AMEA-nın
müxbir üzvü, professor Səlahəddin Xəlilov:
“Qarşılıqlı anlaşma şəraitində irəli
sürülən ideyalar mədəniyyətlərin də
yaxınlaşması üçün ilkin şərt kimi
çıxış edir”
AMEA-nın
müxbir üzvü, professor Səlahəddin Xəlilov ötən
sayımızda elmi-intellektual müstəvidə ölkələrarası
mədəniyyət mübadiləsi ilə bağlı fikirlərini
bildirmişdi. Bu kontekstdə bu dəfə şimal qonşumuz olan Rusiya ilə
daha yeni dövrdə elm və fəlsəfə sahəsində
mübadilənin tarixinə xüsusi yer veriləcək.
20-ci
əsrdə sözügedən sahədə qarşılıqlı
mübadilə məsələlərinə toxunan filosof qeyd
edir: “Çox az adam bilir ki, məşhur rus
ilahiyyatçı-filosofu Pavel Aleksandroviç Florenski
(1882-1937) Azərbaycanın Yevlax şəhərində
doğulub və uşaqlığı da orada keçib. Düzdür,
təhsil aldığı müddətdə əvvəlcə
Gürcüstana, sonra isə Rusiyaya köçüb,
1904-cü ildə Moskva Universitetini bitirib. Daha sonra ruhani təhsili
alıb, Moskva Ruhani Akademiyasında Fəlsəfə tarixi
kafedrasının müdiri olub. Bütün ömrünü
Rusiyada ilahiyyat fəlsəfəsinin öyrənilməsi və
təbliğinə həsr edib. Lakin Rusiya da borclu qalmayıb,
Azərbaycanda universitet açılandan sonra 1920-ci ildə özünün ən istedadlı
filosoflarından biri olan Aleksandr Osipoviç Makovelskini
(1884-1969) Bakıya göndərib. A.O.Makovelski də
ömrünün axırına qədər Bakıda yaşayaraq
Azərbaycanda fəlsəfənin inkişafı və fəlsəfi
kadrların yetişdirilməsi üçün əlindən
gələni əsirgəməyib. O, qədim yunan fəlsəfəsi,
habelə Yaxın Şərq xalqları fəlsəfəsi
üzrə görkəmli mütəxəssis kimi
tanınıb. O, təkcə Azərbaycanda deyil, bütün
Sovet İttifaqında bu sahələrdə elmi tədqiqatların
ən böyük nümayəndəsi sayılır”. Bu
müstəvidə hansı birinin daha böyük töhfəsi
olduğunu demək isə filosofun fikrincə, düzgün
olmazdı: “Onlar hər ikisi dünya miqyaslı mütəfəkkirlərdir.
Önəmli olan budur ki, XX əsrdə belə böyük
mütəxəssislərin sayəsində RSFSR-də və
Azərbaycan SSR-də fəlsəfi fikir marksizm-leninizm
hüdudlarından kənara çıxaraq dünya fəlsəfəsinə
qatıla bildi. Florenski və Makovelski əslində bir
simvoldur. XX əsrdə rus və Azərbaycan fəlsəfi
fikri müxtəlif tellərlə bir-birinə sıx surətdə
bağlı idi. Əlbəttə, əsas əlaqələr
marksizm-leninizm fəlsəfəsi çərçivəsində
mövcud idi. Yəni bütün sovet xalqları bu fəlsəfəni
birgə səylərlə inkişaf etdirirdi. SSRİ-də ən
nüfuzlu fəlsəfə jurnalı - “Voprosı filosofii”nin
ilk nömrəsi çapdan çıxanda (1947) Azərbaycan
fəlsəfi fikrinin böyük nümayəndəsi, akademik
Heydər Hüseynovun çıxışının dərc
olunması da təsadüfi deyildi. Makovelski və Heydər
Hüseynovdan sonra da azərbaycanlı tədqiqatçıların
Moskva ilə sıx əlaqələri davam edirdi. Lomonosov
Universitetinin kafedra müdirləri professor Şeydabəy Məmmədov
və Zahid Orucovun həmin universitetdə uzunmüddətli fəaliyyəti
bu əlaqələrin daha səmərəli olmasına
kömək edirdi. Sonralar fəlsəfə elmləri
doktorları Rafiq Qurbanovun, Murad Axundovun və Nizami Məmmədovun
da Azərbaycanda fəlsəfi tədqiqatların mərkəzdəki
tədqiqatlara inteqrasiya olunması sahəsində böyük
xidmətləri olub. Bu arada mənim N.Məmmədovla birgə
yazdığım kitabın Ümumittifaq Bilik Cəmiyyətinin
mükafatına layiq görüldüyünü, bizim Rusiya
Ekologiya Akademiyasına seçilməyimizi də qeyd etmək
istərdim. Minnətdarlıqla xatırlayıram ki, mənim
Moskvada çıxan kitabıma və doktorluq dissertasiyama rəy
verən, MDPİ-dəki müzakirələrdə
çıxış edən professorlar V.Qott, B.S.Stepin,
V.A.Lektorski, L.A.Mikeşina, İ.A.Mayzel, A.D.Ursul, Y.B.Tatarinov,
Joq və b. işə nə qədər diqqət və
xeyirxahlıqla yanaşırdılar. Biz bu alimlərlə
birlikdə beynəlxalq konfranslarda da vahid bir ölkəni təmsil
edirdik”. Əlamətdar
haldır ki, Azərbaycan fəlsəfi fikrinə rəhbərlik
edən, Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər
Assosiasiyasının prezidenti, akademik Ramiz Mehdiyev Lomonosov
adına MDU-nun Fəlsəfə fakültəsinin
aspiranturasını bitirib və dissertasiya işini də
Moskvada müdafiə edib. Bu barədə bizə fikirlərini
bildirən S.Xəlilov qeyd edir: “İndi AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutuna rəhbərlik edən
İlham Məmmədzadə də Moskva Universitetinin məzunudur.
Yəqin ona görədir ki, son illərdə bu institutun əməkdaşları
rusiyalı alimlərlə birlikdə Bakıda və Moskvada
keçirilən birgə konfranslarda yüksək həmrəylik
nümayiş etdirirlər”. Qeyd etmək lazımdır ki, son
dövrlərdə region ölkələrinin inteqrasiyası məsələləri
özünü “Avrasiya” ideyasında da nümayiş etdririr.
Bu ideya həm də bir elmi-mədəni və fəlsəfi
bir diskussiyaya çevrilməkdədir. Professor S.Xəlilov bu
barədə belə qeyd edir: ““Avrasiya” ideyası da əslində
ilk dəfə filosoflar tərəfindən irəli
sürülüb. Məhz filosoflar Rusiyanın gələcəyini
daha geniş coğrafi-siyasi məkanda oynaya biləcəyi
rolda və Qərb sivilizasiyasına, Avropa siyasi məkanına
alternativ ola bilmək imkanında görürdülər. XX əsrin
əvvəlləri elə bir dövr idi ki, əgər Rusiya
bolşevizm ideologiyasının girdabına düşməsə
idi, ola bilsin ki, planetin sivilizasiya xəritəsində başqa
bir mənzərə alınacaqdı. Ölkələr
bir-birinə siyasi müdaxilə və hərbi güc məngənəsinə
salmaqla deyil, mədəniyyətin və elmi-intellektual
potensialın gücü ilə təsir göstərmək
imkanı qazanacaqdı. Amma dünya siyasiləşdirildi və
sivilizasiya arxa plana keçdi. İndi isə ölkələr
və xalqlar arasındakı münasibətlər mədəniyyət
və sivilizasiyanın preroqativliyi əsasında yenidən
qurulur. Düzdür, iqtisadi münasibətlər də ön
plana çıxıb, siyasi sərhədlər öz
funksiyalarının böyük bir qismindən gömrük tənzimlənməsinin
və maliyyə münasibətlərinin xeyrinə əl
çəkib.Əsas məsələ yeni dövrdə
baş verən bu böyük dəyişikliklərin obyekti
yox, subyekti olmaq, ən azından bu hadisələrdən
baş çıxarmaq və proseslərdə şüurlu
surətdə, öz maraqlarını qorumaq əzmində
olmaqla iştirak etməkdən ibarətdir. Hər cür
özünüdərk kimi, ictimai-iqtisadi və mədəni-mənəvi
özünüdərk də fəlsəfədən
keçir. Yəni fəlsəfi düşüncə ənənələri
olmayan xalqlar müasir ictimai-siyasi proseslərin təbəddülatlarından
mənfəətlə çıxa bilməzlər. Əlbəttə,
bu dünyanın işləri təkcə fəlsəfə
ilə yönləndirilmir. Amma fəlsəfəsiz də
çox uzağa getmək mümkün deyil. Konfutsi təsadüfən
demirdi ki, uzağı görə bilməyənləri
yaxında fəlakətlər gözləyir. Ona görə də
Rusiya və Azərbaycanın da gələcək əlaqələri
və münasibətləri xeyli dərəcədə
bugünkü fəlsəfi araşdırmalardan, düşüncələrin
və mədəniyyətlərin oriyentasiyasından,
uzlaşıb-uzlaşmamasından asılıdır. Bunu da nəzərə
alsaq ki, hər iki ölkənin filosofları
qarşısında təxminən eyni vəzifələr
durur, bu sahədəki əməkdaşlıq olduqca
faydalıdır. Rusiya və Azərbaycan filosoflarının
yeni şəraitdə əməkdaşlığını təmin
etmək məqsədilə hələ 2001-ci ildə biz
AFSEA-nın Rusiya Fəlsəfə Cəmiyyəti ilə birgə
müşavirəsini keçirdik. Lakin o zaman da biz belə
düşünürdük ki, Azərbaycanın həm Rusiya,
həm də Türkiyə ilə eyni dildə
danışması, hətta fəlsəfələrin də
ortaq sahələrə malik olması daha böyük
coğrafi-siyasi və mədəni-sivilizasion proseslərə
təkan verə bilər.Azərbaycan açıq siyasət
aparır. Onun Rusiya ilə Türkiyədən və Türkiyə
ilə Rusiyadan xəbərsiz əlaqələri yoxdur. Biz
müstəqil dövlət olaraq bütün istiqamətlərdəki
münasibətlərdə öz milli maraqlarımızdan
çıxış edirik. Bu maraqlar isə ən
yaxşısı həm Rusiya, həm də Türkiyə ilə
strateji əməkdaşlıq şəraitində təmin
oluna bilər. Başqa sözlə, bu iki böyük dövlət
arasındakı dostluq münasibətləri bizim
maraqlarımızı ən optimal formada ifadə edərdi.
Uzaqgörən siyasət aparılarsa, hər üç
dövlət bunda maraqlı olmalıdır. Və bu
yaxınlaşma prosesində Azərbaycan sadəcə
körpü rolunun yox, həm də hər iki maraqlar və dəyərlər
sistemini özündə ehtiva edən sintetik bir mahiyyətin tərənnümçüsü
ola bilər. Ən başlıcası, ənənəvi
baxışlara zamanın tələbi ilə zəruri
korrektivlərin verilməsi, vəhdət əldə edə
bilmək üçün daha dərin köklərə getmək
və iki fərqli “Avrasiya” ideyasını bir araya gətirmək,
ortaq məxrəc tapmaqdır. Bu isə riyazi yox, fəlsəfi
bir məsələdir. Məhz buna görədir ki, Azərbaycan
Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası
(AFSEA) olaraq 2001-ci ildə keçirdiyimiz konfransa həm
Rusiyanın, həm də Türkiyənin fəlsəfə cəmiyyətlərinin
başçılarını (prof. A.Çumakovu və prof. Kənan
Gürsoyu) dəvət etmişdik. Sonrakı illərdə biz
Bakıda çıxan “Fəlsəfə” jurnalında
qabaqcıl türk filosoflarının əsərlərini rus
dilinə və rus filosoflarının əsərlərini
türk dilinə çevirərək çap elədik. Yeri gəlmişkən,
bu jurnalın redaksiya şurasında da Rusiya və Türkiyənin
görkəmli filosofları təmsil olunurlar. Məhz bu əlaqələrin
nəticəsi idi ki, 2003-cü ildə İstanbulda
keçirilən Ümumdünya Fəlsəfə Konqresində
bu iki ölkənin filosoflarının artıq bir-birilərini
qiyabi şəkildə tanıdıqları bəlli oldu. Bu
konqresdə ən böyük nümayəndə heyəti “Fəlsəfə
gəmisi” ilə təşrif buyurmuş Rusiya filosoflarına
məxsus idi. Keçən müddət ərzində bu iki
ölkənin fəlsəfə ictimaiyyəti ilə
tanışlıq və burada gedən proseslərdə
iştirak etmək imkanı Azərbaycanda da fəlsəfənin
inkişafına xeyli təkan verib. İndi azərbaycanlı
filosofların kitabları Moskvada və İstanbulda çap
olunur və bu iki böyük düşüncə mərkəzində
elə bir beynəlxalq fəlsəfə konfransı
keçirilmir ki, bizim soydaşlarımız orada iştirak etməsin.
Bir daha təkrar etmək istərdik ki, bu sıx əlaqələr
təkcə hər üç ölkədə fəlsəfənin
inkişafına müsbət təsir göstərməklə
qalmayıb, həm də dövlətlərarası münasibətlərdə
də pozitiv amil kimi çıxış edir. Ən
başlıcası isə budur ki, qarşılıqlı
anlaşma şəraitində irəli sürülən ideyalar
mədəniyyətlərin də yaxınlaşması
üçün ilkin şərt kimi çıxış
edir”.Professor bildirir ki, Rusiya və Azərbaycan dost ölkələrdir
və bu dostluğun olduqca müxtəlif aspektləri içərisində
fikir və düşüncə
yaxınlığının, fəlsəfi tədqiqatların
əhəmiyyəti təkcə bu gün üçün
deyil, həm də gələcəyə tuşlanıb.
İlkin AĞAYEV
Palitra.-2011.-16 noyabr.- S.6.