BİR NAĞILLI DÜNYA
Heç bilmirəm, nədən
başlayam, şeirin,
sözün aliliyiindən,
yoxsa insan qəlbinin intəhasızlığından,
fikir və düşüncəsinin sonsuzluğundan?!
Nədən başlasam
da, söz yenə də şeirindir, ona qol-qanad verən şair qəlbinin, fikir və düşüncəsinin
ecazkarlığınındır...
Sona Vəliyevanın “Arazbarı” (Qanun nəşriyyatı, 2011) kitabının həvəsində olsam da, kitabı necə əldə edəcəyimi bilmirdim. Adını çəkdiyim “Arazbarı” kitabı haqqında imzasına və şəxsiyyətinə həmişə hörmətlə yanaşdığım, Azərbaycan folklorşünaslığının tədqiqi tarixində özünəməxsus orijinal bir yol tutan filologiya elmləri doktoru Muxtar Kazımoğlunun “525-ci qəzet”in builki saylarının birində dərc etdirdiyi məqaləni oxuyandan sonra düşündüm ki, Sona Vəliyeva zəngin ənənəsi olan Azərbaycan qadın şairləri içərisində və həm də çağdaşları sırasında seçilən, təqdir olunan şairələrdəndir. Düzdür, mən Sona xanımın dövri mətbuatda bir publisist, filoloq alim kimi imzasını tanısam da, etiraf edim ki, onun bu qədər zərif, kövrək, zərif və kövrək olduğu qədər də məqamında sərt və döyüşkən qələm adamı-şairə olduğunu bilmirdim. M.Kazımoğlu Sona xanımı geniş oxucu auditoriyasına o qədər inamlı və sevgi ilə təqdim etmişdir ki, onun şairliyinə heç bir şübhə yeri qalmadı... “Arazbarı” kitabını mənə professor Məhərrəm Cəfərli verdi. Bu gözlənilməz hədiyyə üçün səbəbkeşlərə razılıq etdim və kitabı bir çox kitablar kimi vərəqləmədim, oxudum.İlk əvvəl xalq şairi, ictimai xadim, həmişə döyüşkən və cəsarətli qələmi ilə əlli ildən artıqdır ki, geniş oxucu auditoriyasında söz sahibi olan Sabir Rüstəmxanlının “Ana ruhunun işığında” adlı ön sözdən də Sona xanımın bir qələm sahibi olduğunu bir daha tanıdım. S.Rüstəmxanli yazir: “Sona xanım şeiri ictimai hadisə sayır. Heç bir şeirində millətin taleyindən, zamanın gətirdiyi dərdlərdən kənarda deyildir. Bu baxımdan onun şeirlərinin ədəbiyyatımızda müstəqilliyimizə özül hazırlayan Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, qadınlardan Mədinə Gülgün, Hökümə Bülluri və başqalarının vətəndaşlıq xəttinə bağlılığı göz qabağındadır...” Poeziya, onun acısı, şirini haqqında çox düşünüb - daşınanlar, fikir və düşüncələrini bölüşənlər həmişə olub və bu gün də var. Hər kəs geniş mənada poeziyaya öz baxışları, düşüncələri səviyyəsində yanaşsalarda, hələ poeziya nədir, onun ölçüləri, parametrləri hara qədərdir, sualına dəqiq cavab yoxdur. Necə ki, böyük türk şairi Nəcib Fazil Qısakürək deyir: “Arı bal yapar, fəqət balı izah edə bilməz” . Əsl şairlər də poeziyanı yaradır, amma yaratdığının sirrini aça bilmir. Bəlkə də bu sirr açılsa, poeziya öz möcüzəsini itirərdi.Mənim düşüncələrimə görə, sözə yanaşmaq baxımından qələm adamlarını şərti olaraq iki qismə ayırmaq olar: 1. Sözü öldürənlər. 2. Sözün öldürdükləri.Sözü öldürənlər “şeir yazanlardır” , sözün öldürdükləri isə şairlərdir ki, onlar poeziya yaradırlar. Qışın sərt və amansız bir çağında əlçatmaz, ünyetməz bir səhrada ürəyinin qanı, gözünün işığıyla bir ocaq çatıb minləri, milyonları o ocağın başında cəm edib onlara həyat bəxş edən “ocaqçının” cəmiyyət, xalq qarşısında xidməti nədirsə, poeziya yaradanın da xidməti və qəhrəmanlığı bax odur. Min təəssüf ki, dünən də, bu gün də, təbii ki, sabah da poeziya yaradanları barmaqla sayıblar, barmaqla sayırlar və barmaqla sayacaqlar. Çünki poeziya elə bir cənnət qapısıdır ki, bu qapını yalnız cəhənnəmin əzabını çəkənlər, o əzaba qatlaşanlar aça bilərlər. Nəğməkar şairimiz bu məqamda çox gözəl deyib: Gözlər yaşarmasa, tük ürpəşməsə,Nə sənər yaranar, nə də sənətkar.Sona Vəliyeva bir şair kimi poeziyanın qapısını inadla döyməyə can atan azsaylı qələm adamlarındandır. 2007-ci ildə “Çəhrayı rəngli dünyam” şeirlər kitabı ilə oxuculara üz tutan şairə üçün, bu ifadəni çox işlədiblər, mövzunun böyük-kiçikliyi yoxdur. Yetər ki, o mövzu şairin fikrini, düşüncəsini ifadə edib oxucuya söz deyə bilsin, onu düşündürsün. Söz də, şeir də o vaxt oxucunu düşündürər, ona təsir edər ki, o sözü, şeiri yazanın özü hamıdan əvvəl yazdıqlarına inansın, onun yanğısını, sevincini, əzabını duysun, yaxşı mənada özününküləşdirsin, sonra özgənin malı etsin. Etiraf edilməlidir ki, bir çox hallarda ədəbiyyat, bədii söz ona görə təsirsiz qalır ki, onu yazanların özləri bu təsirdən uzaqdırlar. Onlar bədii sözü “susuzluğun od vurub köz kimi yandırdığı doqad su sevən kimi” yox, “rahatca bardaş qurub kabab üstdən sərin su pis olmaz deyən” (Əi Kərim) deyən kimi sevirlər. Buna görə də bədii ədəbiyyatın “çəki daşı yoxalır” (Məmməd Araz) Sonanın şair kimi dəyəri ondadır ki, o, canından, qanından maya tutan övladlarını hansı bir ana məhəbbəti ilə sevirsə, sözü də, şeiri də o çılğınlıqla, o məhəbbətlə sevir.Aç keçək, görüm yol hanı ?Ovut qəmdən oyananı.Gözümdə qapı dabanı,Öldüm, ay qapı bağlayan...Mən, ümumiyyətlə, yaxşı şeiri, yaxşı sözü təhlil etmək, ona münasibət bildirməyin çox da tərəfdarı deyiləm. Qoy oxucu özü nəyin nə olduğunu duysun, dərk etsin. Amma məqamı gələndə təhlilsiz də ötüşmək olmur. Nümunə gətirdi-yim bu bənd şairənin “Ay qapı bağlayan” şeirindəndir. Şeir “taleyi bağlı qapı arxasında həll edilən millətlərə” epiqrafı ilə başlayır. Təbii ki, bu şeirdə “ taleyi bağlı qapılar arxasında həll edilən millətlər” içərisində bəlkə də hamıdan çox bizim millətin taleyi durur. Bu tale təkcə Sona xanımın deyil, istər dünənki, istərsə də bugünkü şairlərimizin yaradıcılığının da ana xəttini təşkil edir. Xalq içərisində əsasən mənfi mənada işlədilən belə bir deyim var: “bir budaqda uturub min budağı silkələmək” . Hər bir sözün, ifadənin, deyimin yaxşı-yaman tərəfi olduğu kimi, bu deyimin də yaman üzü ilə bərabər yaxşı tərəfi də var. Əsl şairlər, qələm adamları elə “bir budaqda oturub min budağı silkələyənlərdir”, yatmış duyğuları, düşüncələri oyadanlardır. Şerin, poeziyanın gücü, qüdrəti də elə bundadır. Doğum tarixi ilə ölüm tarixi eyni günə düşən əsərlər heç vaxt özündə güc, qüvvə tapıb “min budağı silkələyə” bilməz. “Arazbarı” kitabında toplanan şeirlərin bir çoxu “min budağı silkələmək” haqqı qazanan şeirlərdir. Bu, o şeirlərdir ki, onun ifadə etdiyi sevinc, fərəh, qüssə, qəm və kədər və bir çox məqamlarda fəryad və haray tək bir şair fərdiyyətinin, şair məninin deyil, içərisində yaşadığımız zamanın ab-havası ilə pərvəriş tapdığımız hamımızın taleyidir, hamımızın şərikli mənəvi ruzisidir. Şükut burda büsat qurur, toy qurur,Qapısını yağış döyür, qar vurur.Ruzusini qara yellər sovurur,Kimsə yoxdur ağı desin bu kəndə.(“Kimsə yoxdur ağı desin bu kəndə”şeirindən) Bəlkə də, bu haray, qışqırıq torpağın rənginə, dadına, duzuna yadırğayanlar üçün bayağı səslənər, onların içini, ruhunu oyalamaz. Ancaq bu, danılmaz faktdır ki, kəndlərin boşalması təkcə bizim yox, həm də dünyanın fəlakətidir. Bu gün, yumşaq desək, şəhərlər kəndləri “yeyirlər”. Kəndlərin boşalması hər bir vətənin bir qarış torpağının sabahkı təhlükəsi, fəlakəti deməkdir. Bu şeiri oxuyanda E.Heminqueynin “Əcəl zəngi” romanına seçdiyi XVII əsrin məşhur ingilis şairi Conn Donnun fikirləri yadıma düşür: “Dünyada elə insan yoxdur ki, Ada kimi tək - tənha dayanıb dursun. Hər insan Qitənin bir hissəsi, Qurunun bir parçasıdır. Dalğalar sahildəki qayanı yuyub aparırsa, Avropa bir qaya qədərində kiçilir. Tufan sənin, ya dostunun evini yerlə yeksan edirsə,dünyada bir ev azalar. Eləcə də hər insanın ölümü mənim ömrümü gödəldir. Çünki mən bəşəriyyətin ayrılmaz bir parçasıyam və elə ona görə də kilsə zənginin harayını eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan köçən. Sənsən dünyadan köçən”.Bizim və ümumiyyətlə bəşəriyyətin gücsüzlüyü ilkinindən, özəlliyindən, uzaqlaşmasından başlanır. Ana südündən imtina edib süni yeməklərə alışan körpə gələcəkdə nə qədər xəstəliklərlə qarşılaşırsa və bəzən də vaxtsız dünyalarını dəyişirsə, ilkinindən, kökündən ayrılanlar, ona arxa çevirənlər də heç vaxt inamlı addımlar ata bilməzlər. Sona xanım da bir Ana və şairə kimi bu fəlakəti, ağrını özünəməxsus bir şəkildə duyub dərk etdiyindən insanları ilkinə, kökə bağlanmağa çağırır. Əgər “kimsə yoxdur ağı desin bu kəndə” (burada kənd anlamını dünya kimi də başa düşmək olar) demək, dünyamızın sabahı sarıdan nigaran olmağa dəyər. Sonanın təkcə bu şeirində deyil, “Vətən deyib yola varsan” silsiləsindən yazılmış “Yol başlayıb gedən karvan”, “Sari gözəl, sarı çiçək”, “Bir az möhlət ver, Allah” , “Əsir torpaq”, “Şahım, Şeyxim, Savalanım”, “Arazbarı”, “Sərçələrin yurd sevgisi” və adlarını çəkmədiyimiz digər şeirlərində də ya birbaşa, ya da pərdəli bir Vətən, Torpaq və millət ağrısı var.Kitabdakı şeirlərin böyük bir qismi “Ruhun yollar ayrıcında”, “Ay qara gilə”, “Mən Tanrının yol adamı” yarımbölmələrində toplanıb. Sayca 64 şeiri bir araya gətirən, bir məxrəcdə birləşdirən bir məqam var ki, bu məqamın adı Haqqa, Tanrıya bağlılıq məqamıdır. Bu məqam təkcə şairə Sona xanım üçün deyil, sözə, şeirə, ən uca bir məqamda Tanrıya könül verən hər bir qələm adamı üçün məqbul məqamdır. Amma bu məqama çatmağın yolu hər bir şairin qəlbinin, duyğularının tərcümanı olan öz sözündən, öz şeirindən keçir. Çünki hər bir şairin içinin və bəzən də çölünün şəkli onun sözündədir, şeirindədir. Sözünün rəngi nədirsə, içinin də, çölünün də rəngi odur: Tanriya duam yetəcək,Yetəcək, çiçək bitəcək.Göydən üç alma düşəcək,Yollara yağış yağır. Bu yağış Tanrı nurudur,Dərdlərimi ovundurur.Daha mənə ölüm yoxdur...Yollara yağış yağır.Bu bəndlər “Yollara yağış yağır “ şeirindəndir. Sadə şeirdir. Amma bu şeirdə bir paklıq, təmizlik var. Yollara yağan yağış hər cür natəmizliyi yuyub apardığı kimi Tanrıya başlanan yolu da - insanın könül dünyasını da təmizləyir, ona yeni bir nəfəs, yeni bir duyğu verir. İnsan içindən təmizlənməsə, Tanriya yol ala bilməz , Tanrı yolunun bəndəsinə çevrilməz.Bu və bu kimi şeirlərdə şairin insanlığa və insanlığın yol yoldaşı Tanri eşqinə, məhəbbətinə inam ifadə olunub....Təkcə şairlərin, sənətkarların, geniş mənada insanların deyil, bütün yaranışların öz nağıl dünyası var. Bu dünyada xeyirlə şər həmişə üz-üzədir. Amma şair dünyasında xeyrin yolu həmişə açıqdır, işıqlıdır. “Arazbarı” kitabı bu işığın yaxşı mənada daşıyıcısıdır. Qoy bu işığın gücü, qüdrəti neçə-neçə qaranlıqları işıqlandırsın, bağlı qapıları, sərhədləri yarıb keçsin...
XANƏLI KƏRIMLI ,
Filologiya üzrə fəlsəfə
doktoru,
Naxçıvan Dövlət
Universitetinin
dosenti
Palitra.-2011.-11 noyabr.- S.11.