“Bir-birimizi
daha yaxşı tanısaq ortaq
nöqtəyə gəlmək daha asan olar”
Azərbaycan mediasının və siyasi dairələrinin daim
gündəmində olan məsələlər
sırasında Türkiyə və digər türkdilli
xalqlarla münasibətlərin
qurulması dayanır. “Palitra” olaraq son zamanlar
məsələnin bu qədər aktual olduğunu nəzərə
alıb türk xalqlarının nümayəndələri
ilə həmin mövzu ətrafında
müsahibə və müzakirələr aparmağa
çalışdıq. Sözügedən olayla
bağlı həmsöhbət olduğumuz
budəfəki qonağımız “Kerkük
Haber Ajansı”nın və “Türkmeneli” televiziyasının Ankara təmsilçisi Ersan
Sarıkahya oldu.
- İstərdim öncə
özünüz və təmsil etdiyiniz media qurumu haqqında
məlumat verəsiniz.
-
“Türkmeneli” televiziyası fəaliyyətə 90-cı illərdə
İraqda yerli kanal kimi başlayıb. Peyk yayımı meydana
gəldikdən sonra 2003-cü ildə peyk yayımına
başladıq. Əvvəlki illərdə yalnız
kiçik bir regionu əhatə edə bilirdiksə, 2003-cü
ildən sonra isə türkmənlərin
yaşadığı hər bir regionda şöbələrimiz
oldu. Bu tarixdən sonra biz artıq sərbəst olaraq xaricə
də informasiya ötürə bilirik. İlk böyük
şöbəmiz Ankarada yaradıldı. Burada biz 4-5
verilişin canlı yayımlanmasını təşkil edə
bilirdik. Bu vasitə ilə dərdimizi az da olsa dünyaya
çatdırmağa çalışdıq. Fəqət bir
çox ölkələr bizim varlığımızdan xəbərsizdir.
Yeni nəslin bir çox nümayəndələri bilmir ki,
İraqın daxilində belə bir cəmiyyət var. Bəlkə
də bizdən daha yaşlı nəsil bundan xəbərdardır,
amma indiki nəsil hələ kərkükləri kifayət qədər
tanımır. Bütün çalışmalarımıza
baxmayaraq hələ də özümüzü türk
dünyasında tanıda bilməmişik. Tariximiz o qədər
də keçmişə söykənmir, təxminən bir
neçə illik keçmişə malikik. Hesab edirəm ki,
Azərbaycanda təşkil edilmiş Türk Dünyası
Media Platforması bizim üçün bir çox
bağlı qapıları açacaq. Belə ki, əgər
Kərkükdə birinin burnu qanayarsa, Azərbaycandakı
qardaşlarımızın həmin an bundan xəbəri
olacaq. Yaxud Şərqi Türküstanda, Krımda, Saxada
önəmli hadisə baş verərsə, bizim və sizin bu
barədə məlumatımız olacaq. Biz istəyirik ki,
uşaqlarımız Qarabağ müharibəsinin mahiyyətini
anlasın. Həmçinin bütün türk
dünyasında yaşayan insanların Kərkükdə
olub-bitən olaylardan xəbərdar olması da istəklərimiz
sırasındadır. Onlar bilməlidirlər ki, Kərkükdəkilər
kimlərdir və hansı amala qulluq edirlər.
- Günümüzdə türk
dünyasını maraqlandıran ən əsas məsələlərdən
biri Türkiyə-İraq sərhədində baş verən
hadisələrdir. Hadisələrin içində olan media
nümayəndəsi kimi bu olayları işıqlandıran
digər türk jurnalistlərə hansı məsləhət
və təkliflər verə bilərsiniz?
-
Maraqlı sualdır. Sizə bir faktı demək istərdim.
Bu gün dünyada tanınmış bir neçə xəbər
agentliyi var. Onların yaydığı xəbərin
doğruluğunu necə müəyyən edə bilirsən?
Heç cür! Onlar xəbəri hazırlayır və sən
abunə olduğun üçün onu əldə edirsən.
Nə üçün biz xəbəri onlardan
almalıyıq?! İraq kimi ölkədə türkmənlər
haqqında xəbəri onlardan deyil, bizdən niyə əldə
etməsinlər? Bu gün platformanın uğurlu fəaliyyəti
ən azından ortaq saytın yaradılmasına şərait
yarada bilər. Hazırda İraqın şimalında gedən
proseslərdən yəqin ki, xəbərdarsınız.
Dünyanın hələ də tərəddüdlə qəbul
etdiyi terror təşkilatının əməllərini
başqa agentliklərdən almaqdansa türkmən agentliklərindən
almaq daha yaxşı olar. Hadisələrə dürüst
yanaşdıqları üçün onlar daha obyektiv məlumat
yayırlar. Məhz bu baxımdan mən onlara müəyyən
tövsiyələr verə bilərəm.
- Bir
neçə il öncə türk xalqlarını
yaxınlaşdıracaq bir layihəyə imza atıldı -
“TRT Avaz” açıldı. Düşündüyüm qədər
burada daha çox mədəniyyətlə bağlı
yaxınlaşma təbliğ edilir və siyasət, iqtisadiyyat
kimi önəmli digər mövzular kənarda qalır. Sizcə,
sadaladığımız bu sahələrdə əlaqələri
genişləndirmək üçün nə etmək
lazımdır?
- Bu, çox dərin bir mövzudur. Biz Azərbaycanda bir
neçə televiziyaya
birləşməklə bağlı
təkliflər göndərdik.
Səbəblərini bilmirəm, amma
çox təəssüf
ki, bu istəyimiz
alınmadı. Türk dünyasının
televiziya birliyini qurmaq çox çətin məsələdir,
amma xəbər sistemini qurmaq olar. Bunu üçün təbii ki, internetin olması vacib amildir. Siyasi mövzularda isə məsələ fərqlidir.
Bu mövzularda vizual görüntülərin
olması vacibdir.
Məsələn, xəbərdə yayımladıqda ki, hansısa hadisədə
10 insan öldü, onu göstərmək də lazımdır.
Düşünürəm ki, sənin
görüntün olmazsa,
insanları inandıra
bilməzsən. Digər tərəfdən
də siyasi mövzuları yönəldən
mexanizmlərin olması
çox vacibdir.
Türk dünyası hazırda bir imtahandadır. Nə vaxt ki birləşməklə
bağlı məsələ
müzakirə edilir, düşmən hər tərəfdən onları
dağıtmağa çalışır.
Nəinki siyasi, hətta
adi maqazın mövzularında belə türklərin birləşməsinin
əleyhinə olanlar
var.
- Siz Bakıda keçirilən
forumda iştirak etmisiniz. Forum adında iki əsas fikri daşıyır: fərqliliklər
və ortaq nöqtələr. Forumda iştirak etdiyiniz müddətdə hansı
fərqlilikləri, hansı
ortaq nöqtələri
gördünüz?
- Həmin tədbirin düzənlənməsi məncə,
çox gözəl bir niyyətdən xəbər verir. Amma ilk mərhələ bizim bir-birimizi tanımağımızla
bağlıdır. Necə olur
ki, mənim danışdığım eynilə
bu dildə Azərbaycanda da danışırlar?! Deməli, bir
bağlantımız var. Öyrənmək
lazımdır ki, neçənci ildə biz
burdan oralara getmişik. Yaxud da ki, bilməliyik ki, Krım türkü kimdir. Əgər biz
bir-birimizi tanıyarıqsa,
onda sabah
problemlərin həllində
ortaq nöqtəyə
gəlmək də asan olar. Düşünürəm ki, bu forum ilk addım üçün uğurlu töhfələr
verəcək. Böyük dövlətlərin
böyük, kiçik
dövlətlərin kiçik
problemləri var. İki
qardaşın bir ortaq mövqe nümayiş etdirməsi üçün müəyyən
problemlər yarana bilər. Ola bilsin ki, bu
qardaşlar ilk əvvəl
özlərinin ortaq cəhətlərini qavramaya
bilsin, amma zaman keçdikdən sonra o qədər ümumi cəhətlər
meydana çıxır
ki. Bakıdakı forumun düzənlənməsi
ilə böyük bir olaya imza
atıldı. Bəlkə də
bir çox insanlar bunun fərqinə varmırlar.
- Dediyinizdən belə çıxır ki, ən böyük fərqlilik bir-birini tanımamaqdır. Sizcə, bu
problem nədən qaynaqlanır,
yəni buna siyasi, sosial, yoxsa başqa səbəblər təsir
edib?
- Düşünürəm ki,
bu heç də sadaladığınız
səbəblərdən asılı
deyil. Müasir dövrdə dünyada işlədilən bir ifadə var: qloballaşan dünya. Qloballaşan
dünya nədir?
Məncə, qloballaşma dünyanı
bir çılpaq kənd halına gətirib. Mən tanımamaq deyəndə
bəzilərinin düşündüyü
mənadan fərqli anlamı açmaq istəyirəm. Məsələn, mən sizi gördüm,
amma bu tanımaq
deyil. Bir-birimizi tanımaq üçün
öncə daxilimizi öyrənmək lazımdır.
Problemlərin varlığından xəbərdar olduqdan sonra onun çözülməsi
üçün işlər
görə bilərik.
Axı
biz eyni kökdən gəlirik - qardaşıq.
Biz eyni dövlətin
nəvələriyik və
həmin dövlətin
kürəyini yerə
vurmarıq!
- Artıq bir neçə ildir ki, ortaq
türk dili məsələsi də müzakirədədir. Kərkük türkü olaraq bu ideyanın nə qədər təkmil olduğunu deyə bilərsiniz?
- Sizə bir nümunə
çəkmək istərdim.
Bizim Kərkükdə danişdığımız
dil Azərbaycan türkcəsidir, amma məktəblərdə dərs
keçilən dil Türkiyə türkcəsidir.
İndi qərara alınıb ki, latın əlifbasında
dərslər keçilsin.
Bu addım fərdi
olaraq Kərkükdə
atılıb və təhsilə də siraət etdirildi.
Tural QABİLOĞLU
Palitra.-2011.-22 noyabr.- S.11.