«Kafedrada dözülməz
vəziyyət yaranmışdı»
Azərbaycan
Dövlət Neft Akademiyasının istehsalat proseslərinin
avtomatlaşdırılması fakültəsinin dekanı
Ramiz Allahverdiyev “Media forum” saytına müsahibə verib:
- Professor
Rafiq Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının
avtomatlaşdırılmış idarəetmə sistemləri
kafedrasının müdiri vəzifəsindən
sizin təqdimatınızla
çıxarılıb. Belə bir təqdimat
verməyinizin səbəbi nədir?
- Kafedrada dözülməz vəziyyət yaranmışdı. Bu isə istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinin inkişafında böyük problemə çevrilmişdi. Rafiq Əliyev fakültə elmi şurasının iclaslarında, fakültənin keçirdiyi tədbirlərin heç birində iştirak etmirdi. Mən dekan kimi onun qəbuluna gedib məsələləri, yaranmış problemləri çatdıra bilmirdim. Bir sözlə, kafedra idarə olunmurdu. Ona görə də Rafiq Əliyevin kafedra müdiri vəzifəsindən çıxarılması üçün təqdimat yazmağa və rektorluq qarşısında məsələ qaldırmağa məcbur oldum. Mənim yazdığım təqdimat əsasında Rafiq Əliyev kafedra müdiri vəzifəsindən azad olundu.
- Problemlər nə
vaxtdan yaranmışdı?
- Mən
təzəlikcə dekan vəzifəsinə seçilmişəm,
bunun bir müddəti yay sessiyasına düşüb, real
işə sentyabr ayında başlamışam. Amma fakültə elmi
şurasının bütün
iclaslarının protokollarını qaldırıram və məlum
olur ki, Rafiq Əliyev kafedra müdiri və şura üzvü olmasına baxmayaraq
heç bir tədbirdə
iştirak etməyib. Eyni
zamanda Rafiq Əliyev
Azərbaycan Dövlət Neft
Akademiyasının keçirdiyi ictimai-siyasi tədbirlərin heç
birinə qatılmayıb, akademiyanın elmi
şurasına seçilmək təklif olunsa
da, buna razılıq
verməyib. Bu da onun işinin həddən
artıq çox olması ilə əlaqədardır.
Biz hamımız Rafiq
Əliyevə bir ziyalı, alim kimi hörmət edirik. Sadəcə olaraq Rafiq müəllimin bu
işləri görməyə vaxtı, bəlkə də heç həvəsi də yox
idi.Ona görə də təqdimat yazmağa məcbur oldum. Bir neçə aydır dekanam,
amma Rafiq müəllimlə
işləməkdə çox ciddi çətinlik yaranmışdı. Yay sessiyası olduğuna
görə kafedralarla əlaqələrimiz
o qədər də dinamik
deyildi. Amma
sentyabrın 15-dən başlayaraq istehsalat proseslərinin
avtomatlaşdırılması fakültəsi ilə
bağlı olan kafedralarla
əlaqələrimiz normal səviyyədə
quruldu. Məlum oldu ki, Rafiq Əliyevin rəhbərlik
etdiyi kafedrada ciddi problemlər var. Nə
vaxt həmin kafedra ilə
bağlı bir məsələ olub, problemlə
qarşılaşmışıq. Hər dəfə də
problemləri Rafiq müəllimin nəzərinə
çatdırmışıq, demişik ki, kafedranı belə idarə etmək olmaz. Amma bir
nəticəsi olmayıb.
- Təqdimat yazmamışdan əvvəl
Rafiq Əliyevlə söhbətiniz olubmu?
- Bu məsələ bir qədər problem idi. Dövlət Neft Akademiyasında, fakültədə,
kafedrada olan problemlərlə əlaqədar
Rafiq Əliyevlə görüşmək mümkün
olmurdu, bu, problem idi. Mən daxili telefonu
götürüb ona zəng edə bilmirdim. Gərək
Rafiq müəllimin qəbuluna gələydik,
oturub gözləyəydik...
Ya da gərək onun tabeçiliyində olan müəllimlərlə
söhbət edəydik,
məsələni deyəydik
ki, müəllimlərə
də onu Rafiq Əliyevə çatdırsınlar. Hətta bu
intizamsızlığa görə
avtomatlaşdırılmış idarəetmə sistemləri
kafedrasının dosentlərindən
birinə töhmət
vermişik. Ona görə
ki, biz dediyimiz məsələləri Rafiq
müəllimə çatdırmalı
olduğu halda bunu etməyib. Nəyə görə kimsə Rafiq Əliyevə görə töhmət almalıdır?
Rafiq Əliyevlə görüş
də problem idi.
Mən də bir dekan
olaraq bu işlərin öhdəsindən
gələ bilmirdim, yəni kafedrada ab-hava yaxşı deyildi.Kafedradan böyük
kadr axını vardı, dərs yükünü yerinə
yetirəcək müəllim
qalmayıb, müəllimlər
gəlib dərs demək istəmirlər, şərait onları bezdirib. Rafiq müəllim yaxşı
bilirdi ki, kafedrada, fakültədə
problemlər yaranıb.
Amma deyirdi ki, xəbərim
yoxdur, mənə xəbər verməyiblər.Bütün
çətinliklərə baxmayaraq təqdimat yazmamışdan iki gün əvvəl Rafiq müəllimlə söhbətimiz oldu.
Onun nəzərinə
çatdırdım ki,
fakültədə problem yaradırsız,
kafedranın işi günün, dövrün
tələbləri səviyyəsində
deyil...
- Bəs Rafiq Əliyevin reaksiyası necə oldu? Tanıyanlar, o cümlədən görkəmli
alim Lütfü Zadə onu intizamlı
insan kimi xarakterizə edir.
- Rafiq müəllim yaxşı bilirdi ki, fakültə ilə kafedra arasında böyük bir uçurum yaranıb.
- Fəaliyyətində
problemlər olan digər kafedra müdirləri də varmı? Onlar haqda da təqdimat vermisinizmi?
- Rəhbərlik etdiyim fakültədə səkkiz
kafedra var. Bütün
kafedra müdirləri
ilə təmasımız
yüksək səviyyədədir.
Onlar istənilən vaxt elmi şuranın iclaslarında iştirak edirlər, kafedra müdirlərinə istənilən
vaxt zəng edib dərdimiz deyə, onları yanımıza çağıra
bilirik. Yalnız Rafiq Əliyevlə
bağlı problem vardı.
- Rafiq Əliyevin kafedra müdiri vəzifəsindən azad olunması böyük rezonansa səbəb olub. Əksəriyyət belə hesab edir ki, bu,
siyasi qərardır və Rafiq Əliyev
ictimai fəallığına
görə cəzalandırılıb...
- Qətiyyən belə deyil. Tam səmimiyyət
və məsuliyyətlə
deyirəm ki, Rafiq Əliyevin ictimai cəhətdən fəal olmasının bu məsələdə heç bir rolu olmayıb. Bunun heç bir formada siyasi məsələlərlə əlaqəsi
yoxdur. Sadəcə, müxalifət və
onların nəzarətində
olan mətbuat məsələni siyasiləşdirir.
Bunu niyə etdiklərini başa düşə bilmirəm. Məsələ ondadır ki,
Rafiq Əliyev yenə də bizim akademiyanın professorudur, tədrislə
məşğuldur, bizim
hörmətli elm adamımızdır.
- Rafiq Əliyevlə bağlı
qərarın dəyişməsi,
onun yenidən kafedra müdiri vəzifəsinə qaytarılması
mümkündürmü?
- Mümkün deyil. Çünki dekanın
təqdimatı qəbul
olunub və o, vəzifəsindən çıxarılıb.
- Təqdimat yazmamışdan əvvəl
ADNA rektoru Siyavuş Qarayevlə bu məsələni müzakirə
etmişdinizmi? Rektorun təqdimata
münasibəti necə
oldu?
- Rektor mənə iradlarını bildirdi. Dedi ki, niyə məsələni vaxtında həll etməmisiz. Bu bir növ Rafiq müəllimə hörmətin təzahürü idi ki, biz məsələni bir qədər gecikdirirdik. Mən məsələni rektora izah etdim, o da mənim təqdimatımı qəbul etdi.
- Verdiyiniz təqdimata görə
istər ADNA daxilindən, istərsə də kənardan sizə
irad bildirən olubmu?
- Qətiyyən belə bir irad eşitməmişəm, heç kim bu barədə mənə irad bildirməyib. Çünki mən öz təqdimatımda haqlı idim. Elə bir qəbahət iş görməmişəm ki, kimsə mənə irad bildirsin. Həm də kafedra müdiri vəzifəsindən azad olunması Rafiq müəllim üçün faciə deyil. Dosta göndər
Palitra.-2011.-16 noyabr.- S.5.