«Ağcabədinin kitabxana fondu müntəzəm olaraq zənginləşdirilir»

 

Layihə çərçivəsində müsahibimiz Ağcabədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İradə xanım Allahverdiyevadır: 

 

 - Ağcabədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) 1 mərkəzi, 1 uşaq və 71 kitabxana filialı fəaliyyət göstərir. Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1977-ci ildə yaradılıb və rayon əhalisinə, ərazidə yaşayan qaçqın və köçkünlərimizə yüksək səviyyədə xidmət göstərir. Kitabxanada metodika və biblioqrafiya, xidmət, kitabxanalararası abonement, kitabişləmə və komplektləşdirmə və s. şöbə fəaliyyət göstərir. MKS Mədəniyyət və Turizm Nazirliyinin əmr və tövsiyələrini əldə rəhbər tutaraq təsdiq olunmuş iş planı əsasında fəaliyyət göstərir. MKS-in fondunda 354874-dən çox nüsxə ədəbiyyat var. Hazırda filial kitabxanaların fondunda 200 minə yaxın ədəbiyyat mövcuddur. Həm oxucu sayında, həm də kitab verilişində müntəzəm olaraq artım müşahidə olunur. Filiallarda işi günün tələbləri səviyyəsində qurmaq üçün xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin 24 iyun 2009-cu il tarixli məktubunun icrası ilə bağlı filial kitabxanaların fondundan məzmunca əhəmiyyətini itirmiş və fiziki cəhətdən köhnəlmiş çap məhsullarının təmizlənməsi işi başa çatdırılıb. İl ərzində əlamətdar və tarixi günlərlə bağlı müxtəlif tədbirlər keçiririk. Kənd əhalisinin asudə vaxtının səmərəli keçməsi, gənclərin vətənpərvərlik ruhunda, mənəviyyatca sağlam böyümələrində kitabxanalarımız üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Bu məqsədlə kitabxanaların məktəblərlə, uşaq bağçaları, səhiyyə və hüquq-mühafizə orqanları ilə əlaqəli işi təşkil edilir. Kitabxana işinin düzgün qurulmasında M.F.Axundov adına Milli Kitabxanadan alınan metodiki vəsaitlərdən məqsədyönlü şəkildə istifadə edirik. F.Köçərli adına Uşaq Kitabxanası ilə də müntəzəm əlaqə saxlayırıq. Hər ay kitabxana işçilərinin seminar müşavirəsi keçirilir. İşçilər metodiki cəhətdən təlimatlandırılır, yeniliklərlə tanış olur, eləcə də işdə yol verilən nöqsanların aradan qaldırılması üçün tədbirlər görülür.

- Artıq sonuna doğru getdiyimiz cari il ərzində görülən işləri necə dəyərləndirirsiniz?

- Hər il olduğu kimi, bu il kitabxanamızda bir sıra tədbirlər həyata keçirmişik. Əvvəla, onu qeyd edim ki, «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2010-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın Tədbirlər Planının həyata keçirilməsi ilə əlaqədar MKS-də xüsusi plan hazırlanıb və bu planın bir sıra bəndlərinin icrası ilə bağlı işlər görülüb. Plana uyğun olaraq kitabxana filiallarının birləşdirilməsi prosesi həyata keçirilib. Gözdən əlil insanların informasiya tələbatını ödəmək məqsədilə kitabxana fondları xüsusi nəşrlərlə komplektləşdirilib, gözdən əlin insanlara xidmətlər göstərilib. Fondların zənginləşdirilməsi istiqamətində işmizi davam etdirərək ölkəşünaslıq və diyarşünaslığa dair materiallar toplamışıq. İl ərzində oxuculara verilən ədəbiyyatın tematik-tipoloji uçotu təşkil edilib, fəal və qeyri-fəal istifadə edilən nəşrlərin müəyyənləşdirilməsi, oxucuların informasiya tələbatının ödənilməsinə yönəlmiş sorğular keçirilib. Qeyd etdiyim Tədbirlər Planına uyğun olaraq MKS-in internet ünvanı və «Uşaq hüququ» İnfomasiya Mərkəzi yaradılıb. Uşaqların informasiya tələbatının ödənməsi məsələsinin həlli ilə bağlı müntəzəm olaraq monitorinqlər təşkil edirik. Dövlət Proqramının müvafiq bəndlərnin icrası məqsədilə kitabxanamızın 2 mütəxəssisi C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında təşkil edilən treninqlərdə iştirak edib. Kiçik və orta biznes sektorunun informasiya tələbətını ödəmək üçün informasiya mərkəzi yaradılıb. MKS-də işğal olunmuş ərazilərdə məhv edilmiş kitabxanalar haqqında məlumat hazırlanıb, rayonumuz haqqında xüsusi guşə, «Ağcabədi yazarları», «Ağcabədi bu gün» başlıqlı sərgilər təşkil etmişik. Mərkəzi kitabxananın və kitabxana filiallarının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Kitabxananın müxtəlif dillərdə dərslik, monoqrafiya, lüğət, ensiklopediya, məlumat sorğusu və s. müasir ədəbiyyatla, audiovizual nəşrlər, elektron kitablarla təmin edilməsi üçün kitabxana kollektoru ilə daim əlaqə saxlanılır.

- Günün aktual məsələləri kitabxananızın gündəmində yer alırmı?

- Bəli, yer alır. Günün aktual məsələləri ilə bağlı MKS-də məruzə və söhbətlər, dəyirmi masalar, oxucu konfransları keçiririk. Məsələn, Beynəlxalq Ana dili, əlillər, bilik, narkomaniya ilə mübarizə günləri ilə bağlı kitabxanamızda tədbirlər həyata keçiririk. Kitabxanalarımızda bütün əlamətdar və tarixi günlər qeyd olunur. Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə elmi-praktiki konfrans keçirildi və orada dəyərli məruzələr səsləndirildi. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun anadan olmasının 126-cı ildönümü xüsusi tədbirlər planına uyğun olaraq kitabxanalarımızda geniş şəkildə qeyd edilib. İşğal olunmuş rayonlarımız haqqında məlumatlar hazırlanıb, işğal günləri ilə bağlı tədbirlər keçirərək «Yaddan çıxmaz Qarabağ» başlığı altında sərgi də təşkil etmişik. 20 Yanvar, Xocalı faciələrinin ildönümləri, 31 Mart soyqırımı, Silahlı Qüvvələr, Mili Mətbuat, Qurtuluş günləri ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirmişik. Görkəmli elm və mədəniyyət xadimlərimizin, şair və yazıçılarımızın anadan olmalarının ildönümü günlərində təşkil edilən tədbirlərdə geniş diskussiyalar aparılıb. Şair-dramaturq N.Həsənzadənin 80 illiyi, A.Şaiqin 130, Ə.Vəliyevin 110, S.Vurğunun 105, S.Rüstəmin 105, M.Ə.Sabirin 150, Ə.Babayevin 90, M.İbrahimovun 100 illikləri ilə əlaqədar ədəbi-bədii gecələr, məruzələr təşkil etmişik. Bildiyiniz kimi, bu il respublikamızda dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi geniş şəkildə qeyd olunur. Dövlət başçısının bu məsələ ilə bağlı məlum sərəncamının icrasını təmin etmək məqsədilə MKS-də də xüsusi tədbirlər həyata keçirilib. Müstəqilliyimizi əks etdirən sərgi, fotostendlər hazırlamışıq, məruzələr dinlənilib, oxucu konfransları və dəyirmi masalarda geniş müzakirələr təşkil etmişik. Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında müvafiq dövlət proqramının icrası ilə bağlı bir sıra tədbirlər həyata keçirmişik. Qeyd etdiyim kimi, «Uşaq hüquqları» İnformasiya Mərkəzi yaradılıb, sərgilər keçirilib, «Uşaq təşkilatlarının xətti ilə uşaqlara qarşı zorakılığa son qoyaq» adı altında söhbətlər təşkil edilib. Bu çərçivədə «Uşaqlar bizim gələcəyimizdir» adı altında təşkil etdiyimiz fotostendi xüsusi qeyd edə bilərəm. Bir sözlə, Ağcabədi MKS bundan sonra da qarşıda duran vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq. 

 

 

Anar Miriyev

 

Palitra.-2011.-18 noyabr.- S.6.