«Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyində 5
mindən çox eksponat
qorunur»
Layihə
çərçivəsində müsahibimiz
Ağcabədi Rayon
Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Elmira Adıgözəlovadır.
1980-ci ildən muzeydə çalışan E.Adıgözəlova
əvvəlcə böyük elmi işçi, fond mühafizi işləyib,
1998-ci ildən isə direktor kimi fəaliyyət göstərir. Muzey rəhbəri
müsahibəyə rayon haqqında məlumat
verməklə başladı:
-
Qeyd edim ki, Ağcabədi rayonu Azərbaycanın qədim
yaşayış məskənlərindən biridir. Rayon
1930-cu ildə təşkil edilib. 1963-cü ildə ləğv
edilərək ərazisi Ağdam rayonuna verilsə də,
1965-ci ildə yenidən müstəqil rayon olub. Rayonumuzun
ümumi sahəsi 1756 m2-dir. Əhalisinin sayı 124182 nəfər,
burada məskunlaşan qaçqın və
köçkünlərin sayı 15573 nəfərdir.
Rayonumuzda 61 orta ümumtəhsil məktəbi var və həmin
məktəblərdə 19654 şagird təhsil alır,
onların təhsili ilə isə 2720 müəllim məşğul
olur. Rayonumuzda 1 ali, 2 orta ixtisas, 1 peşə məktəbi fəaliyyət
göstərir. Ali məktəbdə 450 tələbə, 50
müəllim, orta ixtisas məktəblərində 740 tələbə
təhsil alır, 118 müəllim işləyir. Peşə
məktəblərində isə 110 nəfər gənc
peşələrin sirlərinə yiyələnir. Qeyd edim ki,
muzeylər mədəniyyətimizin elə bir sahəsidir ki,
burada tarixin qaranlıq səhifələrinə çıraq
tutulur. Tariximizin öyrənilməsi, mədəni irsimizin təbliği
ilə bağlı məsələdə muzeylərimizin
üzərinə böyük məsuliyyət
düşür. Bu mənada 1980-ci ildən rayonumuzda fəaliyyət
göstərən Tarix-Diyarşünaslıq Muzeyi üzərinə
düşən işi layiqincə yerinə yetirməyə
çalışır. Muzeyin ümumi sahəsi 660 m2, ekspozisiya
sərgi sahəsi 360 m2, həyətyanı sahəsi 720 m2-dir.
- Muzeydə nə qədər
eksponat saxlanılır?
- Əvvəla,
bildirim ki, Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyi
3 bölmədən ibarətdir: Təbiət bölməsi,
Tarixi dövr bölməsi və Müasir dövr. Muzeyin
ekspozisiyasında rayonumuzun tarixi qədim zamanlardan başlayaraq
müasir dövrə kimi öz əksini tapır. Muzey əvvəllər
uyğunlaşdırılmış binada yerləşib.
Sonradan Ü.Hacıbəyli prospekti, 91-də, iki mərtəbəli
binada fəaliyyət göstərib. Burada rayonun qədim
tarixinin bir parçası daşlaşıb, şəkilləşib,
əşyalaşıb və tarixi həqiqətə
çevrilib. Muzeydə Ağcabədinin tarixini, bu
gününü, mədəniyyətini, milli dəyərlərimizi
əks etdirən eksponatlar nümayiş etdirilir. Muzeydə təbiət,
qədim dövr, Orta əsrlər tarixi, Yeni dövr, müasir
dövr, 1945-ci ildən hazırkı dövrə qədər
bütün bölmələrdə nümayiş olunan
eksponatlardan ibarət 8 salon var. Muzeydə ümummilli lider Heydər
Əliyevin əmək və fəaliyyəti
dövrünü və Azərbaycanın dahi bəstəkarı
Üzeyir Hacıbəylinin həyat və
yaradıcılığını əks etirən guşə
də nümayiş olunur. 2011-ci ilin ötən ayları ərzində
18 min nəfərə yaxın ziyarətçi muzeyimizə gələrək
eksponatlarla tanış olub. Hazırda muzeydə 5000-dən
çox eksponat qorunur. Qədim əşyalar və qiymətli
bəzək-zinət nümunələri 8 müxtəlif
otaqda saxlanılır. Burada hər bir otaq ayrı-ayrı
tarixi dövrləri əks etdirir. Muzeyin ən qədim
eksponatları isə ötən yay arxeoloqların rayon ərazisində
qazıntı işləri aparan zaman aşkarladıqları məişət
əşyalarıdır.
- Gənc nəslin muzeyə
münasibəti necədir?
-
Muzeyimizin əməkdaşları xüsusilə gənc nəslin
tərbiyə işini daha da yaxşılaşdırmaq
üçün 2000-ci ildən ali, orta ixtisas və rayonumuzun ərazisində
yerləşən 11 orta məktəblə 10 illik müqavilə
bağlayıb. 2011-ci ildə müqavilələrin vaxtı
bitdiyi üçün vaxt uzadılıb. Müqavilələrin
bağlanmasında əsas məqsəd tələbələrin
və şagirdlərin müntəzəm olaraq muzeyə
ekskursiyalarının təşkil edilməsinə nail
olmaqdır. Qeyd etmək istəyirəm ki, Laçın
rayonunun Taxta Körpü qəsəbəsində yerləşən
23 saylı orta və Ağdam rayonunun 40 saylı orta məktəbinin
müəllim və şagird kollektivi də müntəzəm
olaraq muzeyimizə ekskursiyaya gəlirlər. Rayon ərazisində
yerləşən ali, orta ixtisas və orta məktəb
şagirdləri tərtib edilən qrafik əsasında
muzeyimizə ekskursiyaya gəlirlər. Həmin qrafik yanvar
ayının ilk həftəsindən rayon Təhsil Şöbəsində
elanlar lövhəsində asılır.
Tarix-Diyarşünaslıq Muzeyi ilə rayon Hərbi
Komissarlığının birgə tərtib etdiyi tədbirlər
planı əsasında müntəzəm olaraq tədbirlər
həyata keçiririk. Gənclərin hərbi xidmətə
hazırlanması, onların vətənpərvərlik ruhunda
tərbiyə alması, vətəni, dövləti sevməsi,
tariximizi, mədəni dəyərlərimizi bilməsi
üçün əlimizdən gələni əsirgəmirik.
Bu baxımdan Hərbi Komissarlıqla birgə keçirdiyimiz
aksiyalar mühüm əhəmiyyət daşıyır.
Keçirilən tədbirlərdə xüsusilə tələbələr
aktiv şəkildə iştirak edirlər. Məqsədimiz
odur ki, gənc nəsil milli ruhda böyüsün,
keçmişimizi unutmasın, tarixi irsimizi bilsin.
- Tarixi günlər muzeyinizdə
necə qeyd edilir?
-
Tarix-Diyarşünaslıq Muzeyində tarixi günlər və
bayramlarla bağlı müxtəlif tədbirlər təşkil
edirik. Həmin tədbirlərimizi və digər məlumatları
«Axtarış» divar qəzetində
işıqlandırırıq. Muzeyimizdə qeyd edilən həmin
tarixi günlər və bayramlar şəhər incəsənət
məktəbinin musiqi kollektivlərinin köməyilə əbədi-bədii
kompozisiya şəkilində keçirilir və sənədləşdirilir.
Hər bir tarixi gün və bayramlarda 1 ali, 2 orta ixtisas və
11 rayon orta məktəbində mühazirələr oxunur, sərgilər
təşkil edilir. Tarix-Diyarşünaslıq Muzeyində 20
Yanvar, 26 Fevral Xocalı soyqırımı, 31 Mart soyqırımı
əbədi-bədii kompozisiya şəklində yad edilir.
Novruz bayramı, 9 May Qələbə Günü, ulu öndərin
doğum günü, Beynəlxalq Muzeylər Günü,
Respublika Günü, “Muzeylər Gecəsi” aksiyası, Milli
Qurtuluş və Silahlı Qüvvələr günləri,
Üzeyir Hacıbəylinin doğum günü, 9 noyabr Bayraq və
12 noyabr Konstitusiya günləri geniş şəkildə qeyd
edilir. Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları
rayonda keçirilən tədbirlərdə fəal iştirak
edirlər. Bayram günlərində konsert briqadası ilə
birgə rayonumuzun ərazisində yerləşən hərbi
hissələrdə oluruq, əsgərlərimizlə söhbətləşir,
onlara mühazirələr oxuyur, ən nadir eksponatların sərgisini
təşkil edirik. Muzeyimizdə 19 nəfər işçi
çalışır ki, onların da 5 nəfəri ali, 6 nəfəri
orta ixtisas təhsillidir. Əməkdaşlarımız
rayonumuzda keçirilən mədəni-kütləvi tədbirlərdə
mütəmadi olaraq eksponatların sərgisini təşkil
edir.Bütün əməkdaşlar bundan sonra da əzmlə
çalışaraq üzərimizə düşən vəzifələri
layiqincə yerinə yetirməyə
çalışacağıq.
- Rayonda başqa hansı muzey fəaliyyət
göstərir?
- Həmidə xanım Məmmədquluzadənin ev muzeyini qeyd edə bilərəm. Azərbaycanın gözəl, ziyalı, maarifpərvər qadını, bütün Qafqazda tanınmış xeyriyyəçi kimi məşhur olan Həmidə xanım (Cavanşir) Məmmədquluzadənin ev muzeyi 2005-ci ilin yanvar ayının 1-də anadan olduğu və boya-başa çatdığı Kəhrizli kəndində, öz malikanəsində açılıb. Həmidə xanım Cavanşir 1873-cü ildə zəmanəmizin görkəmli maarifçi ziyalısı Əhməd bəyin ocağında dünyaya göz açıb. 1907-ci ildə Cəlil Məmmədquluzadə ilə ailə həyatı qurub. 2005-ci ildən fəaliyyət göstərən muzeyin 4 ekspozisiya salonu var. Bu otaqlardan biri Həmidə xanımın iş otağı, 2-ci və 3-cü salon qonaq otağı, 4-cü salon isə yemək otağıdır. Birinci salonda Həmidə xanımın həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, plakatlar, ev əşyaları, əlyazmalar, ikinci salonda ev əşyaları, Cəlil Məmmədquluzadənin seçilmiş əsərləri, üçüncü salonda ev əşyaları, plakat, Həmidə xanımın əl işləri, xatirə albomu nümayış etdirilir. 2006-cı ildə muzeydə Azərbaycan tarixində, milli mədəniyyətin inkişafında, maarifçiliyin yayılması, cəhalətin aradan qaldırılmasında tarixi rol oynamış, bir çox görkəmli ədəbi simaların geniş tanınmasında ədəbi məktəb olmuş “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi keçirilib. Həmidə xanımın doğum günü hər il qeyd edilir. Muzeyə respublikanın bütün guşələrindən ekskursiyaya gəlirlər.
Anar Miriyev
Palitra.-2011.-22 noyabr.-S.7.