“Mədəniyyətin
belə bir üstünlüyü
var ki,
paylaşdıqca artır və inkişaf
edir”
Azərbaycanın
yerləşdiyi coğrafi mövqe
mədəni inkişaf, elm
və mədəniyyətin qarşılıqlı
inteqyasiyası baxımından tarixən çox
əlverişli olub. Bu isə ölkəmizə
sözügedən sahədə üstünlüyünü
nümayiş etdirməyə, eləcə
də qarşılıqlı sivilizasiya
mübadiləsinə böyük imkanlar qazandırıb, nəticədə bizdə
çox qədim və zəngin sivilizasiya, intellektual
yaradıcılıq nümunələri formalaşıb.
Xüsusən
də yüksək sivilizasiyanın göstəricisi və məhsulu
olan fəlsəfə sahəsində tarixən və bu
gün mədəniyyət mübadiləsi olduqca önəm
daşıyır. Bu gün digər dövlətlərlə
humanitar sahədə əməkdaşlıq çox
mühüm bir məqamdır. Xüsusən də
dünyanın aparıcı dövlətləri ilə bu sahədə
münasibətlərin qurulması xeyli vacibdir. Bu baxımdan
layihə çərçivəsində qəzetimizə
fikirlərini bildirən Azərbaycan Fəlsəfə və
Sosial-Siyasi Elmlər Assosiasiyasının(AFSEA) İdarə Heyətinin
sədri, AMEA-nın müxbir üzvü, professor Səlahəddin
Xəlilov qeyd edir ki, ölkələri ən çox
coğrafi və tarixi tellər birləşdirir. Amma bundan
daha mühüm olan hər bir
xalqın ruhu, ruhlar arasında bağlantılardır: “Azərbaycan
həm Şərq ilə Qərbin, həm də Şimal ilə
Cənubun
qovşağundadır, coğrafi baxımdan mərkəzi
bir yerdədir. Lakin bu mərkəzçilik ancaq coğrafi
üstünlük olmayıb, müasir Azərbaycanın siyasətində,
iqtisadiyyatında və mədəniyyətində də
özünü göstərir. Həmçinin milli ruhun
oriyentasiyası və fəlsəfi
dünyagörüşü baxımından da Azərbaycan əlaqələndirici,
barışdırıcı-mərkəzçi mövqe
tutur”. Hələ qədim dövrdə Böyük İpək
Yolu Azərbaycandan keçir, Şərqdən Qərbə və
Qərbdən Şərqə gedən yollar burada kəsişirdi.
Professor bildirir ki, indi Azərbaycan bu mövqeyini hər
baxımdan bərpa edir, Şərq ilə Qərb arasında
dialoqda aparıcı yer tutur: “Amma ölkəmizin strateji
mövqeyi daha bir istiqamətdə diqqəti cəlb edir. Bu, Azərbaycanın
Şimal ilə Cənub arasındakı münasibətlərin
qaydaya düşməsi istiqamətində də oynaya biləcəyi
rolun aktuallaşması ilə bağlıdır. İndi bu
istiqamətdə potensial imkanların realizasiyası
üçün əlverişli şərait yaranıb”. Məlum olduğu kimi, bizim şimal
qonşumuz dünyanın böyük dövlətlərindən
biri olan Rusiyadır. Ona görə də Azərbaycanın
geosiyasi durumu və Şimal-Cənub oxu üzərində
tutduğu strateji mövqeyin realizasiyası xeyli dərəcədə
Rusiyanın seçdiyi siyasi kursdan və bu ölkədəki
ictimai əhvaldan, düşüncə mədəniyyətindən
asılıdır. Professorun fikrincə, bu əhval və mədəniyyət
isə öz növbəsində ictimai ruh və fəlsəfi
dünyagörüşü ilə sıx surətdə
bağlıdır: “İş elə gətirib ki, son əsrlərin
tarixi hafizəsindən dolayı Rusiyanın ənənəvi
böyük dövlət, elm və mədəniyyət mərkəzi
obrazı ilə yanaşı, həm də bir
istilaçı, militarist obrazı da formalaşıb.
Böyük güclər ən çox yaxın ətrafa
transfer olunur. Bu gücün maddi tərəfi; siyasi və hərbi
aspektləri kənarlarda qorxu və mənfi emosiya
yaratdığı halda, onun mənəvi-intellektual aspektləri
xoş xatirələrlə yadda qalır. Ona görə də,
Rusiya ilə münasibətlərin ən əsas aspektlərindən
biri məhz humanitar sahədir. Biz bu sahədə bütün
ölkələrlə əlaqə saxlamağa, dialoqa girməyə
hazırıq. Ələlxüsus o ölkələrlə ki,
bizim ortaq tarix səhifələrimiz ümumi maraq dairələrimiz
olan ölkələrlə. O ölkələrlə ki,
yollarımız istəsək də, istəməsək də
kəsişir və ortaq dilə böyük ehtiyac var”.
Müstəqillik illərində Azərbaycanın yeritdiyi
daxili və xarici siyasət məhz tolerant bir ölkə
olduğunu, dialoqa açıq olduğunu göstərir.
Professor bildirir ki, tolerantlıq kənar amillər içərisində
ərimək, öz simasını itirmək kimi başa
düşülməməlidir, əksinə, ancaq
özünü tanıyan və özündən əmin olan
ölkələr tolerant ola bilər. Bəzi ölkələrin
mədəni və humanitar təcrid, dialoqdan və poliloqdan
qaçmaq mövqeyi başqa mədəniyyətlərin təsiri
ilə əriyib itmək qorxusundan qaynaqlanır: “Biz isə
qorxmuruq, lakin bu heç də o demək deyil ki, biz əriyib
itmək istəyirik. Əksinə, biz dialoqa ona görə
rahatlıqla giririk ki, paylaşmağa nəyimizsə var. Mədəniyyətin
isə belə bir üstünlüyü var ki,
paylaşdıqca artır və inkişaf edir”. Azərbaycan ənənəvi
olaraq bir Şərq ölkəsi olub və eramızın ilk əsrlərində
bəzi bölgələrində xristianlığı qəbul
etsə də, artıq neçə əsrlərdir ki, ənənəvi
İslam ölkəsidir: “Sovet dövründə dünyəvilik
və hətta ateist dünyagörüşü
üstünlük təşkil etsə də, İslamdan gələn
adət-ənənələr və mənəvi-əxlaqi
prinsiplər əsasən qorunub saxlanıb. Lakin bu vəziyyət,
yəni aşağılarda - geniş xalq kütlələrində
dini-əxlaqi şüurun davamlılığı,
yuxarılarda - dövlət siyasətində isə ateist
dünyagörüşünün rəhbər tutulması
SSRİ-yə daxil olan xalqların ümumi bir aqibəti idi.
Yaxın keçmişin bu əlaməti həmin xalqların
mənəvi həyatında indi də özünü təzahür
etdirir. İstər dini dəyərlərin dünyəviliklə
belə spesifik sintezi, istər uzunmüddətli iqtisadi həyat
birliyi, istərsə də düşüncə tərzində
və fəlsəfi dünyagörüşündə ortaq cəhətlərin
olması bu xalqların xeyli dərəcədə
yaxınlaşmasına və müəyyən ortaq sahələrin
sisteminin formalaşmasına səbəb olub. Müstəqillik
əldə etdikdən sonra bu xalqların milli köklərə
qayıdış meylinin güclənməsinə baxmayaraq,
neçə onilliklər ərzində formalaşmış
ortaq düşüncə tərzi həm müsbət, həm
də mənfi planda özünü göstərməkdə
davam edir. Mərkəzdənqaçma qüvvələrinin
üstünlük təşkil etdiyi ilk müstəqillik illərindən
fərqli olaraq ortaq dəyərlərin rolu özünü
getdikcə daha çox göstərir. Xüsusən rus dilinin
rolu və fəlsəfi ədəbiyyatın hələ də
əsasən rus dilində istifadə olunması vahid elmi-fəlsəfi
tədqiqat məkanının saxlanmasının
üstünlüklərini nümayiş etdirir”. Filosof bildirir
ki, mərkəzdənqaçma qüvvələri ilə
yanaşı, ortaq dəyərlərə obyektiv münasibət
bəslənməsinin, gerçəkliyin hər iki aspektinin nəzərə
alınmasının zəruriliyi getdikcə daha çox hiss
olunur: “Bu ikiləşməni coğrafi-siyasi müstəvidə
nəzərdən keçirsək, Azərbaycanın Şimal
və Cənub arasında ya bir alternativ qarşısında
qalması, ya da bir sintez üçün körpü rolunu
oynaya bilməsi imkanı üzə çıxır.
İmkanların düzgün dəyərləndirilməsi
üçün isə ilk növbədə dialektik
düşüncə tərzi, fəlsəfi
dünyagörüşün zənginliyi tələb olunur.
Adi şüur ağı - ağ, qaranı - qara görür.
Dialektik təfəkkür isə ağ ilə qaranı vəhdətdə
götürür və ağ ilə qaradan fərqli olan
bütün rəng qamması, bütöv spektr yalnız bu
zaman nəzərə çarpır”. Alimin fikrincə, dövlətlərin
siyasi kurslarının müəyyənləşməsində,
habelə ölkələr və xalqlar arasında münasibətlərin
xarakterində, mədəniyyətlərin
yaxınlaşmasında filosofların rolu ilk baxışda nəzərə
çarpmır: “Amma diqqətlə təhlil etdikdə hər
şey dünyaya hansı bucaq altından baxılmasından,
şüurların necə yönəldilməsindən
başlanır. Əlbəttə, marksizm dövrü
olsaydı, deyərdik ki, fəlsəfi fikrin müstəqil
rolu ola bilməz, çünki o real ictimai bazisdən, ictimai
münasibətlərin obyektiv durumundan asılıdır. Amma
bu gün biz fəlsəfənin nisbi müstəqilliyini və
aktiv rolunu da nəzərə almaq imkanına malikik. Bu
baxımdan rus fəlsəfi fikrinin də, Azərbaycan fəlsəfi
fikrinin də dünya fəlsəfi fikrində tutduqları
yeri müəyyənləşdirməyə
çalışarkən eyni bir problemlə üzləşirik
- onlar Qərb, yoxsa Şərq fəlsəfi fikrinə daha
çox aiddir? Daha doğrusu, orta əsrlərdə Azərbaycan
fəlsəfəsi, heç şübhəsiz, Şərq fəlsəfəsinə
aiddir, lakin son iki əsrdə Azərbaycanda ictimai-siyasi fikir və
fəlsəfi baxışlar daha çox dərəcədə
Rusiyanın fikir məkanı ilə əks əlaqə şəraitində
inkişaf edib. Sovet dövründə biz eyni siyasi məkanda,
eyni ideoloji sistemdə fəaliyyət göstərmişik və
marksizm-leninizm fəlsəfəsi bütün ölkə
miqyasında hakim fəlsəfi sistem olub. Ona görə
artıq XX əsrin iyirminci illərindən sonra Rusiya və Azərbaycan
fəlsəfi fikrini ayırmaq tam şərti xarakter
daşıyır. O vaxt nəinki Rusiyada və Azərbaycanda,
bütövlükdə SSRİ-də fəlsəfi fikrin
aparıcı məkanı Rusiya idi. Marksizm-leninizm fəlsəfəsinə
gəlincə, bu ideoloji-fəlsəfi sistemin bütün
dünyada mərkəzi Moskva sayılırdı. SSRİ
dağıldıqdan sonra təbii ki, yeni ölkələr
bütün sahələrdə olduğu kimi, fəlsəfi
fikir sahəsində də kommunist
ideologiyasının təsirlərindən azad olaraq
öz qədim milli köklərinə qayıtmaq əzmini
ortaya qoydular. Rusiyada da, Azərbaycanda da milli özünüdərk
istiqamətində fəlsəfi axtarışlara
başlandı. Sovet dövründə qadağan olunmuş bir
çox idealist, dindar, millətçi filosoflar “bəraət
qazandılar”, onların fəlsəfi əsərləri
çap olundu, hər bir xalq öz milli fəlsəfi fikrinin
böyük nümayəndələrini üzə
çıxartmağa çalışdı. Rusiyada rus milli fəlsəfi
fikrinin görkəmli nümayəndələrinin V.Solovyovun,
N.Berdyayevin, habelə sovet dövründə çapına
qadağa qoyulmuş və ya məhdudlaşdırılmış
N.S.Trubetskoyun, S.N.Bulqakovun, A.A.Boqdanovun, P.A.Sorokinin, M.M.Baxtinin,
A.F.Losevin və başqalarının əsərləri
işıq üzü gördü və bu hadisə milli fəlsəfi
fikrin inkişafına böyük təkan verdi. Azərbaycanda
orta əsrlərdə yaşamış görkəmli Azərbaycan
filosoflarının əsərləri ilə yanaşı, XIX
əsrin axırları XX əsrin əvvəllərində
yaşamış və milli fəlsəfi fikri təmsil edən
Əli bəy Hüseynzadə, Məmmədəmin Rəsulzadə,
Əhməd Ağaoğlunun və başqalarının fəlsəfi
və ictimai-siyasi görüşləri işıq
üzü gördü, əsərləri çap olundu, habelə
görkəmli yazıçı mütəfəkkirlərin
dünyagörüşlərinə yenidən baxıldı.
Lakin bütün bu proseslər eyni bir ictimai-siyasi zəmin
üzərində baş verməklə oxşar metodoloji
konsepsiyalar əsasında həyata keçməkdədir.
Dağa doğrusu, bu sahədə əməkdaşlığa
və birgə axtarışlara böyük ehtiyac var”.
Professorun fikrincə, XIX əsrin əvvəllərində Azərbaycan
xanlıqlarının çar Rusiyası tərəfindən
işğal edilməsi tarixi və siyasi müstəvilərdə
məhz işğal hadisəsi kimi qeyd olunsa da, necə deyərlər,
hər pis hadisənin yaxşı tərəfi də var; elm,
mədəniyyət, o cümlədən fəlsəfi fikir
sahəsində bir çox mütərəqqi addımlar da
atıldı. Rusiyanın qabaqcıl universitetlərində təhsil
almış alimlər, bu ölkə vasitəsi ilə Qərb
elmi və fəlsəfi düşüncəsinə bələd
olmaqla yanaşı, o dövrün mütərəqqi rus
mütəfəkkirlərinin və
yazıçılarının siyasi və fəlsəfi
baxışlarını da öz ölkələrinə
daşıyırdılar. Digər tərəfdən rus elmi
Azərbaycandan çıxmış görkəmli
ziyalarının sayəsində Şərq dillərinə,
Şərq mədəniyyətinə, İslam dəyərlərinə
və fəlsəfi düşüncəsinə bələd
olurdular. Yəni söhbət əslində
qarşılıqlı zənginləşmədən gedə
bilər: “Amma Rusiyanın təsiri, heç şübhəsiz,
daha böyük idi. A.Bakıxanovun, M.F.Axundovun mədəniyyətlər
arasında körpü atmaq missiyası xüsusi qeyd edilməlidir.
Ərəb, fars və türk dillərini mükəmməl
bilən Mirzə Kazımbəyin Rusiyada şərqşünaslıq
elminin yaranmasında və formalaşmasında misilsiz xidmətləri
olub. A.Bakıxanov və M.F.Axundov rus mədəniyyətinin və
o dövrdə Rusiyada geniş yayılmış
maarifçilik ideyalarının ölkəmizdə
yayılması ilə yanaşı, Şərq
düşüncəsinin və Şərq adət-ənənələri
haqqında məlumatın Rusiyada yayılması sahəsində
də xüsusi rol oynayıb. Təsadüfi deyil ki, sovet
dövründə də fəlsəfi və ictimai-siyasi fikir
tarixi öyrənilərkən A.Bakıxanov və M.F.Axundovun
adı A.A.Bestujev-Marlinski, V.Q.Belinski, A.İ.Gertsen,
N.Q.Çernışevski, N.A.Dobrolubov və başqaları ilə
yanaşı çəkilirdi. Onlar eyni bir dövrü və
ictimai-siyasi hərəkatı, maarifçilik missiyası və
inqilabi-demokratik fikri təmsil edirdilər. L.N.Tolstoyun
yaradıcılığının son dövrləri
xüsusilə əlamətdardır. Onun
dünyagörüşündə yeni meyillərin
yaranmasında təsəvvüf fəlsəfəsinin də
güclü təsiri var idi. Bu təsirlərdə Orta Asiya və
Qafqaz bölgəsi, o cümlədən Azərbaycanda
yayılmış sufi təriqətlərinin rolu az
deyildi.
Rusiyada
təhsil almış Həsən bəy Zərdabi vətənə
qayıtdıqdan sonra oradakı maarifçilik ənənələrini
yaymaq istiqamətində geniş fəaliyyət göstərib,
Azərbaycanda mətbuatın əsasını qoyub və ənənəvi
fəlsəfi dünyagörüşündən fərqli
olaraq daha çox elmə əsaslanan baxışları, təbiətşünaslıq
və təsərrüfat sahəsində maarifləndirici
bilikləri yaymağa başlayıb: “Biz Zərdabinin
timsalında həmin dövrdə Rusiyada təhsil
almış onlarca ziyalının fəaliyyətini və
ölkəmizdə maarifçilik hərəkatının
güclənməsi və buna uyğun olaraq maarifçilik fəlsəfəsinin
və inqilabi-demokratik fikrin geniş vüsət
almasını qeyd edirik”. Filosofa görə, XX əsrin əvvəllərində
Bakı keçmiş rus imperiyasının ən çox
inkişaf etmiş, tərəqqipərvər
ziyalıların yeni dünyagörüşü və yeni fəlsəfi
baxışların yayılması istiqamətində hərtərəfli
fəaliyyət göstərdiyi bir sənaye şəhəri
idi: “Həmin dövrdə ən çox yayılan
ideyaları iki istiqamətdə qruplaşdırmaq olar:
birincisi, inqilabi-demokratik fikir və onun bolşevik
ideologiyası istiqamətində inkişafının fəlsəfi
əsasları olan marksizm, marksist-leninçi fəlsəfə;
ikincisi, maarifçiliyin davamı kimi ortaya çıxan və
milli fikirlə birləşən
dünyagörüşünün ideya-fəlsəfi əsasları”.
Alimin fikrincə, sonuncu daha çox milli özünüdərk
və milli fəlsəfi fikirlə səsləşirdi. Bu fəlsəfənin
elementlərini o dövrün təkcə publisistikasında
deyil, həm də bədii ədəbiyyatında, teatrında
tapmaq olar.
İlkin AĞAYEV
Palitra.-2011.-15 noyabr.- S.6.