«Ağcabədi rayon Mədəniyyət Evi
fəaliyyətini günün tələbləri
səviyyəsində qurur»
Layihə çərçivəsində
müsahibimiz Ağcabədi rayon Yaqub Məmmədov
adına Mədəniyyət Evinin direktoru Məzahir Mehtiyevdir:
- Azərbaycanın
qədim bölgələrindən biri olan Ağcabədi rayonu
öz musiqi tarixi ilə, musiqiçiləri və burda
yaşayıb-yaratmış peşəkar xanəndələri,
sənətkarları ilə fərqlənib. 1961-ci ildə
Ağcabədi rayon Mədəniyyət Evi tikilməyə
başlayıb. Ancaq buna qədər rayonda yaşayan xanəndə
və müğənnilər indiki Qarabağ Muğam Mərkəzinin
ərazisində yerləşən Pionerlər Evində bir
araya gəliblər. 1949-cu ildən etibarən böyük sənətkar,
el xanəndəsi Mütəllim Mütəllimov həmin
Pionerlər Evinin özfəaliyyət teatrının rəhbəri
olub. Dahi bəstəkarımız Ü.Hacıbəylinin
“Arşın mal alan”, “Əlli yaşlı cavan”, “Beş
manatlıq gəlin” əsərlərini tamaşaya qoyub və
“Arşın mal alan” tamaşasında özü Əsgər
rolunda çıxış edib. Bundan başqa o, Ağcabədi
gənclərindən Fərzalı Novruzovu (Ağcabədinski),
Naringilə xanımı, Leyla xanımı və bir çox
istedadlı gəncləri teatrın truppasına cəlb edib.
Habelə görkəmli muğam ustası Yaqub Məmmədovu
Pionerlər Evinin nəzdində fəaliyyət göstərən
muğam dərnəyinə dəvət edib. 1956-cı ildə
o, Yaqub Məmmədovu Bakıya - Seyid Şuşinskinin
yanına aparıb. 1963-cü ildə isə rayon Mədəniyyət
Evi fəaliyyətə başlayıb. Habelə Mədəniyyət
Evinin üst mərtəbəsində tar və piano sinfi olub.
Bu siniflərdə tar dərsini Ayaz Novruzov, piano dərsini isə
Sovet Quliyev tədris ediblər. M.Mütəllimov bu illərdə
rayon Mədəniyyət Evinin direktoru vəzifəsində
işləyib. 1967-ci ilin iyul ayından etibarən Mədəniyyət
Evinin nəzdində “Rast” xalq çalğı alətləri
ansamblı yaradılıb və geniş fəaliyyət
göstərib. Belə ki, ansambla rayonun ən istedadlı
musiqiçiləri cəlb olunub. Onun üzvlərindən
Zahid Novruzov, Elxan Niyazov, Knyaz Quliyev, Kamran Hüseynov, Yelmar
Quliyev, Hüsən Bəşirov, Muxtar Əliyev, Rasim Əliyev
və başqaları xalq mahnı və muğamlarını
gözəl ifa ediblər.“Rast” ansamblı respublikada
keçirilən bir çox müsabiqələrdə
qızıl medala layiq görülüb. 1991-ci ildə
Ağcabədi şəhərində keçirilən Beynəlxalq
“Xarı Bülbül” Festivalında 1-ci yer tutub. Ansamblın bədii
rəhbərləri E.Niyazov, Q.Qəhrəmanov, dirijoru isə
S.İbrahimov olub.2002-cı ildə rayon Mədəniyyət
Evinə Xalq artisti, «Şöhrət» ordenli, görkəmli
muğam ustası Yaqub Məmmədovun adı verilib. Mədəniyyət
ocağı 2008-ci ildə Azərbaycan Prezidentinin Ağcabədi
rayonuna səfəri zamanı verdiyi tapşırıqlara
müvafiq olaraq müasir tələblərə cavab verən,
standartlara uyğun şəkildə əsaslı təmir
edilib və 2009-cu ilin fevral ayında istifadəyə verilib.
Hazırda həmin müəssisədə 10 nəfər
işçi çalışır. Mədəniyyət
Evinin nəzdində “Rast” xalq çalğı alətləri
ansamblı, dram dərnəyi, 2 şeir məclisi -
“Qaranquş” və “Dərk” ədəbi şeir dərnəkləri
fəaliyyət göstərir.
- Mədəniyyət Evinin nəzdində
hansı özfəaliyyət dərnəyi fəaliyyət
göstərir?
-
Ötən ilin avqust ayında Mədəniyyət Evində bədii
özfəaliyyət dram dərnəyi yaradılıb. Bu dərnək
Ağcabədi Rayon Mədəniyyət və turizm şöbəsinin
kənd mədəniyyət evləri və kənd
klublarının işçilərindən ibarətdir və
15 üzvü var.Bədii özfəaliyyət dram dərnəyi
ilk olaraq görkəmli yazıçı, ədib və
publisist Nəriman Nərimanovun “Nadanlıq” əsərini
tamaşaya qoyub. Tamaşa Ağcabədi rayon Üzeyir
Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində
4 dəfə uğurla oynanılıb. Dərnək 2011-ci ilin
yanvar ayında 1990-cı ilin Qanlı Yanvar hadisələrinə
həsr edilmiş “İlham və Fərizə”, 26 fevral
Xocalı soyqırımına həsr edilmiş “Bu
dağların qoynunda yaşıl bir kənd var idi” adlı
faciə janrında əsərləri səhnələşdirib.
Həmçinin gələcəkdə də bir neçə
əsərin səhnələşdirilməsini
planlaşdırır.
- Rayonda fəaliyyət göstərən
Qarabağ Muğam Mərkəzi muğamın
inkişafında nə kimi rol oynayır?
-
Çox böyük rol oynayır. Üzeyir Hacıbəyli
adına Qarabağ Muğam Mərkəzi millət vəkili,
Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə inşa edilib, 2008-ci ildə
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,
rayon rəhbərliyi və digər qonaqların
iştirakı ilə açılışı olub. Mərkəz
təkcə bizim rayona xidmət etmir. Elə mərkəzin əhəmiyyəti
bir də ona görə böyükdür ki, burada Ağcabədi
ilə yanaşı Ağdam, Beyləqan, Laçın, Kəlbəcər,
Oğuz, Bərdə rayonlarından muğam
ifaçıları muğamın sirlərini öyrənirlər.
Qarabağ Muğam Mərkəzində vokal sinfi fəaliyyət
göstərir ki, həmin sinifdə 12 nəfər şagird təhsil
alır. Mərkəzin yay zalı ilin isti aylarında
açıq konsertlərin təşkilində böyük
rol oynayır. Ümumiyyətlə, Qarabağ Muğam Mərkəzi
və burada təşkil olunan tədbirlər ağcabədililərlə
yanaşı rayona gələn qonaqların da böyük
marağına səbəb olur. Rayonumuzda musiqiyə, muğama
maraq çox böyükdür. Ona görə də mədəniyyət
müəssisələrimiz aktiv şəkildə fəaliyyət
göstərirlər. Həmin məktəblərdən
Üzeyir Hacıbəyli adına Şəhər Uşaq
İncəsənət Məktəbini də qeyd edə bilərəm.
1965-ci ildən fəaliyyət göstərən məktəb
1986-cı ildən incəsənət məktəbi statusu alıb.
Məktəbin 1200 məzunu var, onlardan 18 nəfəri ali
ixtisas, 400 nəfəri orta ixtisas, 58 nəfəri isə
qeyri-ixtisas təhsillidir. Hazırda şəhər incəsənət
məktəbində 125 nəfər müəllim 465 nəfər
şagirdin təlim-tərbiyəsi ilə məşğul
olur. Məktəbdə tar, fortepiano, qarmon, kamança, səs,
nağara, rəqs və rəssamlıq ixtisasları üzrə
dərslər keçirilir. Məktəbdə “Humayun” xalq
çalğı alətləri ansamblı, “Xəyal”
instrumental ansamblı, 40 nəfərdən ibarət uşaq
xoru fəaliyyət göstərir. 2003-cü ildə məktəbin
şagirdi Bayramov Ramiq Bərdə şəhərində
keçirilən respublika folklor festivalının diplomuna layiq
görülüb. 2004-cü ildə uşaq xor kollektivlərinin
Yevlaxda keçirilən I Respublika müsabiqəsində məktəbin
xor kollektivi Mədəniyyət və Turizm Nazirliyinin Fəxri
fərmanına, 2005-ci ildə II Respublika müsabiqəsinin Fəxri
fərmanına, 2006-cı ildə IV Respublika müsabiqəsinin
III dərəcəli diplomuna layiq görülüb. Kənd
musiqi məktəblərimiz də işlərini günün
tələblərinə uyğun qurmağa
çalışırlar. Məsələn, Hindarx qəsəbə
Uşaq Musiqi Məktəbi 1979-cu ildə yaradılıb və
artıq müstəqil məktəb kimi fəaliyyət
göstərir. Məktəbdə 153 nəfər şagird təhsil
alır və onların təlim-tərbiyəsi ilə 48 nəfər
müəllim məşğul olur. Məktəbdə
fortepiano, tar, qarmon, nağara, səs ixtisasları tədris
olunur. Məktəbdə “Bənöşvə” xalq
çalğı alətləri ansamblı və 20 nəfər
şagirddən ibarət xor kollekivi fəaliyyət göstərir.
Məktəb iki növbəlidir.
- Digər mədəniyyət
müəssisələrinin fəaliyyəti haqqında nə
deyə bilərsiniz?
- Digər
mədəniyyət müəssisələrindən Ağcabədi
Rayon Dövlət Rəsm Qalereyasını qeyd edə bilərəm.
Dövlət Rəsm Qalereyası 2005-ci ilin yanvar ayından fəaliyyət
göstərir. Qalereyada il ərzində müntəzəm
olaraq sənət adamları ilə görüşlər
keçirilir və tanınmış rəssamların sərgiləri
nümayiş olunur. Tanınmış rəssamların sərgiləri
ilə yanaşı şəhər İncəsənət Məktəbinin
Rəssamlıq şöbəsinin şagirdlərinin sənət
əsərləri, rəssamlığa marağı
olanların əl işləri də burada nümayiş
olunur. Qalereyada rəssamlığa marağı olan
uşaqlardan ibarət həvəskər birlik fəaliyyət
göstərir. Birliyin 20 nəfər üzvü var. Müntəzəm
olaraq onların əl işlərindən ibarət sərgilər
təşkil edilir. Qalereyada
rayonumuzun tanınmış rəssamlarından Sərdar
Muxtarovun fərdi yaradıcılıq sərgisi də
nümayiş olunur. Hər il qalereyada və orta məktəblərdə
müxtəlif uşaq yaradıcılıq sərgiləri təşkil
edilir. Qalereyanın fondunda 46 ədəd rəsm əsəri
nümayiş olunur ki, bunlar nəqqaşlıq, heykəltəraşlıq
və tətbiqi incəsənətdir. Qalereyaya ekskursiyaya gələnlərin
sayı 1000-1200 nəfərə yaxındır.
Anar Miriyev
Palitra.-2011.-23 noyabr.- S.6.