Mirnasim Zeynalov: “Azərbaycan
mədəniyyətinin tutduğu yüksək
zirvəyə müvafiq daha
çox işlər görülməlidir”
Azərbaycan mədəniyyətinin təbliğində
xaricdəki diaspor təşkilatlarının
mühüm rolu var. Bu gün
dünyanın müxtəlif ölkələrində fəaliyyət
göstərən diaspor təşkilatlarımız
tərəfindən bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. Layihə çərçivəsində
növbəti müsahibimiz Azərbaycan-Yeni
Zelandiya Dostluq Cəmiyyətinin
rəhbəri Mirnasim Zeynalovdur:
- Bir
sıra ölkələrdə mədəniyyətimizin təbliği
ilə bağlı müxtəlif tədbirlər
reallaşdırılır. Xüsusilə Avropada və
Amerikada azərbaycanlıların diaspor təşkilatlarının
milli mədəniyyətimizin təbliğində
qazandığı nailiyyətlərdən xəbərimiz
var. Yeni Zelandiyada da bu istiqamətdə addımlar
atırıq. Lakin bütün bunlar hələ azdır və
Azərbaycan mədəniyyətinin tutduğu yüksək
zirvəyə müvafiq daha çox işlər görülməlidir.
- Sizin cəmiyyət tərəfindən
mədəniyyətimizin təbliği istiqamətində
hansı addımlar atılır?
-
Yeni Zelandiyadakı azərbaycanlıların əsas
qayğıları buradakı pərakəndəliklərə
son qoymaqla bağlıdır. İş burasındadır ki,
burada cəmi 300 nəfərə yaxın həmyerlimiz
yaşayır və onlar ərazisi Azərbaycandan üç
dəfə böyük olan Yeni Zelandiyada kiçik qruplar
şəklində və hətta bəzən tək-tək məskunlaşıblar.
Əsasən soydaşlarımız Oklend, Vellinqton və
Kraystçerç kimi üç ən böyük şəhərdə
toplaşıblar. Bununla belə onların bəziləri
Hamilton, Danedin, Kuinstoun və Nyu-Plimut kimi əyalət şəhərlərində
də yaşayır. Həddən ziyada pərakəndəlik əlbəttə,
hansısa bir tədbir keçirməyimizə mane olur. Buna
baxmayaraq biz əlamətdar günlərdə - Yeni il şənliklərində,
milli bayramlarımızda, ailə şənliklərində,
yerli və gəlmə dostlarımızla görüşlərimizdə
imkan dairəsində toplaşır və milli musiqimizlə, rəqslərimizlə
bizə qatılan yerli dostlarımızı və
qonaqlarımızı heyran qoyuruq. Bu görüşlərimizdə,
bizə ünvanlanan suallara cavablarımızda, ya da yeri gələndə
yerli sakinlərə Azərbaycan mədəniyyəti barədə
məlumatlar veririk. Məsələn, mən Xocalı
soyqırımının ildönümü ilə
bağlı ənənəvi olaraq yerli universitetlərin tələbələrilə
keçirdiyim tədbirlərdə milli mədəniyyətimizə
aid verilən müxtəlif sualları da
cavablandırmışam. Belə tədbirlər iki dəfə Oklend Universitetində, üç dəfə isə Vaykato Universitetində (Waikato University) keçirilib. Adətən
mənim çıxışım
fotoşəkillər, eləcə
də 30 dəqiqəlik
videomaterialla müşayiət
olunur. Çıxışın
sonunda tələbələrə
onları maraqlandıran
sualları vermək üçün imkan yaradılır və mən Yeni Zelandiyanın
bir çox tələbələrinin Azərbaycanda,
həmçinin Dağlıq
Qarabağ münaqişəsi
ətrafında baş
verən hadisələrlə
bağlı məlumatlı
olduqlarına çox
yaxşı mənada
təəccüblənirəm. Bu, xüsusilə 5 il əvvəl Yeni Zelandiyada Azərbaycan haqqında ümumiyyətlə
az insanın məlumatlılıq səviyyəsi
ilə müqayisədə
çox yaxşı faktdır.
- Bu istiqamətdə
həyata keçirilməsi
vacib olan amillər hansılardır?
- Azərbaycan Prezidentinin 21 fevral 2003-cü il tarixli fərmanı ilə “Xaricdə yaşayan azərbaycanlılarla
bağlı dövlət
siyasəti haqqında”
qanun qüvvəyə
minib. Qanunun maddələrindən birinin
(7.4.1) tələbi bundan
ibarətdir ki, Azərbaycanın müvafiq
dövlət orqanları
xaricdə yaşayan azərbaycanlıların mədəniyyət
mərkəzlərinə, mədəni-maarif
təşkilatlarına yardım
göstərməlidirlər. Lakin görünür, məsafə uzaqlığı
bu yardımı göstərməyə bir
qədər mane olur. Azərbaycandan gələn
rəsmi tədbir kimi burada mən
yalnız S.Bağırzadənin
Yeni Zelandiyada keçirilən “Gül festivalı”nda iştirakını
qeyd edə bilərəm. Suğra xanım həmin festivalda özünün təbii və süni gül kompozisiyalarını nümayiş
etdirmişdi. Amma güman edirəm ki, uzaq ölkələrdə
yaşayan azərbaycanlılarla
da yaxın əlaqələr yaradılmalıdır.
- Ümumiyyətlə,
bu gün xaricdə mədəniyyətimizin
təbliği istiqamətində
yetərincə addımlar
atılırmı?
- Əslində yetərincə
addımlar xaricdə yaşayan azərbaycanlılar
deyil, ölkəmizin özü tərəfindən
atılır. Milli mədəniyyətimizin müxtəlif
sahələrinə aid tədbirlər,
musiqimiz, xüsusilə
muğamatımız, təsviri
incəsənətimiz, xalçaçılıq
sənətimiz, bir sözlə, mədəniyyətimizin
bütün sahələrinə
aid tədbirlər əksər
hallarda ölkəmizin
rəsmi dairələri
tərəfindən həyara
keçirilir. Lakin hesab edirəm ki, biz də çox iş görə bilərik. Diasporlarımızın bu
istiqamətdəki fəaliyyətlərində
müəyyən canlanma
var, amma səylər bir qədər də artırılmalıdır.
- Xaricilər tərəfindən Azərbaycan
mədəniyyəti necə
qarşılanır?
- Azəbaycan mədəniyyətinın
xaricdə yüksək
ab-hava ilə qarşılanmasına bir
növ, necə deyərlər, öyrəşmişik.
Əsas odur ki, bu tədbiri
təşkil edən,
icra edən olsun. Mən əminəm ki, Yeni Zelandiyada Azərbaycan mədəniyyəti
eyni ab-hava ilə qarşılanar. Məndə bu əminlik bizim burada təşkil etdiyimiz nümayişlərə
olan yüksək marağı gördüyümdən
yaranıb.Yeni Zelandiyanın
başlıca və diqqətəlayiq xüsusiyyətlərindən
biri də ondan ibarətdir ki, burada yerli
əhali ölkəyə
gələnlərə mehriban
və mülayim münasibət göstərir,
bu da ölkə
sakinlərini Avropa ölkələri əhalisindən
köklü şəkildə
fərqləndirən xüsusiyyətdir.
Yoldan keçən birindən yardım istəsən, nəsə
soruşsan, məmnuniyyətlə
sənə kömək
edərlər. Yeri gəlmişkən, məhz
bu amil mənim
bu dostsevər ölkəyə köçüb
burada məskunlaşmağıma
səbəb olub. Yerli əhali digər millətdən və dindən olanlara qarşı dözümlülük nümayiş
etdirir. Sakinlərin milli azlıqlara olan tolerant münasibətini
nəzərə alaraq
əminliklə deyə
bilərəm ki, Azərbaycan barədə,
ölkəmizdə baş
verən proseslər haqqında danışmaq üçün əla imkanlar var. Düşünürəm
ki, biz artıq ciddi nəticələrə
nail ola bilmişik. Yeni Zelandiya kənd təsərrüfatı
və turizm sektoru yüksək səviyyədə inkişaf
edən bir ölkədir. Yeni Zelandiyanın məsafə
baxımından Azərbaycandan
uzaqlığını nəzərə
alsaq, ölkələrimiz
arasında sıx iqtisadi əməkdaşlıq
mövcud deyil, lakin yuxarıda da qeyd etdiyim
kimi, kənd təsərrüfatı bu
ölkədə çox
yaxşı inkişaf
edib.Düşünürəm ki, nümayəndələrimiz
bu ölkədə lazımi bilik və məlumatlara yiyələnə bilərlər.
Buna görə də
mən Azərbaycanın
biznes sektorunun nümayəndələrini daha
sıx əməkdaşlıq
etmək və bu uzaq, lakin
mehriban, qonaqpərvər
ölkə ilə dostlaşmaq üçün
buraya dəvət etmək istərdim.
- Azərbaycandakı
mədəniyyət ocaqları
ilə əlaqələriniz
necə qurulub?
- Bu sualın qısa cavabı “zəif”dir. Amma bu zəifliyin
səbəbini təkcə
“xarici” azərbaycanlılarda
axtarmaq məncə, bir qədər düzgün deyil. Müxtəlif səbəblər
var, bir tərəfdən ölkənin
çox uzaqlığı,
buradakı soydaşlarımızın
azlığı, pərakəndəliyimiz,
digər tərəfdən
gözdən uzaq, könüldən iraqlığımız
və s. Sağlıq
olsun, hər şey düzələr.
- Qarşıda hansı planlarınız var?
- Mən və həmvətənlərim bu istiqamətdə nə etmək lazım gəldiyini yaxşı bilirik. Lakin pərakəndə yaşamağımız, bəzilərimizin həyat-məişət qayğıları, köməyin çətinliyi hələlik bizə mane olur. Fikrimcə, bu, müvəqqəti haldır. Əvvəla, getdikcə bizim burada sayımız artır. Təkcə vətəndən gələnlər hesabına deyil, həm də burada doğulan uşaqlar var. İkincisi, burada sayı bizlərdən qat-qat artıq olan cənublu soydaşlarımızla və türkiyəli qardaşlarımızla əlaqələrimiz getdikcə genişlənir və bu, hesab edirəm ki, hər üç tərəfin xeyrinə işləyir. Üçuncüsü, gözə çarpacaq dərəcədə təşkilatlanırıq.
Nigar
Palitra.-2011.-16 noyabr.-S.7.