Yazıçı-kulturoloq Aydın Xan: “Hər bir azərbaycanlı məsuliyyət daşıyır ki, qloballaşmada dünyanın mədəni xalqlarının nümayəndələri kimi harmonik şəkildə çıxış etsin

 

Layihə çərçivəsində Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq  Aydın  Xan  (Əbilov) ilə qloballaşmada dəyərlərimizin qorunması və qarşılıqlı mübadilə məsələləri barədə söhbətləşdik. 

Kulturoloq qeyd edir ki, tarixən azərbaycanlılar və digər türk xalqları həmişə dünyada gedən bütün proseslərin içində, bəlkə də mərkəzində olublar: “Ölkəmiz Şərq, Qərb, xristian və müsəlman dünyasının mərkəzində, sərhədlərin qovşağındadır. Həmişə dünyanın birləşməsinə səy göstərmişik. Türklər və azərbaycanlılar tarixən də, indinin özündə də həmişə Şərq və Qərb dünyasını birləşdirmək üçün mühüm addımlar atıblar. Azərbaycanda atəşgah, İslam dininə məxsus dəyərli abidələr, pirlər, həmçinin alban xristian kilsələri var. Bütün dünyada artıq Azərbaycan millətlərin, mədəniyyətlərin, xalqların və sivilizasiyaların birləşdiyi çox unikal bir məkan kimi qəbul olunub. Bu baxımdan qloballaşmanın Azərbaycanda belə sürətlə yayılması və milli dəyərləri belə öz təsiri altına alması normaldır. Biz dövlət müstəqilliyimizi ikinci dəfə bərpa edəndən sonra ilk əvvəl iqtisadi qloballaşma prosesinə qoşulduq və ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində böyük neft kontraktları bağlandı. Zaman keçdikcə Azərbaycan dövlət müstəqilliyini möhkəmləndirib və sosial-iqtisadi problemlərini həll edib. Bu baxımdan müstəqil şəkildə dünyanın digər qlobal proseslərinə qoşulmağa başlamışıq. Azərbaycanın təşəbbüsü ilə dinlər, musiqi, muğam, idmanla bağlı dünya səviyyəli düşüncəyə malik insanların birləşdiyi tədbirlər tez-tez keçirilir. Artıq YUNESKO, BMT və digər beynəlxalq təşkilatlar da Şərq-Qərb dialoqunda Azərbaycanı mərkəzçi bir ölkə kimi qəbul edirlər. Bu baxımdan ölkəmizdə keçirilən beynəlxalq konfranslar və digər tədbirlər də Azərbaycanın dəyərlər baxımından da dünya mərkəzlərindən biri olduğunu sübut edir. Azərbaycan gənc və müstəqil dövlət olaraq qloballaşmada oyunçulardan birinə çevrilməkdədir və bunun kriteriyaları da nəzərə çarpır”.A.Xan qeyd edir ki, qloballaşma özü ilə yeni dəyərlər, sistemlər və eləcə də fərqli fəlsəfə gətirir: “Bu isə bir sıra hallardayerli xalqların, etnosların, o cümlədən azərbaycanlıların dəyərləri ilə üst-üstə düşə, yaxud müəyyən mənada əksi ola bilər. Dinamizm, inkişaf  zamanı həmişə nəyini isə verməli, nələri isə almalısan. Əgər biz yalnız qloballaşmanın yaxşı tərəflərini götürmək istəsək və onun müəyyən həmlələrinə, tələblərinə qarşı sipər çəkmək istəsək, bu mümkün olmaz. Qloballaşma çox önəmli, maraqlı, sivilizasiya və bəşər tarixində sanki sunamiyə çevrilmiş bir hadisədir. İslam dininin özü qloballaşmanın bir təzahürü idi. Yaxud türklərin imperiya yaratması və Avropaya qədər getməsi qloballaşmanın bir təzahürü sayıla bilər. Amma onda zaman yetişməmişdi. İndi isə zaman yetişib, insanlarımız hiss edir ki, bəşəriyyətlə bağlı baş verən bütün hadisələrin içində olmalıdırlar.Özümüzü mexaniki olaraq qloballaşmanın burulğanına versək, onun təsiri az olacaq, amma ona qarşı qəti dayanaraq, vuruşmaq istəsək, məhv olub gedəcəyik”. Kulturoloq düşünür ki, qloballaşma ümumiyyətlə, Azərbaycana çox yeniliklər gətirib. Artıq cəmiyyət, fərd olaraq biz dünyaya açıq sayılırıq: “Dünya da bizə açılıb, bir çox qanun və qərarlarımız, dəyərlərimiz artıq dünya səviyyəsində qəbul edilir. Məsələn, böyüyə hörmətdən tutmuş muğam kimi estetik dəyərlərə qədər. Biz bu dəyərlərimizi dünyanın qlobal dəyərlər sisteminə çevirə bilmişik. İran yaxud Özbəkistan muğamından söhbət gedəndə, bizim muğamımızı standart kimi götürüb, onunla müqayisə aparırlar. Yaxud ayrı-ayrı xalqların dininə, ədəbiyyatına, mədəniyyətinə qayğı məsələsində də bu cür yanaşma var”. A.Xan düşünür ki, müxtəlif etnik təfəkkürə malik insanların Azərbaycanda sərbəst, bərabər hüquqlarla bağlı yaşaması dünyaya nümunədir. Bütün bunlar bizim də qloballaşmaya verdiyimiz dəyərlər sayılmalıdır. Bu baxımdan qloballaşma ilə birgə bir sıra yeniliklər, yeni dəyərlər və yanaşmalar gələ bilər və buna hamımız hazır olmalıyıq. Orası başqa məsələdir ki, bu yeniliklər bizim yoxlayıcı süzgəcimizdən keçirilməlidir və elə bunun üçün də hazırlıqlı olmaq lazımdır”.  A.Xan düşünür ki, qloballaşmanın ən birinci qanunu budur ki, istər fərd, istər millət olsun, gələn bütün şeylərə açıq olmalı, tolerant olmalı, ikincisi, intellektual olmalısan: “İntellekti, savadı olmayan insan və millət qloballaşmada məhv olub gedəcək, əriyib yox olacaq, digər xalqların, etnik qrupların tərkibinə daxil olacaq, bunun qarşısını isə yalnız və yalnız güclü təhsil, intellektual və elmi inkişafı dünya səviyyəsinə qaldırmaqla almaq və qloballaşmanın mənfi təzühürlərinin təsirini azaltmaq mümkündür. Eyni zamanda dünyanın aparıcı xalqlarının sırasına qoşulmaq istəyiriksə, qoballaşmaya öz töhfəmizi verməliyik, təşəbbüsçü olmalı, mədəniyyətimizi dünyada çox gözəl təbliğ etməliyik, necə ki, müxtəlif sferalarda bunu çox yüksək səviyyədə yerinə yetirə bilirik”.Kulturoloq düşünür ki, yüksək inkişaf etdikcə və qloballaşmada iştirak etdikcə dəyərlərdə dəyişikliklərin olması mümkündür və bu, qarşısıalınmazdır. Bununla belə, müsbət adət-ənənələrimizi yaşatmaq lazımdır: “Dəyərli nümunələri yaşatmaq lazımdır. Bizim 50 milyonluq xalqımız və 300 milyonluq türk dünyası qədimdən gələn adət-ənənələri istər-istəməz öz ailəsində yaşadır. Bu, Novruz bayramıdır, mətbəximiz, musiqimiz, böyüyə hörmət, qadın-kişi münasibətlərindəki səmimiyyət və sairdir. Amma Rusiyada, Amerikada, hətta Cənubi Afrikada yaşayan azərbaycanlıdan tələb edə bilmərik ki, vaxtilə nənələrimizin, babalarımızın daşıdığı adət-ənənələrlə ailəni və özlərini idarə etsinlər. Bu mümkün deyil, çünki onlar ayrı mühitdə yaşayırlar. Qloballaşmaya doğru biz onsuz da xeyli vaxtdan bəri addım-addım gedirdik. Elə urbanizasiyada da vəziyyət bu cür idi. Obyektiv və subyektiv səbəblərdən kəndlərimiz boşalırdı. Qarabağ münaqişəsi nəticəsində Qərbi Azərbaycandan, digər bölgələrdən mərkəzə köç baş verdi. Əvvəl paytaxt Bakıda 1 milyon yarım əhali yaşayırdısa, indi insanların sayı 4 milyona çatıb. Urbanizasiya, şəhərləşmə az-çox bizim adət-ənənələrimizi də necə deyərlər, redaktə etməyə gətirib çıxardı”. Kulturoloq düşünür ki, milli dəyərlər və qloballaşma məsələsində “qızıl orta”nı tapmağa çalışmalıyıq: “Qloballaşmanın gətirdiyi yeniliklər milli-mənəvi dəyərlərlə toqquşmamalı, əzəli mənəvi keyfiyyətlərin sərhədi qloballaşmanın sərhədlərinə qədər olmalıdır. Ondan o tərəfə keçməməlidir. Keçəndə artıq pozuntular ola bilər”.A.Xan qeyd edir ki, Azərbaycan mədəniyyətinin inkişafı və qloballaşmada uğurlu təmsilçiliyini davam etdirməsi, bu sahədə uğurlara imza atması üçün Prezident İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyeva, Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə böyük işlər görürlər: “Bu işləri hamılıqla davam etdirməliyik və bu nəcib işlərə hər bir azərbaycanlı töhfəsini əsirgəməməlidir”.Kulturoloq bu mövzuya bir qədər fəlsəfi və yüksəkdən yanaşmağın tərəfdarıdır: “Qloballaşma elə bir prosesdir ki, onun özünə də qlobal yanaşmalıyıq.  Biz də yalnız burda yaşayan 9 milyon azərbaycanlı haqqında yox, dünyadakı 50 milyon azərbaycanlı haqqında təsəvvür yaratmalıyıq ki, dünyaya açıq olan qlobal bir millətik. Hər halda, biz dünya ilə işləmək və dünyaya nələrisə vermək istəyirik”.Kulturoloqa görə, 50 milyonluq azərbaycanlının hər biri məsuliyyət daşıyır ki, azərbaycanlı kimliyi olaraq sözügedən prosesdə yerini doğru müəyyən etsin və bu prosesdə dünyanın mədəni xalqlarının nümayəndələri kimi harmonik şəkildə çıxış etsin.

 

 

İlkin AĞAYEV

 

Palitra.-2011.-23 noyabr.- S.7.