«Yeniyetmə və gənclərimizi vətənpərvər ruhda tərbiyə etməyə çalışırıq»

 

Layihə çərçivəsində müsahibimiz Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Niftəliyevadır. O, müsahibəyə rəhbərlik etdiyi mərkəzin fəaliyyəti haqqında məlumat verməklə başladı:

 

- Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin təməli 15 iyun 2006-cı il tarixində, Qurtuluş Günündə qoyulub. Mərkəzin inşası 2007-ci ilin fevral ayında başa çatdırılıb. 2008-ci il yanvar ayının 17-də rəsmi açılışı olub. 2007-ci ilin fevral ayından 2011-ci ilin iyun ayına qədər Heydər Əliyev Muzeyi kimi fəaliyyət göstərib. Muzeylərin fəaliyyətlərinin genişləndirilməsi ilə əlaqədar olaraq Heydər Əliyev Muzeyi 2011-ci ilin iyun ayından Mərkəz adlandırılıb. Üç mərtəbədən ibarət və müasir görünüşə malik mərkəzin üçüncü mərtəbəsində ulu öndərin büstü qoyulub. Burada ekspozisiya salonu, konfrans salonu, kompyuter otağı, məktəblilər üçün sinif otaqları var.Ümummilli liderin xatirəsinin əbədiləşdirildiyi mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş etdirilir. Yaradılmış xüsusi guşələrdə ulu öndərin uşaqlıq və gənclik illərindən, ailə həyatından, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi illərdən, Azərbaycana rəhbərliyinin hər iki dövründən bəhs edən fotoşəkillər və dahi şəxsiyyət haqqında yazılmış kitablar toplanıb. Burada ümummilli liderin Qarabağ bölgəsinə, o cümlədən 70-ci illərdə Ağcabədiyə etdiyi səfərlər zamanı zəhmətkeşlərlə görüşünə aid fotolar ayrıca guşədə yer alır. 1993-cü ildə Ağcabədiyə səfəri zamanı ulu öndərin cəbhə xəttində olması və əsgərlərlə görüşünə dair fotolar mərkəzin eksponatlarını bəzəyir. Heydər Əliyev Mərkəzi muzey kimi rəsmi fəaliyyətə başladığı gündən bu günə kimi mütəmadi olaraq rayon və kənd məktəblərinin, aliorta ixtisas məktəblərinin, idarə, müəssisə və təşkilatların cədvəl üzrə muzeyə ekskursiyası təşkil edilib. Bundan əlavə hər gün onlarla fərdi gəliş qeydə alınır. Heydər Əliyev Mərkəzi rəsmi fəaliyyətə başladığı gündən bu günə kimi əməkdaşlarımız daim yeniyetmə və gənclərimizin vətənpərvər ruhda köklənməsi, öz tarixini sevməsi üçün əllərindən gələni edir, bu yöndə müxtəlif tədbirlər keçirirlər.2011-ci ilin 10 ayı ərzində illik planına əsasən görüləcək işlər həyata keçirilib, 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar “Qanla yazılmış azadlıq” başlıqlı sərgi hazırlanıb, şəhər 3 saylı məktəb-liseyin və şəhər 11 saylı orta məktəbin şagirdləri ilə birgə diskussiya aparılıb. Şagirdlərin mərkəzə ekskursiyası təşkil olunub, ulu öndər Heydər Əliyevin həmin faciənin tanıdılması ilə bağlı xidmətləri haqqında şagirdlərə məlumat verilib. Bu faciədən bəhs edən məruzə oxunub. Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü, Xocalı soyqırımının ildönümü, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü, 9 May Qələbə Günü, Silahlı Qüvvələr Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirmişik. “26 İyun - Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür” başlıqlı sərgi və “Milli Ordumuzun keçdiyi yol” adlı məruzə hazırlanıb, «N» saylı hərbi hissə əsgərlərinin mərkəzə ekskursiyası təşkil edilib. 26 sentyabr 2011-ci il tarixində YAP Ağcabədi rayon təşkilatı və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi“ mövzusunda diskussiya təşkil olunub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümügeniş qeyd olunub. Ulu öndərin doğum günü ilə əlaqədar olaraq məktəblilərə məruzələr oxunub, Heydər Əliyevin ömür yoluna həsr olunmuş sənədli filmlər nümayiş etdirilib. Bundan əlavə ilin əvvəlində “Heydər Əliyevin şah əsəri olan Azərbaycan uşaqların rəngli dünyasında” adlı rəsm müsabiqəsi, ulu öndərin anadan olmasının 88 illiyinə həsr olunmuş uşaq və yeniyetmələr arasında açıq birincilik, məktəblilər arasında “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” mövzusunda inşa yazı müsabiqəsi , “Heydər Əliyev Azərbaycan xalqının birliyinin və müstəqilliyinin rəmzidir” mövzusunda gənclərin iştirakı ilə dəyirmi masa və Gənclər və İdman İdarəsi ilə birlikdə intellektual oyun üzrə rayon müsabiqəsi keçirilib. 19 sentyabr 2011-ci il tarixindən başlayaraq bir ay müddətində Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə əlaqədar olaraq mərkəzdə silsilə tədbirlər həyata keçirilib, o cümlədən şəhər və kənd məktəblərinin, idarə, təşkilat və müəssisələrdə çalışan gənclərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil edilib. Eyni zamanda ekskursiyaya gələnlər dövlət müstəqilliyinin 20 illiyi ilə bağlı mərkəzdə təşkil edilmiş sərgi ilə tanış olubonlara Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmlər nümayiş etdirilib. Bununla yanaşı mərkəzdə rayon və kənd məktəblərinin şagirdlərinin iştirakı ilə “ Müasir tariximizi necə bilirik?“ başlığı altında test, şahmat və rəsm yarışları keçirilib. Heydər Əliyevin Ağcabədiyə səfərlərinə dair materialların toplanması üçün mərkəzin nəzdində 2008-ci ilin fevral ayından 17 nəfərdən ibarət tədqiqat qrupu yaradılıb. Tədqiqat qrupunun iştirakı ilə Heydər Əliyevlə bağlı 43 ədəd foto, 2 ədəd disk, Heydər Əliyevin 1982-ci ildə Ağcabədiyə səfəri ilə bağlı 1 ədəd kinolent əldə olunub. Həmin səfərlərdən bəhs edən qəzetlər M.F.Axundov adına Milli Kitabxananın arxivindən əldə edilərək surətləri çıxarılıb. Mütəmadi olaraq mərkəzdə sərgilər təşkil edilir, mühazirələr hazırlanır. Mərkəzdə yeniyetmələr arasında rəsm müsabiqələri, şahmat yarışları, inşa yazıları, o cümlədən şeir müsabiqələri, bilik yarışları, test yarışları keçirilir. Mərkəzdə mövcud eksponatların sayı 356 ədəddir. Ümumiyyətlə, 2011-ci ilin 10 ayı ərzində mərkəzə fərdi və kollektiv gəlişlərin sayı 2000 nəfər olub.

- Mərkəzdə hansısa dərnəklər fəaliyyət göstərirmi?

- Bəli, fəaliyyət göstərir. Heydər Əliyev Mərkəzində yeniyetmə və gənclərin asudə vaxtının səmərəli və maraqlı keçməsi üçün “Heydər Əliyev siyasi kursu”, Kompyuter kursu, Xalçaçılıq dərnəyi, Tikiş dərnəyi, ”Gənc rəssamlar” dərnəyi, Bədii qiraət və nitq mədəniyyəti dərnəyi və Poeziya dərnəyi fəaliyyət göstərir. Bu dərnəklərdə Azərbaycan mədəniyyətini təbliğ edilir, mənəfi dəyərlərimiz gənclərə aşılanır.“Heydər Əliyev siyasi kursu”nun sonunda müdavimlərə diplom verilir. Bundan əlavə kiçikyaşlı məktəblilərdən ibarət “Gənc Heydərçilər” adlı qrup yaradılıb. Bildiyiniz kimi, Qarabağ söyköklərimizi özündə qoruyan xalçaçılığın qədim məkanlarından biridir. Böyük tarixi yol keçmiş Azərbaycan xalçasının gənc nəslə öyrədilməsi üçün mərkəzimizdə fəaliyyət göstərən xalçaçılıq və tikiş dərnəkləri aktiv şəkildə çalışırlar.

- Bu dərnəklərdə xalçaçılığın təbliği işi necə həyata keçirilir?

- Böyük tarixi yol keçmiş Azərbaycan xalçasının gənc nəslə öyrədilməsi üçün Ağcabədi rayon Heydər Əliyev Mərkəzində dərnəklər fəaliyyət göstərir. Qədimdən “Palaz”, “Kilim”, “Cecim”, “Şəddə”, “Vərni” və “Zili” ən geniş yayılmış xalça növləridir. Onlardan örtük, pərdə kimi istifadə edilib, ayaqaltı üçün döşəməyə salınıb. Heydər Əliyev Mərkəzində dərnəklər xalçaçılıq sənətinin inkişafı və xalqın özünəməxsus obrazlı düşüncəsinin təbliğini həyata keçirirlər. Ümumiyyətlə, Aran Qarabağ ərazisində yerləşən Ağcabədidə qədimdən xalçaçılığın bir sıra növləri geniş yayılıb. Onlardan «Zili» və «Vərni» növlərini qeyd edə bilərəm. "Zili" xalçalarının ən xarakterik xüsusiyyəti heyvan və bitki elementlərinin üslublaşdırılmış formasıdır. «Vərni» isə mifik dünya, əfsanələr aləmidir. «Vərni»nin mürəkkəb düyümü, dolama-keçirmə texnikası ilə naxışlanıb toxunması bütün dünya sənətsevərlərində heyrət doğurur. «Vərni»nin Ağcabədidə toxunmuş ən gözəl nümunələrindən biri Nyu-Yorkda Metropoliten Muzeyində saxlanılır. Bu xalçaların texniki mükəmməlliyi və yüksək emosionallığını Azərbaycan xalça ustalarının mədəniyyətinin yüksək zirvəsi hesab etmək olar. Dünyanın müxtəlif muzeylərində yerləşən xalçalarımız bizim fəxr edə biləcəyimiz Azərbaycan xalq yaradıcılığının zəngin irsinin ən parlaq abidələridir.

 

 

Anar Miriyev

 

Palitra.-2011.-15 noyabr.- S.7.