması ərəfəsində buna aid  yeni qanun barədə fikirlərinizi bilmək istərdik.

- Yeni qanun nəinki beynəlxalq standartlara uyğundur, həmçinin son dünya böhranında baş verən nəticələr də qanunda nəzərə alınıb. Burada investisiya fondlarının fəaliyyətinə çox ciddi nəzarət sistemi qoyulub. Nəzarət sistemi iki istiqamətdən ibarətdir. Birinci mərhələdə nəzarəti qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan depozitlər həyata keçirir. İnvestisiya fondu öz paylarını buraxarkən, vəsaitlərini idarə edərkən bəyan edir ki, vəsait hara yönələcək. Bu bəyanat komitə tərəfindən ilkin olaraq qeydiyyata alınır ki, bu istiqamətə uyğun olaraq fəaliyyət başlansın. Yəni bu bəyanata uyğun olaraq həmin vəsait əhalidən toplanmağa başlayır. Vəsaitlər depozitlərdə toplanılır. Bu zaman depozitlər nəzarət edir ki, həmin vəsaitlər uyğun xərclənir ya yox. İkinci mərhələ isə  komitənin özü tərəfindən həyata keçirilən nəzarətdir. Hər hansı qaydalara uyğunsuzluq aşkar edildikdə komitə müvafiq qaydada tədbirlər görür və fondun lisenziyasının ləğv edilməsindəın tutmuş, əhalinin vəsaitlərinin qaytarılmasına qədər həyata keçirilir.Bundan başqa 2011-ci ildə “Qiymətli kağızların inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Həmin proqramın bir neçə istiqamətləri var. Bunlardan biri təklif və tələbatın stimullaşdırılmasıdır ki,  burada investisiya fondları artıq bazara sərbəst şəkildə vəsaitlərini təklif edəcəklər. Vəsaitlərə tələbatı olan qurumlar da anlamalıdırlar ki, bazarda təklif, yəni sərbəst vəsaitlər var. Bu vəsaitləri əldə etmək üçün həmin qurumlar öz fəaliyyətlərini uyğunlaşdırmalıdırlar. Bu barədə E.Allahverdiyev bildirir: “Həmin qurumlar şəffaflıq, hesabatlılıq və beynəlxalq standartlara uyğunluq kimi göstəricilərə cavab verməlidirlər. İnvestisiya fondu da bu zaman artıq öz müştərilərini inandırmalıdır ki, həmin müəssisəyə pul yatırmağa dəyər. Belə olduğu halda həmin müəssisələr də xeyli qazanmış olurlar. Kriteriyalara cavab vermədikləri halda onlar kommersiya banklarına gedə, kredit ala bilərlər. Amma qiymətli kağızlar bazarına uyğun bir şəkildə fəaliyyət qursalar,  daha sərfəli şərtlərlə vəsait əldə edə, fəaliyyət göstərə və inkişaf edə bilərlər.

- Hazırda ölkədə investisiya fondlarının fəaliyyəti üçün mövcud olan şəraiti necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, artıq investisiya fondlarının yaradılması üçün şərait var. Bundan əlavə bir sıra şirkətlər qanunvericiliyin təhlili ilə məşğuldurlar və hazırlıq işləri aparılır ki, fondlar yaradılsın. Hesab edirəm ki, ölkədə investisiya fondlarının güclü perspektivi var. Eləcə də yeni qanun tamamilə beynəlxalq standartlara uyğun və yeni bir sistem təklif edir. Yeni sistemə uyğun fəaliyyət mütəxəssislərin hazırlanmasını, banklar və digər qurumlarda olduğu kimi, ikimərhələli lisenziyalaşdırmanı və sair məsələləri nəzərdə tutur. Ona görə də maliyyə sektorunda çalışan peşəkarlar da bu qanuna uyğun olaraq hazırlaşmalı və məlumatlanmalıdırlar. Təbii ki, biz daim özəl şirkətlərin, maliyyə sektorunun hüquqşünasları, beynəlxalq təşkilatların hüquqşünasları ilə əlaqədəyik. Bizdən bu məqsədlə dəfələrlə xaricə səfərlər edilib və xarici ekspertlər bu fondların formalaşdırılması işi ilə bağlı olaraq ölkəyə dəvət edilib. Ümumiyyətlə, investisiya fondları iqtisadiyyatın maliyyələşdirilməsi üçün bir alternativdir. Bununla vəsaitlərin diversifikasiyası üçün alternativ qazanmış oluruq.  İnvestisiya fondu yeni qanuna görə, bir müəssisəyə öz vəsaitlərini yatıra bilməz. İnvestisiya fondları vəsaiti müxtəlif istiqamətlərə yönləndirməklə riskləri də yayındırmış olur. Məsələn, kiçik sərmayəçi olaraq 200 manat pulumun hamısını bir müəssisəyə yatırmaqla tamamilə həmin müəssisənin fəaliyyətindən asılı ola bilərəm. Amma 200 manatı investisiya fonduna yatırsam, həmin pul digər çoxminli 200 manatlıqlarla birləşib 20 müəssisəyə yatırıla bilər. Bu müəssisələrdən tutalım, 10-unun fəaliyyəti uğursuz olsa da, digər 10-unun fəaliyyəti uğur qazanmış olur. Beləliklə, o biri itkilər kompensasiya olunur və mən qazanmış oluram.  Bu, investisiya fondlarının əsas üstünlüklərindən biridir. Bundan əlavə yeni dövlət proqramı və komitənin daim gündəliyində olduğu ən mühüm məsələlərdən biri həm əhalinin, həm də peşəkarların maarifləndirilməsidir. Bu, həm dövlət proqramında müəyyən edilib, həm də komitənin əsas fəaliyyət istiqamətlərindən biridir. Biz bu məsələlərlə bağlı ictimaiyyətin maraqlandırılmasında çox maraqlıyıq. Əhali bu proseslərin iqtisadi mahiyyətindən xəbərdar olmalı və daha çox faydalanmalıdır.  Xüsusən də media nümayəndələri bu sahə üzrə bilikli olmalıdırlar. Bununla bağlı olaraq jurnalistlər arasında müsabiqə də elan etmişik.  Bizim ötürdüyümüz məlumatlar, ümumiyyətlə, bu proseslərin mahiyyəti ilə bağlı təfərrüatlı məlumatlar qiymətli kağızlar bazarında ən bahalı informasiyadır.  Bu məlumatın dəqiq və tam olması əsas tələblərdən biridir. Media nümayəndələri də komitədən verilən, yaxud hansısa peşəkarlar tərəfindən ötürülən bu cür məlumatları dolğundüzgün çatdırsınlar. Burada operativlik də əsas şərtdir. Biz bütün bunlarda çox maraqlıyıq və bu cür informasiya mübadiləsini, yayılmasını təşviq edirik. Biz qiymətli kağızlar bazarı ilə bağlı maarifləndirməyə çox böyük diqqət yetiririkbununla bağlı istiqamətlərdən biri də jurnalistlər arasında bu mövzuda müsabiqə keçirilməsidir. Ümid edirik ki, media nümayəndələri də bu sahəyə daha böyük diqqət yetirəcəklər. Bu isə getdikcə sözügedən sahədə ixtisaslaşmış jurnalistlərin peşəkarlıqlarının artmasına xidmət edəcək.

- Bəziləri hesab edir ki, investisiya fondlarının yaradılması gecikib və bu, özəlləşdirmə vaxtı baş verməli idi. Siz bu barədə nə düşünürsünüz? 

- Hesab etmirəm ki, bu barədə hansısa gecikmə var. Azərbaycanda özəlləşdirmənin onilliyi təzəlikcə qeyd olundu.  Ölkədə çoxlu sayda böyük və kiçik dövlət müəssisələri özəlləşdirilib. Ümumiyyətlə, hər bir iqtisadiyyatda özəlləşdirməyə yönələn sərvətlər kapital yığımının ilkin mərhələsi olmalıdır. Həmin dövrdə də Azərbaycan kapital yığımının ilkin mərhələsini keçirdi. İndi isə artıq elə vəziyyət yetişib ki, müxtəlif sektorlarda oturuşmuş sistem formalaşıb. İnvestisiya fondları da məhz bu cür möhkəmləşmiş, oturuşmuş sektorlardakı müəssisələrin fəaliyyətindən sonra yaranır və daha effektli fəaliyyət göstərə bilir. Bu mənada investisiya fondları iqtisadiyyatda qan dövranı sistemini təmin edən bir funksiyanı yerinə yetirmiş olur. İnvestisiya fondları şaxələnmiş pul dövriyyəsi sistemini formalaşdırır. Ən aşağı səviyyədə risklərə malik bir alət kimi investisiya fondları çıxış edir. Bütün bunlar göstərir ki, hazırda investisiya fondlarının yaradılması məsələsi də məhz Azərbaycan iqtisadiyyatının yüksək inkişaf etməsinin məntiqi nəticəsi olaraq ortaya çıxıb.

- Qeyri-neft sektorunun inkişafında investisiya fondlarının önəmini necə xarakterizə etmək olar?

- Qeyd etdiyim kimi, bu, qeyri-neft sektorunun inkişafında çox müsbət bir məqamdır. İnvestisiya fondları mövcud olan vəsaitlərin toplanmasına və ayrı-ayrı müəssisələrə yatırılmasına səbəb olacaq. Bununla da investisiyaların və risklərin şaxələndirilməsi prosesi sürətlənəcək. Ona görə də ilk növbədə qeyri-neft sektoruna aid müəssisələr inkişaf edəcək və bundan bəhrələnəcək.  Məlumdur ki, ölkədə Prezident tərəfindən çoxdandır biznes mühitinin yaxşılaşdırılmasına ciddi diqqət yetirilir. Hüquqi şəxslərin qeydiyyatı, “bir pəncərə” sisteminin tətbiqi , sahibkarlığın, qeyri-neft sektorunun inkişafı ilə bağlı digər intensiv və məqsədyönlü tədbirlər buna misaldır.  O cümlədən investisiya fondlarının özü də bir biznesdir və eləcə də biznesə investisiya yatırmaqla məşğul olan qurumlardır. Ona görə də biznes mühitinin müsbət olması investisiya fondlarının fəaliyyəti üçün çox mühüm amillərdən biridir. Dövlət biznes mühitnin daha da yaxşılaşdırılması üçün öz addımlarını atır. Amma biznes mühitini təmsil edənlər də anlamalıdır ki, onlar öz bizneslərinə əlavə vəsaitlər cəlb etmək istəyirlərsə, öz fəaliyyətlərini buna uyğunlaşdırmalıdırlar. Əgər xarici şirkətlərə baxsaq, onların fəaliyyəti tamamilə şəffafdır. Məsələn, meyvə şirəsi istehsal edən bir qurumun neçə şüşə məhsul istehsal etdiyi, hətta neçə butılka buraxdığı, gəlirinin, vergisinin, xarab məhsulun və sairlərinin şəffaf şəkildə göstərilməsi investisiya fondu üçün çox vacibdir.  Belə olduğu halda investisiya fondu həmin müəssisənin perspektivi və sair barədə daha çox məlumatlı olur və vəziyyəti daha dəqiq müəyyən edir.  Beləliklə, biznesin özü fondlara özünü təklif etməyi bacarmalıdır.

 

 

  İlkin AĞAYEV  

 

  Palitra.-2011.-11 noyabr.- S.10.